Vaxtsız bitən ömürlər

Həyat başlayar və bitər. Necə başlayıb harada sona çatdığı deyil, bu arada nələrin yer ala bilməsi önəmlidir.
İnsan problemi, insanın kim olduğu, onun mövcudluğu və amalı elmlər içərisində ən qədimi və daim müzakirə olunanıdır. İnsanın fikri, düşüncəsi, əqli hansı tərəfə yönəlsə, mərkəzdə yenə də onun həyatı, ətraf aləmlə qarşılıqlı münasibəti durur.
Bu yazıda toxunacağım mövzu günü-gündən artan özünəqəsd, yəni intihar halları barədə nələrisə açıqlamaq, araşdırma aparmaqdır.


Vaxtsız bitən ömürlər

Həyat başlayar və bitər. Necə başlayıb harada sona çatdığı deyil, bu arada nələrin yer ala bilməsi önəmlidir.
İnsan problemi, insanın kim olduğu, onun mövcudluğu və amalı elmlər içərisində ən qədimi və daim müzakirə olunanıdır. İnsanın fikri, düşüncəsi, əqli hansı tərəfə yönəlsə, mərkəzdə yenə də onun həyatı, ətraf aləmlə qarşılıqlı münasibəti durur.
Bu yazıda toxunacağım mövzu günü-gündən artan özünəqəsd, yəni intihar halları barədə nələrisə açıqlamaq, araşdırma aparmaqdır.

İlk sualı belə qoyaq: insani buna vadar edən nədir. İnsanları öz canından bezəcək həddə gətirən bu “qara kabus”un gətirdiyi bəlalar niyə ən çox çıxış yolu, bəladan qurtulmaq yolu kimi görünür?
Bu sualı cavablandırmaq üçün gəlin başlıca olaraq, onu şərtləndirən amilləri yada salaq. İlk öncə, bu kimi halların baş verməsi tək bir səbəblə kifayətlənmir. İnsanları kənardan müşahidə etdikdə və ən əsası onların problemləri ilə maraqlandıqda başlıca səbəblər meydana çıxır ki, buraya insanın həzm edə bilmədiyi xəyanət hissi, yalan vədlər, ətraf mühitin təzyiqi, soyuq münasibətlər və s. onlarla məsələ daxildir. Çoxunda isə depressiya hallarının davamlı müşahidə olunması danılmaz faktlardan biridir. Düzəlməyəcək fiziki ağrılar, ruhi sarsıntı (bir ölünün ardından özünü günahlandırma hissi),vicdan əzabı, ruhi xəstəliyi (depressiya, şizofreniya, müxtəlif dərəcəli travmalar), maliyyə itkiləri və uğursuzluqları, qumar aludəçiliyi, işdən çıxarılma və s. hallar əsas səbəblər içərisində yer almaqdadır. Hətta bütün sadaladıqlarımızın yekunu olaraq insanlara qarşı inamın, güvənin itirilməsi problemin kulminasiya nöqtəsinə çevrilir ki, bu da sonda arzuolunmaz intiharların açarı rolunu oynayır.
Özünə qəsd edən insanların ruhi vəziyyətlərinə gəlincə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatları daha dolğun diqqətimizə çatdırılır. Bu statistikalara nəzər saldıqda, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir. Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsinə görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə isə bu rəqəmin daha 500 min nəfər artacağı proqnozlaşdırılır. Təsadüfi deyil ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Bəli, bu diqqətə çatdırılan kiçik statistik məlumatdır. Hətta bu məsələ son dövrlərdə o qədər rast gəlinən hala çevrilib ki, psixoloqlar müstəqil sahə kimi onun öyrənilməsinə, ortaq nəticələri tapıb həllinə nail olmağa xüsusi səy göstərirlər.
Elmi məlumatlara nəzər saldıqda müxtəlif nəzəriyyələrin şahidi oluruq. Məsələn, Freyd intihar aktına gedən yolu belə xarakterizə edir: “İnsanın şüuruna daxil olan bütün fikirlər, emosiya, istək, meyl və arzular, təəssüratlar şüurdan kənarda mövcud olduğu üçün onlar, obrazla desək, dəhlizdədir, eyvana – yəni şüura daxil olmaq “iddiasındadır”. Lakin bunun üçün onlar gözləmə otağından keçməlidirlər.
Hətta insan həyatının xoşbəxtliyi ondadır ki, bütün istəklər bu gözləmə otağından eyvana, yəni şüuraltıdan şüura keçmirlər. Bu, o demək deyil ki, onlar unudulur. Xeyr, əslində, onlar gözləmə otağında qalır. Və insanın faciəsi də bəzən bundan sonra başlayır. Belə ki, ömrün bir anında şüuraltıda gizlənən arzu və istəklər fürsət taparaq, bir sözlə şüur üzərində “qələbə çalaraq” işə keçir və insanı idarə etməyə başlayır. Sonda insan özünü uçurumun bir addımlığında hiss edir, bu isə hər şeyin sonu demək olur”.
Freydin analizini şərh edən psixoloqlar bu nəticəyə gəliblər ki, insan özünə çox “olmaz” deyəndə, təmin olunmamış istəklər nevrozla, intiharla nəticələnir. Çox “olar” deyəndə isə xudpəsənd, pozğun bir insana çevrilir. Psixoloqlar maraqlı bir müşahidə aparıblar. Məlum olub ki, özünü ölümün ağuşuna atan, özünə qəsd edən insanların əksəriyyəti son anda onu kiminsə xilas edəcəyinə inanıb. Bəlkə elə buna görə də filosoflar intihar edən adamları üzmək bilməyən balıqlara bənzədib.
Bəs problemdən çıxış yolu kimi nə etmək lazımdır? Sui-qəsdə meylli əhvala qarşı ən yaxşı profilaktika dərdi bölüşməkdir. Təsadüfi deyil ki, sevinci paylaşdıqca çoxalır, dərdi bölüşdükcə azalır. Buna görə də, ətrafdakılara mənəvi yardım göstərmək hər bir insanın insanlıq borcu kimi qiymətləndirilməlidir. Və hər bir kəs həyatın bu sərt, yazılmamış qanununu yadda saxlamalıdır: “Səni vursalar, tapdalasalar belə, ayağa qalx və irəli get”.
Bu həqiqət bir daha sübut edir ki, insan özü-özünə kömək etmək istəməsə, heç kəs ona kömək edə bilməz. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, hər birimizə gələn qəmlər, kədərlər bizdə müvəqqəti olaraq qonaqdır. Heç zaman onların daimi olduğunu düşünməyək. Gəlin, fani çətinliklərə görə ruhdan düşməyək. Çünki onlar keçicidir. Necə deyərlər, hər qaranlıqda bir işıq, hər ümidsizlikdə bir ümid var. Təki səbirli və təmkinli olaq.
Hər birinizə həyatda yaşamaqdan zövq almaq diləyi ilə sonsuz uğur və nailiyyətlər:
Qumru Abdullayeva,
İsmayıllı rayon 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz