Bahar nə xoş gəlir, ruha dad verir…

İlin axırıncı çərşənbəsi olan torpaq çərşənbəsinə bir neçə gün qalmış şəhərin küçələri dövlət bayraqları və lentlərlə bəzədilmişdi. Səhər yenicə açılmışdı, şəhərin küçələrində bir qələbəlik vardı. Şəhərin mərkəzində – Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan bayram libasında idi. Müxtəlif yerlərdə “Novruz bayramınız mübarək” sözləri yazılmış lövhələrə rast gəlmək olardı. Təbiət də sanki bu tədbirə yardımçı olmaq istəyirdi. Bir gün əvvəl əsən güclü külək sakitləşmiş, yerini Günəşli havaya təhvil vermişdir. Sanki yel çərşənbəsi yerini torpaq çərşənbəsi ilə dəyişik salmışdı. Yaxşı ki, hər şey qaydası ilə getdi.
Bahar nə xoş gəlir, ruha dad verir...Bahar nə xoş gəlir, ruha dad verir…

(Reportaj)
Novruz bizim sevimli bayramımızdır. Azərbaycan xalqı bu bayramı qeyd etmiş, bu bayramı öz qəlbində yaşatmışdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Bahar nə xoş gəlir, ruha dad verir...
İlin axırıncı çərşənbəsi olan torpaq çərşənbəsinə bir neçə gün qalmış şəhərin küçələri dövlət bayraqları və lentlərlə bəzədilmişdi. Səhər yenicə açılmışdı, şəhərin küçələrində bir qələbəlik vardı. Şəhərin mərkəzində – Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan bayram libasında idi. Müxtəlif yerlərdə “Novruz bayramınız mübarək” sözləri yazılmış lövhələrə rast gəlmək olardı. Təbiət də sanki bu tədbirə yardımçı olmaq istəyirdi. Bir gün əvvəl əsən güclü külək sakitləşmiş, yerini Günəşli havaya təhvil vermişdir. Sanki yel çərşənbəsi yerini torpaq çərşənbəsi ilə dəyişik salmışdı. Yaxşı ki, hər şey qaydası ilə getdi.
Bahar nə xoş gəlir, ruha dad verir...
Əsl bayram ab-havası idi. Şair Ş.Dağlaroğlu:
Gəl, baharım, yurd-yuvama,
Bol bərəkət, sevinc gətir.
Ana yurda, o şən qıza.
Tükənməyən məhəbbətim
Yenə sənin əlindədir.
-deyir
Bahar nə xoş gəlir, ruha dad verir...
Səhər saat 10 tamamda mərkəz məktəblilərin, şəhər və kəndlərdən gəlmiş tamaşaçılarla doldu. Mərkəzi küçənin hər iki tərəfində rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin, ayrı-ayrı iş adamlarının istehsal etdikləri məhsullardan ibarət sərgilər təşkil edilmişdi. Bu sərgilərdə ərzaq məhsullarından tutmuş, sənaye məhsullarına qədər müxtəlif növ əmtəələr nümayiş etdirilirdi.
Bahar nə xoş gəlir, ruha dad verir...
Sərgini seyr etməyə başlayırıq. RİH-nin başçısı Mirdaməd Sadıqov, onun müavinləri Rövşən Ağyev, Həsən Həsənov, Sevil Əhmədova, Mahmud Süleymanov, rayonun hüquq və inzibati orqanlarının rəhbərləri sərginin işi ilə tanışlığa başlayırlar. Rayon ictimaiyyətinin nümayəndələri və digərləri aram-aram sərgi ilə tanış olurlar.
İlk tanışlığımızı N.Nikitin adına kolxozdan başlayiriq. “Kazakov və oğulları” fərdi arıçılıq təsərrüfatı adladır. Onların istehsal etdikləri məhsul yüksək keyfiyyəti ilə seçilir. Kolxozun istehsal etdiyi pendir, günəbaxan yağı, müxtəlif növ çörəklər, dənli bitkilər və sair məhsullar nümayiş olunurdu. İvanovka kəndində yeni istifadəyə verilmiş çörək zavodunun məhsulları da burada sərgiyə qoyulub.
Bahar nə xoş gəlir, ruha dad verir...
Son illər rayonda bir sıra yeyinti sənaye istehsal sahələrinin məhsilları alıcılar tərəfindən rəğbətlə qarşılanır. Buna misal olaraq İsmayıllı Quşçuluq fabrikinin məhsullarını misal gətirmək olar. İsmayıllı şərab-2 müəssisəsinin məhsulları da yüksək keyfiyyəti ilə fərqlənir. “Sandal” ayaqqabı sexinin məhsulları da alıcılar tərəfindən yaxşı qarşılanır. Rayonumuz üçün yeni olan tikiş fabriki də öz məhsullarını nümayişə çıxarmışdı. Müxtəlif ölçülü məktəbli formaları göz oxşayan idi. Məktəblilər bu formalara maraqla tamaşa edirdilər.
Rayondakı Peşə Təhsil Mərkəzində təhsil alan uşaqlar buradakı qonaqlara çay süfrəsi ilə xidmət göstərirdi. Elə buradaca Basqal, Lahıc halvaçılarının bişirdikləri səməni halvaları nümayiş etdirirdilər. Onlar qonaqlara həmin halvaların dadına baxmağı da təklif edirdilər. Halvadan dadanlar məhsula yüksək qiymət verirdilər. Əslinə qalanda hər iki kənddə bişirilən halva İsmayıllıda çox məşhurdur.
Bahar nə xoş gəlir, ruha dad verir...
Sərginin seyrini davam etdiririk. Bu sırada rayonun məktəblilərinin əl işləri nümayiş etdirilir. Uşaqların rəsm əsərləri tamaşaçıların marağına səbəb olur. Hər məktəb baharın rəmzi olan səməni və xonçalarla birlikdə xeyli rəsm və əl işləri gətirmişlər. Məktəblilərin buğdadan göyərtdikləri Azərbaycanın xəritəsi, müxtəlif heyvan füqurları və sairlər maraqlı idi. Uşaq Yaradıcılıq Mərkəzinin, Heydər Əliyev mərkəzinin dərnək üzvlərinin əl işləri tamaşaçılarda maraq oyatmışdır. Ümumilikdə, rayonun 45 məktəbdən həmin tədbirdə əl işlərini nümayiş etdirmişdir. Məktəblilərin rəsm işlərinin mövzusu da müxtəlifdir. Bahar motivləri ilə yanaşı portretlərə, nağıl və ədəbiyyat qəhrəmanlarına da geniş yer verilmişdir. Bundan əlavə, rəssam-müəllim Tərlan Mehdiyevin, gənc rəssam Pakizə Xəlilovanın da əl işləri tamaşaçıların marağına səbəb olmuşdur.
Bahar nə xoş gəlir, ruha dad verir...
Sərginin qurtaracağında – Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda musiqiçilər, idmançılar, bədii özfəaliyyət kollektivlərinin çıxışları üçün yerlər müəyyənləşdirilmişdi. Adamlar əvvəlcədən hazırlanmış yerlərini tuturlar. Onu da qeyd edək ki, torpaq çərşənbəsinin şənliklərində xeyli qonaq da vardı. Milli Məclisin deputatları Novruzəli Aslanov və Ərəstun Cavadov, şairlərdən Musa Yaqub və Maarif Soltan, yazıçı Baba Vəziroğlu və başqaları qonaq qismində şənlikdə iştirak edirdilər.
Pünhan İsmayıllı mikrofona yaxınlaşır və RİH başçısı M.Sadıqov adından tədbir iştirakçılarını salamlayır və təbrik edir.
Bahar nə xoş gəlir, ruha dad verir...
Meydana qızlardan və oğlanlardan ibarət rəqs qrupu daxil olur. Qızlar əllərində xonçalar tutmuşlar. Rəqs başa çatır və əlində Qopuz tutmuş Dədə Qorqud mikrofona yaxınlaşır və məclisdəkiləri salamlayır, onları bahar bayramı münasibətilə təbrik edir.Beyrək də bu təbriklərə qoşulur.
O yamacın qarına bax,
Suya dönüb, axıb gedir.
Qış bahara, qar çiçəyə
Yol göstərir, çıxıb gedir.
Qış ömrünü başa vurur, yazın ilıq nəfəsi duyulur, bir azdan baharın müjdəçiləri olan qaranquşlar köçüb gələcək. Müğənninin ifa etdiyi “Yaz gəldi” mahnısı səslənir. Mahnının sədaları altında məktəblilərdən ibarət rəqs qrupları meydana daxil olur.
Bahar nə xoş gəlir, ruha dad verir...
Meydanın bir tərəfində gənc pəhləvanlar ştanq qaldırır, təcrübəli pəhləvan Hacı Hikmət Əhmədovun rəhbərliyi altında oğulları pudluq daşlarla hərəkətləri yerinə yetirir, maşını qaldıraraq onun hərəkətinə mane olur. Hikmət isə mismar və başqa dəmir parçalarını əli ilə əyir və mişar daşını qarnı üstə sındırır. Bu hərəkətlər tamaşaçıların marağına səbəb olur.
