125 yaşlı Lahıc məktəbi

Lahıc Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada kənd təsərrüfatı ilə məşğul olmaq çox çətin olduğundan əhali əsasən xalq sənətkarlığı ilə məşğul olmuşdur. Aydındır ki, sənət, istehsalat, ticarət olan yerdə əhalinin yaşayış tərzi fərqli olur. Əhali uzaq və yaxın kənd, şəhər, əyalət və hətta qonşu ölkələrlə əlaqədə olur. İstehsal etdikləri malların istehlakı, xammalın alınması kimi zəruri ehtiyacları təmin etmək üçün belə durumun yaranması labüddür. Elə buna görə də Lahıcda qədimdən təhsilin və mədəniyyətin tərəqqisi üçün zəmin yaranmış olur.125 yaşlı Lahıc məktəbi
(1888-2013)


Lahıc Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada kənd təsərrüfatı ilə məşğul olmaq çox çətin olduğundan əhali əsasən xalq sənətkarlığı ilə məşğul olmuşdur. Aydındır ki, sənət, istehsalat, ticarət olan yerdə əhalinin yaşayış tərzi fərqli olur. Əhali uzaq və yaxın kənd, şəhər, əyalət və hətta qonşu ölkələrlə əlaqədə olur. İstehsal etdikləri malların istehlakı, xammalın alınması kimi zəruri ehtiyacları təmin etmək üçün belə durumun yaranması labüddür. Elə buna görə də Lahıcda qədimdən təhsilin və mədəniyyətin tərəqqisi üçün zəmin yaranmış olur.
125 yaşlı Lahıc məktəbi
Lahıcın şəhər tipli yaşayış məntəqəsi olması danılmaz həqiqətdir. O da məlumdur ki, buranın adamları daima elmə, biliyə, təhsilə maraq göstərmişlər. Bu gün də belədir. Hamı çalışır ki, övladları təhsil alsın, bilikli və savadlı olsunlar. Bu məqsədlə insanlar həmişə əllərindən gələn nə varsa təhsil yolunda sərf etməyi özlərinin ali amalı hesab edirlər. Qəsəbədə mövcud olan 7 məscidin hamısında hücrələr tikilmiş və həmin hücrələrdə molla məktəbləri fəaliyyət göstərmişdir. Belə dini məktəblər əhalinin böyük əksəriyyətini əhatə edə bilirdi. İlk təhsilini burada müvəffəqiyyətlə alanlar arasında elələri var idi ki, təhsilini davam etdirmək üçün İran, İraq, Türkiyə kimi müsəlman ölkələrinin ən böyük şəhərlərinə – Tehrana, Bağdada, Nəcəfə, İstanbula və başqa şəhərlərə gedirdilər. Orada 20-25 il təhsil alaraq vətənə qayıdır və burada təhsil, maarif və mədəniyyətin tərəqqisi yolunda fəaliyyət göstərirdilər. Belələri el arasında çox böyük hörmətlə qarşılanır, onlar müştəhid hesab olunurdu. Belə şəxslərdən Hacı Mircavad Ağanı, Hacı Seyid Əşrəf Ağanı, Ağa Mir Abbas Ağanı, Seyid Xudabaxşı və başqalarını göstərmək olar.
125 yaşlı Lahıc məktəbi
Zaman keçdikcə elmə, biliyə, təhsilə meyl və maraq daha çox artmağa başlayır. Mütərəqqi fikirli və maarifpərvər insanlar dövlət tərəfindən daha müasir məktəbin açılması üçün durmadan çalışırlar.
Əlbəttə, təsadüfi deyildir ki, Çar tərəfindən Lahıcda 1888-ci ildə rəsmən məktəb açılması üçün fərman verilir.
Dövlət tərəfindən ilk dəfə açılan “Rus-müsəlman” məktəbində üstünlük o idi ki, burada ana dilinin tədrisi məcburi idi. Bu məktəbdə rus dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, şəriət və.s fənlər tədris olunurdu.
125 yaşlı Lahıc məktəbi
Şəhər tipli yaşayışa və qədim mədəniyyətə malik, yeddi minə qədər əhalisi olan Lahıcda dövlət tərəfindən məktəbin açılması və məktəbə tanınmış ziyalı, Qori Müəllimlər Seminariyasının məzunu Səmədbəy Hacıbəyovun ilk müəllim təyin olunması barədəki xəbər əhali tərəfindən böyük sevincə səbəb oldu.
S.Hacıbəyov bir il böyük əmək sərf edərək dərs ilini müvəffəqiyyətlə başa vurur. Məktəbin ikinci müəllimi Azərbaycanın məşhur etnoqrafı və pedaqoqu Məmmədhəsən Əfəndiyev olmuşdur. O, 1867-ci ildə Şamaxıda anadan olmuş, 1918-ci ilin may ayının 1-də Qusar rayonunun Əniq kəndində vəfat etmişdir. Məmmədhəsən Əfəndiyev 1888-ci ildə Bakı quberniyasının Lahıc kəndinə təyinat almış və 1893-cü ilədək burada işləmişdir. İşlədiyi müddətdə Lahıcın adət-ənənələri, etiqadları, əhali və təsərrüfatı haqqında statistik məlumatlar və s. haqqında zəngin material toplamışdır.
Sonrakı illərdə həmin məktəbdə müəllimlik etməklə əhalinin savadlanmasında, mədəniyyətin yüksəlməsində, insanların xurafat və mövhumat əsarətindən azad olunmasında, əhalinin əksəriyyətinin “molla məktəbləri”nə olan meyllərinin zəiflədilməsində və habelə, yeni məktəbə marağın artırılmasında böyük əmək sərf edən bir sıra mütərəqqi fikirli, maarifçi ziyalılar çalışmışdır. Belə ziyalılardan Bababəy Səfaralıbəyov (məktəbdə işlədiyi dövr: 1899-1901-ci illər), Qafur Rəşad Mirzəzadə (1901-1906-cı illər), Hüseynalıbəy Qarabağlı (1907-1910-cu illər), Mirzə Bədəlbəy Yolçuyev (1911-1918-ci illər) və başqalarını göstərmək olar.
Qafur Rəşad Mirzəzadə avtobioqrafiyasında qeyd edir ki, ”17 yaşımda ikən Lahıc kəndinə müəllim təyin olundum. Bu kəndə ilk dəfə gedirdim. Yolu atla, Basqal kəndini keçib, məşhur Niyal dağını aşıb Girdimançayın sahilində yerləşmiş böyük kəndə – Lahıc kəndinə gəlib çıxdım. Burada məni kənd əhalisi böyük bir qonaqpərvərliklə, sevinc və ürək açıqlığı ilə qarşıladılar.
Kənddə məktəbyaşlı uşaqlara dərs deməkdən başqa bir neçə yaşlı adamın xahişi ilə böyüklərə də savad öyrədirdim.
Bu böyük kənddə xüsusi məktəb binası olmadığına görə şagirdlərlə üç növbədə şəxsi evlərdə məşğul olurdum. Belə şəraitdə çətinliklərilə tez-tez üzləşirdim.
Lahıcın maarifpərvər adamları yığışıb öz qüvvələri ilə bir məktəb binası (1903-cü il) tikdilər və sonrakı üç ili həmin binada çətinlik çəkmədən işlədim”.
Xalqımızın onlarca belə fədakar, maarifçi və mütərəqqi fikirli ziyalısı ölkənin şəhər və kəndlərində, o cümlədən Lahıcda öz fəaliyyətləri ilə əsrlərlə davam edən cəhalətin süqutu naminə çox işlər görmüşlər.
Qanunların qeyri-obyektivliyi, nadanlığın, cahilliyin, irticaçı millətçilərin, qəddar ünsürlərin vəhşi hərəkətlərinin vüsət aldığı bir zamanda əhalinin maariflənməsi kimi böyük amalın həyata keçirilməsinin nə qədər ağır bir vəzifə olmasını dərk etmək çətin deyil. Belə bir şərəfli yolda gedən mübarizədə çox ağır çətinliklərlə qarşılaşmaqdan başqa hətta qurbanlar verməyi belə istisna etmək olmaz.
Belə bir hadisəni qeyd etmək maraqlı olar: Lahıcda işləyən Mirzə Bədəl Yolçuyev ( o, Ağsu rayonunun Hacman kəndində anadan olmuşdur) 1918-ci ildə qəza mərkəzi Şamaxıya Şirvan müəllimlərinin qurultayına gedərkən yolda, Çuxuryurd kəndinin küçəsində bir dəstə millətçi erməni və onlara qoşulan bir neçə içib keflənən malakan tərəfindən döyülür və faciəli surətdə oradaca qətlə yetirilir.
Bütün bu əzab-əziyyətlərə baxmayaraq kənd əhalisinin xeyli hissəsi savadlanır. 20-yə qədər adam ilk təhsillərini burada aldıqdan sonra, yerli xuyriyyəçi-milyonerlər – Hacı Ağadadaş Haqverdiyev, Hacı Gəray, Hacı Molla Hüseyn, Hac; Seyid Kamil Ağa, Hacı Cahanbaxış və başqalarının maliyyə dəstəyi ilə başqa şəhərlərə və xarici ölkələrə gedib təhsillərini davam etdirmişlər.
Oktyabr inqilabından sonra ölkədə təhsil sahəsində yeni qanunların meydana gəlməsi ilə əlaqədar məktəbin inkişafı sahəsində yerli ziyalılar öz fəaliyyətlərini artırmağa başladılar. Məktəb üçün müvafiq bina axtarıb tapır, tədris avadanlıqları əldə edir, məktəbyaşlı oğlan və qızları siyahıya almağa başlayırlar. Müəllimliyə meyli olan, savad və bacarığı olan ziyalılar müəllimliyə cəlb edilir. Şagirdlərin dərs ləvazimatı ilə təchiz olunmasına yardım göstərir, əhali arasında izahat işləri aparırlar.
Bu cür ziyalıları yad etmək yerinə düşər: Həsən Rəhimli, Tacıbaxış Mursalov, Nəvəfalı Axundzadə, Rəsul Rəhimli, Mirzəvahab Axundov, Mirzə Həkim, Əbdülkərim Axundzadə (“Məşədi”), Seyid Əli, Xasay Səfərov, Məşədi Əmralı Məlikov, Məhəmmədəli İsgəndərov, Məhəmməd Mehdiyev, Mirzəli Axundov, Mehdi Mehdiyev, Bəşir Xancanlı, Məşədi Yusif Bağırov, İbad və Cəlil Xancanov qardaşları, Məmməd Babasıyev, Ənvər Cəfərov, Əliağa və Mahmud Xaspoladovlar və onlarla başqaları.
1920-ci ildə Lahıcda yeni təşkil olunmuş məktəb “Lahıc birinci dərəcəli müttəhid məsəi məktəbi” (“Lahıc birinci dərəcəli birgə əmək məktəbi”) adlanırdı. Burada “müttəhid (birgə)” sözü oğlanlarla qızların bir yerdə təhsil almasını, “əmək” sözü isə politexnik təlimin məktəbdə tətbiqini bildirirdi.
1930-1937-ci illərdə məktəb yeddiillik məktəbə çevrilir və “Lahıc natamam orta məktəbi” adlanır.
1935-ci il fevralın 20-də Lahıca şəhər tipli qəsəbə statusu verilir və 1937-ci ildən məktəb “Lahıc qəsəbə orta məktəbi” adını daşımağa başlayır.
Beləliklə məktəbdə şagirdlərin sayı getdikcə çoxalır. Məktəbə qonşu kəndlərdəki natamam orta məktəblərdən şagirdlər axışıb gəlməyə başlayır.
125 yaşlı Lahıc məktəbi
Tikilişi 1927-ci ildən 1931-ci ilə qədər davam edən yeni məktəb binası artıq darısqallıq edirdi. Ona görə də əvvəllər də məktəb kimi istifadə edilən Hacı Gəray mülkü adlanan evdə əlavə olaraq bir ibtidai məktəb də açılır. Həmin ibtidai məktəbdə 300-ə yaxın şagird I-IV siniflərdə təhsil alırdı. Lahıc qəsəbəsində iki kütləvi məktəb – Lahıc qəsəbə orta məktəbi və Lahıc qəsəbə ibtidai məktəbi 1942-ci ilə qədər fəaliyyət göstərdi.
1941-1945-ci illərdə gedən müharibənin pis təsiri bu məktəbdən də yan keçmədi. Müharibə iki məktəbin şagirdlərinin kəskin surətdə azalmasına səbəb oldu. İki məktəb birləşdi. Həmin illərdə ölkənin hər yerində olduğu kimi Lahıcda da əhalinin ağır güzəranı məktəbin işinə sarsıdıcı zərbə vurdu. Müəllimlərin əksəriyyəti, yuxarı siniflərdə təhsil alan şagirdlərin də bir hissəsi səfərbər olundu. Artıq məktəbdə dərsləri aparmağa müəllimlər çatışmırdı. Ona görə də yuxarı sinif şagirdlərinin bir qrupu dərs deməyə cəlb olundular. Əlbəttə, bu da tədrisə öz mənfi təsirini göstərməyə bilməzdi.
Məktəbin müəllimləri və məzunları cəbhədə də qəhrəmanlıqla döyüşürdülər. Bu özlüyündə məktəbdə vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasından xəbər verir. 1000 nəfərdən artıq müharibədə döyüşən müəllim və məzundan 600 nəfərdən çoxu həlak oldu və ya şikəst oldu. Orduda 10-dan çox polkovnik və bir neçə başqa rütbəli zabit bu məktəbin yetirməsi idi. Polkovnik Ələkbər Əliyev “Böyük Vətən müharibəsi Qəhrəmanı”, polkovniklər Seyfulla Mehdiyev və Baxış Mehdiyev alay komandiri olmuşlar. Hacı Salmanov “Şöhrət” ordeninin hər üç dərəcəsi, M.Haşımov, M.Əhmədov I və II dərəcələri, H.Dadaşov I dərəcəsi ilə təltif olumuşlar. Şövkət Səlimova Azərbaycanin ilk qadın gəmi kapitanıdır. O, Bakıdan Həştərxana tankerlərlə neftin daşınmasında böyük igidliklər göstərmişdir. Məhəmmədəli Həsənov Azərbaycanın ilk mülki təyyarəçilərindən biridir.Yaralıların cəbhə bölgəsindən arxaya daşınmasında onun da xidmətləri danılmaz olmuşdur. Müharibə dövründə məktəbin yetirmələri olan alimlərin də əməyini qeyd etmək lazımdır. Sonralar akademik olmuş Soltan Mehdiyev Y.Məmmədəliyev, Ə.Quliyev və başqaları ilə birlikdə yüksək oktanlı benzinin alınmasında Vətənə böyük xidmət göstərmişdir. Məktəbin müəllim və məzunlarının xidmətləri haqqında çox danışmaq olar.
Bütün bu çətinliklərə baxmayaraq istər əhali, istərsə də müəllimlər hər məhrumiyyətlərə dözərək məktəbdə tədris işini davam etdirmək üçün əllərindən gələni əsirgəmirdilər. Həmin dövrdə məktəbdə işləyən müəllimlər həm də cəbhədə vuruşan yoldaşlarını da əvəz edirdilər. Onların əməyi unudulmazdır. Həmin müəllimlərdən bir neçəsinin adını çəkmək yerinə düşər: Əlövsət Talıbov(direktor), Ənvər Balayev (dərs hissə müdiri), Mirzəli Axundov, Mehdi Mehdiyev, Həlimə Haqverdiyeva, İbad Xancanlı, Nərgiz Rəhimli, Ənisə Axundova, Nəcməddin Hüseynov, Hacıağa Hüseynov, Rəhim Bağırov, Ələkbər Ələkbərli, Xanım Əlimərdanova və başqaları.

Müharibədən sonra məktəbdə təhsil işinin gedişi yaxşılaşmağa doğru gedir, işlər sahmana düşür və müharibənin vurduğu ağır yaralar sağalmağa başlayır. Məktəbin müəllim ehtiyacı əsasən müharibədən sağ qayıdanlar hesabına ödənilir. Dövlət və əhalinin yardımı sayəsində məktəbdə böyük dəyişikliklər baş verir.
1952-ci ildə məktəbin binası əsaslı təmir edilir. Binanın yanındakı 1,7 hektar boş torpaq sahəsində məktəb üşün bağ salınır. Məktəbdə tədris-təcrübə sahəsi, canlı guşə yaradıldı. Bütün bu quruculuq işlərinin görülməsində qəsəbə əhalisinin, təşəbbüskar və yüksək təşkilatçılıq bacarığına malik məktəb rəhbərliyinin, peşəsinin vurğunu olan sağlam əqidəli müəllim kollektivinin və nəhayət doğma məktəbini ürəkdən sevən şagirdlərin əməyi böyükdür. Bütün işlərin təşəbbüskarı və təşkilatçısı olmuş direktor Ənvər Balayevin və dərs hissə müdiri, biologiya müəllimi Hacalı Ramazanovun xidmətləri çox böyükdür.
Az zamanda məktəbdə görülmüş işlər rayon, respublika və ittifaq miqyasında tanınmağa başlayır. Əldə edilən müvəffəqiyyətlərə görə məktəb üç il dalbadal Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olur. Məktəb direktoru Ə.Balayev, biologiya müəllimi H.Ramazanov və “Gənc təbiətçilər” dərnəyi dəfələrlə XTNS-nin fəxri fərmanı ilə təltif edilir.
125 yaşlı Lahıc məktəbi
Beləliklə Lahıc qəsəbə orta məktəbinin nəinki əvvəlki şöhrəti bərpa olunur, onun ad-sanı qat-qat artmış olur. Sonrakı illərdə müvəffəqiyyətlər yüksələn xətlə davam edir.
1959-cu ildə məktəbin 70 illik, 1998-ci ildə 110 illik yubileyi qeyd olunmuşdur. Sonuncu tədbirdə Təhsil Naziri cənab Misir Mərdanov da iştirak etmişdir.
2008-ci ildə məktəbin 120 yaşı tamam olur. Bu illər ərzində məktəbi təxminən 8000 nəfər bitirmişdir ki, bunun da 3000 nəfərə yaxını ali və orta ixtisas təhsili almışdır. Bunlardan təxminən 1000 nəfəri müəllim, 250 nəfəri mühəndis, 300 nəfəri həkim və tibb işçisi, 100 nəfəri kənd təsərrüfatı isçisi, 100 nəfərdən çoxu hərbiçi, 100 nəfərdən çoxu iqtisadçı və başqa sənət sahibləri olmuşlar.
Məktəbin yetirmələrindən 500 nəfərdən artığı alim, bir xeyli yazıçı və şair, mədəniyyət və incəsənət xadimi, yüksək rütbəli zabitlər olmuşlar. 120 nəfərdən çox elmlər doktoru və professor, 4 nəfər akademik də bu məktəbin yetirməsidir.
Respublikamız müstəqillik əldə etdikdən sonra məktəbin inkişafında yeni mərhələ başlamışdır. Bu gün Lahıc məktəbi respublikanın ən qabaqcıl təlim-tərbiyə müəssisələrindən biridir.
1997-ci ildən sonrakı dövrdə 25-dən artıq Ali Hərbi məktəblərə qəbul olunmuş və hazırda Azərbaycan milli Ordusunda zabit kimi xidmət edirlər.
Sonuncu Qarabağ müharibəsində məktəbin 150-dən artıq məzunu döyüşmüş və 8 nəfəri şəhid olmuşdur.
Məktəb məzunlarının hər il orta hesabla 60-70 faizi ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul olunurlar. Hal-hazırda 80-dən artıq məzun ali məktəblərdə təhsil alır.
Son illərdə məktəb bir neçə dəfə rayon üzrə “İlin ən yaxşı tədris müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.
125 yaşlı Lahıc məktəbi
Məktəbin şagirdləri çoxsaylı respublika səviyyəli olimpiada, müsabiqə, sərgi və digər yarışlarda fərqlənmişlər. Son illərdə 10 şagirdimiz olimpiadaların respublika turunun qalibləri sırasında olmuşlar. 2007 və 2008-ci illərdə keçirilmiş respublika fənn olimpiadasında hər il 2 şagirdimiz fərqlənmiş və Təhsil Naziri cənab M.Mərdanovun olimpiadaların yekunları ilə bağlı əmrində məktəbin adı respublikanın ən yaxşı məktəbləri sırasında çəkilmişdir.
2007 ci il tələbə qəbulunun nəticələrinə görə məktəb Respublikanın ən yaxşı məktəblərindən biri hesab edilmişdir (bax: TQDK-nın statistik məlumatları) 2 şagirdimiz 2007 və 2008-ci illərdə keçirilmiş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin iştirakçısı olmuşdur.
Məktəbin “Lahıc” folklor kollektivi 3 dəfə respublika müsabiqəsinin laureatı adını qazanmışdır.
Bir neçə şagirdimiz müxtəlif rəsm, foto və inşa müsabiqələrində fərqlənmişlər.
Məktəbin beynəlxalq əlaqələri durmadan inkişaf edir. Məktəb ABŞ, Fransa, İsrail, Norveç səfirlikləri, xarici təşkilatlar və ayrı-ayrı xarici adamlarla əlaqə saxlayır. Məktəbin əlaqə saxladığı ölkələrin sayı 15-dən çoxdur.
2005-2007-ci illərdə Dünya Bankının “Məktəb Qrant Proqramı” çərçivəsində məktəbin 3 layihəsi qalib gəlmiş və reallaşmışdır: 1. “Müasir dilçilik kabineti”; 2. “Riyaziyyat bütün elmlərin şahıdır”; 3. “Hər saxsı parçası, hər məzar daşı…”. Bu layihələrdən əldə edilən vəsait (hər layihənin dəyəri 5000 ABŞ dolları) hesabına məktəbdə kabinetlər yaradılmış, kabinetlər müasir təlim texnologiyaları ilə təchiz edilmiş və məktəb direktoru H.Haqverdili 2006-cı ildə müasir təlim metodlarını öyrənmək məqsədilə Litva respublikasının paytaxtı Vilnüs səhərində 1 həftəlik ezamiyyətdə olmuşdur. Bundan əlavə məktəb direktoru H.Haqverdili 2008-ci ildə Türkiyənin Ankara şəhərindəki Bilkənt Universitetində 1 aylıq “Hizmet içi egitim” kursunda olmuşdur.
Bu gün məktəbdə 241 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olur. Məktəbin müəllimləri fəal təlim metodlarının tətbiqi sahəsində yaxşı təcrübə əldə etmişlər. Direktor müavinləri Q.İsmayılov və T.İsgəndərova, riyaziyyat müəllimi M.Əlili, Azərbaycan dili və ədəbiyyatı müəllimləri D.Əliyev, A.Səfərova, K.Quliyeva, kimya-biologiya müəllimi L.Süleymanova, sinif müllimləri Ə.Bayramov, R.Baxışov, C.Əliyeva, G.Cəbrayılova, tarix müəllimi R.İsmayılova və başqaları bu işlərdə fərqlənmişlər
Məktəbin mövcud binasının əsaslı təmiri və 400 yerlik yeni tədris korpusunun tikilməsi nəzərdə tutulmuşdur.
Məktəbin pedaqoji kollektivi 2013-cü ildə məktəbin 125 illik yubileyinin respublika səviyyəsində keçirilməsinə köməklik göstərmək üçün İsmayıllı RTŞ-dən və Respublika Təhsil Nazirliyindən xahiş etməyi qərara almışdır. Bu məktəbin buna mənəvi haqqı çatır. Həm də kollektiv məktəbə akademik Zərifə Əlkiyevanın adının verilməsi üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırmağı qərara almışdır.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəb direktoru Hikmət Haqverdiliyə “Respublikanın Əməkdar müəllimi” fəxri adı verilmişdir ( 03.10.2007).
2008-ci il avqust ayının 19-da Prezident İlham Əliyevin sərəncamı ilə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş və 10000 manat ilə mükafatlandırılmışdır.
Məktəb direktoru Haqverdili Hikmət 1-31 iyul 2008-ci il tarixlərdə Türkiyə Respublikasının Bilkənt Universitetində Hizmet İçi Egitim Kursunda iştirak edərək sertifikat almışdır.
2008-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Assosiasiyasının təşəbbüsü ilə keçirilmiş “Gələcək nəsillərlə üz-üzə” II ümumrespublika inşa müsabiqəsində IX sinif şagirdi Səfərov Ağa III yeri tutmuşdur. 2010-cu ildə isə X sinif şagirdi Hüseynli Vüsal I yeri, məktəbi 2010-cu ildə bitirərək BDU ya qəbul olunmuş Səfərov Ağa III yeri, 2011-ci ildə məktəbi 2011-ci ildə bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunmuş Abbaszadə Sidqi I yeri tutmuşdur.
2009-cu ildə fənn olimpiadalarının respublika turunda 4 şagirdimiz iştirak etmişdir. Bunlardan 3 nəfəri: X sinif şagirdi Səfərov Ağa fizika, IX sinif şagirdi Abbaszadə Sidqi fizika, X sinif şagirdi Məmmədli Afaq riyaziyyat fənni üzrə IV yeri tutmuşlar. IX sinif şagirdi Bayramlı Almaz 2010-cu ildə Təhsil Nazirliyinin keçirdiyi “Xüsusi istedada malik şagirdlər” müsabiqəsində riyaziyyat fənni üzrə III yeri, 2011-ci ildə isə Fənn olimpiadalarının Respublika turunda riyaziyyat fənni üzrə IV yeri, 2012-ci ildə fizika fənni üzrə III yeri tutmuşdur.
Fənn olimpiadalarının nəticələrinə aid təhsil nazirinin əmrində 2007, 2008 və 2009-cu ildə Lahıc qəsəbə orta məktəbinin adı respublikanın ən yaxşı məktəbləri sırasında çəkilmişdir.
2009-cu ildə Prezidentin sərəncamı ilə məktəbin məzunu qəbulda 665 yığmış Əlili Əlibəy Şamil oğlu “Prezident təqaüdü”nə layiq görülmüşdür. O, Qafqaz Universitetinin kompyuter mühəndisliyi fakültəsinə qəbul olunmuşdur.
125 yaşlı Lahıc məktəbi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 05 iyul 2010-cu il tarixli sərəncamı ilə fizika müəllimi Əliyev Rövşən Mirzə oğlu “İlin müəllimi”, məktəbi 2010-cu ildə bitirmiş Məmmədli Afaq Böyükağa qızı qəbul imtahanlarında 650 bal toplayaraq “Qafqaz” Universitetinə, məktəbi 2011-ci ildə bitirmiş Abbaszadə Səttar Müşfiq oğlu qəbul imtahanlarında 627 bal toplayaraq “Qafqaz” Universitetinə qəbul olunmuşdur.
VII sinif şagirdi Babazadə Ayşən Sloveniya Respublikasında keçirilmiş Beynəlxalq rəsm müsabiqəsində “Xalqımım milli geyimləri və rəqsləri” nominasiyası üzrə qalib olmuşdur.
Məktəb hazırda bir neçə layihə üzərində işləyir. Onlardan biri də Norveç dövlətinin maliyyə dəstəyi ilə həyata keçirilən SPARE məktəb layihəsidir. Bu layihə əsasında məktəbin istilik sistemi qurulacaqdır. Bununla əlaqədar məktəb direktoru H.Haqverdili 2011-ci ilin oktyabr ayında Gürcüstan Respublikasının Batumi şəhəri yaxınlığındakı Ureki kurortunda keçirilmiş həftəlik seminarda iştirak etmişdir.
IX sinif şagirdi Qəhrəmanlı Söhrab 2012-ci ildə Respublika Ekologiya və Təcrübəçilik Mərkəzinin müsabiqəsində II yeri tutmuşdur.
2011-2012-ci dərs ilində keçirilmiş “İlin müəllimi” müsabiqəsində ingilis dili müəllimi Ağabalayev Samir qalib olmuşdur.
2012-ci il qəbulunda Əlili Əliqulu Mahmud oğlu 665 bal toplayaraq “Qafqaz” Universitetinə, Mirzəyev Murad isə 610 bal toplayaraq Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Akademiyasına qəbul olunmuşdur.
X sinif şagirdi Bayramlı Almaz Səlim qızı 2012-ci ildə fənn olimpiadalarının respublika turunda fizika fənni üzrə III yeri tutmuşdur.
2012-2013-cü dərs ilində məktəb sənədlərini yenidən “İlin məktəbi” müsabiqəsinə təqdim etmişdir və qalib gəlmişdir.
XI sinif şagirdi Bayramlı Almaz Səlim qızı 2013-cü ildə fənn olimpiadalarının respublika turunda fizika fənni üzrə IV yeri tutmuşdur.
Məktəb 2013-cü ilin aprel ayında “İNEPO-AVRASİYA” Beynəlxalq Ekologiya olimpiadasının finalında iştirak etmişdir.
Məktəb 2013-cü ilin may ayında Beynəlxalq İnformatika Layihə Olimpiadasının finalında iştirak etmişdir.
2012-2013-cü dərs ilində məktəbin “Şagird -1 kompyuter” layihəsi qalib gəlmiş və V sinfin 22 şagirdinə Netbooklar verilmişdir.
XI sinif məzunu Bayramlı Almaz Səlim qızı 2013-cü ildə “Qızıl medalla” təltif edilmişdir.
IX sinif şagirdi Güliyeva Xanım Əfqan qızı 2013-cü ildə “Xüsusi nümunəli şəhadətnamə” ilə təltif edilmişdir.
XI sinif məzunu Bayramlı Almaz Səlim qızı 2013-cü ildə tələbə qəbulu imtahanlarında 621 bal toplamışdır.
Hikmət Haqverdili,
Əməkdar müəllim, Lahıc qəsəbə tam orta məktəbinin direktoru

Şərh Yaz