Dağlar marala qaldı…

Bir gəlin ağı deyirdi. Bu ömürlük ayrılıq nəğməsi idi. Bu, ömrünün çiçəkləndiyi bir vaxtda 42 yaşında
həyata vaxtsız əlvida demiş nurlu, nakam ömür üçün oxunan nəğmə idi. Və bu nəğmə o birilər kimi xoşbəxt
sonluqla bitmirdi. Bu, heç vaxt qovuşmayacaq yollara, heç vaxt; birləşməyəcək çayın iki sahilinə, heç vaxt açılmayacaq işıqlı sabah üçün oxunan elegiya idi. Bu ömür üçün yanmağa dəyərdi. Bu, Aydın Səlimzadə ömrü idi.

Dağlar marala qaldı…

Bir gəlin ağı deyirdi. Bu ömürlük ayrılıq nəğməsi idi. Bu, ömrünün çiçəkləndiyi bir vaxtda 42 yaşında
həyata vaxtsız əlvida demiş nurlu, nakam ömür üçün oxunan nəğmə idi. Və bu nəğmə o birilər kimi xoşbəxt
sonluqla bitmirdi. Bu, heç vaxt qovuşmayacaq yollara, heç vaxt; birləşməyəcək çayın iki sahilinə, heç vaxt açılmayacaq işıqlı sabah üçün oxunan elegiya idi. Bu ömür üçün yanmağa dəyərdi. Bu, Aydın Səlimzadə ömrü idi.
A.Səlimzadə 1953-cü ildə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuşdu.
Valideynləri ona Aydın adı verdilər. Bu ad onun nurlu çöhrəsinə, ömrünün mənasına, dünyaya, insanlara
şəfqətlə, məlhəmlə dolu ürəyinə necə də yaraşırdı! Və batan günəşin, çaxan şimşəyin şəfqəti üzlərdə qaldığı
kimi, nurlu simasının işığı da saysız-hesabsız könüllərdə qaldı: əbədi yaşamaq üçün.
Sanki dünən idi, məktəb divar qəzetində ilk qələm təcrübələrini – şeirlərini oxuduğümüz çağlar. Biz, aşağı sinif şagirdləri də həvəslənib öz şeirlərimizi yazardıq.Ancaq bu şeir dediyimiz “cızmaqaralar” şair təbiətli ədəbiyyat müəllimimiz Əli Həsənovun “senzura”sından keçə bilməzdi, tək onun yazılarından başqa.

Elə bil dünən idi, məhəllə uşaqlarını yığıb futbol yarışı keçirməyi, teatr tamaşaları göstərməyi, ilk dəfə sinif təşkil edib biz “şagirdlərinə” inşa yazdırıb qiymətləndirməyi, mətbuatda çap olunan
yazılarımız üçün sevinməyi, iftixar hissi keçirməyi.
Orta məktəbi doğulduğu kənddə bitirən Aydın Bakı Dövlət Unitversitetinin tarix fakültəsini bitirmiş, bir
müddət İsmayıllı şəhər 3 saylı orta məktəbində, ixtisası üzrə müəllimi şləmişdir.
Elmi işə sonsuz marağı olan A.Səlimzadə sonradan Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına daxil olmuş, Moskvada ikiillik təcrübə kursu keçmişdi. O, Minsk şəhərində dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik adına layiq görülmüşdü.

O, 1979-cu ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışırdı. Tarix-etnoqrafiya
sahəsində apardığı tədqiqatlarının nəticəsi kimi, xeyli məqalə və kitab çap etdirmişdi.
A.Səlimzadə 70-ci illərdən başlayaraq, “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında
əməkdaşlıq etmiş, ilk ədəbi-publisist yazılarını dərc etdirmişdir.
Zəhmətsevərliyi və istedadı tezliklə onu respublikada tanıtdırmışdı. Elmlər Akademiyasının “Elm” və
“Tarix” qəzetlərindəki yazılarında heç kimə bənzəməyən, öz dəst-xətti var idi. 1989-1992-ci illərdə
baş redaktoru olduğu “Elm” qəzetinin xalqın milli-mənəvi düşüncəsində, demokratik fikrin inkişafında
rolu böyük olmuşdur.

“Palıd vüqarı” kitabında uzun ömürlülərimiz, onların nağıllaşan ömürləri haqqında nağılvari şəkildə səmimi söhbət açırdı.
Deyirlər ki, hər bir yazarın doğulub-böyüdüyü diyarın tarixi, təbiəti, mədəni irsi və sərvətləri onun
yaradıcılığına güclü təsir göstərir. Dahi şairimiz S.Vurğ un Göyəzən dağını ən uca dağ bilirdi.
Kür çayının əzəmətini isə belə mənalandırırdı:
Kiçicik bir sudur yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə.
Aydın üçün də bu yol Azərbaycanın dilbər guşəsi İsmayıllıdan, onun tutaş meşələrindən, əlvan təbiətindən, müqəddəs ziyarətgah olan Baba dağın zirvəsindən əsən məlhəm mehdən, tarixlər şahidi, meşələr bəstəkarı
Girdimanın zümzüməsindən və nəhayət, bu yerin varı, dövləti, sərvəti olan qeyrətli övladlarının ürəyindən
başlanırdı. Onun üçün böyük dünyaya pəncərə ayaq açıb yeridiyi torpaqdan başlanırdı.
Məhz onun üçündür ki, bu düşüncələr onun hər yazısının, o cümlədən “Su səmtinə axar” kitabının məğzini
təşkil edir.

Kitabdakı aşağıdakı ifadələr vətənini ürəkdən sevən həssas bir insanın könül bulağından su içib gələn
bənzəttmələr deyildimi: “İsmayıllıda uca dağlar var”. Bu dağların döşündə baharın saçı kimi şəlalələr
də qayalardan asılır. Daraq kimi sıralanan daşlarda daranır. Elə ki, çeşmələr buzdan eynək taxdı, elə ki
baharın saçları ağörpəkdə gizləndi… Onda körpülər kövrələr.”Elə ki, dağın zirvəsinə çıxdın, hər şey
gözündə dəyişəcək”.
A.Səlimzadə ömrününün son illərində Azərbaycan EA prezidentinin mətbuat üzrə köməkçisi, “Elm və həyat” jurnalının baş redaktoru kimi elmimizin təbliği sahəsində yorulmadan fəaliyyət göstərir,
mətbuatda kəsərli yazıları ilə çıxış edirdi.
Tarixçi-etnoqraf, jurnalist, tarix elmləri namizədi, qəzet və jurnal redaktoru adlarını, bəlkə də çoxları
qazanardı. Lakin nurlu, təbəssümlü ömrü ilə çoxlarına köməkedən, dayaq duran, sanki bütün qəlbi ilə
insanlara bəxş olunan bir adam az-az tapılar.
İndi o, elə bu canıyananlığı ilə, səmimiyyəti ilə, hamının müşkül işini qaydaya salmağı ilə, hamının haqqını özünə qaytarmağı ilə, böyüyün, kiçiyin, ağsaqqalın yerini bilməyi ilə, ən yüksək səviyyədə hörmətini
saxlaması ilə də yaddaşlarda əbədi məskən salıb. O, minlərlə insanın hörmət və məhəbbətini damla-damla
qazanmışdı. Sanki o, sevimli şairimiz B.Vahabzadənin tərənnüm etdiyi həyata, dünyaya “öz odundan
nur verməyə” gələn insanlardan idi:
…Kimi gəlir, bu dünyanın
Dərdlərini daşımağa.
Kimi gəlir, bu dünyadan
Umduğunu götürməyə.
Kimi gəlir, bu dünyaya
Öz odundan nur verməyə.
Kimi gəlir, bu dünyada
Olanlara daş atmağa.
Kimi gəlir, bu dünyada
Olmayanı yaratmağa!..
Yaşasaydı, bu il 61 yaşı tamam olacaqdı. Respublikanın ağsaqqal ziyalısı, neçə-neçə sanballı kitabın
müəllifi olacaqdı. Hüquqşünas oğlu Ayazın, həkim qızıAygünün xoş gününü, baba olduğunu görəcəkdi.
Görəcəkdi ki, “oğul dayısına çəkər” atalar sözünə söykənən bacısı uşaqları hansı zirvələri fəth edib.
Çox təəssüf ki, bütün bu olacaqları görmədi.
Bu gün vüqarlı palıdların (“Palıd vüqarı”) kölgəsində uyuyan Aydının sinə daşında hamının qəlbini riqqətə gətirən aşağıdakı sözlər yazılıb.
Burda candan ayrı düşən can yatır,
İki nişanədən nigaran yatır.
Burda nurdan doğan bir insan yatır
Ümid çırağımız bir də tapılmaz.
Bəli, neçə-neçə insana nur paylayan bir ömür cəmi 42 yaşında, gözəl bir yaz günündə həyatdan köçdü.
Həmin günəşli 8 mart gününün səhəri məzarı üstünə qoyulan çiçəklərin üstünə qar yağdı. Sanki təbiət də bu itki ilə barışmırdı. Dostları, yaxınları şair Taleh Həmidin ürək dağlayan “Bu yaz çiçəklərinə görən niyə qar yağır” şeri ilə göz yaşı tökdülər.
Fəqət… cismən o, bir daha geri qaytıtmadı. Mənən isə qəlblərə köçdü. Onu tanıyanların, haqqında eşidənlərin qəlbində əbədi nur çırağı yandırdı. Bu nurlu çırağın işığından hələ çoxları insanlıq dərsi alacaqdır.

Rəna Mirzəliyeva

Şərh Yaz