Nitq və mədəniyyət

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini sevməli, mükəmməl bilməlidir.
Heydər Əliyev
Hörmətli redaksiya, bu yaxınlarda televiziya kanallarından birində “Dil və mədəniyyət” başlıqlı veriliş gedirdi. Verilişə dilçi alimlərimizdən bir neçəsi dəvət olunmuşdu. Doğrusu, bu, məni çox sevindirdi, çünki burada mədəniyyətimizin əsas, ayrılmaz tərkib hissəsini təşkil edən nitq mədəniyyətindən söhbət gedirdi. Verilişə sona qədər baxdım. Baxdıqca verilişi təşkil edənlərə, onun baş redaksiyasına özlüyümdə razılıq ifadə edirdim. Açığını deyim ki, belə mövzulara televiziya kanallarında, bütövlükdə mətbuatımızda təsadüfdən-təsadüfə yer verilir.

Nitq və mədəniyyətNitq və mədəniyyət

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini sevməli, mükəmməl bilməlidir.
Heydər Əliyev
Hörmətli redaksiya, bu yaxınlarda televiziya kanallarından birində “Dil və mədəniyyət” başlıqlı veriliş gedirdi. Verilişə dilçi alimlərimizdən bir neçəsi dəvət olunmuşdu. Doğrusu, bu, məni çox sevindirdi, çünki burada mədəniyyətimizin əsas, ayrılmaz tərkib hissəsini təşkil edən nitq mədəniyyətindən söhbət gedirdi. Verilişə sona qədər baxdım. Baxdıqca verilişi təşkil edənlərə, onun baş redaksiyasına özlüyümdə razılıq ifadə edirdim. Açığını deyim ki, belə mövzulara televiziya kanallarında, bütövlükdə mətbuatımızda təsadüfdən-təsadüfə yer verilir.
Nitq və mədəniyyət
Dilimizin təşəkkül tapdığı qədim dövrlərdən dövlət xadimlərimiz, ziyalılarımız, elm adamlarımız ana dilimizin – Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışlar.
Dövlətimizin qurucusu, adı tarixlərə həkk olunan Ulu öndərimiz ana dilimizin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamışdır. Burada yalnız bununla bağlı bir faktı göstərməklə fikrimi əsaslandırmağa çalışacağam. Heydər Əliyev ikinci dəfə xalqın yekdil tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, 1995-ci illərdə dilimizin əvvəlki adını özünə qaytarılması ilə bağlı çox mühüm müzakirələr apardı. Bundan öncə Azərbaycan dili türk dili adlandırılırdı. Məktəblərdə “Azərbaycan dili” kitablarının adı “Türk dili” kimi gedirdi. Bu da öz növbəsində bizi anlaşılmazlığa apara bilərdi. Dilin siyasi mahiyyətindən çıxış edilərək bu yanlışlığa son qoyuldu və bu istiqamətdə dövlət əhəmiyyətli qərarlar qəbul edildi. Prezident İlham Əliyev də dil siyasətində bu işi uğurla davam etdirir. 2005-ci ildə latın qrafikası ilə klassik və müasir dövr şair və yazıçılarımızın əsərlərinin yenidən çox tirajla nəşr olunması ilə bağlı sərəncam imzaladı. Bu sərəncamla xarici ölkələr ədəbiyyatından seçmələr də latın qrafikası ilə nəşr olunub oxuculara çatdırıldı və bu proses indi də davam etdirilir.
Doğru deyirlər ki, dil güclü bir silahdır. Bircə o qalır ki, kim ondan necə istifadə edir. Hər sözün, ifadənin özünün işlənmə yeri, məqamı vardır. Yerində deyilməmiş söz və ifadə hədəfdən yan keçən atəşə bənzər. Bu yaxınlarda Türkiyənin iştirak etmədiyi dünya dövlətlərinin toplantısında Ermənistan prezidenti Sarkisyanın müzakirəyə dəxli olmayan çıxışında türklərin onlara qarşı soyqırım təşkil etməsini dilə gətirməsi buna aydın nümunədir. Sarkisyanın bu qərəzli çıxışına cavab olaraq prezidentimiz İlham Əliyevin çıxışında – “Türkiyə burada yoxdur, mən burda varam!”- ifadəsi Sarkisyanı yerində oturtdu, onu susdurdu. Prezidentimizin bu tutarlı cavabı həmin anda bütün türk dünyasının sevincinə səbəb oldu. Həmin gün qəzetlər, radio və televiziyalar bu hadisəyə xeyli yer ayırdılar. Bu dəyərli ifadə artıq türk ellərində indi zərbi-məsəl məqamında işlənməkdədir. Doğru deyirlər ki, söz sərkərdədir. O, öz hünəri və cəsarəti ilə bağlı qapıları üzümüzə açır, qanlı müharibələrə son qoyur, insanlar arasında dostluq və məhəbbət körpüsü yaradır. Hikmətli, yerində söylənmiş söz təpədən-dırnağa qədər silahlanmış böyük bir ordunun görə bilmədiyi işi görə bilər.
