İncə duyğular şairi

Bakıda fabrik və zavodların əhatəsində, ət və süd məhsulları kombinatının yaxınlığında bir küçə var. O, 60 illik ömrünün tən yarısını bu küçənin sakit guşəsindəki mənzilində keçirmişdir. Həyatının xoş məqamları, narahat və axtarışlarla dolu ayları, illəri bu yerlərin payına düşmüşdür. Səhər-axşam salam-kəlam etdiyi, ehtiyaclarından xəbər tutduğu böyüklü-kiçikli qonşular da, təlim-tərbiyə işlərində uğurlarla, uğursuzluqlarla üzbəüz dayanan orta məktəb müəllimləri də, hər gün ciddi problemlərlə rastlaşan mənzil-istismarı idarəsinin işçiləri də – bir sözlə böyüklü-kiçikli hamı onu tanıyır, sevir, salamlayır, hörmətini saxlayırdı. Dərdlərini onunla bölüşdürür, səmimi baxışlarından işıq umur, hamıya əl tutmaq kimi nəcib amalından istifadə edirdi. Ulu Basqalın görkəmli yazarları və ictimai xadimləri
İncə duyğular şairi

Bakıda fabrik və zavodların əhatəsində, ət və süd məhsulları kombinatının yaxınlığında bir küçə var. O, 60 illik ömrünün tən yarısını bu küçənin sakit guşəsindəki mənzilində keçirmişdir. Həyatının xoş məqamları, narahat və axtarışlarla dolu ayları, illəri bu yerlərin payına düşmüşdür. Səhər-axşam salam-kəlam etdiyi, ehtiyaclarından xəbər tutduğu böyüklü-kiçikli qonşular da, təlim-tərbiyə işlərində uğurlarla, uğursuzluqlarla üzbəüz dayanan orta məktəb müəllimləri də, hər gün ciddi problemlərlə rastlaşan mənzil-istismarı idarəsinin işçiləri də – bir sözlə böyüklü-kiçikli hamı onu tanıyır, sevir, salamlayır, hörmətini saxlayırdı. Dərdlərini onunla bölüşdürür, səmimi baxışlarından işıq umur, hamıya əl tutmaq kimi nəcib amalından istifadə edirdi.
Dünya pis adamlardan xali deyildir. İnsanların bədxahı da olur, ədalətli danışmağı, saf vicdanı, insafı gündəlik həyatının meyarı edib haqqa dəlalət etmək düsturu ilə davranmağı özünə pozulmaz peşə edənləri də. Bədxahları şəxsi nümunəsi ilə, təsirli, ağlabatan sözü ilə islah etmək xeyirxah əməllər sırasında bəlkə də birinci yer tutar. Onu bütün zümrələrdən olan insanlara sevdirən, ictimaiyyətin nəzər-diqqətini özünə cəlb etdirən də məhz belə əməlləri, şəfa saçan sözləri olmuşdur.
Fani dünyanı tərk edərkən ürəkdən deyilən “Allah rəhmət eləsin!” deyimini qazanmaq, haqqında xoş sözlər, şirin xatirələr qoyub getmək hamıya müyəssər olmur. Bu istedadlı sənətkar belə istəyi, belə hərarətli sevgini özü üçün təbii xisləti ilə təmin etmişdir. İndi Bakının o səmtində yaşayanlar da, onun şəxsiyyətinə, yaradıcılığına yaxından bələd olanlar da bu küçəni – Davud Aslan küçəsini yaxşı tanıyırlar.
Oxucuların dərin etimad və məhəbbətini qazanmış şair Davud Aslanın (Davud Əlisöhbət oğlu Aslanovun) ilk şeirinin altmışıncı illərin əvvəlinə aid olduğunu nəzərə alsaq, aydın olar ki, otuz il şair üçün heç də az vaxt deyildir. Lakin bu illərin hamısı müəllifin coşqun, məhsuldar yaradıcılıq illəri olmamışdır. İşdə daha da bərkişmiş, təhsil aldığı müddətdə pərvazlanmış bir şair kimi qol-qanad açmış, poeziya aləmində öz yolunu, öz istiqamətini tapana qədər zəhmətlərə qatlaşmışdır.
Bədii yaradıcılığa gec gələn Davud Aslan 10 oktyabr 1929-cu ildə Basqal qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1937-ci ilin bədnam repressiya ləkəsi bir çox həmyerliləri kimi onların da ailəsinə öz qara əllərini uzatmışdır. Həmin illərdən başlayaraq atalıq qayğısından məhrum olan kiçik yaşlı Davud min bir əzablara, çətinliklərə qatlaşıb, nəhayət, özünün səyi, zəhməti, inadkarlığı sayəsində yarımçıq qalmış orta təhsilini Basqal qəsəbəsindəki gecə fəhlə-gənclər məktəbində başa çatdırmışdır. Özünü tapmaq, elmlərə dərindən yiyələnmək kimi sönməz arzu onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirdi. Davud Aslan universitetdə oxuduğu müddətdə poeziyaya böyük maraq göstərmişdir. Poeziya onun qəlbində yaradıcılıq ehtirası yaradırdı. Davud Aslan respublika qəzet və jurnallarında dərc olunmuş kiçik şeir müəllifliyindən yeddi böyük həcmli kitab yazan, tanınmış orijinal yaradıcılıq yolu tutan püxtə şair səviyyəsinə qədər yüksəlmişdir.
Davud Aslan o şairlərdəndir ki, şeiri, sözü ilə şəxsiyyəti, işi arasında məsafə yoxdur. O, bütün yaradıcılığı boyu özünün və xalqının taleyini yazıb. Vətənin taleyini vətəndaşların taleyində görmək istəyi şairin bir çox şeirində özünü bariz şəkildə göstərir.
Davud Aslan qələmini poeziyanın müxtəlif sahələrində sınayırdı. Sovet dövrünün eybəcərliklərini – bürokratçılığı, rüşvətxorluğu, saxtakarlığı qamçılayan bəhri-təvillər, satirik şeirlərlə yanaşı, lirikaya da geniş yer vermişdir. Onun insanlara, təbiətə, məhəbbətə öz baxışı var idi:
Sübh çağı dan yeri qızaran zaman,
Şirin yuxusundan ellər oyanır.
Axır dağ çayları hayla, harayla,
Çırpınır sonalar, göllər oyanır.

Qartallar ayrılmır qayadan, daşdan,
Turac mahnısını deyir yavaşdan,
Sürünü yamaca yayır obaşdan,
Çobanlar ney çalır, çöllər oyanır.

Mən məcnun deyiləm, ellər, ay ellər,
Bir sevda ucundan çölə düşmüşəm.
Şahindim, bir sona eşqilə qalxdım,
Qanadım qırıldı, çölə düşmüşəm.

Davud Aslan poeziyasının bir qismi böyüməkdə olan nəslə – uşaqlara həsr edilib. O, şeirlərində uşaqların estetik zövqünü, onların maraq dünyasını vəsf edir, uşaqlarımızın mənəviyyatının zənginləşməsi üçün çalışırdı. Onun “Kəpənək”, “Nəğmə deyirəm”, “Ən şirin şey”, “Ana əlləri”, “Günəşin qonşusu”, “Sökmək asandır” və bir çox başqa şeirləri gənc nəslin təlim-tərbiyəsində, mənəvi dünyalarının zənginləşməsində böyük rol oynayır.
Davud Aslan poeziyasında lirik qəhrəmanın əhval-ruhiyyəsi həm çılğın, kəsgin, publisist ruhlu deyimlərlə, həm xəfif, kövrək duyğularla, həm də sosial məzmunlu – ironiya, acı kinayə, satirik ton, yumorlu gülüşlə səciyyələnir. “Ürəyim mənim”, “Danışma!”, “Günahım mənim”, “Üşüyəndən üşüyənə”, “Nə mənası var” və sair şeirlər bu qəbildəndir.
Davud Aslan şeirlərində xalq bədii təfəkküründən bəhrələnir və bu, heç də təkrar, yamsılama xarakteri daşımır. Orijinal üsluba sadiq qalan sənətkarın hər hansı bir şeirini oxuyanda bu qənaətə gəlirsən ki, müəllif oxucuya həmişə təzə söz deməyə çalışır. Real həyat həqiqətlərini onun poeziyasında sadə xalq dili ilə ifadə edilir.
1984-cü ildə qələmə aldığı “Sabir və ya zəlzələ” mənzum dramı müəllifin etirafına görə, onun uzun illik yaradıcılığının məhsuludur. Davud Aslan bu əsəri yaratmaq haqqında 70-ci illərdən düşünürmüş. “Sabir və ya zəlzələ” dramı 1987-ci ildə tamaşaya qoyulmuşsa da onun birinci variantı, Davudun özü dediyi kimi, ürəyini açmamışdır. 1988-ci ildən başlayaraq o, həmin əsər üzərində yeni çalışmalara başlamış, beləliklə 2-ci, 3-cü, 4-cü variantlar meydana gəlmişdir. 1993-cü ildə “Şur” nəşriyyatı tərəfindən buraxılmış kitabda bu mənzum dramın sonuncu, beşinci təkmilləşdirilmiş variantı şairin arzu etdiyi, gərgin əmək sərf etdiyi və ən çox sevdiyi halına düşmüşdür.
Əsərdə Sabir öz xalqının milli dərdləri, iztirabları, ictimai amalları ilə nəfəs alan bir obraz kimi təqdim olunur. Xalqın taleyini düşünən, özünü Vətənin bir parçası kimi hesab edən ağlar güləyənin, mütəfəkkir bir sənətkarın daxili aləmini, xarakterini böyük ustalıqla canlandırmışdır.
Cənnətdən, xülyadan dilbər, ey Vətən!
Hər gün ikramına çıxıram səni.
Nizami, Nəsimi şeir sultanı,
Bu torpaq dünyaya nur saçsın gərək!
Axır damarımdan Nəsimi qanı,
Füzuli sehrilə köklənib ürək.
Zümrüd dərələrin ana laylası,
Azadlıq naminə hücum marşı çal!
Ey ulu xalqımın ulu dünyası,
Qalx, şöhrət tacını düşmənindən al!
“Sabir və ya zəlzələ” mənzum dramı forma baxımından özünəməxsusuluğu, folklora qaynayıb qarışmağı baxımından da yaradıcılığının və həyatının kamil vaxtında dünyasını dəyişmiş Davud Aslan poeziyasının uğurlu bəhrəsi şairin öz oxucularına qiymətli poetik töhfəsidir.
“Sabir və ya zəlzələ” mənzum dramı 1993-cü ildə “Dindirir əsr bizi” adı ilə rejissor Mərahim Fərzəlibəyli tərəfindən Azərbaycan Dövlət Akademik Dram teatrında uğurla tamaşaya qoyulmuşdur. Teatrşünas İlham Rəhimli bu tamaşa haqqında “Füzuli meydanında sənət məbədi” adlı yazısında əsərin uğurundan danışır: “Davud Aslan uzun illər poeziyaya meyl bağlamışdır. O, “Meşədə yarış”, “Səhər şəfəqləri”, “Mənə nə!”, “Xınalanıb dağ yolları”, “Bir qucaq inci”, “Ağ göyərçinlər”, “Ana əlləri” kitablarının müəllifidir.
Davud Aslan ömrünün son on ilini Mirzə Ələkbər Sabir haqqında dramaturji əsər yazmağa sərf etdi. Əsərin əvvəlində xalqımızın bu dahi sənətkarı haqqında əsər yazmaq məqsədi əsaslanıb. Hətta görkəmli aktyor Hacağa Abbasov da onun barəsində səhnə əsəri yazıb. Ancaq D.Aslanın “Sabir və ya zəlzələ” pyesi dramaturgiyamızda Sabirə həsr edilmiş ilk iri həcmli dram əsəridir.
Davud Aslanın poetik yaradıcılığı onun övladlarına da böyük təsir göstərmişdir. Oğlu Novruz Aslan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin üzvü, iki çağırışdır ki, millət vəkilidir. Respublikamızın ictimai həyatında fəal iştirak etməklə yanaşı yaradıcılıqla da məşğul olur. Novruz Aslan Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “Varlı olmaq istəyirsənsə”, “Доbро и зло”, “Xeyir və şər” və sair kitabların müəllifidir. Bundan əlavə Novruz, musiqi aləmində də böyük uğur qazanmışdır. O, bir neçə musiqi albomunun, bir neçə kompakt çarxın , 400-ə yaxın lirik mahnının müəllifi kimi tanınmışdır.
Novruz Aslanın çoxşaxəli ictimai fəaliyyəti və populyar bəstəkarlığı haqqında müəllif geniş yazı hazırlayır.
Davud aslanın digər övladları Qənbər və Əlimədəd də həyatda öz layiqli yerlərini tutmuşlar. Əlimədəd Novorossiysk Dənizçilik Akademiyasını bitirmiş, uzaq səfərlər kapitanı kimi aylarla xaricdə öz sənətini şərəflə yerinə yetirir. O, dənizçi olsa da ədəbiyyata maraq göstərir, atasının zəngin kitabxanası onun sevdiyi və mütaliə etdiyi yerlərdəndir. Əlimədəd Aslanov İlham Rəhimlinin “Füzuli meydanında sənət məbədi” kitabının çap olunmasına böyük maddi yardım etmişdir.
Davud Aslan anadan olduğu, böyüyüb boya-başa çatdığı doğma vətəni Basqalı ürəkdən sevirdi. Basqal mövzusu onun poeziyasında mühüm yer tutur. Aşağıda Davud Aslanın Basqala həsr etdiyi iki şeirini oxucuların nəzərinə çatdırırıq.
Basqal
Köhnə qala, bəs qala,
Başı duman, sis qala.
Düşmən fəth edə bilməz,
Adın qoyar tərs qala.
Qoşun çəkmə Basqala!
Bu qala bir tərs qala.
Mərd igidlər önündə
Güman yox bir kəs qala.

Basqal – sirlər kitabı
Payız gəlir, ağ tül çəkir yamaclara, yastanlara,
Büllur kimi qırov yağar uralanmış bostanlara.
Basqal, sənin ürəyindən yollar açdım dastanlara,
Sənin sirlər kitabını yana-yana varaqladım.
Salam verdim bu torpağı candan əziz tutanlara,
Basqal, sənin ürəyindən yollar açdım dastanlara.
Bir qayaya bir quş qonsa, bir dağ uçar, duman qalxar,
Torpaq altda qanı donmuş, qərq olmuş o şəhər çıxar.
Heykəlləşmiş nənələrin göz yaşından sellər axar,
Gözlərində gözəllərin həsrət dolu çaxar şimşək,
Ulduzlar da vəcdə gələr nişanlı qız gözləritək.
Ay da nazlı gəlinlərin əllərinə həna yaxar,
Bir qayaya bir quş qonsa, bir dağ uçar, duman qalxar.
Sehirlidir baş qalanın behişt gözlü hər guşəsi,
Sehirlidir qızıl gülün gözlərində nur giləsi.
Sehirlidir çeşmələrin, bulaqların zümzüməsi,
Vulkanlara məruz qalan qalalar da sehirlidir,
Meşələr də, cüyürlər də, talalar da sehirlidir.
Sehirlidir bu Basqal behişt gözlü hər guşəsi.
Ana yurdum, sənsiz mənim gözlərimdən qaçar yuxu,
Köksün üstə sancılmışdır ayrılığın hicran oxu.
Basqal, sənin ilkin adın Baş qaladır, bilmir çoxu,
Qalaları vulkan yedi, yerlə yeksan oldu şəhər,
Daş üstündə daş qoymadı min il əvvəl zəlzələlər.
Qəbiristanlar canlı muzey, başdaşları yaxşı oxu,
Basqal sənin ilkin adın Baş qaladır bilmir çoxu.
Miryavər Hüseynov

Şərh Yaz