Sərkərdə Cavanşirin gəlişi elan olunur. Bu xəbər alqışlarla qarşılanır. Cavanşir at belində meydana daxil olur, arxasıyca da əli nizəli bir bölük əsgər. Mikrofona yaxınlaşaraq tədbir iştirakçılarını salamlayır. Sonra meydana tonqalı yandırmaq üçün gətirilən məşəllə tonqalı yandırır. Sonra həmin məşəli rəmzi olaraq icra başçısı M.Sadıqova təqdim edir. Tonqal alovlanır, şənlik davam edir.
Bahar nə xoş gəlir, ruha dad verir...
İsmayıllı RİH başçısı M.Sadıqov qısa çıxışı ilə meydana toplaşanları öz adından və qonaqları adından təbrik etdi. O, qeyd etdi ki, İsmayıllı inkişaf edir, yeniləşir. İsmayıllıya bayram yaraşır,gələcəyimiz daha yaxşı, süfrələrimiz bərəkətli olacaq. Prezident İlham Əliyevin İsmayıllıya olan qayğısını həmişə hiss edirik. Biz cənab Prezidentin yolu ilə gedəcəyik. Bahar bayramınız mübarək, əziz ismayıllılar!
Şən nəğmələr, xoş arzular,
Qarışıbdır bir-birinə.
Barışıbdır küsülülər
Gələn yazın xətrinə.
Yenə musiqiyə yer verilir. Rövşən Teyyubov şux bir mahnı ilə həmyerlilərini salamlayır. Onu da qeyd edək ki, tədbirdə ifa edilən əksər mahnılar yaza həsr edilmişdi. Şair yaxşı yazır:
Bahar gəlir, nübar gəlir,
Budaqlara, süfrələrə .
Təzə paltar tikdiribdir
Gül-çiçəkdən çəmən, dərə.
Bahar nə xoş gəlir, ruha dad verir...
İdmanla məşğul olan gənclər öz məharətlərini nümayiş etdirirlər. Karateçilər müxtəlif hərəkətləri yerinə yetirməklə tamaşaçıları əyləndirirdilər.
Yenə söz musiqiyə yer verilir. İsmayıllıda sevilən Sahibə Abdullayeva səhnəyə çıxır. Onun bu ifası alqışlarla qarşılanır.
İsmayıllı Uşaq İncəsənət Məktəbinin kiçik rəqs qrupunun çıxışı tamaşaçıların marağına səbəb olub. Qalib Güləliyevin ifasında bir mahnı səslənir.
Bahar nə xoş gəlir, ruha dad verir...
Tonqalın ətrafı qələbəlikdir. Hamı tonqalın ətrafında “Yallı” gedir. Milli paltar geymiş qızlarla birlikdə idmançılar da meydanda onlara qoşulurlar.
Hansı Bahar tədbiri olar ki, orada Keçəllə Kosa olmasın. O məclisin heç bir dadı-tamı olmaz. Onların duzlu, məzəli söhbətləri tamaşaçıların gülüşünə səbəb oldu. Hər ikisi özlərini meyxanada da sınadılar. İnsafən, demək lazımdır ki, onların yaza həsr etdikləri meyxana heç də pis alınmadı.
Meydana tanınmış Aşıq Yanvar və onun istedadlı şagirdi Aşıq Elman rayonda keçirilən əksər tədbirlərdə iştirak edirlər. Onların ifasında aşıq mahnıları səsləndi.
Müğənnilər İsmayıl Abbasov, Elxan Osmanov, Lahıcdan olan müğənni İsaq Mövlamov öz mahnıları ilə tamaşaçıları feyziyab etdilər.
Bahar nə xoş gəlir, ruha dad verir...
İvanovka kənd mədəniyyət mərkəzinin “Slavyanoçka” folklor qrupunun üzvlərinin ifasında səslənən rus xalq mahnıları alqışlarla qarşılandı.
Bəli, Baharın sonuncu – Torpaq çərşənbəsini də yola saldıq. Qarşıda bizi allı-güllü Bahar gözləyir. O gün olsun ki, bu tonqalları azad edilmiş Qarabağda yandıraq, elləri şənliklərə çağıraq.
Şahməmməd Dağlaroğlu
Bəybala Babayev

Şərh Yaz