Sovet dönəmində mərkəzi Moskva televiziyası ilə Dövlət mükafatı almış bir sıra yazarların Sütunlu salonda mükafatların təqdimat mərasimi keçirilirdi. Mükafatı alan hər kəs tribunaya yaxınlaşıb rus dilində mükafata görə razılığını bildirirdi. Onların arasında xalq şairimiz Bəxtiyar Vahabzadə də vardı. Növbə şairə çatanda o, tribunaya yaxınlaşıb razılıq nitqini Azərbaycan dilində söylədi. Şübhəsiz ki, bu, bilərəkdən edilmişdi. Şair rus dilini mükəmməl bilirdi.
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi felyetonlarında, dram və nəsr əsərlərində tez-tez ana dilimizin yad təsirlərdən qorunması məsələlərinə toxunmuşdur. “Anamın kitabı” dramı bütövlükdə bu mövzuya həsr olunmuşdur. Pyesdə dörd doğma qardaşın aldıqları təhsildən və yaşadıqları mühitdən asılı olaraq ana dilinə olan münasibətlərindən söhbət açılır. Qardaşların ən böyüyü Rusiyada rusca, Mirzə Məhəmmədəli İranda, Səməd Vahid Türkiyədə təhsil almışdır. Ən kiçik qardaşları isə çobandır, təsərrüfatla məşğul olur. Qardaşlar təhsillərini başa vurub doğma ocaqlarına qayıtmışlar. Onların hər biri yarı Azərbaycan, yarı təhsil aldıqları ölkənin ləhcəsində danışır. Əsərdə ədib, qardaşları anaları ilə qarşılaşdırır. Ana nə qədər diqqət yetirsə də, oğullarının nə danışdıqlarını anlaya bilmir. Nəhayət, axşam kiçik qardaş çöldən qayıdır. Onu anası qarşılayır. O, hər bir qoyunu, quzunu öz adı ilə çağırıb onlar haqqında məlumat verir. Ana yalnız çoban oğlunun danışığını gözəlcə anlayır, onu dinləməkdən həzz alır. Ədib əsərdə çobanın danışığı ilə xalq dilinə işarə edir. Xalq bütün dövrlərdə vətənlərini qoruduqları kimi, ana dilini də mühafizə etmişdir.
Doğru deyirlər ki, ana dili hər kəs üçün əzizdir, müqəddəsdir. Altmışıncı illərdə Odessa şəhərində hərbi xidmətdə idim. Gözəl yaz günlərindən birində azərbaycanlı yoldaşlarımla hərbi hissədən qısa müddətli məzuniyyət alıb istirahət üçün şəhərin Dənizkənarı bulvarına yollandıq. Hər ikimiz boş bir oturacaqda oturub mavi dənizi seyr edir, söhbətləşirdik. Qonşu oturacaqda əlində çəlik istirahət edən bir qoca diqqətlə bizim tərəfə baxıb söhbətimizə qulaq asırdı. Nəhayət, qoca bizi şirin Azərbaycan ləhcəsiylə yanına çağırdı. Qoca ilə tez bir zamanda ünsiyyət qurduq. Bu anda elə bil Odessa bulvarında deyil, doğma Bakımızın Xəzəryanı bulvarındayıq. Onun siması pərişan, gözləri isə qəmgin idi. Danışdıqca səsi titrəyirdi. Biz onunla doğma dilimizdə danışırdıq. Bir andaca onun siması dəyişdi. Söhbətdən məlum oldu ki, bu nurani qoca 1941-1945-ci il müharibəsindən burada qalmış, bir rus qadını ilə ailə qurmuşdu. Onların övladı da olmamışdı. Dediyinə görə həyat yoldaşı dünyasını dəyişmiş, qoca tək qalmışdı. Ləhcəsindən bildik ki, əsli Şəkidəndi, özü də bunu təsdiq etdi. Biz maraqlanıb soruşduq ki, necə olub ki, doğma dilini unutmamısan. Qəhərlənmiş qoca bildirdi ki, gecələr yatdığım yerdə öz-özümlə Azərbaycan dilində danışıram, nə yaxşı ki, sizə rast gəldim. Xeyli söhbətdən sonra qocadan ayrıldıq.
Afinaya çox-çox uzaqlardan Sokratın yanına natiqlik sənətinin sirlərini öyrənmək üçün bir gənc gəlir. Sokrat bu sənəti ona öyrətmək üçün ondan ikiqat haqq istəyir. Bir neçə vaxtdan sonra gənc filosofdan nə üçün belə etdiyini soruşur. O, cavabında deyir ki, başqalarına mən yalnız natiqlik sənətini öyrədirəm. Sənə isə təkcə danışmağı yox, həm də susmağı və dinləməyi öyrətməliyəm.
Buradan belə nəticə çıxır ki, yeri gələndə susmaq və qarşındakını axıra qədər səbirlə dinləmək də bir sənət imiş, özü də çox böyük sənət… Biz çox zaman natiqlik sənətindən bəhs etsək də, yeri gələndə susmaq mədəniyyətindən, həmsöhbəti dinləmək mədəniyyətindən çox az danışırıq.
Ana dilimizin inkişafında televiziya verilişlərinin və dövri mətbuatın rolu çox böyükdür. Xalqın bu informasiya vasitələrinə böyük inamı var. Bu, belə də olmalıdır. Çox zaman televiziya verilişlərini izləyənlər, mətbuatı oxuyanlar orada istədiklərini tapa bilmirlər. Televiziya kanallarında çox vaxt heç bir əhəmiyyət daşımayan bayağı verilişlər təqdim olunur. Verilişlərin aparıcıları bəzən dilimizin qaydalarına əməl etmirlər. Sözlərin ifadəsində, orfoepiya qaydaları pozulur, sözlər və ifadələr yazıldığı kimi deyilir. Hiss edirsən ki, aparıcı mövzunu təqdim etmək üçün can yandırmamış, özünü əziyyətə salmamışdır. Reklamlarımız anlaşılmaz xarici dilin terminləri ilə təqdim olunur. Məsələn, “Grand hospital”, “Lor hospital”, “Delloro” mebel mağazası, “Green hause” istirahət mərkəzi və sair. Hansı ki, həmin adları Azərbaycan sözləri ilə çatdırmaq olardı.
Televiziya verilişlərində reklamlara çox yer ayrılır. Bir gündə eyni reklama nə qədər baxmaq olar. Bütün bunlar sözü qiymətdən salır, televiziya verilişlərinə inamı azaldır, tamaşaçı zövqünü korlayır. “Xəzər” televiziyasında tez-tez belə məzmunda reklama rast gəlmək olar: Diqqət, diqqət Bakıda inanılmaz, dəhşətli bir hadisə baş vermişdir, – deyə televiziya tamaşaçılarının diqqətini cəlb edir. Adam istər-istəməz narahatlıq keçirir ki, görəsən, nə baş vermişdir. Narahat olmağına dəyməzmiş. Dəhşətli hadisə də bu imiş ki, Bakıda müştərilərə 36 aylıq kreditlə elektrik malları, məişət avadanlıqları təklif olunur. Özü də faizsiz, çatdırmaq və quraşdırmaq da pulsuz. Reklam olmalıdır, bu iş televiziya üçün gəlir deməkdir. Ancaq 60-70 faiz endirim deyə bağırmaq lap biabırçılıqdır. Onda bu sahibkarın qazancı nə olur?!
Sovet dönəmində aparıcılar böyük müsabiqə yolu ilə seçilir, onlarla hazırlıq işləri aparılardı. Bunun məsuliyyətini dərk edərdilər, çünki hər hansı cümlədə fikri yerinə görə müxtəlif formalarda çatdırmaq olar. Məsələn, adi nəqli cümlə olan “Qatar gəlir” cümləsini məqsəddən asılı olaraq nəqli, sual, hiss-həyəcan, sevinc və sair intonasiyaları ilə çatdırmaq olar. Çox zaman aparıcılar sözləri yazıldığı kimi tələffüz edirlər ki, bu da nitqin gözəlliyinin, ahəngdarlığının pozulmasına, onun quru və cansıxıcı olmasına gətirib çıxarır.
Son zamanlar dilçilik ədəbiyyatında və məktəb proqramlarında orfoepiya qaydalarına böyük yer verilir. “Məktəblilərin orfoepiya lüğəti”ndən başqa dilçilik ədəbiyyatında akademik səviyyədə orfoepiya lüğətimiz işlənməmişdir. Ancaq onun üzərində iş davam edir.
Azərbaycan Elmlər Akademiyası tərəfindən 2004-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yenidən nəşr olunub oxucuların ixtiyarına verilmişdir. Bu lüğət hər birimizin stolüstü kitabına çevrilmişdir. Kitabla yaxından tanış olduqdan sonra məlum olur ki, bəzi sözlər kitaba düşməmişdir. Məsələn, burada “köçkün” sözünə rast gəlmədik, ancaq onun yerində həmin sözün icbar mənasını verən “köçdürtmək” sözü verilmişdir. “Köçkün” sözü icbar mənasını vermir. Bu söz daha çox nisbi sifət yerində işlənməklə əlamət və hal-vəziyyət bildirir. Ona görə də bu haqda söhbət aparan natiqlər “köçkün” sözünün əvəzinə bir “məcburi” sözünü qoşmalı olurlar. “Məcburi köçkünlər” dedikdə aydın olur ki, soydaşlarımiz dədə-baba yurdlarından heç də özxoşuna çıxmamış, onlar zorla çıxarılmışlar. “Qaçqın” sözündə soydaşlarımızın düşdüyü vəziyyət dolğun şəkildə əks olunur, belə ki, insanlar heç zaman səbəb olmadan qaçmaq məcburiyyətində ola bilməzlər. Bunun cəbəbkarı isə rus şovinizminə arxalanan erməni vandallarıdır.
İnsanın nitqi onun kimliyindən xəbər verər. Dərin, hikmət dolu məna daşıyan söz, həmişə onun sahibini uca tutar, onu həmişəyaşar edər.
Nitqdə sözlər ölçülüb-biçilməli, hər sözün işlənmə yeri olmalıdır. Bu yazının başlanğıcında televiziya verilişlərinin birində gedən “Dil və mədəniyyət” verilişindən söhbət açmışdıq. Burada sözlərin daşıdıqları mənaya diqqət yetirsək, onda görərik ki, “dil” sözünün yerində “nitq” sözünün işlənməsi üslubi baxımdan daha düzgündür. Dil və mədəniyyət yox, nitq və mədəniyyət şəklində işlənməsi daha müvafiqdir. Dil və nitq məfhumları bir-birinə mənaca yaxın olsa da, bir-birindən köklü şəkildə fərqlənir. Dil ictimai hadisədir, nitq isə prosesdir. Dil ümumi məfhumdur, nitq isə ona nisbətən konkretdir, dar mənalıdır. Dil vasitə rolunu oynayır. Alimlərimiz dilə müxtəlif təriflər vermişlər. Dil insanlar arasında ünsiyyət vasitəsidir.
Sovet imperiyası dövründə ruslar şovinist siyasətləri ilə tərkibindəki xalqların ana dili rus dilinin təsiri ilə əridilib məhv edilərək, tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Azərbaycan dili də belə təhlükəli vəziyyətdə idi. İdarə və müəssisələrdə, plenum və qurultaylarda rus dili işlənirdi. Rus dilini bilməyəni heç bir idarəyə rəhbər işə qəbul etmirdilər, xüsusilə də paytaxtda.
Məktəblərdə rus dilini tədris edən müəllimlərin əmək haqqina on beş faiz əlavə olunmuşdu və rus dilinə verilən saatlar artırılmışdı. Dilimizə lazım oldu-olmadı çoxlu rus sözləri keçmişdi. Müstəqillik qazandıqdan sonra dilimizin lüğət tərkibi xeyli təmizləndi. Müstəqillikdən sonra Türkiyə ilə əlaqələrimiz gücləndi. İndi türk dilindən Azərbaycan dilinə, yaxud əksinə müəyyən sözlər keçməkdədir. Bu da təbiidir. Onu demək lazımdır ki, bir dildən başqa dilə sözlər ciddi ehtiyac nəticəsində keçməlidir. İndi dilimizə türk dili vasitəsilə bəzi Avropa sözləri də keçmişdir. Bu da zəruriyyətdən dilimizə keçməlidir.
Hörmətli oxucular, haqqında söhbət açdığımız mövzu çox geniş olmaqla, onun ciddi müzakirəyə ehtiyacı vardır. Ümidvaram ki, maraqlanan oxucular müzakirəyə qoşulacaqlar.
HeydərXəlilov,
təqaüdçü müəllim

Şərh Yaz