Yaddas kitabcasi

Ətraf mühiti və dünyanı tanıyaq

Ətraf mühiti və dünyanı tanıyaqSumağallı kənd bağçası bir neçə ildir ki, fəaliyyət göstərir. Müasir tələbata cavab verən binası olmasa da, iş müasir tələbə uyğun qurulub. Bu günlərdə bağçada keçirilən açıq məşğələ və məşğələdə iştirak edən uşaqların fəallığı bunun əyani sübutu oldu. 20 uşağın iştirak etdiyi məşğələni qrup tərbiyəçisi Alimə Nəzərli aparırdı. Məşğələ ətraf mühitlə tanışlığa, daha dəqiq desək ev heyvanlarına həsr olunmuşdu. Məqsəd ev heyvanlarını tanıtmaq, uşaqlara onların qidalanmasının, fərdi xüsusiyyətlərinin, insanlara hansı əhəmiyyətlərinin olmasını çatdırmaq idi. Uşaqlar çox fəal idilər və verilən sualları sərbəst şəkildə cavablandırırdılar. Bunu da qeyd etməliyəm ki, Sumağallı kəndinin əhalisi ləzgi dilində danışdıqları üçün təbii ki, uşaqları da bu dildə danışırlar. Bağçada ilk növbədə uşaqlara Azərbaycan dilində danışmağı öyrədirlər. Bu da birinci sinfə gedən uşaq və ibtidai sinif müəllimləri üçün əlverişli olur. Qrupda olan uşaqlar artıq sərbəst şəkildə Azərbaycan dilində danışa bilirlər, elə məşğələ də bu dildə keçirilirdi.
Məşğələdə Rayon Təhsil şöbəsinin bağçalar üzrə metodisti Sevinc Məmmədova və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Ruziyyə Çələbiyeva da iştirak edirdilər. Metodistlər məşğələni müəllimlərlə birlikdə müzakirə etdilər, faydalı təkliflər, məsləhətlər səsləndirildi.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz