Yaddas kitabcasi

Ziyalılığına da, jurnalistliyinə də şübhəm var

“Yeni Müsavat” qəzetinin 16 may 2014-cü il tarixli nömrəsi əlimə keçdi. Orada “Susmuş və ya susdurulmuş İsmayıllı” sərlövhəli yazı diqqətimi çəkdi. Başlığın altında nisbətən kiçik şriftlə “Ölkənin bu cənnət məkanında insanlar cəhənnəm əzabı çəkir” cümləsi verilmişdir. Müəllifin imzasına baxdım: Məhəmməd Türkmən.
Doğrusu, sərlövhələrə görə yazını oxudum ki, görəsən, biz necə “cəhənnəm əzabı çəkir”ik? Necə olub ki, biz ismayıllılar fil qulağında yatıb qalmışıq və bundan xəbərimiz olmayıb? Məhəmməd adlı birisi təşrif buyurdu və bizi də qəflət yuxusundan ayıltdı.
Bəri başdan deyim ki, yazı başdan-ayağa yalan və iftiradan ibarətdir. Peşəkar jurnalist kimi məqaləni təhlil edəcəyim halda, özünüz də yalanların nədən ibarət olduğunu görəcəksiniz.

Ziyalılığına da, jurnalistliyinə də şübhəm varZiyalılığına da, jurnalistliyinə də şübhəm var

“Yeni Müsavat” qəzetinin 16 may 2014-cü il tarixli nömrəsi əlimə keçdi. Orada “Susmuş və ya susdurulmuş İsmayıllı” sərlövhəli yazı diqqətimi çəkdi. Başlığın altında nisbətən kiçik şriftlə “Ölkənin bu cənnət məkanında insanlar cəhənnəm əzabı çəkir” cümləsi verilmişdir. Müəllifin imzasına baxdım: Məhəmməd Türkmən.
Doğrusu, sərlövhələrə görə yazını oxudum ki, görəsən, biz necə “cəhənnəm əzabı çəkir”ik? Necə olub ki, biz ismayıllılar fil qulağında yatıb qalmışıq və bundan xəbərimiz olmayıb? Məhəmməd adlı birisi təşrif buyurdu və bizi də qəflət yuxusundan ayıltdı.
Bəri başdan deyim ki, yazı başdan-ayağa yalan və iftiradan ibarətdir. Peşəkar jurnalist kimi məqaləni təhlil edəcəyim halda, özünüz də yalanların nədən ibarət olduğunu görəcəksiniz.
Bəli, İsmayıllıdakı məlum hadisələrdən sonra Nizami Ələkbərov icra başçısı vəzifəsindən azad edildi, yerinə həmyerlimiz olan alim Mirdaməd Sadıqov təyin edildi. O, ilk gündən əhali ilə, mütəxəssislərlə, ağsaqqallarla, gənclərlə, ziyalılarla görüşdü ki, rayonun əvvəlki başçılarından miras qalmış problemləri öyrənsin və fəaliyyətə başlasın. Bəs başqa nə cür hərəkət etməli idi?! Bunun başqa yolu varmı? Sənsə, bu qəbulları ironiya, kinayə kimi qəbul edirsən. Bu da sənin işdən baş çıxarmadığına yaxşı sübutdur.
Yazırsan ki, köhnə başçıdan qalan “problemlərin bir çoxu həll edilməmiş qalır. Rayonun bəzi kəndlərinə yollar hələ də bərbad vəziyyətdədir. Rayonun mərkəzinə gedib-gəlməkdə çətinlik çəkirik. Qış aylarında şərait daha da dözülməz olur…” Əslinə qalanda, sən bu sözləri başqa bir adamın dilindən yazırsan. Hansı kəndlərdən söhbət gedir, niyə ad çəkmirsən. Göründüyü kimi, sənə bələdçilik edənin, sənin də göz həkiminə ehtiyacınız var.
Yeri gəlmişkən, yollarla əlaqədar bir neçə faktı misal çəkmək istəyirəm. İsmayıllı- İvanovka- Hacıhətəmli kəndləri istiqamətindəki yol asfaltlaşdırılıb. Hətta, bəzi sürücülər həmin rahat yolla Göyçaya, oradan da respublikanın Qərb rayonlarına gedirlər. Hazırda İsmayıllı-Ruşan-Qalınçaq kəndlərini əhatə edən yollarda qızğın işlər gedir. Yəqin ki, qısa zamanda bu yol da hazır olacaq. Qalacığa gedən yolun yarıdan çoxu asfaltdır. Qalan hissəsi də çınqıldı, burada palçıqdan söhbət gedə bilməz. Digər kəndlərimizin bir qismi isə İsmayıllı- Muğanlı yolunun üstündə yerləşir. Bu kəndlərə hər markadan olan avtomaşınlar gedir, özü də ilin hər fəslində. Dağ kəndlərinə də gediş-gəlişdə elə bir çətinlik yoxdur. Belə bir vəziyyətdə sənin və bələdçin yolsuzluqdan niyə haray çəkib? Sən də ona qoşulub qan ağlayırsan. Burasını heç cür başa düşə bilmirəm.
Məhəmməd Türkmən, yazından məlum olur ki, sən yerli idarə və təşkilatların heç birində olmamısan, rayon icra aparatının qapısının hansı tərəfə açıldığını belə bilmirsən. Yaxşı olmazdımı, səni maraqlandıran suallara orada cavab axtaraydın. Peşəkar jurnalistlər ancaq belə hərəkət edirlər. Sən isə zibilliklərdə fakt axtarmısan. Sənə İsmayıllıda bələdçilik edənin savadı sənin savadından da aşağı olub. Həmin tipin dilindən (əsl vətənpərvər ismayıllıların yox) yazırsan: “Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri bizə verdiyi sözü tutmadı. Rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır”. Bəs həll edilməkdə olan problemləri görmürsən. Şəhərin kanalizasiya, su, qaz, təchizatı istiqamətdə həyata keçirilən işlər, küçələrin işıqlandırılması, asfaltlaşdırılması və digər tikinti-abadlıq tədbirlərini görmək üçün adamda göz lazımdır. İşlər davam etdirilir.
Məqalə müəllifi də, onun züy tutanı da sadə bir həqiqəti dərk etmək iqtidarında deyillər ki, problemlərin həlli üçün zaman, vaxt lazımdır. Onlar elə zənn edirlər ki, guya İsmayıllıda problemlər nağıllardakı kimi, bir gecədə həllini tapır. Bərəkallah, belə zəka sahiblərinə. Yeri gəldikcə, təzə başçının həyata keçirdiyi işlərdən söhbət açacağıq.
İşsizlik bir problem kimi bütün dünyanı bürüyüb. Respublikamız, yaxud rayonumuz da bu cəhətdən müstəsnalıq təşkil etmir. Rayonda bu istiqamətdə xeyli işlər görülmüş və görüləcəkdir. Bu ilin birinci rübündə 138 yeni iş yeri açılmışdır. Sonuncu əmək yarmarkasında 103 nəfər işsizə göndəriş verilib. “Normal əməkhaqqısı olan iş yerləri azdır. Rayondakı məmurların yaxın çevrəsində təmsil olunan şəxslər ən yaxşı işlərdə işləyirlər, – deyə kiminsə dilindən yazırsan. Burada yəqin ki, dövlət qulluğu nəzərdə tutulur. Kiçik rayonda nə qədər dövlət qulluqçusu olmalıdır ki, hamıya “ən yaxşı iş yeri” çatsın. Qəribə məntiqdir, məgər məmur uşağı işləməməlidir? Axı indi işə qəbul test vasitəsi ilədir, savadın var, buyur sınaqdan keç.
Bir sitat da gətirim: “Guya turistik rayonumuz var (turistik nə deməkdir?). Hə nə olsun? Bunun bizə daha çox ziyanı dəyir”, – yazırsan. Hansı ziyandan söhbət getdiyi başa düşülmür. Məntiqə görə, turizmin inkişafı yeni iş yerlərinin açılmasına geniş imkanlar açır. Turistlərə xidmət göstərən şəbəkələrin sayı artır. Hər kəs burada öz biznesini qura bilər. Bu sahədə imkanlar çoxdur.
Rayonda bu sahə üçün kadrlar hazırlayan Peşə Təhsili Mərkəzi və kollec də var. Hər bir gənc burada ixtisas alıb, iş qura bilər. Axı “Allahdan buyruq, ağzıma quyruq” prinsipi ilə yaşamaq, indiki zamanda ac qalmaq deməkdir. İsmayıllıda bu gün geniş tikinti-abadlıq işləri gedir. Burada istənilən qədər fəhləyə və digər sənətkarlara ehtiyac var. İşləmək, tər tökmək, pul qazanmaq istəyənlər buyursunlar bu obyektlərə. Valideynlərindən siqaret pulu alıb boş-boşuna gəzməklə evə qazanc gətirmək mümkün deyil. Təəssüf ki, gənclərin əksəriyyəti əziyyət çəkmədən, tər tökmədən çoxlu pul qazanmaq istəyir.
İşsizlikdən söhbət açarkən “rayonun Aşağıbaş kəndi ərazisində velosiped zavodu tikilir” cümləsini işlədirsən. Burada da səhvin var. Birincisi, həmin zavod İsmayıllı-Muğanlı şossesinin rayonun Diyallı kəndinin altından keçən hissəsinin cənubunda tikilir. İkincisi, Aşağıbaş kəndi məfhumu səhvdir. Rayonda bu adda kənd yoxdur. Aşağıbaş əvvəlki İsmayıllı kəndinin bir məhəlləsidir və hazırda şəhərin ərazisidir.
İş yerlərinin açılması istiqamətində daha bir faktı misal gətirim. Şəhərin Heydər Əliyev prospektinin yuxarı hissəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün hər cür şəraiti olan tələbə şəhərciyinin inşasına başlanıb. Rayonun Keyvəndi kəndi yaxınlığında 1500 başlıq heyvandarlıq kompleksi tikilir. Burada süd, ət istehsalı istiqamətində işlər görüləcəkdir. Kəndli-fermer təsərrüfatlarının yaradılması da işsizliyin ləğvində mühüm rol oynaya bilər. Rayonda bu sahəyə minlərlə manat investisiya qoyulur. Son bir ildə iş adamlarına – 1 milyon 999 min manata yaxın güzəştli kredit verilmişdir. Bax, iş yerlərini buralarda axtarmaq lazımdır.
Əhaliyə tibbi xidmətin bərbadlığından yazırsan. Nəzərdən qaçırma ki, əsaslı təmir edilmiş rayon mərkəzi xəstəxanasında yenidənqurma işləri başa çatdırılıb. Ora hər cür yeni avadanlıqlarla təchiz edilmişdir və yaxın günlərdə əhalinin istifadəsinə veriləcək. Məqalədə yazdığın kimi, ”xəstəxana müvəqqəti olaraq uşaq poliklinikasında fəaliyyət göstərir”. Əslinə qalanda, uşaq poliklinikasında deyil, uşaq xəstəxanasında fəaliyyət göstərir. Bunlar ayrı-ayrı obyektlərdir. Sən bunları da ayıra bilməmisən. Əgər sən xəstəxanada kiminləsə söhbət etmiş olsaydın, daha geniş və düzgün məlumat ala bilərdin. Yaxşı ki, sənin ayağın həmin xəstəxanaya düşməyib, yoxsa, xəstəliyə tutular və jurnalistikamıza ağır itki üz verə bilərdi.
Ziyalılığına da, jurnalistliyinə də şübhəm var
Lahıca səfərindən söz açanda “Qəsəbə sakinləri bizi görən kimi problemlərindən danışmağa başladılar”, – yazırsan. Belə çıxır ki, camaat pişvazına çıxıb, dərdlərini sənə danışmaq üçün növbəyə düzülübmüş. Lahıcda diş həkiminin yoxluğundan ürək yanğısı ilə yazırsan. Yəqin diş ağrısı sənə o qədər əziyyət verib ki, Lahıca çatan kimi diş həkiminin sorağına düşmüsən. Bəs necə oldu ki, oradakı müasir xəstəxananı gözün seçmədi? Lahıcda uzun illərdir ki, təcrübəli diş texniki Hacı Hüseynağa Kamilli çalışır. Əgər diş həkiminə ehtiyac olarsa, xəstə rayon mərkəzinə gəlir. Qəsəbəyə gündə neçə dəfə avtobus gedib-gəlir. Ay Allahsız, həkimlə görüşmədən onun lap tarixi abidələr kimi yaşlı olub-olmamasını necə təyin etdin. Sədrəddin həkim heç də sən düşündüyün kimi əli-ayağı əsən qoca deyil. O həkim sənin yaşın qədər, bəlkə də yaşından iki dəfə artıq (sənin yaşını bilmirəm) dağ kəndlərindəki adamlara tibbi xidmət göstərib və indi də həmin enerji ilə çalışır.
İş probleminin Bakıda da, Şəkidə də, İsmayıllıda da olması heç təəccüblü deyil. Axı burada fabrik, zavod tikmək mümkün deyil. Bu əhalinin əsas məşğuliyyəti uzun illərdir ki, sənətkarlıqdır.
Yazırsan ki, insanlar susur, danışmaq istəmirlər. Lazım gələndə sözlərini lap ucadan deyirlər. Məlum hadisələrdən söhbət açmaq istəmirlərsə, bu, o adamın hüququdur, istər danışar, istər susar. Sənin kimi boşboğazlarla, hər şeyi ancaq qara görənlərlə danışmamaq daha yaxşıdır. Taksi sürücüsünün də susması təbiidir. Yazıq sürücü görüb ki, qarayaxalıq edirsən ona görə də susub (onlar adam tanıyan olurlar). Doğrusu, mən başa düşə bilmirəm, sən o adamlardan nə eşitmək istərdin?
Tez-tez “Çıraq” hotelini dilə gətirirsən. Deyəsən, onun yanmasına çox təəssüflənənlərdənsən. “Yandırılmış “Çıraq” hoteli yaşayış binasına çevrilib” – yazırsan. Bu nə əcaib cümlədir?! Əgər həmin obyekt yanıbsa, o yaşayış binasına necə çevrilə bilər? Daha sonra çox məntiqsiz bir cümlə işlətmisən . ”Hotelin yerində yeni çoxmərtəbəli yaşayış binası tikilib. Amma, hələ ki, təmir işləri tamamlanmayıb”. Ay kəmsavad, tikintisi davam edən binada “təmir işləri” deyil, tamamlama işləri aparılar.
Məhəmməd Türkmən, bilmirəm kimsən, hansı sənətin sahibisən. Yaxşı bilirəm ki, jurnalistikadan çox uzaq adamsan. Bunu sənin faktlara münasibətin də sübut edir. Çünki, hər şeyə qara eynəklə baxırsan. Hər daşın altından bir nöqsan axtarmağın da vicdanının qaralığına dəlalət edir. Rayonda sənə rast gələnlər də sənin kimilərdir. Necə deyərlər, su axar çuxurun tapar. Məqaləyə qoyduğun fotolar da son zamanların obyektləridir. Nə əcəb onlara da qulp qoymamısan.
Məqalədə işsizlikdən çox dəm vurmusan. Nə əcəb bu sahədəki vəziyyəti dərk etmək üçün rayonun əlaqədar təşkilatlarına müraciət etmək ağlına gəlməyib? Axı iş xörək deyil ki, istəyən hər kəsin qabağına bir boşqab pay qoyasan. Bunun üçün işaxtaran özü də çalışmalıdır. İsmayıllıda iş üçün imkanlar çoxdur, onlardan tam istifadə edənlər lazımdır. Bu barədə yuxarılarda bəzi faktlar gətirmişəm.
Sənə bir məsləhətim var, hərçənd məsləhət eşidənə oxşamasan da, sözümü deyəcəyəm. Faktlara çox dəqiq və həssaslıqla yanaşmağın məsləhətdir. Fakt toplayanda gözündəki qara eynəyi çıxar, hər şeyə olduğu kimi – düzə düz, əyriyə əyri yanaş. Yazanda insanlığını, vicdanını ortaya qoy.
Burada keçən əsrin 70-ci illərində Moskva qəzetlərinin birində dərc edilmiş bir məqalə yadıma düşdü. Dağıstanlı bir başabəla alim həmin qəzetdə dərc etdirdiyi məqaləsində əcaib bir təklif irəli sürmüşdü: Dağıstandakı etnik qrupların dillərini ləğv edib, məktəbləri, nəşr məmulatlarını vahid rus dili ilə əvəz etmək lazımdır.
Rus yazıçısı həmin qəzetdə müəllifə tutarlı bir cavab yazmışdı: İndiyə qədər sənin alimliyinə şübhə edirdim. İndi sənin adamlığına da şübhəm var. Gözəl deyilib.
Məqaləni oxuyandan sonra sənin jurnalistliyinə də, ziyalılığına da şübhə etdim.
Bir məsləhətim də var. Gələn dəfə rayonumuza gələndə adını Məhəmməd Türkmən deyil, sadəcə “Kəmsavad” yazarsan. Bəlkə adın da, təxəllüsün də özün kimi yalandı. Belə olarsa, heç təəccüblənmərəm.
B.Babayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz