Bağçada “çiçəklər” açmışdı

Təbiətin oyandığı, gül-çiçəyin bir-birinin bəhsinə ətrafa meydan oxuduğu bir zamanda İsmayıllı şəhər 1 nömrəli bağçada başqa “çiçəklər” açmışdı. Bağçanın bir-birindən maraqlı tədbirlərə ev sahibliyi edən geniş zalında İsmayıllı rayon qəzetinin nəzdində ötən əsrin 60-cı illərində yaranmış və İsmayıllı mədəniyyətinə onlarla qələm əhli təqdim etmiş “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri ilə görüş keçirilirdi.
Bağçada “çiçəklər” açmışdı

Təbiətin oyandığı, gül-çiçəyin bir-birinin bəhsinə ətrafa meydan oxuduğu bir zamanda İsmayıllı şəhər 1 nömrəli bağçada başqa “çiçəklər” açmışdı. Bağçanın bir-birindən maraqlı tədbirlərə ev sahibliyi edən geniş zalında İsmayıllı rayon qəzetinin nəzdində ötən əsrin 60-cı illərində yaranmış və İsmayıllı mədəniyyətinə onlarla qələm əhli təqdim etmiş “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri ilə görüş keçirilirdi.

Bağçanın çalışqan kollektivi körpə balalarla birlikdə bu tədbirə aylarla vaxt və zəhmət sərf ediblər. Elə buna görə idi ki, tədbir iştirakçılarına çox xoş və gözəl saatlar yaşadıldı. “Dağ çiçəkləri” ədəbi məclisinin üzvlərindən Valeh Salehov, Şahməmməd Dağlaroğlu və Hacıməmməd Məmmədov tədbir iştirakçılarına təqdim olundular: tərcümeyi-halları, çoxsaylı şeirləri ilə. 4-6 yaşlı uşaqlar bu şairlər haqqında yığışanlara elə dolğun məlumat verdilər ki, hətta, özləri belə özlərini bu təqdimatda yenidən tanıdılar. Balaca fidanlar onların şeirlərini də eyni həvəslə, ustalıqla, yaşlarına xas şirinliklə təqdim etdilər. Tədbirdə balacalardan heç kim kənarda qalmadı: kimi şeir dedi, kimi mahnı oxudu, kimi də rəqs etdi. Tədbir o qədər canlı, maraqlı keçdi ki, hətta, bağçanın cəfakeş işçiləri də – Simuzər Rəhmanova, Zümrüd Məhərrəmova, Gültəkin Mitəlova, Günay Həmidova, Asya Xankişiyeva, Nahidə Zahidova və Lətafət Adıgözəlova da eyzən balacalar kimi boy-boya düzülüb İsmayıllı yazarlarından – ustad Musa Yaqub başda olmaqla şeirlər söylədilər.
Sonra söz qələm əhlinə verildi. “Dağ çiçəkləri” ədəbi məclisinin üzvlərindən Şahməmməd Dağlaroğlu və Hacıməmməd Məmmədov çıxışlarına bağça kollektivinə minnətdarlıqla başladılar. Balaca balalarla belə böyük tədbir hazırlamaq, elə də asan olmayan şeirləri onlara əzbərlətdirib bu qaydada təqdim etmələrinə nail olmaq sözsüz ki, böyük zəhmət, səbir və təcrübə tələb edir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Şahməmməd Dağlaroğlu və Hacıməmməd Məmmədov tədbir iştirakçılarına ədəbi mühitə necə gəlmələrindən, “Dağ çiçəkləri” ədəbi məclisinin onların yaradıcılığındakı rolundan danışdılar, ilk şeirlərinin tarixindən söz açdılar, şeir dedilər. Və balacaların bir-birindən maraqlı suallarını cavablandırdılar.

Tədbirdə iştirak edən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, 35 ilə yaxın “Dağ çiçəkləri” ədəbi birliyinin yaranıb fəaliyyət göstərdiyi rayon qəzetinin əməkdaşı olmuş Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə Əliyeva qəzetdə yazarlar üçün yaradılmış ədəbi mühitdən söz açdı. Təkcə məclisdə yox, ümumilikdə redaksiyada olan səmimi münasibət, qələm əhlinə olan diqqət və qayğı gənc yazarların yoluna həmişə işıq tutub. Elə ona görə də redaksiyaya üz tutan ştatdankənar müxbirlər, “Dağ çiçəkləri”nin üzvləri hörmətlə redaksiyanı “Babam ocağı” adlandırırdılar və tək məclis olan vaxtlar yox, istənilən an ərklə redaksiyanın, əməkdaşların qapısını açırdılar: eynən ata, baba yurdunun qapısı kimi.
Rayon İncəsənət Məktəbinin müəllimi Ceyran Məmmədova və məktəbin direktoru Elşən Süleymanov, bağçanın valideyn komitəsinin sədri Xatirə Məmmədova da çıxışlarında rayon qəzetinin, “Dağ çiçəkləri” ədəbi məclisinin fəaliyyətindən, bağça kollektivinin böyük əməyi sayəsində araya-ərsəyə gəlmiş bu tədbirin rayon yazarlarının tanıdılması baxımından çox əhəmiyyətli olduğundan danışdılar.
Sonda ev sahibi – bağçanın müdiri Qalibə Abdullayevanın qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür etməsi etirazla qarşılandı: tədbirdə iştirak edən çoxsaylı valideynlər də, qonaqlar da, şairlər də “sağ olun”, “təşəkkürün” tək ünvanının belə gözəl tədbirə görə bağça kollektivi, ev sahibləri olduğunu dedilər. Və beləcə, şeirli, musiqili bu tədbir də bağçanın çoxsaylı tədbirləri arasında öndə layiqli yerini aldı.
Firuzə Çiçək

Şərh Yaz