Ulu Basqalın elm korifeyləri və məşhur ictlmai xadimləri
Sağlıqda xalqın sevimlisi, öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.
M.F.Axundov 13-cü yazı
Ulu Basqalın elm korifeyləri və məşhur ictlmai xadimləri
Sağlıqda xalqın sevimlisi, öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.
M.F.Axundov
Siyavuş Şirinzadənin neft epopeyası
Siyavuş Əlisəftər oğlu Şirinzadə 1937-ci ilin mart ayında Bakıda müəllim ailəsində anadan olmuşdur.
Siyavuş o vaxtlar Bakının qabaqcıl məktəblərindən sayılan 7 nömrəli orta məktəbdə təhsil alıb. Əla qiymətlərlə oxumaqla yanaşı dəqiq elmlərə xüsusi marağı ilə seçilir, fizika və riyaziyyatdan fənn olimpiadalarında fərqlənirdi. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Sənaye İnstitutunda (İndiki ADNA) təhsil alan Səyavuş neft-qaz quyularının qazılması üzrə neft mühəndisi ixtisasına yiyələndi. 1959-cu ildə Duvannı Qazma İdarəsində qazmaçı köməkçisi, sonra isə mühəndis kimi işə başlamışdır. Erudisiyası və elmə marağı onu, “Azneftemaş” Elmi Tədqiqat İnstitutuna gətirib çıxardı. Burada mühəndis kimi çalışan gənc 1962-1966-cı illərdə quyuların qazılması üzrə ETİ-də mühəndis, böyük mühəndis vəzifələrində fəaliyyət göstərdi. Həmin illərdə o, qazma göstəricilərinin yaxşılaşdırılmasında yeni üsullarla bağlı apardığı elmi-tədqiqat işini başa çatdıraraq 1966-cı ildə görkəmli alimimiz M.Seyidrzanın rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etdi.
1966-cı ildə S.Şirinzadənin həyatında yəni, daha yüksək və məsul mərhələ başlanır. O vaxtlar yenicə yaranmış SSRİ Neft Sənayesi Nazirliyini perspektivli və təcrübəli kadrlar hesabına möhkəmləndirmək məqsədilə təcrübə mərkəzi olan Azərbaycandan istedadlı mütəxəssisləri seçmə üsulu ilə işə dəvət etdilər. Biliyi və bacarığı sayəsində müsabiqədə qələbə qazanan 29 yaşlı S.Şirinzadə bu mühüm İttifaq nazirliyində düz 20 il texniki idarədə böyük mühəndis, baş texnoloq, baş idarənin şöbə rəisi kimi səmərəli fəaliyyət göstərmişdir.
Böyük və məsul vəzifədə çalışmasına baxmayaraq o, elmi-tədqiqat işlərindən ayrılmır, elmi axtarışlarını davam etdirir. 1970-ci ildə Moskvada Ümumittifaq Neft ETİ-də Sovet İttifaqında ilk dəfə olaraq akademik Azad Mirzəcanzadə üçün böyük laboratoriya açıldı. Elmimizin inkişafında mühüm hadisə olan bu laboratoriyanın açılması neft istehsalının tərəqqisində böyük rol oynaması ilə yanaşı, elmi-tədqiqat işlərinin genişlənməsinə təkan verdi. Bu böyük tədqiqat laboratoriyasına dəvət olunan Yasir Rəsizadə, Yusif Məmmədov, Oleq Kaçalov, Otto Çubanov və başqaları burada böyük elmi təcrübə keçmiş və hal-hazırda da məsul vəzifələrdə çalışırlar.
Siyavuş müəllim də burada Azad Mirzəcanzadədən elmi və praktik məsələlər üzrə məsləhətlər alaraq doktorluq dissertasiyası mövzusunda tədqiqatlara başladı. Mühüm dövlət postunda işlərin çox olmasına baxmayaraq, Siyavuş Şirinzadə dünya şöhrətli akademikimiz Azad Mirzəcanzadənin rəhbərliyi ilə tədqiqatlarını ardıcıl davam etdirdi və 1982-ci ildə qazmada mürəkkəbləşmələr, onların proqnozlaşdırılması, onlarla mübarizə məsələlərinə həsr olunmuş dissertasiyasını uğurla müdafiə etdi.
SSRİ Neft Sənayesi Nazirliyində yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı sahələrə cavabdeh olan Siyavuş müəllim Sovet neftinin bayraqdarı olan Azərbaycan neftini, onun problemlərini həmişə diqqət mərkəzində saxlamış, sənayemizin ehtiyaclarının ödənilməsi üçün mövcud imkanlardan istifadə etmişdir. Azərbaycan neft sənayesinin rəhbərləri ilə sıx əlaqədə olmuş, bu regionun inkişafı və tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir.
1986-1993-cü illərdə “Qazma texnikası” Elm İstehsalat Birliyində baş direktorun elmi işlər üzrə müavini, eyni zamanda o vaxtlar SSRİ-də qazma sahəsində ən aparıcı institut sayılan Ümumittifaq Qazma Texnikası ETİ-nin direktor müavini işləmişdir. Elmi işlərin, elmi iş planlarının müzakirəsinə cavabdeh olan Siyavuş müəllim özünə və ətrafdakılara qarşı tələbkarlığı ilə fərqlənirdi. Bütün elmi işlərə, metodikalara, tətbiqi işlərə həmin institutda rəy verilirdi. S.Şirinzadə azərbaycanlı gənclərin elmi işlərə cəlb olunmasına, üzvü olduğu elmi şurada doktorluq və namizədlik dissertasiyalarının uğurla müdafiə edilməsinə yaxından kömək göstərmişdir. Qazandığı nüfuz və peşəkarlığı sayəsində institutun fəaliyyətinin digər elmi idarələrlə, laboratoriyalarla, istehsalat idarələri və strukturları ilə əməkdaşlıq müstəvisində qurulmasında səmərəli rol oynamışdır.
Elmə istehsalatdan gəlmiş Siyavuş Şirinzadə Bakıdan başlanan tədqiqatları həm nazirlikdə, həmçinin ETİ-də istədiyi vaxtlarda ardıcıl davam etdirmişdir. Qazma elmində yeni istiqamətin əsasını qoyanlardan biri və birincisi olan Azad Mirzəcanzadənin rəhbərliyi ilə Siyavuş müəllim qazmada mürəkkəbləşmələr, onların proqnozlaşdırılması, onlarla mübarizə məsələlərinin həllində elmi nailiyyətlər əldə etdi. Texniki və tətbiqi elmləri mükəmməl mənimsəyən alim informasiya çatışmazlığı şəraitində qazmanın texnoloji proseslərin proqnozlaşdırılmasında və qiymətləndirilməsində evolyusiyalı(təkamüllü) .modernləşdirmə istiqamətlərinin tətbiqi, energetik prinsiplər əsasında qazmanın idarə olunması problemlərinin tədqiqinə nəinki Azərbaycanda, eləcə də Tümendə, Ufada, Qroznıda, bir çox xarici dövlətlərdə qazmanın sürətləndirilməsinə və keyfiyyətin yaxşılaşdırılmasına xeyli müsbət təsir göstərmişdir.
Moskvada məsul vəzifələrdə, habelə Vyetnamda işlədiyi müddətdə S.Şirinzadə dünya elmində misilsiz xidmətləri olan korifeyimiz Azad Mirzəcanzadənin rəhbərliyi ilə elmi tədqiqatları ardıcıl və müntəzəm davam etdirmişdir.
S.Şirinzadə Avropa, Asiya, Afrika, Latın Amerikası ölkələrində keçirilən beynəlxalq konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir. Keçirilən bir çox elmi-praktik konfransların rəhbəri və təşkilat komitəsinin üzvü kimi yeniliklərin neft sənayesində istehsalata tez yol açması sahəsində səylərini əsirgəməyən Siyavuş Şirinzadə Azərbaycanın neft sənayesinin problemləri ilə daim yaxından maraqlanmış, qazma sahəsində bütün alim və mütəxəssislərə yaxın münasibətlərindən və nüfuzundan istifadə edərək Azərbaycanda bir sıra aktual problemlərə həsr olunmuş konfransların keçirilməsinə nail olmuşdur. Azərbaycan alimləri, neftçiləri ilə çox yaxın şəxsi münasibəti olan Siyavuş müəllimin evi də çox vaxt müzakirə ocağına çevrilirdi. Elə neftçi alim və mütəxəssis tapılmaz ki, Moskvaya getsin, Siyavuş müəllimi görməmiş geri qayıtsın. Hamının xırda – böyük problemlərinin, çətinliklərinin həllinə ürəkdən yanaşan S.Şirinzadə daim öz Vətəni ilə nəfəs alır, onun gələcəyini düşünürdü.
Azərbaycan alimlərinin dünyanın müxtəlif regionlarında neft yataqlarının işlənməsində fəal iştirak etməsindən həmişə qürurla danışırıq. S.Şirinzadə də alim-mütəxəssis kimi xaricilərin diqətini cəlb etdi və mütəxəssislər yetişdirmək üçün 1993-cü ildə Vyetnama dəvət olundu.
“Vyetrospetrol” müştərək müssisəsinin baş elmi əməkdaşı kimi Vyetnamın perspektvli “Ağ Pələng” və “Əjdaha” yataqlarının işlənməsində bu ölkəyə yaxından kömək edir. Uzaq Hind-Çin ölkəsində çalışdığı müddətdə perspektivli “Çom-çom”, “Day-banq”, “Day-xunk” kimi yataqların layihə işlərinin görülməsində əsas sima olmuşdur. Alimimizin rəhbərliyi altında Vyetnamda quyuların qazılması kompleks şəkildə tədqiq olunmuş, sistemli yanaşma, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, “Katastroflar” nəzəriyyəsi, müxtəlif riyazi tətbiqi üsullardan istifadə olunması sayəsində “Ağ Pələng” və “Əjdaha” yataqlarında böyük iqtisadi səmərə verən işlər görülmüşdür.
Siyavuş Şirinzadə Vyetnamda neftçi alimlərin hazırlanması ilə də məşğul olmuşdur. İşlədiyi 12 il ərzində 3 elmlər doktoru, 7 elmlər namizədi yetişdirmişdir. Vyetnamın neft yataqlarının işlənməsində səmərəli fəaliyyətinə, neft kadrlarının hazırlanmasında əməyinə görə Siyavuş Əlsəftər oğlu Şirinzadə Vyetnamn ali mükafatı olan “Xalqlar Dostluğu” ordeni ilə təltif olunmuşdur. Neft elminin və sənayesinin inkişafındakı xidmətlərinə görə Siyavuş müəllim Rusiya Federasiyasının prezidenti V.Putinin fərmanı ilə “Əməkdar neft sənayesi işçisi” fəxri adına layiq görülmüşdür.
Siyavuş müəllim neftçi peşəsini ailədə də sevdirə bilmişdir. Ondan nümunə götürən 2 qardaşı neft sahəsində tanınmış alim, oğlu Araz isə Qubkin adına institutu bitirib elmi tədqiqatla məşğul olur. Uzun illər SSRİ-də rəhbər vəzifəsində olmuş N.K.Baybokov, S.A.Orucov, N.A.Maltsev, V.A.Dankov, Q.A.Abbasov, B.Ə.Hacıyev, V.A.Dinkov kimi onlarla görkəmli şəxsiyyətlə ünsiyyət, birgə yaşanmış illər Siyavuş ömrünün akkordlarıdır.
Haşiyə: Uzun müddət Moskva və Vyetnamda yaşayıb işləməsi ilə əlaqədar olaraq Siyavuş müəllimlə görüşmək imkanımız olmamışdı. Materialı hazırlayarkən “Vişka” qəzetinin 20 mart 2002-ci il tarixli nömrəsində Siyavuş Şirinzadənin 65 illiyi ilə əlaqədar alim yoldaşları Zaur Əhmədovun, Rafiq Qulyevin və Telman Salavatovun çap olunmuş “Böyük məktəbin layiqli davamçısı” yazısına, həmçinin qardaşı, texnika elmləri doktoru, professor Alçın Şirinzadənin söhbətinə istinad olunmuşdur.
Lakin bir işin olacağı labüddürsə, o, mütləq baş verəcəkdir. 2009-cu ilin avqust ayında gözlənilmədən Siyavuş müəllimin qardaşı Alçın ilə birlikdə Basqala, bizim evimizə qonaq gəldi. Planlaşdırdığı az vaxtdan səmərəli istifadə etmək qərarında idi. Yaxın qohumları – bibisi oğlu Malik Bağırovla, onun övladları ilə, Paşa müəllimlə görüşdü. Hamıdan hal-əhval tutdu. Birlikdə Əmrəki meşəsində olduq, gördüyü gözəl mənzərə Siyavuş müəllimi sözün əsl mənasında əsir etmişdi: Ayrılmaq istəmirdi: “Hayıf ki, – dedi, – Sabah Moskvaya uçacağam”. Yazdığım məqaləni ona göstərdim, çox bəyəndi, təşəkkür etdi. Vidalaşarkən dediyi sözlər olduğu kimi yadımdadır: “Biz gərgin işləməklə başqalarının həyatını bəzəmək istəyirik, ancaq özümüz hiss olunmadan gül kimi soluruq. Söz verirəm bundan sonra hər ay Basqalda dincələcəyəm”.
Əfsuslar olsun ki, ömür öz pozulmaz qərarını verdi. İstedadlı alim, bacarıqlı neft sənayesi təşkilatçısı, yüzdən çox elmi məqalənin, 12 kitabın müəllifi, genişqəlbli insan, Vətəninə sadiq övlad Siyavuş Şirinzadə yaradıcılığını və elmi tədqiqatlarını əsl gənclik ehtirası ilə davam etdirdiyi bir vaxtda – 16 may 2010-cu ildə Moskvada qəflətən dünyasını dəyişdi. Bu, Azərbaycan elmi, xalqı, eləcə də dünya neft elmi üçün ağır itki idi. Azərbaycanın böyük oğlu Siyavuş Şirinzadənin cənazəsi Neft və Qaz Universiteti, Moskva Dövlət Dağ-Mədən Universiteti, N.E.Bauman adına Moskva Texniki Universitetinin və bir çox başqa idarə və müəssisələrin nümayəndələrinin müşayiəti ilə Bakıya yola salınmışdı. Siyavuş müəllim ata-anasının uyuduğu Xırdalan qəbiristanlığında dəfn olundu.
Miryavər Hüseynov