Yaddas kitabcasi

Balaca rəssamlar

Təsviri incəsənət olmasaydı insanın həyatında nə baş verərdi? Bu sual hər insanı, hər bir şagirdi onu həyatı boyu əhatə edən incəsənət aləminin nə qədər zəruri olduğunu düşündürür. Təsviri incəsənət insanın həyatında estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirir, hadisələri bədii təsvir vasitələri ilə ifadə edir, bacarıqların mənimsənilməsində mühüm yer tutur. Ətraf aləmdəki zənginlikləri və rəngarəngliyi bədii təsvirlər (görüntü və obrazlar) vasitəsi ilə əyani şəkildə açmaq hər bir kəsdə gerçəkliyi daha dərindən dərk etməyə sövq edir.Balaca rəssamlar

Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı seyrçi olmaq lazımdır. İnsan gözəlliyi sevir və bu gözəlliyi öz əlləri ilə yaradır. Bu sətirlərin müəllifi, IV sinfin müəllimi Surə Cəbrayılovanın rəhbərliyi ilə gözəlliyi duyan Talıstan kənd tam orta məktəbinin IV sinif şagirdləri əl işlərindən həmin məktəbin foyesində sərgi təşkil etmişlər.
Bu sərgi tamaşaçılarını rənglər dünyasının gözəlliklərini hiss etməyə, Vətəni, eli, obanı sevməyə səsləyir. ”Balaca rəssamlar”ın açdığı sərgi sanki məktəbimizin işıqlı foyesini canlı guşəyə çevirdi. Aysel Məmmədova, Ayşən Həmidli, Aydan Novruzova, Əfsun Mehdiyev, Süleyman Allahverdili və Eşqin Ağamirzəyevin sulu boya ilə çəkdikləri rəsmlər daha maraqlı oldu. Açıq səmada uçan “Göyərçinlər“, ”Ana və bala“, “Təbiət mənzərələri”, “Tıq-tıq xanım“ nağılının qəhrəmanlarının rəsmi, gül və çiçəklərin gözəllikləri, dağlarımız, dərələrimiz, yaşıl çəmənliklərimizdə uçuşan xallı kəpənəklər, ”Kənd mənzərəsi” və s. rəsmlər gözəlliyi ilə diqqət çəkdi. Balaca rəssamların rəsmləri şagird və müəllim kollektivinə sevinc, fərəh bəxş etdi.
Sulu boyadan məharətlə istifadə edən şagirdlərimizin ünvanına deyilən xoş sözlər onların uşaq dünyasını daha da zənginləşdirdi. Onları yeni rəsmlər üzərində işləməyə səslədi.
Balaca rəssamlarımızın əl işləri Arzu Cəbrayılovanın rəhbəri olduğu V sinif şagirdlərinin çəkdiyi rəsmlərlə yanaşı qoyuldu. Rəsmlərdən əlavə dibçəkdəki gül-çiçəklər, stendlər foyeyə xüsusi yaraşıq verdi. Məktəbin direktoru Aydın Əzizov fərqlənən şagirdlərə təşəkkür etdi, əlləriniz var olsun, sizdən daha yüksək uğurlar gözləyirik dedi.
Surə Cəbrayılova,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz