Yaddas kitabcasi

Görüləsi işlər çoxdur

Görüləsi işlər çoxdur
Bu günlərdə rayon Gənclər Mərkəzində İsmayılı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhərin idarə, müəssisə, təşkilat, məktəb və şəhər əhalisinin nümayəndələri iştirak ediblər. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov hesabat yığıncağında iştirak edib. Yığıncaqda İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəsi Məhərrəm Əhmədovun məruzəsi dinlənilib. Görüləsi işlər çoxdur
Bu günlərdə rayon Gənclər Mərkəzində İsmayılı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhərin idarə, müəssisə, təşkilat, məktəb və şəhər əhalisinin nümayəndələri iştirak ediblər. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov hesabat yığıncağında iştirak edib. Yığıncaqda İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəsi Məhərrəm Əhmədovun məruzəsi dinlənilib.
Görüləsi işlər çoxdur
Məruzəçi il ərzində şəhərdə görülmüş tikinti-abadlıq işləri barədə geniş məlumat verib. O, həmçinin şəhərdə həyata keçiriləcək yeni layihələr barədə danışıb.
Məruzə zamanı yola salınmış ildə həyata keçirilmiş tikinti işlərinin keçmiş və indiki görüntüləri slaydlar vasitəsilə ekranda nümayiş etdirilib. Natiq bu işlərin davam etdiriləcəyini vurğulayıb.
Hazırda şəhərin Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva adına parkda, digər küçə və meydanlarında təmir işləri davam etdirilməkdədir. Şəhərdə bir çox binaların dam örtükləri dəyişdirilmiş, M.Orucov küçəsinin görünüşü tamamilə dəyişdirilib. Bir neçə küçə asfaltlaşdırılmış, digərlərində də abadlaşdırma işləri yeni ildə davam etdiriləcəkdir. Şəhər əhalisinə nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə marşruta yeni və çoxtutumlu avtobuslar buraxılıb. Şəhər əhalisinin içməli su təmnnatı üçün də çox iş görülüb. Yeni və çoxtutumlu su anbarlarının tikilməsi şəhərdə bu sahədə olan problemləri birdəfəlik həll edəcək. Kanalizasiya xətlərinin yeni ildə başa çatdırılması və istifadəyə verilməsi də 2014-cü ildə nəzərdə tutulub.
M.Əhmədov məruzəsində qarşıda duran bəzi məsələlərə də geniş yer ayırıb. 2014-ci ildə Z.Əliyeva adına istirahət parkında başlanmış yenidənqurma və Heydər Əliyev adına prospektdə abadlıq işləri davam etdiriləcəkdir. Əbülhəsən küçəsində görüləcək işlər daha möhtəşəm olacaq. Nəqliyyatın intensiv işlədiyi bu küçədə səkilər düzəldiləcək, yol müasir tələblərə cavab verən görkəmə gətiriləcəkdir. Axı bu küçə bir növ şəhərin vizit kartoçkası rolunu oynayır. Nümayiş etdirilən slaydlarda küçənin eskizləri çox gözəl görünürdü. Yəqin ki, yeni ildə biz bu küçənin gözəlliklərini eskizdə deyil, real həyatda görəcəyik.
Məruzədə hesabat dövründə işdə yol verilmiş nöqsanlara, çatışmazlıqlara da geniş yer verilmişdi. Ən ağrılı yerimiz şəhərin sanitariya vəziyyətidir. Şəhər sakinlərinin bəziləri məişət tullantılarını hara gəldi atır, küçələrdən axan su arxlarına zibil tökürlər. Bir sıra mağaza sahibləri ərzaq məhsullarını, şirələri, mineral suları mağazanın önündə, Günəş şüaları altında saxlayırlar, bu da həmin məhsulların keyfiyyətinə mənfi təsir göstərir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov çıxışında bu mövzuya geniş toxundu. Həkim xüsusilə vurğuladı ki, keçən il rayonumuzda yoluxucu xəstəliklər, qida zəhərlənmələri qeydə alınmayıb. Bu, çox yaxşıdır. Ancaq arxayınçılığa yol vermək olmaz. Belə vəziyyətdə xəstəliyə yoluxma hər an baş verə bilər və heç kəs bundan sığortalanmayıb. Həkim qeyd etdi ki, bu obyektlərə vaxtaşırı reydlər keçirilir, aktlar yazılır, qaydalar, pozanlar cərimələnir və sair. Təssüf ki, vəziyyət dəyişmir və hər şey olduğu kimi qalır. Şəhərin sanitariya vəziyyəti də istənilən səviyyədə deyil. Əhali arasında bu mövzuda maarifləndirmə işləri aparılmalıdır. Təbliğat işləri şəhərin hər bir sakininin vəzifəsi olmalıdır.
