Borc haqqında

Cəmiyyətimizdə insanlar müxtəlif işlərdə bir-birlərinə köməklik göstərir, əl tuturlar. Bu isə, Allaha da xoş gələn bir haldır. Malı, mülkü, vəzifəsindən asılı olmayaraq hər kəsin digərinə işi düşür. Ustaya, mütəxəssisə və başqasına nəsə sifariş verir, düzəltdirir. Gördüyü işin müqabilində əl haqqı verməlidir. Bəzənsə, sifarişçi ustaya müəyyən məbləğ borclu qalır. Yaxud, digər bir misal. Adətən, lap qədim dövrlərdən ev tikən, toy tədarükü görən, müalicə və digər işlər üçün sıxıntı keçirən insanların imkanlılardan borc pul alması təbii hal kimi qəbul edilmişdir.Elə isə gəlin görək, borc haqqında islam dini nə deyir. Uca Allah borc ayəsində belə buyurur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın”. Borc verilərkən sonradan bir problemin yaranmaması üçün yazmağınız məsləhətdir.
“Kimdir o, kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, o da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın onu cənnət gözləyir.
Bütün bunlarla bərabər, borc alan kəs də borcunu qaytararkən diqqətli olmalıdır. Borcunu geri qaytarmağa imkanı olduğu halda qaytarmayan və ya gecikdirənlər haqqında Peyğəmbərimizin bir çox hədisləri var. Birində belə deyilir: ”Borclunun borcunu qaytarmağa imkanı olduğu halda üzrsüz olaraq borcu gecikdirməsi zülmdür”. Yəni o, bu hərəkəti ilə həm borc verənə maddi cəhətdən zülm etmiş olur. Eyni zamanda, özünə də. Borc verən adam borcu sırf Allah rizası üçün mömin qardaşının çətinliyini aradan qaldırmaq niyyəti ilə verir. Borc verən borclunu çox sıxışdırmamalıdır. Əgər borclu həqiqətən borcunu geri qaytara bilmirsə, ona möhlət verməlidir. Borc verən varlıdırsa, alanın onu qaytarmağa imkanı yoxdursa, borc sahibinin bunu sədəqə saymağı çox yaxşı olar. Borc verən onu heç vaxt başa qaxmamalıdır. Yaxşılıq bütün dərdlərə dərmandır, ən çətin işlərin həllinə vəsilədir.
Bir müdrik: – Allahım, xeyir işləmək gücümü artır, – deyərək dua etmişdir. Əsl müdriklik xeyir işlər görmək, yaxşılıq etməkdir. Atalarımızın gözəl deyimi var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Yaxşılığın sirri əvəz gözləməmək, başa vurmamaq, dilə gətirməməkdir. Əks halda, insana yaxşılığın köləliyi qalar. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir.
Bu məsələnin müasir günlərimizdəki vəziyyətinə qısa da olsa nəzər salmaq pis olmazdı. Ətrafımızda baş verən bəzi cinayət işlərinin, qanun pozuntularının əsasında pul durur. Biz burada oğurluq, soyğunçuluq məsələlərini nəzərə almırıq. Belə aldım, aldatdım məsələlərinə ticarətdə daha çox rast gəlinir. Buna aid yüzlərlə misal çəkmək mümkündür. Bircə misalla kifayətlənəcəyik. Kimsə, borc-xərc pul tapır, yaxud yağışdan sonra artan göbələklər kimi çoxalan banklardan yüksək faizlə kredit götürür və ticarət obyekti açır. Bir il keçmir ki, sahibkar müflisləşir və obyekti bağlamalı olur. Bunun əsas səbəbi də nisyə satdığı malların pulunu aylarla toplaya bilməməsidir. İndi halallıqla pul qazananlar daha çox aldadılır. Bəziləri bir neçə aya varlanmaq, milyonçu olmaq xəyalında olur və malları 3-4 qat bahasına satmaq istəyir. Nəticədə, müştərilərini get-gedə itirir. Г‡ox baha satmaqla qazanılan pul da haramdır. Dinimiz də bunu haram buyurur.
Həzrəti Peyğəmbərimiz bir hədisi-şərifində buyurur: “Kim geri qaytarmaq niyyəti ilə insanlardan borc mal alarsa, Allah o borcun ödənilməsinə yardımçı olar. Kim geri qaytarmamaq niyyəti ilə insanlardan borc mal alarsa, Allah da onun aldığını məhv edər”. Odur ki, hər bir işi halallıqla görün, bu, Allaha da, bəndəyə də xoş olar.
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz