Öyrənmək vacib və faydalıdır

2015-ci ilin mart ayının 2-dən 11-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu və Rəhbər Kadrların Fasiləsiz Təhsili Mərkəzinin, Türk İşbirliyi və Kordinasion Ajansı (TİKA) ilə birgə keçirilən “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətlərinin ixtisasartırma növü üzrə əlavə təhsil kursuna mən də dəvət almışdım.Öyrənmək vacib və faydalıdırTəhsil kursunun birinci günündə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun, Türkiyə və Orta Yaxın Şərq Dövlət İdarəetmə İnstitutunun (TODAİE) rektoru, professor Onur Ender Aslanın, Ankara şəhərinin valisi dosent, doktor Hasan Canpolatın açılış mərhələsində etdikləri çıxışlar yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətini iştirakçılara çatdırdı.
Natiqlər diqqətə çatdırdılar ki, təşkil olunmuş kursda əsas məqsəd çevik idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının dövlət tərəfindən yüksək təminatına nail olmaq, eləcə də bütövlükdə beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsidir.
Türkiyədən olan həmkarlarımızla əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin, elmi araşdırmaların əməli işdə tətbiqi də iştirakçıların diqqətinə çatdırıldı.
Öyrəndik ki, bu qəbildən olan kursların keçirilməsində məqsəd milli strategiyanın tərkib hissəsi olan, idarəçilik üzrə həyata keçirilən islahatların təhlili, qazanılan və gözlənilən nəticələrin nəzərdən keçirilməsi, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini mənimsəmək və tətbiqinə çalışmaqdır.
Kursun ikinci günündə Türkiyədən olan həmkarlarımızın böyük və uzunmüddətli təcrübələrindən qaynaqlanan açıqlamalarla yanaşı, “Demokratik inkişafın təmin olunmasında yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Elmi Təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimlinin mühazirəsini dinlədik. Mühazirədə yerli özünüidarənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin əsasında vətəndaşlara xidmətin yerli özünüidarə qurumları vasitəsi ilə daha faydalı şəkildə verilməsinin təmini, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə yerli özünüidarə qurumları resursları ilə sosial xidmətlərin göstərilməsi strategiyasının reallaşdırılması mexanizmləri, yerli özünüidarəetmənin demokratik inkişafa təsiri imkanları əksini tapmışdı.
Daha sonra qardaş Türkiyənin Keçiörən bələdiyyəsinin başqanı Mustafa Ak “Bələdiyyə xidmətləri –“ qarşılıqlı bilgi mübadiləsi” mövzusu, Azərbaycanın təmsilçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin bölmə müdiri Kamran Bayramovun “Azərbaycanda yerli özünüidarəetmə inkişafının prioritet istiqamətləri” mövzusunda mühazirələri dinlənildi. Mühazirələr ətrafında müxtəlif sahələri əhatə edən məsələlərlə bağlı maraqlı müzakirələr aparıldı
“Yerli özünüidarəetmədə qanunvericiliyin tətbiqi” mövzusunda mühazirəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi Bahadur Kərimov oxudu.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kursun son günü daha maraqlı oldu. Həmin gün Yıldırım Beyazit Universitetinin professoru Ahmet Kesikin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin mühazirələrini dinlədik. M.Səlimzadənin “Bələdiyyələrin inkişaf strategiyasının hazırlanması və reallaşdırılmasında sosial tərəfdaşlıq sisteminin rolu və əhəmiyyəti” mövzusundakı mühazirəsi iştirakçılar tərəfindən diqqətlə qarşılandı. Sonda iştirakçılara kursu bitirmək haqqında sertifikatlar verildi.
Proqrama uyğun olaraq, yerli özünüidarəetmədə texnologiyaların tətbiqi, bələdiyyə xidmətləri, sahələr üzrə həyata keçirilən özəl layihələr, bələdiyyə büdcəsinin formalaşdırılması və sair məsələlərlə bağlı qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə qardaş Türkiyə Respublikasının Ankara şəhərinə səfər etdik. Səfərin ilk günü Türkiyə Cümhuriyyətinin öndəri Atatürkün məqbərəsinin ziyarəti ilə başladı. Ardınca Türkiyə və Orta Yaxın Şərq İdarəetmə İnstitutunda Azərbaycandan olan bələdiyyə sədrləri ilə görüş keçirildi. Görüşdə institutun beynəlxalq əlaqələrindən, həyata keçirdikləri layihələrdən, kadr hazırlığından söhbət getdi. Türkiyənin İç İşləri Bakanlığında və TİKA-da keçirilən görüşlər özünəməxsusluğu ilə yadda qaldı.
Növbəti görüş Ankara Böyükşəhər bələdiyyəsində baş tutdu. Burada nümayəndə heyəti Ankaranın dünya şəhərləri ilə dostluq, qardaşlıq münasibətləri və iş birliyi yaratması, beynəlxalq təşkilatlar, mərkəzi və yerli özünüidarəetmə sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlər və bələdiyyə büdcəsinin formalaşmasında yer tutan əsas xidmətlər haqqında geniş məlumatlar aldıq. Görüş Ankara şəhərinin tarixi, görməli yerlərində gəzinti ilə başa çatdı. Daha sonra Ankara şəhərinin Keçiörən bələdiyyəsində olduq. Şəhərin bu hissəsində bələdiyyə tərəfindən salınmış gəzinti və istirahət parkları, “Dəniz dünyası” kompleksi, şəlalələr, kanat yolları və sairə ilə tanışlıq hər birimizdə xoş təəssüratlar yaratdı.
Həmin gün şəhərdəki Xocalı abidəsini də tər çiçəklərlə ziyarət etdik, şəhidlərin ruhuna dualar oxuduq.
Günün sonunda “Esterqon” Türk Kültür Mərkəzindəki tarix muzeyi ilə tanış olduq. Mərkəzdə Keçiörən bələdiyyəsinin başqanı Mustafa Ak tərəfindən düzənlənmiş şam süfrəsinin qonağı olduq.
Öyrənmək həmişə vacib və faydalıdır. Belə mötəbər bir tədbirdə iştirakdan çox məmnun qaldım. Səfər çərçivəsində öyrəndiklərimi əməli işdə istifadə üçün fəaliyyət proqramı kimi dəyərləndirirəm.
Pərviz Ağayev,
İsmayıllı bələdiyyəsinin sədri

Şərh Yaz