Yaddas kitabcasi

20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı


20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı

Şəhidlərin unudulmazlığı istiqamətində görülən başlıca işlərdən biri onların həmişə anılması, adlarının uca tutulmasıdır. Dövlətimiz, eləcə də vətəndaşlarımız azadlığımız və müstəqilliyimiz uğrunda canından keçənlərə ehtiram göstərilməsini özünün ən başlıca vəzifəsi və borcu saymaqdadır.
Azərbaycan xalqının mübarizlik, qürur və dəyanət ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 24 il keçir. Bu qanlı faciənin başvermə səbəbləri haqqında zaman-zaman müxtəlif fikir və rəylərə rast gəlsək də, sonda bu qənaətə gəlirik: Azərbaycan xalqı əsrlər boyu düşündüyü və qəlbində yaşatdığı milli azadlıq, istiqlal istəyindən geri çəkilməməyini, bu müqəddəs amal uğrunda hətta ən layiqli ən cəsarətli övladlarını qurban verməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.


Tarix boyu bəlalar görmüş Azərbaycan ən çətin anlarında mərd, cəsarətli övladlarına arxalandı. Ermənipərəst sovet rəhbərlərinin Azərbaycanı əymək, sındırmaq, susdurmaq cəhdləri boşa çıxdı. Fəlakətlər girdabına atılsa da, sinəsinə çalın-çarpaz dağlar çəkilsə də, ciyərparələri gülləboran, şil-küt edilsə də sarsılmadı, başını dik tutdu, qürurunu saxlaya bildi Azərbaycan!
Hər il olduğu kimi, bu il də şəhidlərin anım günündə hava sərtləşmişdi. Buna baxmayaq 7 minə yaxın rayon sakini 20 Yanvar şəhidləri xatirəsinin anılması günündə ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi prospektdə sıralanaraq, sanki bölgədə yaşayanların birliyini nümayiş etdirirdi. Əllərində qırmızı qərənfillər tutan insanların sırasında məktəblilər, yaşları bu unudulmaz faciənin yaşından az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Yaranmış izdiham ildən-ilə şəhidlərə olan ehtiramın artmasından xəbər verirdi.
Həmin gün Şəhidlər xiyabanı istiqamətində prospektdə nəqliyyatın hərəkəti dayandırılmışdı.
Yaşlı nəslin nümayəndələrinin Şəhidlər xiyabanını ziyarət etməsi üçün avtobuslar ayrılmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən övladlarının məzarlarını ziyarət edənlərin önündə gedərək, Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlərin ruhuna dualar oxundu, məzarları üstünə qızılgüllər, qərənfillər düzüldü.
Ziyarət saatlarla davam etdi.

Rayon ictimaiyyətinin nümayəndələri ziyarətdən sonra Heydər Əliyev Mərkəzinin önünə toplaşdılar, burada uşaqların rəsm sərgisinə baxış keçirildi. Meydana toplaşan insanlar qarşısında çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən danışdı. Qanlı Yanvar qırğınının rus şovinistlərinin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi olduğunu dedi. Bildirdi ki, imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
İcra başçısı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını vurğuladı.

Bakı vaxtı ilə saat 12: 00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin dəqiqədə ərazidəki avtomobillərin səs siqnalları ucaldı.
Tədbirin keçirilməsindəki başlıca məqsədlərdən biri Azərbaycan tarixinin bu qanlı və şanlı səhifəsini gənclərə göstərmək, oxutdurmaq və yaddaşlarına həkk etdirmək idi.
Ziyarət yekunlaşdıqdan sonra şəhidlərin məzarı başında duran ailə üzvləri və doğmaları avtobuslarla şəhid ailələri və müharibə veteranları üçün verilən ehsan süfrəsinə gətiriliblər.
Şahməmməd Soltanov
fotolar Elxan Qəniyevindir

Şərh Yaz