Bizim kino

Bizim kino
Bütün incəsənət sahələri içində ən vacibi kinodur (V.İ.Lenin). Bizim kino

Bütün incəsənət sahələri içində ən vacibi kinodur (V.İ.Lenin).
Bizim kino
Deyilməsindən uzun illər keçməsinə baxmayaraq bu fikir öz aktuallığını hələ də itirməyib. Sovet hakimiyyəti illərində ekranlaşdırılmış “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Axırıncı aşırım”, Yeddi oğul istərəm”, “Bəyin oğurlanması”, “Ögey ana” və bu kimi onlarla adını kino tariximizə qızıl hərflərlə yazdırmış filmlərimiz hələ də yaşayır və çəkilməsindən uzun illər keçməsinə baxmayaraq istər yaşlı nəsil, istərsə də gənclər tərəfindən sevilərək izlənilir. Maraqlıdır ki, aradan çox illər keçməsinə baxmayaraq kinoların məşhur epizodları hələ də xalqın dilində əzbərdir və hər birimiz gündəlik həyatımızda tez-tez onlardan istifadə edirik. Bu halda belə bir sual yaranır: Hələ texnikanın zəif inkişaf etdiyi bir dövrdə çəkilən filmlərin baxımlılığının, dillər əzbərinə çevrilməsinin səbəbi nə idi? Niyə biz hələ də həmin filmlərə baxmaq üçün can atırıq və ya görən kimi ekran qarşısına keçirik? Düşünürəm ki, səbəbini tapmaq elə də çətin deyil – təbii aktyor oyunu , gözəl rejissor işi və peşəkar ssenarilər olması baxımlı kinonun əsas atributlarından hesab edilə bilər.
Bizim kino Bizim kino
Nəinki XIX əsrin , həm də bütün bəşər tarixinin ən maraqlı kəşflərindən biri hesab edilən kino 1895-ci ildə meydana gəlib. Kinonun Avropadan Azərbaycana gəlməsi üçün isə cəmi üç il kifayət etdi. Belə ki, 1898-ci il iyunun 21-də etibarən fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjet (“İlişdin”) tədricən nümayiş etdirildi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı və həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin maliyyə yardımı ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişlərinə başladı. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu dövrün məşhur aktyoru Hüseyn Ərəblinski oynamışdır.
Bizim kino Bizim kino
Dünyanın ən möhtəşəm ideoloji silahı, ideoloji təbliğat vasitəsi, ədəbi bir tarix qoyan sahə olan kino, müasir dövrümüzdə tamaşaçı kütləsini daha da artırıb. Təəssüf ki, kino sahəsində gözlə görülən bu inkişaf indiki Azərbaycan kinosundan yan keçmişdir. Dövlətin kino sahəsinə maliyyə ayırması bəllidir. Lakin kinomuz dünya kino sənayesində gedən sürətli irəliləyişə nail ola bilməmişdir.
Bir qism insanlar bunu ictimaiyyətin kinolarımıza az maraq göstərməsi ilə əlaqələndirir. Mən isə bununla razı deyiləm.
Məşhur bir filmdə deyildiyi kimi: “Bizimkilər belədi də. Öz kinomuza 1 dəfə baxmırıq, onun-bunun kinosuna 43 dəfə baxırıq”.
Yaxın keçmişimizə nəzər salsaq insanlarımızın milli kinomuza hədsiz maraq göstərdiyinin şahidi olarıq. Bunun tək səbəbi nümayiş etdirilən filmlərin keyfiyyəti ilə bağlı deyildi. Belə ki, ölkənin iri şəhərləri ilə yanaşı, rayon mərkəzlərində, hətta kəndlərdə belə klublar vardı. Hər həftə klublarda filmlər nümayiş etdirilirdi. İnsanların mədəni istirahəti üçün şərait yaradılmışdı. Sovet hakimiyyətinin dağılmasından sonra bir sıra sahələrdə olduğu kimi, kino sahəsində də durğunluq yaşandı. Kəndlərdə, rayon mərkəzlərində olan klublar fəaliyyətini dayandırdı, bir çoxunun binası isə dağıdıldı.
Bizim kino
Dərin təəssüf hissi ilə qeyd edirəm ki, bu ənənə indi yoxdur. Rayonlarımızda kinoteatrlara rast gəlinmir. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir cəmiyyətdə yaşadığımızı nəzərə alsaq kino-teatrlara marağın azalma səbəblərindən birini açıq-aydın görmək olar. İstənilən filmi internet məkanında izləmək mümkün olduğundan, kimsə əziyyət çəkib evindən çölə addım atmaq istəmir. Orta yaşlı insanlarımız mədəni istirahətdən zövq almağı bacarırlar, onlar bilirlər ki, kütlə ilə birgə film izləmək daha gözəldir. Həm mühit başqa olur, həm də insan özünü cəmiyyətin ayrılmaz parçası kimi hiss edir. Gənclərimizin virtual aləmdə tək başına film izləmələri onları cəmiyyətdən ayrı salır. Zaman-zaman insanların bir-birilərindən uzaqlaşmasına səbəb olur. Bu isə artıq insan üçün, cəmiyyət üçün çox mənfi haldır.
Əslində bu mövzu çox genişdir. Mövzuya bir neçə tərəfdən yanaşmaq mümkündür. Mən isə hələlik klaviaturada “enter” düyməsini vurmaqla fikirlərimi bu məşhur deyimlə bitirirəm: “Bu kino ki, var, bu çox qəliz məsələdir”…
Çinarə Bəhərçinli

Şərh Yaz