Poetik düşüncələrin qara daş ünvanı

“Qara daşın sədası” kitabı haqqında qısa qeydlərPoetik düşüncələrin qara daş ünvanıAzərbaycan poeziyası əbədiyaşar, heç vaxt təravətdən düşməyən, bütün nəsillərin duyğularına köklənmiş şeirlərlə zəngindir. Fərqli zamanların qələm sahibləri həmin şeirlərin tilsiminə düşür, onlara nəzirələr yazmaq həvəsi yeni-yeni poetik nümunələrin doğulmasına, ədəbiyyatın zənginləşməsinə təkan verir. Belə gözəl şeir örnəklərinin yaradıcılarından biri də canlı klassikimiz, hər bir mövzuya məcazlardan zərif libas geyindirməyin ustası olan ağsaqqal, müdrik şairimiz Musa Yaqubdur. O da bu dünyanın adamı kimi, hamının gördüklərindən yazır, amma tamam başqa bir dünyanın adamı kimi, təsvir etdiyi obyektlərin heç kimin görmədiyi tərəflərini işıqlandırır. Ona görə də duyğu və düşüncələri minillik poeziyamızın kamil nümunələri ilə cilalanmış, tərbiyələnmiş, hər şeiri şeir saymayan tələbkar oxucuların ürəklərini fəth etmişdir. Musa müəllim özü təbiətdən ilham ala-ala böyük bir nəsil üçün ilham mənbəyinə çevrilmişdir. Yəqin ki, çağdaş ədəbiyyatımızda Musa Yaqub qədər nəzirə yazılan ikinci sənətkar göstərmək mümkünsüzdür. Musa müəllimin ”Qara daş”ı Füzuli şeiri kimi həssas ürəkləri titrədir, qələm sahiblərinə öz daxili “mən”ini aşkarlamağa, dünya haqqında düşüncələrini “daş”dan süzüb durultmağa imkan yaradır. Yalnız əsl düha daşdakı bu cazibəni, sehri, ovsunu açıb göstərə, diqqətləri ona yönəldə bilərdi.
Yenicə nəşrdən çıxmış “Qara daşın sədası” adlı kitabda görkəmli söz ustasına ithaf edilmiş şeirlərin bir qismi (məhz bir qismi) toplanmışdır. Kitabı vərəqləyərkən məndə yaranan ilkin təəssürat “Daş uşaq” adlı əfsanəni yadıma saldı. Yenicə doğulan uşağı ölən ana beşiyə daş qoyub yırğalayır və bu ən cansız saydığımız əşya uşağa çevrilir. Ustadımız isə iki daşı diriltmişdir. Üstəlik cazibəli, doyumsuz şirinliyi olan poetik ovqatı və dili onun poeziya məktəbinin şagirdlərini də “daş körpələrin” valideyni olmağa həvəsləndirmişdir. Toplunu oxuduqca “Bu dünyanın qara daşı göyərməz” şeirinin müxtəlif yaş və düşüncə tərzinə malik nə qədər qələm sahibini dilləndirə bildiyinə heyrətlənməmək olmur.
Ümumi dostumuz M.Soltanın “Qara daşın sədası” kitabında ön söz kimi verilmiş “Şeir taleyi” adlı məqaləsində deyilir: “Bu şeir şairin ən mücərrəd şeiridir, bəzi misralar arasında əlaqə, demək olar ki, yoxdur, bəzi misralar məntiq və məna baxımından bir-birini döyür –“ inkar edir, misralarda fikir ardıcıllığı qırılır … amma həm də mücərrəd olduğu qədər aydındır … məntiqsiz göründüyü qədər də məntiqlidir …” Г‡ox doğru müşahidədir. Bəs həmin əsərin bu qədər cazibədarlığının, ədəbi aləmdə sözün yaxşı mənasında təlatüm yaratmasının səbəbi nədir? Məncə, Musa müəllim “qara daş”ı yaşadığımız aləmin təzə bir modeli kimi, insan ömrünə təzə baxış kimi, ürəyin poetik kardioqramı kimi təqdim etmişdir. Zamanın, dünyanın övladı olan daş özündə zamanın, dünyanın çox sirlərini gizlədir. Bu təsvir obyektində, onun məğzində o qədər sirr, ziya (!) var ki, bunları bir nizama düzmək, tam aydın bir məntiqlə şərh etmək mümkün deyil. Bir sözlə, “Bu dünyanın qara daşı göyərməz” şeiri elə dünyanın özü kimi əsrarəngiz mahiyyətdədir. İlk baxışda adi görünən şeirin qeyri-adiliyi, ruhumuza doğmalığı, ürəyimizə yaxınlığı məhz bununla bağlıdır. Məhz buna görə “qara daş” arıları özünə cəzb edən şirəli bir çiçək kimidir.
“Qara daş”. Bu, hamıya tanışdır. Amma Musa Yaquba qədər poeziyanın diqqətini cəlb etməmiş, poetik mühakimənin tədqiq obyekti olmamış, ədəbi obrazlardan birinə çevrilməmiş, bədii məntiqin, məcazi təhlilin diqqət mərkəzinə düşməmişdi. Yalnız düha adini qeyri-adiyə çevirə bilir. Musa Yaqub daşı fəlsəfi və poetik yozum obyektinə çevirmiş, başqalarını da öz duyğularını bu daşa çəkməyə, zaman və məkan haqqında düşüncələrini daha da itiləməyə, qara daşın dünya qədər maraqlı bir panoramını yaratmağa həvəsləndirmişdir. Onun sayəsində “qara daş” adi bir ifadədən çoxtutumlu, çoxyozumlu metaforik ifadəyə çevrilmişdir. İndi onu hərə fərqli şəkildə, özünəməxsus tərzdə görür və göstərir. Biri onu kədər, biri savablı-günahlı ömür, biri güvənc, biri sərtlik və dözüm, biri tarixi taleyimiz, biri dünya, biri yanından ötülüb keçilməli adi əşya kimi dərk və təqdim edir. Mənim nəzərimdə isə daş bütövlüyün, mərdliyin, təmizliyin, əbədiyyətin rəmzidir. Bu dünyada daşdan başqa heç şey ilkin təmizliyində qalmayıb. Yalnız onun daxilinə heç bir çirk nüfuz edə bilməyib. Yoxsa qara daş bir belə bülbülə cəh-cəh vurdurmazdı. Hətta bəzilərinin ən uğurlu qələm məhsulları məhz Musa müəllimin təsiri ilə yazdığı şeirlərdir. Musa müəllimin varlığının özü zamanımızın ən gözəl şeiridir.
Musa Yaqubun daş haqqında ikinci məşhur əsəri də (“Ağ daşlar … Qara daşlar …”) var. Həmin şeirdən belə bir təzə təəssürat hasil olur ki, “qara daş” şair üçün həm də göyərməmiş, heç göyərə də bilməyəcək arzular, sərt reallıq altında əzilmiş ümidlər, ürəyin qırxıncı otağında qəm libasına bürünüb göynəyən şirin xəyallar, gümansız gümanlardır. Buradakı “qara daş” acı nisgili qalsa da, şirinliyini heç cür itirməyən ümidsiz ümidlədir ki, lirik qəhrəman onlardan heç cür əl çəkə bilmir (axı bu, yaşanmış həyatdır) və inanmaq istəyir ki, həyat yolunun gerisində solmuş ümid çiçəkləri nə vaxtsa ilahi bir möcüzə sayəsində qarşıda bütün təravətilə yenidən açıla bilər. Məncə, məhz bu hisslərlə M.Yaqub bir neçə il sonra duyğusuz, hissiz sayılan bu əşya önündə bir daha dayanmalı olub, onu “götürüm- götürməyim” dilemması qarşısında düşüncələrini ələməyə, gələcəyə necə gedəcəyini müəyyənləşdirməyə çalışıb. Bu dilemma cavanlar, təcrübəsizlər üçün “hə” və ya “yox” cavabı ilə asanlıqla həll oluna bilər, amma müdriklər, hər şeyin məğzinə daha çox nüfuz edə bilənlər üçün bu, mümkünsüzdür. Həmin şeirin “Ağ daşlar … Qara daşlar …” adlandırılması onu göstərir ki, daşlar günah və savabların, sevinc və kədərlərin rəmzi, bir ömür xalısının toxunduğu acılı-şirinli anlar, fərəhli, kədərli günlərdir.
Qarşımızdakı kitabın ən böyük bölməsi (Qara daşlar … Göyərər … Göyərməz …) haqqında danışdığımız birinci şeirə yazılmış lirik əsərlərdən ibarətdir. Onların içərisində M.Araz, Ş.Dağlaroglu, X.Yusifoğlu, T.Nəzərli, R.Qusarçaylı, S.Həsənov, T.Saleh, M.Qədimoğlu, M.Soltan, N.Şəmsizadə, Xatın, M.İsmayıllı və başqalarının şeirləri forma və məzmun baxımından daha uğurludur. Г‡.Ələkbərzadənin satirik nəzirəsi də ürəyəyatımlıdır.
M.Yaqubun digər poetik inciləri də güclü əks-səda vermiş və gözəl nəzirələr üçün ilham mənbəyi olmuşdur. Ustadın belə ölməz əsərlərinin (əsasən də və “Ağ daşlar … Qara daşlar …”) təsirilə yaranmış lirik nümunələr “Musa Yaqub ünvanlı şeirlər” bölməsində cəmləşdirilmidir. Onlardan A.Bədəlzadənin, S.Rüstəmin, B.Vahabzadənin, M.Arazın, M.Dilbazinnin. Z.Yaqubun, M.Aslanın, Ə.Məmmədin, F.Teyyubun qələminə məxsus olan lirik nümunələr səmimiliyi, məna tutumu ilə oxucu ürəyinə dərhal yatır. Г‡ox nadir hallarda sənətkar hələ sağ ikən bədii əsərin qəhrəmanına çevrilir. Bu bölmədə verilmiş M.İsmayılın poeması ustadımızı özünə layiq bir şəkildə ədəbi qəhrəman kimi təqdim edə və sevdirə bilib. Poemanın sonuncu misraları M.Yaqubun bu gündən çox gələcəyin şairi olması qənaətini ifadə etdiyinə görə oxucuda dərin bir məmnunluq hissi yaradır:
Bizə bu əsrdə yer vermədilər,
Özünü gələcək yüz ilə saxla!
“Qara daşın sədası” kitabının sonrakı iki fəslində isə qələm dostlarının və ədəbi zövqlü pərəstişkarlarının M.Yaqubun şəxsiyyəti və yaradıcılığı ilə bağlı yazılarından seçilmiş parçalar toplanmışdır.
Belə bir toplunu tərtib və nəşr etdirmək zəhmətinə qatlaşmış Yaqut xanım Musaqızı Musasevərlərə dəyərli bir ərmağan etmişdir. Amma xatırlatmaq istəyirik ki, sevimli şairimizin –“ bugünmüzün poeziya nəhəngi olan Musa Yaqubun şeirlərinə yazılmış nəzirələr, ona ithaflar bu kitabda verilənlərdən dəfələrlə çoxdur.
Üzümü xəyalən mənə “Uğurlu yol” yazaraq mərkəzi mətbuatda ilk şeirimlə birgə dərc etdirən o qayğıkeş insana tutaraq deyirəm: “Hörmətli ustad! Təbiət Sizi, Siz isə şairləri danışdırırsınız! Təbiətcə ömrünüz olsun! Qoy onun elmi sirlərini alimlər araşdırsın. Siz isə bizə onun poetik-fəlsəfi tərəflərini bütün dərinliyi və çalarları ilə çatdırmaqdan yorulmayın!”
Ustad, lütfən mənim yazımı da qəbul edərsinizmi?

Qara daş göyərməsin

Bu dünyanın qara daşı göyərməz.
M. Yaqub

Mis qablar göyərib zəhərlər bizi,
Haram edər halal xörəyimizi.
Şükür ki, bu daşda yoxdur şər izi,
Yazıqdır, qara daş göyərməsin heç.

Deyirlər, yaşıldır gürzə zəhəri,
Yüz min insan qırıb qədimdən bəri.
Bunun ki heç kimə yoxdur xətəri,
Yazıqdır, qara daş göyərməsin heç.

“Səni göyərəsən” –“ belə qarğış var,
Göyərmişlər edib millətləri zar.
O ki nə rəzildir, nə mərdimazar,
Yazıqdır, qara daş göyərməsin heç.

Vəhşətin əlində haqq edir fəryad,
Canı döyülməkdən gömgöydür, ey dad!
Yalvaraq Allaha ölüncə, ustad,
Yazıqdır, qara daş göyərməsin heç.

Göyərib qeyzdən indi siyasət,
O göydə qalmayıb zərrəcə iffət.
Göyərib qorxudan nə qədər sifət,
Yazıqdır, qara daş göyərməsin heç.

İndiki siyasət –“ xalqlar qənimi,
Üzü yaşıl çəmli bataqlıq kimi.
Allah artırmasın daha qəmimi,
Yazıqdır, qara daş göyərməsin heç.

Xətri Haqq yanında əziz qalıbdır,
Milyon illərdir ki, təmiz qalıbdır.
Yaxşı ki, paklıqdan bir iz qalıbdır,
Yazıqdır, qara daş göyərməsin heç.
Oqtay İsmayıllı
Poetik düşüncələrin qara daş ünvanı

Şərh Yaz