Mərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdır

19 avqust 2014-cü il tarixdə ictimaiyyət nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, yerli İƏD-lər üzrə icra nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Mərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdırMərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdır

19 avqust 2014-cü il tarixdə ictimaiyyət nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, yerli İƏD-lər üzrə icra nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Mərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdır
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov respublikamızda dövlət-din münasibətlərinin başqa ölkələr üçün nümunə olacaq səviyyədə formalaşmasından, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq modeli olduğundan, mərasimlərimizin milli-mənəvi, mədəni və dini dəyərlərə uyğun keçirilməsinin vacibliyindən ətraflı danışıb. Xüsusilə, onu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dinlərə mənsub insanların dini ayinləri icra etməsi üçün nümunəvi şərait yaradır. Məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir, yeniləri tikilir. Vaxtilə öz məqsədindən kənarlaşdırılıb təsərrüfat, məişət, mədəniyyət obyektlərinə çevrilmiş Allah evləri yenidən inanclı insanların üzünə açılır.
İcra başçısı onu da qeyd edib ki, dini ayinlərin icrasındakı bəzi kiçik zahiri fərqlər mahiyyətə təsir etməməlidir: “Biz müsəlmanıq, dinimiz İslam dinidir. Dini ayinlərin icrasında kimsə özünü başqasından daha inanclı, daha üstün, daha düzgün olduğunu göstərmək cəhdində olmamalıdır.
Mərasimlərimiz elə səviyyədə keçməlidir ki, burada bərabərlik pozulmasın, fərqlilik yaranmasın, yas və toy mərasimlərində israfçılığa yol verilməsin. Əslində israfçılıq günah işlər sırasındadır. Dini ayinlərin icraçıları yaxşı bilməli və təbliğ etməlidirlər ki, çoxsaylı təamlar, meyvələr, çərəzlər, şirə və sularla bəzədilmiş süfrələrin dünyasını dəyişənə aidiyyəti yoxdur. Ehsanın yalnız yeməkdən ibarət olduğunu düşünmək məqbul hal hesab edilə bilməz. Körpü salmaq, yol və su çəkmək, imkansıza əl tutmaq, ehtiyaclı insanların yanında olmaq, dindaşına, soydaşına mərhəmət göstərmək, ev tikənə yardımçı olmaq ehsanın bəyənilən istiqamətlərindəndir. Din xadimləri, ağsaqqallar, icra və yerli özünüidarə orqanlarının nümayəndələri birgə bu məsələləri tənzimləməli və hamı tərəfindən bəyənilən vahid yolla getməyə üstünlük verməlidirlər. Yas mərasimlərimiz şənlik məclislərini xatırlatmamalıdır”.
Mirdaməd müəllim məsləhət görüb ki, din xadimləri, axund və imamlar sosial mühitin saflaşmasında, milli-mənəvi və dini dəyərlər əsasında gənclərin tərbiyəsində daha fəal iştirak etsinlər.
Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, Cümə məscidinin imamı Şahzadə Bilalov mərasimlərimizin QMİ-nin məsləhəti əsasında necə keçirilməli olduğu barədə ətraflı məlumat verib, rayondakı dini durumla bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Lahıcdakı Zəvəro məscidinin axundu Hüseynağa Kamilzadə, Qubaxəlilli dini icmasının sədri Zülfüqar Məmmədov, molla Ağakərim Novruzov, Sumağallı dini icmasının sədri Hüseyn Xəlilov, molla Xalid Məmmədov, şəhər İƏD üzrə nümayəndəsi Məhərrəm Əhmədov və başqaları çıxış ediblər. Məclisin aparılması bilavasitə dini icma nümayəndələrinin ixtiyarına verildiyi üçün onlardan dəyərli təkliflər alınıb.
Sonda toplantı iştirakçıları adından rayonun bütün əhalisinə müraciət qəbul olunub.
Valeh Salehov

İsmayıllı rayonunun dini icma rəhbərlərinin, ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, 19 avqust 2014-cü il tarixdə keçirilən toplantıda rayon əhalisinə M ü r a c i ə t i

Əziz həmvətənlərimiz, dəyərli soydaşlarımız!
Ulu öndər Heydər Əliyevin müqəddəs ruhunun hakim kəsildiyi, prezident İlham Əliyevin siyasi iradəsi ilə inamla yüksəlişə doğru gedən ölkənin – Azərbaycanın xoşbəxt vətəndaşı olaraq Sizə müraciət edirik. Düşünürük ki, səsimiz Sizlərə aydın çatacaq, bir-birimizi yaxşı başa düşəcəyik.
Ölkəmiz inkişaf etdikcə, sosial həyatımızla bağlı problemlər heçə endikcə bir çox adət-ənənələrimiz də yeniləşir, təkmilləşir, milli-mənəvi, dini dəyərlərə uyğun formaya düşür. Lakin bunu yas məclisləri üçün demək hələlik mümkün deyildir. Yas mərasimlərini hərə düşündüyü formada, bəziləri isə öz maliyyə imkanlarını nümayiş etdirmək üçün dəbdəbəli formada keçirir. Bəzi yaşayış məntəqələrimizdə bir tərəfdə cənazə götürülür, digər tərəfdə mal kəsilir, ehsan verməyə tədarük görülür. Belə hallar yas məclisi üçün məqbul sayıla bilməz .
Əziz soydaşlar, ehsan vermək məsələsində bəhsə girişməyi düzgün hal hesab etmirik. Ehsan deyiləndə hər cür təam və meyvələrlə bəzədilmiş süfrə düşüncəsindən ayrılmalıyıq. Su çəkməyi, yol, körpü salmağı, imkansıza əl tutmağı ehsan sırasında görməyi bacarmalıyıq. Bizə ehtiyacı olan insanların yanında olmağı yadda saxlamalıyıq.
Bu məsələyə qəsəbə və kəndlərimizdə yanaşma fərqlidir. Lakin ümumilikdə yas mərasimlərinin, təziyyə məclislərinin təşkilinə milli-mənəvi və dini dəyərlərimiz baxımından yenidən yanaşmalı, hamı üçün məqbul olan, təbəqələşməyə, bərabərsizliyə gətirməyən, dünyasını dəyişən insanın ruhuna ehtiram təzahürü olan vahid bir yol seçməliyik. Yas sahibinin vəzifəsindən, maliyyə vəsaitinin qədərindən asılı olmayaraq hüzrdə iştirak edənlərə, başsağlığı verməyə gələnlərə çay, qənd, limon, xurma və halva verilməsini məsləhət bilirik.
İstərdik ki, bu məsləhət hamı tərəfindən qəbul olunsun. Hər kəs israfçılığın günah olduğunu bir daha dərindən dərk etməli, maddi nemətləri dünyada qalanların nəfinə yönəltməlidir.
İnsanlara sağlığında dəyər verməli, yas məclislərində israfçılığın bəyənilməyən hal olduğunu qəbul etməliyik.
Əziz ismayıllılar, haqqa, inkişafa doğru inamla getdiyimiz bir zamanda, əminik ki, bir-birimizi başa düşəcək, günah əməllərdən uzaq olacaq, savab işlər görəcəyik!
Allah xeyirxah əməllər yolunda Sizə yar olsun!

Şərh Yaz