Yaddas kitabcasi

Milli mətbuatın 140 illiyi Qəbələdə qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq Qəbələdə mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə regional konfrans keçirilib.Milli mətbuatın 140 illiyi Qəbələdə qeyd olunduKonfransda 10 rayondan nümayəndələr iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açıb. Sonra sözü Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verib.
Qonaqları və konfrans iştirakçılarını salamlayan rayon İcra Hakimiyyətinin başçısı S.Abdullayev milli mətbuatın yubiley tədbirlərindən birinin məhz Qəbələ rayonunda keçirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Son illər Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərindən söz açan icra başçısı Qəbələnin beynəlxalq yarışların keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Qəbələ rayonunda aparılan quruculuq işlərinin mətbuatın diqqətindən də kənarda qalmadığını vurğulayan S.Abdullayev son illər mətbuatın inkişafı istiqamətində tədbirlərin də nəzərdən qaçmadığını söylədi.
Konfransda geniş məruzə ilə çıxış edən PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mətbuatın keçdiyi yoldan, dövlətin mətbuata olan diqqət və qayğısından, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ə.Mehdiyev bildirib ki, dövlətimiz müstəqil mətbuatımızın inkişafı, mətbuat qurumlarının maliyyə problemlərinin həlli sahəsində mərhələli fəaliyyət planı hazırlayıb və həyata keçirib.
Sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məruzə ilə çıxış edib. Baş redaktor Azərbaycan mətbuatının tarixindən danışıb, həmin dövrü geniş təhlil edərək “Əkinçi”nin milli ideyanın, milli şüurun inkişafındakı rolundan danışıb. H.Babaoğlu Azərbaycan dilinin yaşaması və formalaşmasında mətbuatın rolunu qeyd edib. Baş redaktor çıxışı zamanı diqqəti həm də müasir qəzetçilik və onun inkişafına yönəldib.
Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək öncə jurnalistləri Milli Mətbuatımızın 140 illiyi münasibətinə təbrik edib. Sonra icraçı direktor dövlətin mətbuata olan qayğısının bariz nümunəsi kimi KİVDF-nin yaradılmasını misal çəkib. V.Səfərli qeyd edib ki, dövlətimiz dünyada analoqu olmayan layihəni həyata keçirməklə jurnalistlərin sosial problemlərinin həllini, mənzil şəraitinin yaxşılaşdırılmasını öz üzərinə götürdü. Gələn il jurnalistər üçün inşa edilən binaya daha 256 mətbuat nümayəndəsi, mətbuat ailəsi köçəcək.
Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın qloballaşan dünyada yeri, mövqeyi, qarşıda duran vəzifələri barəsində geniş danışıb. Ə.Amaşov həmçinin Mətbuat Şurasının fəaliyyətindən, dövlət və cəmiyyət arasında əlaqələrin daha da genişləndirilməsində xidmətindən danışıb.
Sonra bölgə rayonlarının icra başçılarının humanitar məsələlər üzrə müavinləri və regionda fəaliyyət göstərən qəzetlərin baş redaktorları çıxış edərək mətbuat-cəmiyyət münasibətlərindən danışıblar.
Konfransda İsmayıllı rayonunu RİH başçısının müavini Sevil Əhmədova, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov təmsil edib. Qəzetin redaktoru çıxış üçün verilən vaxtda İsmayıllıda gedən quruculuq, abadlıq işlərindən, yeniliklərin qəzet səhifələrində işıqlandırılmasından, bölgə qəzetlərinin üzləşdiyi maliyyə çətinliklərindən, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac olduğundan söz açıb, jurnalist etikası, vətəndaşlıq məsuliyyəti, Azərbaycan dilinin qorunması məsələlərinə toxunub.
Tədbir müzakirələrlə davam edib.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfransa yekun vuraraq tədbir iştirakçılarına və Qəbələ rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz