Sicilləmə

Bu söz çox az-az işlədilir. Azərbaycan dilinin izahlı lüğətində onun tərifi belə verilir: uzun-uzadı, çox müfəssəl, çox ətraflı surətdə məlumat vermək. Bəzən müxtəlif mövzuları bir-birinə qataraq danışana da sicilləmə danışdı deyirlər.
Bu günlərdə köhnə tanışlarımdan biri rayonumuza gəlmişdi. Məndən bazara və bir neçə mağazaya dəyməkdə bələdçilik etməyi xahiş etdi. Razılaşdım. Ancaq etiraf edim ki, bu bələdçilikdə xeyli xəcalət təri tökdüm. Kaş heç razılıq verməyəydim.
Sicilləmə
Bu söz çox az-az işlədilir. Azərbaycan dilinin izahlı lüğətində onun tərifi belə verilir: uzun-uzadı, çox müfəssəl, çox ətraflı surətdə məlumat vermək. Bəzən müxtəlif mövzuları bir-birinə qataraq danışana da sicilləmə danışdı deyirlər.
Bu günlərdə köhnə tanışlarımdan biri rayonumuza gəlmişdi. Məndən bazara və bir neçə mağazaya dəyməkdə bələdçilik etməyi xahiş etdi. Razılaşdım. Ancaq etiraf edim ki, bu bələdçilikdə xeyli xəcalət təri tökdüm. Kaş heç razılıq verməyəydim.

Bazara cənub tərəfdən girməli olduq. Çöl tərəfdəki meydançada sözün əsil mənasında ayaq qoymağa yer tapmaq müşkül idi. Burada tozun-torpağın içində nə cür desən trikotaj məmulatları, corablar, nə bilim nələr, nələr satışa çıxarılmışdı, daha doğrusu, yerə sərilmişdi. Onlarla yanaşı meyvə, tərəvəz və ağartı məhsulları da satılırdı. Adamların ətəklərinə sürtünə-sürtünə burada hərəkət edən avtomobillər də az qalırdı ki, yerə sərilmiş satış məhsullarının üstündən keçsin. Hələ onların təkərlərinin altından göyə qalxan tozu demirik.
Birtəhər içəri daxil oluruq. Belə yerlərdə ehtiyatlı olun, yoxsa, toxunub kiminsə məhsulunu dağıda bilərsiniz. Qarşımızda iri boz bir bina görürük. Üstündəki yazıya inansaq bura ət və süd məhsulları satılmaq üçün ayrılmış binadır. Bu bozumtul binanın qarşısındakı açıq sahədə torpağın üstündə süd məhsulları satılır. Elə burada, heç yerə getmədən, şorun, südün, pendirin, yağın yanındaca soğan, sarımsaq, kartof və sair də ala bilərsiniz.
Qonşudan nümunə
Burada kiçik haşiyə çıxmaq istərdim. Bir dəfə yolum Qəbələ şəhərinin bazarına düşmüşdü. Süd və süd məhsulları, ət və ət məhsulları pavilyonları səliqə-sahmanı, təmizliyi ilə diqqəti cəlb edirdi. Bu pavilyonlarda başqa heç nəyə rast gəlməzsiniz, ancaq məhz həmin məhsullar satılır. Ümumiyyətlə, buradakı səliqə, təmizlik adamın ürəyincədir. Onda adamda belə bir arzu baş qaldırır: bizdə də belə olsa, pis olar?!
Rayonumuzdakı pavilyonda isə (onu belə adlandırmaq mümkünssə) hava çox ağırdır, divarlara, döşəməyə, tavana baxanda adam tez buradan qaçmaq istəyir. İstənilən sanitariya qaydaları da gözlənilmir. Satıcıların əksəriyyəti xalatsızdır. Xalat geyənlər də arabir onları yuyub ütüləsələr lap əla olar. Binanın görkəmi sübut edir ki, bura çoxdan bu gündədir, təmir edilməyib.
Pavilyonun ətrafındakı ərazilərə nəzər salırıq. Burada kənd təsərrüfatı məhsullarının demək olar ki, hamısı asfaltın, tozun, torpağın üstündə satılır. Yağışlı, qarlı günlərdə vəziyyətin necə acınacaqlı olacağını gözünüz önündə canlandırın. Burada piştaxtalar üçün talvarlar tikilib (onları talvar adlandırmaq olarsa). Doğrusu, çox primitiv olan bu talvarların altı qaranliqdır, adam buradan istədiyini seçməkdə çətinlik çəkir. Payız və qış aylarında bu talvarların bəzi yerlərindən damır. Digər talvarların altında da alver yerdə aparılır. Çünki piştaxtalar düzəldilməyib. Deyəsən, bizimkilər tozun, torpağın içərisində alış-veriş etməyə öyrəşiblər, başqa cür olsa, narahatlıq keçirərlər.
Bu bazarda hər kəs öz matahını hara gəldi töküb, satışla məşğul olur. Bu da adamların hərəkətini xeyli çətinləşdirir. Görünənlərdən belə bir nəticə hasil olur ki, bazarda heç kəs heç kəsin dəftər-kitabına qol qoymur. Bu mənim sözüm deyil, müdriklər belə demişlər. Qonağım məndən soruşdu:
– Bu müəssisəyə baxan, nəzarət edən yoxdurmu, axı o adamlar buradan hər gün filan qədər qazanc əldə edirlər. Bu qazancdan abadlıq üçün ayırmaq olmazmı? Doğrusu, nə cavab verəcəyimi bilmədim. Yəqin onlar “Paraya dəymə, bütövü kəsmə” kimi atalar misalını əldə rəhbər tuturlar. Pul xərcləmədən mənfəət götürmək. Bunun nəyi pisdir ki.
Bazara gələnlər də təmizliyə riayət etmirlər. Bazar dağılandan sonra hər satıcı özündən sonra nə qədər zibil qoyub gedir. Əslində, deyəsən, təmizliyi onlardan tələb edən də yoxdu.
Adı bazar olsa da artıq sənaye, ərzaq, təsərrüfat və digər məhsullar kənddən gətirilən məhsulları sıxışdırıb. Bazarın daxilində xeyli ərzaq mağazaları fəaliyyət göstərir. Hələ onun ətrafındakı mağazaları demirik. Məhz elə buna görə də kənddən satışa məhsul gətirənə heç bir şərait yaradılmayıb. Adamlar məcbur qalıb məhsullarını toz-torpağın içində satmalı olurlar.
Nə yoğurdum, nə yapdım…
Həmişə şikayət edirik ki, bazarda hər şey bahadı. Bilirsizmi, niyə? Bu azarın mənbəyi bazarda yuva qurmuş, kök salmış alverçilərdir. Səhər tezdən bazarın qapılarını kəsdirən bu möhtəkirlər kəndlərdən məhsul gətirənlərin başının üstünü alıb, onların gətirdikləri məhsulları dəyər-dəyməzinə ələ keçirirlər. Bəzən lap zorla almağa çalışırlar. Belə hadisələrin bir neçə dəfə şahidi olmuşam və işə qarışıb məhsul gətirənin haqqını qorumağa çalışmışam. İnanın ki, alverçi o adama məhsul satmağa imkan vermirdi. Alıcılar işə qarışandan sonra o adam öz məhsulunu satmağa başladı. Alverçi həmin məhsulu ucuz alıb 3-4 qat bahasına bizə satır. Atalar belədə deyirlər: nə yoğurdum, nə yapdım hazırca kökə tapdım. Yazıq kənd camaatı, min əzab-əziyyətlə məhsul yetişdir, bazara şıxart və onu hansısa, tamahkar quldurcasına əlindən alsın və daha çox qazanc əldə etsin. Kənd əhalisinin günlərlə bazarda oturub məhsul satmaq imkanı yoxdu və o məcburdur ki, belə hərəkət etsin. Belə məsələni yoluna qoymaq məqsədilə alıcı məntəqələr yaratmaq mümkündür. Kənd adamı da istəsə, məhsulunu bu məntəqəyə təhvil verər və çıxıb gedər öz işinə. Bu məntəqələrin təşkilini, fəaliyyətini mütəxəssislər daha yaxşı bilərlər. Bazarda meydan sulayan alverçilərin bazarlardan sıxışdırmağın yeganə yolu budur.
Təkcə ağartı və başqa məhsullar deyil, bazara toyuq-cücə gətirənlər də belə hücumlara məruz qalırlar. Ömründə həyət-bacasında toyuq-cücə, inək saxlamayan adamlar ilboyu bazarda bu məhsullardan satır. Deyirlər ki, ağacın iki başı var, onun bir ucu məhsul gətirənə dəyirsə, digər bir ucu isə biz alıcılara dəyir. Bunun fərqinə varırıqmı?
B.Babayev

Şərh Yaz