“Bu nişanda atam vardı…”


Onunla tez-tez rastlaşırdım. Öz işinə yanaşan, daim arayıb-axtaran bir müəllim, üzügülər, şən bir qız kimi tanıyırdım. Özünü hamıya sevdirməyi bacarır, insanlarla tez dil tapır, ünsiyyət qururdu. Hiss olunurdu ki, bu xüsusiyyətlər hardasa, nəciblikdən, ucalıqdan, ülvilikdən qidalandığını ziyalı bir mühitdə böyüyüb. Zənnim məni yanıltmamışdı.“Bu nişanda atam vardı…”

]Onunla tez-tez rastlaşırdım. Öz işinə yanaşan, daim arayıb-axtaran bir müəllim, üzügülər, şən bir qız kimi tanıyırdım. Özünü hamıya sevdirməyi bacarır, insanlarla tez dil tapır, ünsiyyət qururdu. Hiss olunurdu ki, bu xüsusiyyətlər hardasa, nəciblikdən, ucalıqdan, ülvilikdən qidalandığını ziyalı bir mühitdə böyüyüb. Zənnim məni yanıltmamışdı.

… Bu xəbər yaşından, sənətindən asılı olmadan hamını dərindən sarsıtdı: neçə-neçə nəslin tərbiyəçisi, rayonun sayılıb-seçilən ziyalılarından biri Əjdər Mirzəyev ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həyatdan köçmüşdü. Həmin gün məlum oldu ki, o, Əjdər müəllimin qızıdır. Və mənim üçün bir həqiqət də aydın oldu ki, bütün bu müsbət keyfiyyətləri o, hardan, kimdən əxz etmişdir.
Bu hadisədən sonra hər görüşdə bu qızın ata sızıltısını eşidib onun söhbətlərinə “epiqraf” ola biləcək bir əsərdən mərhum gözəl şairimiz Əli Kərimin ata haqqında şeirindən bir misranı xatırladım: “Bu nişanda bir atam vardı”…
Qəlbimdə bir hiss baş qaldırdı: onun – İsmayıllı şəhər 5 saylı məktəbinin ibtidai sinif müəllimi Sevinc Mirzəyevanın qəlbindən keçənləri, ata həsrətli duyğularını öz düşüncələrimin süzgəcindən keçirib, bu nurlu insanın, əsl ziyalının xatirəsini hissi-emosional şəkildə anmaq, onu başqalarına da tanıtmaq üçün “söz çələngi” hazırlamaq.
Sevinci dinləyirəm: “Atamı düşünəndə (bunsuz bir anım olmayıb) yadıma müğənnilərin muğamat üstündə oxuduqları ürək dağladan, qəlb sızladan misraları yadıma düşür:
“Könlüm ata nəsihəti istəyir…”
Təkcə atalıq deyil, ağsaqqallıq, böyüklük, dostluq edən, hər dərdimizi səbirlə, təmkinlə dinləyən, hər an başımıza pərvanə kimi dolanan, göylərdə pərvaz etdirən və elə sevincimizin pik zirvəsində də bizi taleyin ümidinə buraxıb vaxtsız-vədəsiz birdən-birə haqq dünyasına yol alması yaxınlarını, doğmalarını sözlə ifadə edə bilməyəcəyim dərəcədə sarsıtdı. O, bizim üçün əlçatmaz ulduz, intəhasız ümmanlarda bir mayak idi. Qəlbi təkcə övladlarına deyil, bütün insanlığa həyat eşqi, insani sevgi ilə dolu idi. Atamın uca qəlbinin kövrəkliyi onda bilindi ki, o balasının – bacımın itkisinə dözə bilmədi. Tezliklə, yəni 9 aydan sonra həyatdan köçdü. Bu mərdanəlik qarşısında baş əyməmək mümkündürmü?!”
Kövrəlir. Daha söhbəti davam etdirə bilmir. Sənədləri mənə uzadır. Artıq bu nurlu ziyalını xarakterizə etmək mənim boynuma düşür. Soruşub öyrəndiklərim, haqqında oxuduqlarım çox şey pıçıldayır:
1946-cı ildə Ağsu rayonunun Padar kəndində anadan olub. Padar, Növcü, Göyçayın Qaraməryəm məktəblərində təhsil alıb. Həssas, hələ uşaqlıqdan dünyanın hər üzünü görmüş, bərkə-boşa düşmüş bir adam idi. Bu anda Səriyyə ananın söylədiyi başqa bayatılardan çox xatırladığı, qəlbinə həkk etdirdiyi və sanki xarakterinin, həyatının boyuna biçildiyi aşağıdakı bayatını xatırlayıram:
Əzizim ləngəridi,
Qar yağdı, ləng əridi.
Çox bilib az danışmaq,
Kişinin ləngəridi.
1968-ci ildə Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bitirdi. Ali məktəbdə qalıb işləmək təklifi alsa da, buna razılaşmadı.
Doğma rayona qayıtdı. Kürdeldarbəyli kənd 8-illik məktəbində müəllim təyin olundu. İlk dəfə pedaqoji fəaliyyətə başlamasına baxmayaraq qısa vaxtda müəllim və şagird kollektivinin sevimlisinə çevrildi. O, bu ucqar kəndə həm də daha isti nəfəs, canlanma gətirmişdi.
Bir müddətdən sonra Qubaxəlilli orta məktəbində işləməyə başladı. Dəyişilən təkcə məkan oldu. Dəyişilməyən isə peşəsinə vurğunluq, dərs dediyi şagirdlərə qayğı və dərin məhəbbət, daim oxuyub-öyrənmək həvəsi, məsuliyyət hissi oldu. Zaman-zaman təhsildə yaranan yenilikləri öyrənən, işində yaradıcılıqla tətbiq edən bu bacarıqlı müəllim məktəbə direktor müavini seçildi. Onda olan dərin yaradıcılıq eşqi, yenilik yaratmaq həvəsi tezliklə məktəbdə coşqun bir mühit yaratdı. Özü də bir nümunə idi: hər gün məktəbə bir intellektual sual, maraqlı məsələ və misal gətirir, müəllimləri metodiki ədəbiyyat oxumağa, yeniliklər axtarmağa cəlb edərdi.
Əjdər müəllim həm də öz peşəsinin ustadı kimi hamıya nümunə idi. Eyni zamanda bir həqiqəti həmişə yolunu işıqlandıran ulduz sanırdı: təlimin vəzifəsi təkcə bilik vermək, elm öyrətmək deyil. Bu prosesdə şagird həm tərbiyə olunmalı, həm psixoloji təhsil sahəsindəki yenilikləri ənənələrlə, təlim-tərbiyəni vəhdətdə həyata keçirməyə çalışır və zərgər dəqiqliyi ilə əlaqələndirirdi. Şagirdlərə bəzilərinin oddan qorxan kimi qorxduqları riyaziyyatı sevdirməyi bacarırdı. Şagirdlərinin gözündə işığa çevrilmək üçün zəhmətə qatlaşır, elmi-metodiki səviyyəsini anbaan artırır, dünənki biliklə arxayınlaşmırdı. Qarşısında maraqla, elm, bilik həvəsi ilə alışıb-yanan gözləri görüb, məsuliyyəti qat-qat artırmaq, bu uşaqları sevmək, onların uğurlarına ürəkdən sevinmək Əjdər müəllimin əsas xüsusiyyətlərindən idi.
Məhz bu gərgin əməyin nəticəsi idi ki, əvvəllər çətin fənn sayılan riyaziyyatı sevənlərin cərgəsi getdikcə artırdı. Bu işdən şagirdlərinin yolunda ömrünü şam kimi əridən Əjdər müəllimin müstəsna rolu vardı. Neçə-neçə şagirdi təkcə respublikada deyil, ölkənin hüdudlarından kənarda da müvəffəqiyyətlə ali təhsil almış, yetkin bir mütəxəssis kimi formalaşmışdır. Əjdər müəllim heç vaxt dərs deməklə işini bitmiş hesab etməyib. Onu narahat edən, düşündürən elmi-pedaqoji məsələlər barədə fikirlərini həmkarları ilə bölüşməkdən çəkinməyib, usanmayıb. Fikirləri, düşüncələri, riyaziyyatın tədrisini yaxşılaşdırmaqla bağlı təklifləri ilə mətbuatda müntəzəm çıxışlar edib. Əjdər müəllimin riyaziyyata məhəbbət tərbiyəsi üzrə apardığı çox şaxəli işləri də unutmaq olmaz. O, Moskvada nəşr olunan “Matematika v şkole”, “Matematika i fizika”, “Kvant” jurnallar ilə əməkdaşlıq etmiş və keçirilən müsabiqələrdə iştirak edib, hədiyyələr qazanıb. Eyni zamanda Respublikamızda nəşr edilən fizika-riyaziyyat və informatika ilə bağlı jurnallarda onlarla vacib problemlərin həllinə kömək göstərəcək yazısı çap olunub. “Məntiq və riyaziyyat” jurnalının redaksiya heyətinin üzvü idi.
Ə.Mirzəyev həm də yaradıcı bir pedaqoq, ziyalı idi. O, birinci növbədə orta məktəbdə təhsil alan məktəblilərinin riyaziyyatı yaxşı öyrənmələrinə yardımçı olmaq, müəllim əməyini yüngülləşdirmək, vaxt itkisini azaltmaq üçün “Ulduzlar aləmində”, “Riyaziyyatdan mürəkkəb məsələlər”, “Həndəsədən mürəkkəb məsələlərinin həlli” kimi üç kitab nəşr etdirib. Tezliklə bu kitablar müəllim, şagird və mütəxəssislərinin stolüstü kitabına çevrilib.
Kənd həyatına fəallıqla qoşulması, el-obanın xeyir-şərində yaxından iştirak etməsi onun hörmətini qat-qat artırmışdı. Məhz buna görədir ki, üç çağırış Qubaxəlilli kənd XDC-nin deputatı seçilib. 1984-1988-ci illərdə isə Qubaxəlilli XDS İK-nin sədri kimi fəaliyyət göstərib. 1988-1992-ci illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Qubaxəlilli ərazi nümayəndəliyinin sədri təyin edilmişdi. Əjdər müəllim dövlətin və xalqın ona göstərdiyi yüksək etimadı bütün canı və qanı ilə doğrultmağa çalışırdı.
Zəhməti isə əvəzsiz qalmadı. 2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olundu. Lakin bu hələ uzaq ənginliklərə yolun başlanğıcı idi. Əjdər müəllim bir gənclik enerjisi ilə işləyir, daha yüksək zirvələrə qalxmaq şövqü ilə çalışırdı. Bu yolda rast gəldiyi çətinliklər onu qorxutmur, ruhdan salmır, daha da mətinləşdirirdi. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2007-2008-ci tədris ilində Dövlət Başçısının sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinə start veriləndə o da özünü sınamaq istədi. İki mərhələdən uğurla keçdi. III mərhələdə cüzi balla qalib ola bilmədi. Bu, onu ruhdan salmadı. İşini təhlil etdi. Tezliklə İKT-nin imkanlarından daha yaxşı istifadə etmək məqsədi ilə kurslara yazıldı və hər şeyi yenidən öyrənməyə başladı. İkinci dəfə müsabiqəyə qatılan Əjdər müəllim 2009-2010-cu tədris ilində artıq “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi oldu. Onun bu əzmkarlığı və nailiyyəti müəllim yoldaşlarını, şagirdlərini, dost-tanışlarını çox sevindirdi.
Əjdər müəllim öz işini bununla bitmiş hesab etmirdi. Ədəbiyyatımızı, musiqimizi çox sevir, idmanla müntəzəm məşğul olurdu. Dəfələrlə voleybol üzrə yarışlarda iştirak edib və mükafatlar qazanıb. Musiqinin şahı olan muğamlarımızın vurğunu idi. İstənilən qəzəli çox məharətlə təhlil etməyi bacarırdı. Mətbuatda dərc etdirdiyi təkcə bir yazını “Rafiq Nazimoğlunun “İndi bələdçisi mənəm dünyanın” poeması haqqında düşüncələrimi oxumaq kifayətdir ki, onun necə zərif qəlb sahibi olmaqla bərabər, dərin məntiq təfəkkürlü, bədii-estetik zövqlü insan olduğunu anlayasan:
“Şimşək qapınızı taqqıldadanda
Yaşıl bayrağını qaldıracaq yer,
Göylər sümüyünü şaqqıldadanda
Düzləri gülüşlə dolduracaq Yer.
…Şair demək istəyir ki, əsl demokratik, sivil və dünyəvi dövlət yarada bilsək də, cəmiyyət belə “dünyada” bir haqsızlığa qarşı minlərlə “haqq” mübarizəsi aparacaq ki, bununla da haqq-ədalət həmişə zəfər çalacaqdır.
…İkinci məna: Şair dialektik materialların qanunlarını və beləliklə, fəlsəfənin iki ən ümumi qanununu- “inkarı-inkar” və “əksliklərin vəhdəti, mübarizəsi” qanunlarını əsas götürmək, şərə bədii-estetik sığal çəkməklə, onu həm də çox mənalı etmişdir. Şimşək yağış gətirir, yağış isə yer üzünə yaşıllıq gətirir, həyat gətirir.
Bax bu da şairin fəlsəfi dünyagörüşüdür, həyatın davam etməsidir.
Üçüncü məna: Əgər şimşəyi qorxu və həyəcan simvolu kimi başa düşürüksə, yaşıl bayraq islamçılığın rəmzidir. Poemada islamçılığın rəmzi ilə təhlükənin qarşısını almaqla, dünyada İslam dininin bütün dinlərdən üstünlüyü və əbədiliyinə, bəşəriliyinə işarə vurulur. Bununla şair özünün çox yüksək mənəviyyatını ortaya qoyur.
Bəli, dünyaya gələn hər kəs öz ömrünü yaşayır, həyatının bənzərsiz naxışlarını vurur. Eləsi var ki, bu naxışları təkcə özü və yaxınları görür. Elə insan da var ki, bu naxışlar onu zaman-zaman yaddaşlara yazır, ailə, cəmiyyət, Vətən qarşısında alnı açıq, üzü ağ edir.
Qədim Çin fəlsəfəsinin qüdrətli nümayəndəsi Sao deyirdi: “ Kim adamları tanıyırsa arifdir”, özünü tanıyırsa-ağıllıdır, özünə qalib gəlirsə-qüdrətlidir, təbiətini dəyişmirsə-uzunömürlü, ölüb unudulmayıbsa-ölməzdir”.
Ömrümün hər ilməsini faydalı işlərlə hörən, “gəlimli-gedimli, son ucu ölümlü” (Dədə Qorqud) dünyamızın qoynunda ömür payı ilə əbədiyyətə qovuşan Əjdər Xanəhməd oğlu Mirzəyev də insan yaddaşında ölməzlər cərgəsinə qoşulanlardandır.
Rəna Mirzəliyeva,
İsmayıllı şəhəri

Şərh Yaz