Yaddas kitabcasi

20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi

İsmayıllı rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimlər bütün idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələrini əhatə edir. 19 yanvar 2015-ci il tarixdə növbəti anma mərasimi Heydər Əliyev mərkəzində “Heydər Əliyev idarəetmə məktəbinin məşqələsi formasında keçirilmişdir. Rayon təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə keçirdikləri 20 yanvar faciəsinə həsr olunmuş inşa yazı və rəsm müsabiqəsinin qalibləri də buraya dəvət olunmuşdu.
Tədbir açıldıqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İştirakçılar 20 yanvara həsr olunmuş qısa bir video-filmə baxdılar.
20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi

Məşğələdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova “20 yanvar xalqımızın qan yaddaşıdır”, Əməkdar müəllim Şəfaqət Rəsulov “20 yanvar faciəsinin siyasi və hüquqi qiymətini ümummilli liderimiz Heydər Əliyev verdi” və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev “Qarabağ şəhidliyi 20 yanvar şəhidliyinin davamıdır” mövzusunda çıxış etdilər.
İnşa yazı müsabiqəsində birinci yeri tutan şəhər 3 saylı tam orta məktəbinin onbirinci sinif şagirdi Sona Şalbuzova dərin hissiyatla, şəhidlərin ruhuna ehtiramla yazılan inşasını təqdim etdi.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 20 yanvar hadisələrinin fəal şahidi kimi faciənin əsil mahiyyətini açdı, o zamankı hakimiyyət nümayəndələrinin biganəliyindən, dünya ölkələrinin Azərbaycana, ümumiyyətlə, müsəlman dünyasına ikili yanaşmasından, tökülən qanların bihudə getmədiyindən, milli birliyimizin, vəhdətimizin daha da möhkəmlənməsindən danışdı.
Qeyd etdi ki, Azərbaycana çoxistiqamətli təzyiqlər artanda Sovet hökumətinin sağlam düşüncədən məhrum başçıları Azərbaycana sözün tam mənasında silahlı hücum təşkil etdilər. Qətliam törədildi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə müasir hərbi texnika və silahlarla silahlanmış muzdlu sovet ordusu silahsız soydaşlarımızın üstünə yeridi, qana susamış ordunun zabit və əsgərləri Bakını, bakılıları, Azərbaycanı, Azərbaycanlıları gülləbaran etdilər. Azərbaycan hakimiyyətinin baş tərəfində duranlar yenə xaincəsinə susdular, lakin millətin səsinə ilk olaraq səs verən ümummilli liderimiz Heydər Əliyev oldu. O həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, Azərbaycana silahlı hücum təşkil edən Qarbaçova etirazını bildirdi, onu lənətlədi, baş verənlər üçün SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bəyan etdi.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzinin foyesində rəsm müsabiqəsi qaliblərinin əl işlərinə baxış keçirildi, hər iki müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr verildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz