Yaddas kitabcasi

Sicilləmə Biz mədəniyikmi?

Sual oluna bilər ki, mədəni insan necə olmalıdır? Bu sadə suala ayrı-ayrı adamlardan müxtəlif cavablar almaq mümkündür. Qısaca desək, ictimai yerlərdə, küçə və digər yerlərdə özünü adam kimi aparanı da mədəni insan adlandırmaq olar. Bu sualı çox xırdalamaq da mümkündür, bunu etmək fikrindən vaz keçirik. Aşağıda gətirəcəyimiz misallardan hərə öz payını götürəcək və həm də sualın cavabını tapacaq.
Söhbətimiz sürücü mədəniyyətindən gedəcək. Hər gün televizor ekranlarından, radio dalğalarından xəbərlər, xüsusilə, yol nəqliyyat hadisələrində xəsarət alanlar, ölənlər haqqında məlumat veriləndə qanımız bizdən asılı olmayaraq qaralır. Sanki cəbhə xəbərlərini dinləyirik. Qəzaların səbəbini də sürət həddinin aşması, yol hərəkəti qaydalarına düzgün əməl olunmaması göstərilir. Televizor ekranında Bakı şəhərində baş vermiş qəzalar haqqında görüntülərə baxandan sonra belə qənaətə gəlirsən, sanki bu sürücülərin görmə qabiliyyətində əngəllər var. Əgər belə deyilsə, düz yolda, günün günortasında maşını niyə digər nəqliyyata, yaxud divara, işıq dirəyinə çırpırlar. Bax, bu suala heç cür cavab tapa bilmirik. Qalırsan çar-naçar. Sonradan məlum olur ki, sürücü sürəti düzgün hesablaya bilməyib. Gəlin, hər şeyi öz adı ilə adlandıraq. Bu hərəkətlərə ancaq və ancaq sürücü mədəniyyətsizliyi ( bu hələ yumşaq deyilib, başqa cür də demək mümkündür) adı vermək olar.
Sicilləmə
Biz mədəniyikmi?

Adətən, sürücülük kurslarında oxumaq üçün sənədlər toplayanda, həkimin sağlamlıq haqqında verdiyi arayış mühüm rol oynayır. Bu hadisələri görəndən sonra düşünürsən ki, həkim arayışı görmə qabiliyyəti pis olana verib. Bəlkə belə deyil, babal yumayaq. Sentyabrın 17-də televizorlarda verilən xəbərlərdə dəhşətli bir rəqəm səsləndi: respublikada qəzada 15 nəfər ölmüş, 30 nəfərdən artıq adam xəsarət almışdır. Bunların arasında məktəblilər də var. Əsil fəlakət! İndi məktəbdə dərslər başlandığı bir zamanda sürücülər daha diqqətli olmalıdırlar. Deyəsən, sürücülər Əzrayılın vəzifəsini əlindən alıblar. Hər gün belə faciəli xəbərləri eşitməyə bir növ adət etmişik. Yəqin düşünürük ki, məndən keçdi, qardaşıma dəydi.
Sürücülər çox gözəl bilirlər ki, yüksək sürətin son nəticəsi qəzadır. Bu da ölüm, şikəstlik və bədbəxtlikdir. Bunu başa düşməyən ola bilməz. Bəs onda, bilə-bilə niyə özlərini ölümün ağuşuna atırlar. Bax, bu sualın cavabını aydınlaşdırmaq mümkün olsaydı, yəqin ki, Əzrayılın görüşünə tələsənlərin sayı çox az, yaxud heç olmazdı. Yol hərəkəti qaydalarına riayət etmək sürücünün, həmçinin piyadanın müqəddəs borcudur, desək heç də Amerika kəşf etmərik. Bu qaydaya riayət etmək sürücü üçün daha vacib və zəruridir. Avtomaşın insanların hərəkəti üçün vacib olan nəqliyyat vasitəsidir. Belədirsə, onu niyə adamların ölüm alətinə çevirək. Sürücü ən əvvəl dərk etməlidir ki, onu evdə ailəsi, uşaqları səbirsizliklə gözləyir. Digər tərəfdən sürücü ətrafdakıların da həyatını təhlükəyə atır, kimlərisə atasız, anasız, qardaşsız, bacısız qoyur. Bu əsil faciədir. Bundan qaçmaq öz əlimizdədir.

Bu yaxınlarda şəhərimizin M.Orucov küçəsinin Nizami küçəsi ilə kəsişən yerindəki dairədə bir xuliqanlığın şahidi olduq. İki avtomobil Qəbələ tərəfdən Bakıya istiqamət almışdı, bu avtomobillər dairəni ötməmiş digər “Jiquli” markalı bir maşın onları elə buradaca ötüb keçdi. Bu, sözün əsil mənasında, avtoxuliqanlıq idi və qəzaya şərait yaratdı. Bəlkə də həmin avtoxuliqan bunu qəhrəmanlıq sayır.
Əksər avtoqəzaların baş vermə səbəbi yüksək sürətdir. Bu yaxınlarda rayonumuzun İvanovka kəndində sürücü iki məktəblini vurmuşdur. Son vaxtlar rayonumuzda da bir neçə qəza ölümlə nəticələnib. Səbəb də yüksək sürət göstərilir. Görəsən, bu sürücülər Əzraillə görüşməyə niyə tələsirlər. Bəziləri yüksək sürətin əsas səbəbini hamar və yaxşı yollarda görürlər. Bu arqumentlə heç cür razılaşa bilmərəm. Bizdən də yaxşı yolları olan ölkələr var, axı oralarda bu qədər qəza, ölüm, şikəstlik olmur. Onda belə absurd bir nəticə çıxır: yəni yollarımızı dağıdaq, qazıq-qazıq edək, bəzi başdan xarablar avtomaşınlarını adam kimi sürsünlər?!
Rayonumuzun sürücülərinin bir qismi yol hərəkəti qaydalarını bilmək cəhətdən deyəsən, çox piyadadırlar. Təklif edirəm, bəlkə onlar üçün bu mövzuda məşğələlər təşkil edək. Digər bir məsələni də qeyd etmək vacibdir. İşıqfor olmayan yol keçidlərində (zolaqlı xətlər, onlara zebra da deyirlər) adətən, avtonəqliyyat vasitələri piyadalara yol verməlidirlər. Ancaq şəhərimizdə çox cüzi sayda sürücü var ki, bu qaydaya əməl etsin. Əksinə, avtomaşını həmin zolağın düz üstündə saxlayırlar.
Rayonda sürücülərimizin nəqliyyatı idarə etməsinə diqqət yetirənlər mənim yuxarıda verdiyim təklifə böyük məmnuniyyətlə razılıq verərlər. Bunun üçün bazar, tolkuçka adlandırdığımız yerə nəzər yetirmək kifayətdir. Buradakı özbaşınalığa dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Maşınların küçənin hər iki tərəfindəki mağazaların qabağında iki-üç cərgə park edilməsi nəqliyyatın hərəkətini iflic vəziyyətə salır. Adamların da çox olduğu yerdə hərəkət etmək çox çətinləşdirir. Deyirlər ki, bu nəqliyyatlar mağaza sahiblərinə məxsusdur. Axı bu avtomaşınlar üçün qala divarları qarşısında xüsusi yer ayrılıb. Ancaq həmin yer bom-boş qalıb. Onlara avtomaşınları qala divarları önündə saxlayın deyən də yoxdu. Deyəsən, mağaza sahibləri “kasıbın malı gözü qabağında olmalıdır” atalar sözünə çox ciddi əməl edirlər. Burada, Babək küçəsinin H. Əliyev prospekti ilə kəsişən yerində “Saxlamaq qadağandır!” nişanı da qoyulub. Ancaq burada həmişə avtomaşın saxlayırlar. Əksər hallarda həmin nişandan 5-6 metr üst tərəfdə yol polisi dayanmış olur. “Utancaq” olduğuna görə sürücülərə söz deyə bilmir.
Sürücülərimizin bir şakəri də var. Taksi xidməti göstərən bəzi sürücülər işıqforun qabağında, avtobus dayanacağında, yol döngələrində maşın saxlayır, nəqliyyatın normal hərəkətinə maneçilik törədirlər. Bunu necə adlandıraq, yol polisinə meydan oxumaqmı, yoxsa, görməməzlikmi? Əgər ğörməməzlikdirsə, onun dərmanı da elə polisin özündə olmalıdır. İsmayıllı sürücülərinin bir xəstəliyini çox görmüşəm. Nədir bu xəstəlik? Hansısa, küçəyə dönmək istəyəndə dönmə işıqlarını yandırmamaq, yaxud dönərkən yandırmasıdır. Yol nişanlarına əməl etməmək birinciliyi təşkil edilsəydi bizimkilər mütləq birinci olardılar.
Şəhərdə tüstülənə-tüstülənə hərəkət edən avtonəqliyyatlara da çox rast gəlirik. İstismar müddətini çoxdan başa vurmuş, çürüyüb tökülməkdə olan avtomaşınlar nə vaxta qədər havanı korlayacaqlar.
Bəzi sürücülər şəhərdə antisanitariya yaradırlar. Şəhərdə olan iki bulağın üstündə (rabitə evinin üst tərəfindəki və M.Orucov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerində) həmişə maşın yuyanlara rast gəlmək olur. Bu bulaqlardan ilin isti aylarında şəhərimizin qonaqları (xüsusilə, poçtun üst tərəfindəkindən) böyük razılıqla su içir, qablarını doldurub aparırlar. Şəhər əhalisi də bu bulaqdan gen-bol istifadə edir. Bunu hamı bilir və görür, belədə, hansı mədəniyyətin sahibi olasan ki, bulaqda antisanitariyaya yol verəsən. Rayonun müvafiq qurumları da bu vəziyyətə laqeyd münasibət bəsləyirlər. Gəlin, əlimizi sinəmizə qoyaq və etiraf edək ki, belə sürücülərə heç birimiz irad tutmuruq. Görəsən, niyə bu qədər laqeydik?! Özümüzü mədəni adlandıra bilərikmi?
B.Babayev

Şərh Yaz