Məsafələr belə qısaldılır

Məsafələr belə qısaldılır

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində qısa müddət işləməyimə baxmayaraq, bu təhsil ocağının nailiyyətlərində mənim də zəhmət payım var, desəm heç də təvazökarlıqdan uzaq olmaz. Bir neçə ildir ki, həmin məktəbdə ingilis dilini tədris edirəm. Məktəbimizdə təcrübəli və tanınmış pedaqoqlar çoxdur. Belə müəllimlərlə çiyin-çiyinə işləmək mənim üçün xoşdur və onlardan çox şey öyrənirəm. Bu qeydlərimdə işlədiyim müddət ərzində şagirdlərimlə birlikdə xarici məktəblərlə qurduğum əlaqələrin bəziləri haqqında qısaca söz açmaq istəyirəm.

Məsafələr belə qısaldılır

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində qısa müddət işləməyimə baxmayaraq, bu təhsil ocağının nailiyyətlərində mənim də zəhmət payım var, desəm heç də təvazökarlıqdan uzaq olmaz. Bir neçə ildir ki, həmin məktəbdə ingilis dilini tədris edirəm. Məktəbimizdə təcrübəli və tanınmış pedaqoqlar çoxdur. Belə müəllimlərlə çiyin-çiyinə işləmək mənim üçün xoşdur və onlardan çox şey öyrənirəm. Bu qeydlərimdə işlədiyim müddət ərzində şagirdlərimlə birlikdə xarici məktəblərlə qurduğum əlaqələrin bəziləri haqqında qısaca söz açmaq istəyirəm.

Məsafələr belə qısaldılır
Məktəbimizin uğurları şagird və müəllimlərimizin beynəlxalq inkişafyönümlü təhsil layihələrində səmərəli iştirakından qaynaqlanır. Məktəbin infrastruktur imkanları, yaradılmış təlim mühiti hər il daha çox müəllimi şagirdlərlə birlikdə layihələrə qoşulmağa həvəsləndirir. Beynəlxalq layihələr əsasən, onlayn formada olduğuna görə, ingilis dili ilə bərabər İKT-dən də geniş istifadə tələb olunur. Şagirdlər Wiki səhifəsində dünya ölkələrindən olan həmyaşıdları ilə ingilis dilində ünsiyyət qururlar. Bu ünsiyyətlər videokonfranslar formasında olur.
Rəqəmsal texnologoyalarla Picnic, Photoshop, Garageband və sair proqramlara uyğun təqdimatlar hazırlayır və beynəlxalq forumlarda iştirak edirik. ABŞ, Avstraliya, Böyük Britaniya, Tayvan, Serbiya, Hindistan, Rusiya, Ukrayna, Livan, BƏƏ, Pakistan, Oman və sair ölkələrlə fikir mübadiləsi aparırıq. Dünya ölkələrindən olan təlimçilərin açıq dərslərini dinləyərək təcrübə qazanırıq.
AzETA və ABŞ səfirliyinin təşkil etdiyi “İngilis dilinə keçid” layihəsinin rayon üzrə təmsilçisiyəm. Kollektivimiz 2011-ci ildən AzETA və Britaniya Şurasının təşkil etdiyi İngilis Qlobal Məhsulları (EGP) layihəsində iştirak edir. Bu layihənin mərkəzi kimi bizim məktəb, təlimçisi isə mən seçilmişəm. Belə etimad məktəbimizə əldə etdiyi uğurlara görə göstərilmişdir. Hər il yenilənərək davam edən bu layihə bütün rayonu əhatə edir. Şagirdlərimiz British Coincil-in rəsmi saytından istifadə edərək ingilis dilini öyrənir və Power Point proqramlarında təqdimatlar hazırlayaraq İKT biliklərinə yiyələnirlər.
Son üç ildə 260 nəfərdən çox şagirdlə İEARN təşkilatının 25-dən artıq təhsil layihəsində iştirak etmişəm. 2010-2012-ci illərdə bu təşkilatın keçirdiyi “Məktəbli formasının mübadiləsi” layihəsi belələrindəndir. Bu layihədə VI-XI siniflərdən 35 şagird iştirak etmişdi. Məqsəd isə şagirdlərin digər ölkələrdən olan həmyaşıdları ilə ölkələri, təhsil sistemi, tədris prosesi, ən əsası məktəbli forması və sair haqqında fikir mübadiləsi etməkdir. Layihənin həyata keçirilməsi üçün şagirdlər mövzu ilə əlaqədar slaydlar hazırlayırlar. Bu işdə mən ancaq şagirdlərə istiqamət verirəm. Beləliklə, şagirdlər PPT proqramlarında sərbəst işləməyi, bloq yaratmağı, video və fotolar yükləməyi, videokonfranslar təşkil etməyi öyrəndilər. Şagirdlər indi ingilis dilinin amerikan variantında həmyaşıdları ilə sərbəst ünsiyyət qurur, müzakirələr aparırlar. Forumlarda uzun müddət müzakirələrdən sonra Tayvandan və Türkiyədən olan moderatorların dəvəti ilə rusiyalı və azərbaycanlı müəllim və şagirdlər Türkiyə Respublikasında təcrübə mübadiləsində oldular. Layihənin davamı olaraq 20-25 mayda Türkiyə komandası Azərbaycanda – məktəbimizdə, 20-25 iyunda isə məktəbimizin müəllim və şagirdlərindən ibarət komandası Rusiyanın Çelyabinsk vilayətində təcrübə mübadiləsində olmuş, müxtəlif təhsilyönümlü və mədəni tədbirlərdə iştirak etmişdir. Şagirdlərimizin xarici ölkələrdə ingilis dilində müxtəlif mövzularda sərbəst müzakirələr aparması, fikirlərini tam ifadə edə bilməsi əldə etdiyimiz ən yaxşı uğurlardandı.
“Orqanik bağ”, “Gələcək üçün meşələr”, “350. org” kimi Avropa ekoloji təhsil layihələrinə qoşulmaqda məqsədimiz şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlarda təbii sərvətləri, təbiəti qorumaq və zənginləşdirmək, kimyasız qida, təmiz hava və sağlam həyat əldə etmək kimi keyfiyyətlər formalaşdırmaqdır. “350.org” layihəsi dünyada qlobal iqlim dəyişikliyi problemlərini əhatə edir. Bu layihə üzrə fənlərarası əlaqəni təmin etmək məqsədilə məktəbin coğrafiya, biologiya və kimya müəllimlərini də həmin işə cəlb edirik. Məktəbin V-XI sinif şagirdləri və təbiət fənlərini tədris edən müəllimlərin iştirakı ilə məktəbin həyətində təşkil etdiyimiz tədbirdə toplantı iştirakçılarına iqlim dəyişiklikləri, səbəbləri, fəsadları haqqında ətraflı məlumat verildi. Burada rayonumuzdakı vəziyyət haqqında da söhbətə geniş yer verildi. Bu tədbirə ərazi ekologiya, RTŞ-in ekoloji tərbiyə mərkəzinin nümayəndələri də dəvət edilmişdi. Mərkəzin kollektivi ilə xeyli ağac əkildi. Azərbaycanda baş verən müxtəlif təbiət hadisələrini dünya ictimaiyyətinə çatdırmaq üçün şagirdlər layihənin moderatorları amerikalılar Bill Makkiben, Mey Boiv, ukraynalı Yuliya Makliyuk tərəfindən istiqamətləndirilən və 67 ölkə nümayəndələrinin eyni zamanda iştirak etdiyi videokonfransa qoşuldular. Şagirdlər Azərbaycanda baş verən torpaq sürüşmələri haqqında ingilis dilində məlumat və şərh verdilər. Tədbirdə iştirak edən hər şagirdə xüsusi təşəkkürnamə və həvəsləndirici açıqcalar göndərildi. Məktəbimizin bu sahədəki fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Axı dünyanın 160-dan çox ölkəsi arasında Azərbaycanı biz təmsil etmişdik. Nazirlik bütün iştirakçılara minnətdarlıq etdi. Bu layihənin fəal iştirakçısı kimi Türkiyəyə dəvət aldıq. Onu da qeyd edək ki, bu sammit “350.orq” layihəsinin davamı idi. Bu möhtəşəm tədbirə dünyanın 138 ölkəsindən təqribən 600 iqlimşünas və ekoloq dəvətli idi. Onlar iqlim dəyişiklikləri ilə əlaqədar təcrübə mübadiləsi etmək, yeni strategiyaların öyrənilməsi məqsədilə bir araya gəlmişdilər. Burada edilən təqdimatlar bizim daha çox bilgi əldə etməyimizə kömək idi.
Oxşar Orqanik bağ (Organic Garden) Avropa layihəsində də 30-a yaxın şagirdlə qoşulduq. Bu da şagirdlərin ingilis dili vasitəsilə dünya mədəniyyətinə inteqrasiya edə biləcəkləri uğurlu layihələrdəndir. Şagirdlərin 14 ay davam edən və 34 ölkənin iştirak etdiyi layihədə fəal iştirakı, onları finala çıxardı. Məktəbin müəllim və şagirdlərdən ibarət həmin komandası Romaya dəvət edildi. Mərasim İtaliya Təhsil Nazirliyi və Roma Baş Bələdiyyəsi tərəfindən dəstəklənirdi. Mükafatlar da bələdiyyə tərəfindən verildi. Bu layihənin konfransına şagirdlərlə bərabər məktəbin direktoru Ş.Rəsulov da xüsusi olaraq dəvət edilmişdi.
Məktəbimiz yeni dərs ilinə təzə bir layihə ilə qoşuldu. Avropanın 95 mindən artıq məktəbini, 25 mindən artıq təhsil layihəsində birləşən və İKT sahəsində böyük uğurlar qazanmış eTwinning Plus təhsil layihələrinə qoşuldu. Bu, informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək əməkdaşlığa geniş imkanlar yaradan təhsil şəbəkəsidir. Bu şəbəkə 2005-ci ilin yanvarında Avropa Komissiyasının elektron təhsil proqramı əsasında yaradılıb. 2013- cü ildə daha 6 ölkəni buraya üzv qəbul etdilər. Layihənin əsas məqsədi xüsusi platforma vasitəsilə 33 Avropa ölkəsindən olan məktəbləri Azərbaycan və digər 5 ölkə məktəbləri ilə birləşdirmək və müştərək layihələr icra etməkdir.
“Elektron məktəb” layihəsinin qazanılması məktəbin uğurlarından biridir. Bu layihələrə qoşulmaq bizə 20 məktəbdən biri olmaq şansı verdi. Ümumiyyətlə, bu layihələrə qoşulmaq hər bir müəllim və şagird üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihələr uşaqları axtarışlar aparmağa, öz üzərində çalışmağa, dil öyrənməyə sövq edir. Biz müəllimlərin vəzifəsi isə onları bu işlərə istiqamətləndirmək, lazım gələndə onlara köməklik göstərməkdən ibarət olmalıdır. Belə layihələrin həyata keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan məktəblərlə əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir. Bu layihə 2005-ci ilin yanvar ayında Avropa Komissiyasının elektron təhsil proqramı əsasında yaradılmışdır.
Ruhiyyə Mahmudova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Şərh Yaz