Görüləsi işlər çoxdur
Məruzə ətrafında çıxış edənlərin əksəriyyəti görülmüş işlərlə yanaşı, nöqsanlardan da geniş danışdılar.
Kommunal Müəssisələri Kombinatının direktoru Vidadi Məmmədov:
– Əhali arasında sanitariya işinin maarifləndirilməsi məsələlərində nöqsanlar var. Təmizliyə hamılıqla riayət edilməli, hərə öz evinin, küçəsinin səliqəli olmasına çalışmalıdır. Şəhərdə yaşıllıqların sahəsi artır, yaz və yay aylarında onların suvarılması çətinləşir. Problemin həlli üçün yeni sudaşıyan avtomaşına, eləcə də vəsaitə ehtiyacımız var.
Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarverdiyev:
– Şəhərin simasının təzələnməsi istiqamətində xeyli iş görmüşük. Binaların dam örtükləri dəyişdirilir, keçən il üç çoxmənzilli yaşayış evində isitmə sistemi quraşdırmışıq. Bir çox binaların giriş qapıları səliqəyə salınıb. Yaşayış binalarına yaxın quru ağacların kəsilməsi ilə gələcək təhlükədən qaçmış olarıq.
Şəhər 1 nömrəli uşaq bağçasının tərbiyəçisi Nahidə Zahidova:
– Bağçamız rayonda öz yaxşı işi ilə tanınır, təcrübəsi yayılmışdır. Uşaqlarla keçirdiyimiz tədbirlər dəvət etdiyimiz qonaqların da, valideynlərin də xoşuna gəlir. Buna baxmayaraq, bir sıra problemlərimiz də var. Bağça binasının əsaslı təmirə ehtiyacı var. Ən narahatedicisi budur ki, bağçanın isitmə sistemi qənaətbəxş deyil. Uşaqların yataq, məşğələ və oyun otaqlarında lazımi istilik yoxdur. İdman meydançasının olmaması uşaqların fiziki tərbiyəsini təşkil etməyə problemlər yaradır. Uşaqların oyuncaqları da yoxdur. Bütün bunlar işimizi xeyli çətinləşdirir.
Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Abdullətif Maqsudov:
– Mərkəzi xəstəxana binasının əsaslı təmiri davam etdirilir. Təmirdən sonra burada müasir avadanlıqlar quraşdırılacaq, yeni şöbələr açılacaq, çarpayı sayı artırılacaqdır. Hazırda dərman təchizatı yaxşıdır. Uşaq ölümü respublika səviyyəsindən xeyli aşağıdır. Ancaq buna baxmayaraq, həkimlər çatışmır, yeni avadanlıqları işlədə biləcək mütəxəssislər yoxdur.
Digər çıxış edənlər – İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov, şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov, şəhər sakinləri Zinhar Mahmudov, Yaşar Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev rəy və təkliflərini bildiriblər.
Hesabat yığıncağında RİH başçısı Mirdaməd Sadıqov çıxış etdi. Başçı il ərzində ölkədə görülmüş işlərdən, iqtisadi uğurlardan, Prezidentin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasətdən söz açdı. Rayonumuzda görülmüş və görüləcək işlərdən danışan başçı vurğuladı ki, şəhərimizin daha da abadlaşdırılması sahəsində çox iş görməliyik. İsmayıllı yeni şəhər olmalıdır. Bunun üçün əl-ələ verib işləməliyik. İşsizliyi ləğv etmək qarşımızda duran mühüm vəzifələrdəndir. İqtisadi inkişafa nail olmaq üçün rayondakı imkanları işə salmaq, sahibkarlığı daha da inkişaf etdirmək lazımdır.
Rayonumuzda həyətyanı torpaq sahələrindən istifadə lazımi səviyyədə deyil. Şəhər sakinləri adi göyərti almaq üçün bazara qaçmalı olurlar. Bu, sadəcə, tənbəllikdir. Çox təəssüf ki, adamlarımızın bir qismi sosial yardım almağa meyillidirlər. Bu vəziyyətdən qurtulmaq, halal əməklə məşğul olmaq üçün rayonumuzda imkanlar çoxdur. Adamlarımızı mənəvi saflığa, halallığa öyrətməliyik.
M.Sadıqov bir vacib məsələyə də diqqət yetirdi: son vaxtlar müxtəlif dini qruplaşmalar xeyli fəallaşmışlar. Ziyalilarımız bu sahədə düzgün mövqe tutmağı bacarmalı, təbliğat işi aparmalı, gənclərimizi zərərli təriqət və cərəyanlardan qorumalıdırlar.
Sonda hesabat kafi qiymətləndirildi. Hesabat yığıncağında səsləndirilmiş rəy və təkliflər nəzərə alınaraq müvafiq qərar qəbul olundu.
B.Babayev

Şərh Yaz