Torpaq məkan və həyatdır

Aktual mövzu
Həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qaydaları haqqında nə bilirik?
Bu gün insanları düşündürən mühüm məsələlərdən biri həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qaydalarıdır.
Əvvəlcə onu qeyd edək ki, Sovet hakimiyyəti illərində torpaq dövlət mülkiyyəti hesab olunurdu, yalnız vətəndaşların istifadəsinə verilirdi. Vətəndaşın ev tikdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadan ondan istifadə edə bilərdi. Torpaq alınıb – satıla, bağışlana bilməzdi. Hətta, dövlətə məxsus torpağın qeyri-qanuni zəbtinə, istifadəsinə görə vətəndaşlar cinayət məsuliyyətinə cəlb olunurdular.
Dövlət müstəqilliyinə nail olduqdan və 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin qəbul etdiyi ilk Konstitusiyasında vətəndaşın torpaq üzərində mülkiyyət hüququ tanındı. Konstitusiyasının 13.2 maddəsində mülkiyyətin üç növü – dövlət, xüsusi və bələdiyyə mülkiyyəti ölkəmizdə ilk dəfə öz qanuni əsasını tapdı. İlk dəfə olaraq hər bir kəsin daşınar və daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanındı. Bu hüquq Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”, “Mülki məcəllə” ilə öz təsdiqini tapdı.
1999-cu il dekabrın 12-də keçirilən bələdiyyə seçkilərindən sonra Respublikada bələdiyyə institutu formalaşdı, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldı.
1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 47-ci maddəsinə əsasən bələdiyyələrin mülkiyyətinə verilmiş torpaqlar üzərində səlahiyyətləri qanuni əksini tapdı. Həmin maddəyə əsasən bələdiyyə mülkiyyətinə verilən torpaqlar üç istiqamət üzrə təsnif edildi:
– ümumi istifadəyə verilən torpaqlar;
– hüquqi və fiziki şəxslərin istifadəsinə verilən torpaqlar və ehtiyat fondu torpaqları.
Məcəllədə hər bir kateqoriyaya məxsus torpaqlar aydın şərh olunur.
Ümumi istifadədə olan torpaqlar dedikdə, bir qayda olaraq yaşayış məntəqələrində əhalinin ümumi istifadəsinə verilmiş (küçələr, meydanlar, yollar, parklar, stadionlar, meşə zolaqları, örüş torpaqları və.s) torpaqlar nəzərdə tutulur.
Qanunvericiliklə həmin torpaq sahələri üzərində yalnız Bələdiyyənin mülkiyyət hüququ vardır və bu hüquqlar məhdudlaşdırılır.
Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar dedikdə, onların qanun çərçivəsində istifadəsində və icarəsində olan bələdiyyə torpaqları nəzərdə tutulur.
Bələdiyyənin ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
Bu məlumatları xatırlamaqda məqsədimiz odur ki, vətəndaş həyətyanı torpaq sahəsi almaq istədikdə nə etməli olduğunu bilsin. Vətəndaşlar istədikləri yerdə deyil, yalnız qanunvericiliyin nəzərdə tutduğu yerlərdə torpaq sahəsi əldə edər və yaşayış üçün zəruri olan ev tikə bilər. Bunun üçün bələdiyyələrə Qanunla yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahələri ayrılmış və bu dövlət tərəfindən tərtib olunmuş fiziki və elektron xəritələrdə öz əksini tapmışdır. Bəzən vətəndaşlar “bu torpaq dədə-babadan qalıb” – deyə qanuni mülkiyyətində olmayan torpaq sahələrinə sahiblik nümayiş etdirir, hətta, ölkə qanunlarına məhəl qoymaq istəmir, uzun-uzadı məhkəmə çəkişmələrinə, mübahisələrə yol verirlər. Vətəndaş bilməlidir ki, ölkədə gedən torpaq islahatları zamanı torpağın vətəndaşların istifadəsinə verilməsinə dair kolxozların, sovxozların, kənd sovetlərinin, icra nümayəndəliklərinin ilkin qərarı əsas götürülür. Məsələn, 1980-ci ildə kolxoz idarə heyətinin qərarı ilə vətəndaşa 0,10 ha torpaq sahəsi verilmişdirsə, ölkədə keçirilən torpaq islahatı zamanı həmin vətəndaşın mülkiyyətinə cəmi 0,10 ha torpaq sahəsi verilmişdir və bu barədə vətəndaşa dövlət orqanları tərəfindən təsdiq olunmuş “Torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim olunmuşdur. Həmin şəhadətnamələrdə qanuni torpaq sahəsinin ölçüləri ilə bərabər, vətəndaşın mülkiyyətində olmayan, lakin istifadə etdiyi zəbt torpaq sahələri də göstərilmişdir. Həmin zəbt torpaq sahələri Bələdiyyə mülkiyyəti sayılır və torpaqdan həm vətəndaş, həm də bələdiyyə tərəfindən istifadənin sərhədləri qanunla tənzimlənir.
– Beləliklə mənzərə aydın olur. Vətəndaş – yaşayış məntəqələrinin hansı sahələrindən həyətyanı torpaq sahələri ala bilər?
– Mövcud Qanunlara istinadən demək olar ki, vətəndaş bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri daxilindəki zəbt torpaq sahələrindən və yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələrindən həyətyanı torpaq sahəsi ala bilər.
Yeri gəlmişkən, qeyd edək ki, aqrar islahat həyata keçirildikdən sonra vətəndaşların mülkiyyətinə, torpağın miqdarına və əhalinin sayına əsasən orta torpaq norması daxilində kənd təsərrüfat təyinatlı torpaqlar da verilmişdir. Bu həm əkin, həm də bağ torpaqları kimi qiymətləndirilmiş və vətəndaşlara həmin torpaq sahələrində kənd təsərrüfat məhsulları yetişdirmək hüququ verilmişdir. Təəssüflər olsun ki, bilərəkdən və ya bilməyərəkdən ayrı-ayrı vətəndaşlar bağ torpaqlarında fərdi yaşayış evləri tikmişlər. Bu mövcud qanunlara zidd olduğu üçün nəticədə, vətəndaşların həmin əmlak üzərində mülkiyyət hüququ Dövlət orqanları tərəfindən tanınmır.
Vətəndaşlar öz hüquq və vəzifələrini bilmək üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Əsasnamə” ilə tanış ola bilərlər. Həmin Qanunlara əsasən vətəndaşların həyətyanı torpaq sahəsinə sahiblənmək prosesinin izahını veririk ki, vətəndaş öz arzusunu reallaşdırmaq üçün məlumatlı olsun. Həyətyanı torpaq sahəsi almaq istəyən şəxs müvafiq bələdiyyəyə ərizə ilə müraciət edir və “Əsasnamə”nin III fəslində 11-ci maddədə deyildiyi kimi, ərizəsində aşağıdakıları göstərməlidir:
– torpaq sahəsinin hansı məqsəd üçün ayrılması;
– torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət, istifadə və ya icarə hüququ ilə) ayrılması;
– əvvəllər torpaq sahəsi alıb-almadığını;
– ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını;
– ailə üzvlərinin sayını və tərkibini;
– torpaq sahəsinin yerini, ünvanını və ölçüsünü;
– torpaq sahəsində tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin eskizini;
– daimi yaşayış yerini və ya hüququ ünvanını (hüququ şəxslər üçün).
Qanunun tələblərinə müvafiq olaraq, təqdim olunan ərizələri bələdiyyələr uçota alır və 5 gün müddətində baxaraq vətəndaşa məlumat verirlər. Bələdiyyələr torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə baxış keçirir və torpaq sahəsinin ayrılmasını məqsədəuyğun saydıqdan sonra qərar qəbul edir, məqsədəuyğun sayılmadıqda isə vətəndaşa əsaslandırılmış cavab verir. Əgər vətəndaş həmin cavabdan narazı qalarsa, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verə bilər.
Bələdiyyələr ayrılmasını məqsədəuyğun saydığı torpaq sahəsi haqqında 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı “Əsasnamə”də göstərildiyi kimi, 10 gün müddətində nəzərdə tutulan torpaq sahəsinin yerini, yerləşdiyi zonanı, normalara uyğunluğunu dəqiqləşdirir, tələb olunan miqyasda xəritəsini hazırlayır. Qeyd etməliyik ki, burada müvafiq icra hakimiyyəti dedikdə, rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) rayon şöbələri nəzərdə tutulur.
“Əsasnamə”nin 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsinin ölçüsü və planını təsdiq edərək torpaq sahəsinin normativ qiyməti ilə birlikdə bələdiyyəyə göndərir. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından (DTXK-rayon şöbəsindən) daxil olan sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən 5 gün sonra torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir.
Beləliklə, proses başa çatır, bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı, torpaq sahəsinin planını və ölçüsünü ərizəçiyə verir. Bu sənəd sadə dildə desək, ilkin sənədlər adlanır və həmin torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlərin əsli vətəndaşda qalmaqla surətləri DTXK-nın rayon şöbəsində, Bələdiyyədə qalır və eyni zamanda Bələdiyyə protokolu ilə birlikdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilir. (İndi isə Ədliyyə Nazirliyi Göyçay Regional Şöbəsinə).
Vətəndaş ilkin sənədlərdən sonra DTXK-nın Kadastr şöbəsinə müraciət etməli və torpağını Dövlət Kadastr xidmətində qeydiyyatdan keçirməlidir. Yalnız bundan sonra hər hansı tikəcəyi tikintinin razılaşdırılması üçün İH-nin Memarlıq və Tikinti Şöbəsinə müraciət edə bilər. Əgər vətəndaş həmin torpaq üzərində mülkiyyət hüququnu əldə etmək istəyirsə, mövcud sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Çünki AR – “Mülki məcəlləsinin” 178-ci maddəsinə əsasən “Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir”. Yalnız bundan sonra vətəndaş öz əmlakını sata, bağışlaya, miras və ya girov qoya bilər.
Qeyd edək ki, göstərilən Qanunların tələblərinə müvafiq olaraq sənədləşmə prosesində tələb olunan vəsait vətəndaşlar tərəfindən ödənilir.
– Bəs hansı vətəndaşlar birbaşa, hansılar isə hərrac yolu ilə həyətyanı torpaq sahəsi ala bilər?
– Qeyd edək ki, adı çəkilən Qanunlara əsasən ərazidə son beş ili yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar birbaşa torpaq sahəsi almaq hüququna malikdir. Yaşayış yeri üzrə başqa ünvanda olan vətəndaşlara isə torpaq sahəsi hərrac yolu ilə satılır. Lakin bir məqamı qeyd edək ki, ərazidə daimi qeydiyyatda olan vətəndaşlara satılan torpaq sahəsinin qiyməti ilə hərrac yolu ilə satılan torpağın qiyməti eyni olur. Burada qismən də olsa, sosial ədalət prinsipi pozulur. Güman edirik ki, bu fərq düzgün təhlil olunaraq, nə vaxtsa aradan qaldırılacaq. Ərazidə daimi qeydiyyatda olan vətəndaşlar mülkiyyətinə verilmiş torpaq sahəsini satdıqda, özgəninkiləşdirdikdə, ikinci dəfə beş ildən sonra həyətyanı torpaq sahəsi almaq üçün müraciət edə bilər.
Vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin verilməsi normaları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanun “Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları” adlanan 8-ci maddəsinə əsasən demək olar ki, İsmayıllı şəhəri ərazisində vətəndaşlara 0,08 hektaradək, qəsəbə və kəndlərdə isə 0,12 hektaradək torpaq sahəsi vermək olar. Lakin qeyd etməliyik ki, xüsusi mülkiyyətə verilən torpağın minimum həddinin müəyyən edilməsi Qanunla bələdiyyələrin səlahiyyətlərinə aid məsələdir.
Əhali arasında çaşqınlıq yaradan məsələlərdən biri də vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsində Qanunvericilikdə nəzərdə tutulan güzəştlərdir. Yuxarıda adını çəkdiyimiz “Əsasnamə”nin tələblərinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahəsi onların mülkiyyətinə bir dəfə pulsuz verilir”. Hərbi qulluqçulara verilən güzəştlər “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapır.
Adı çəkilən Qanunların müddəalarından da aydın olur ki, güzəştli təminat konkret şəxslərə aiddir. Digər vətəndaşlar həyətyanı torpaq sahəsi almaqda sosial mənsubiyyətindən asılı olmayaraq eyni hüquqlara malikdirlər.
Beləliklə, həyətyanı torpaq sahəsinin alınmasında vətəndaşların hüquq və vəzifələrini qismən də olsa, aydınlaşdıra bildik. Öz hüquq və vəzifələrini bilən vətəndaş həyətyanı torpaq sahəsi almaq istədikdə ünvanı düzgün seçməli, digər dövlət qurumlarını əsassız olaraq narahat etməməlidir.
Rövşən Şirəliyev,
bələdiyyə qulluqçusu

Şərh Yaz