Bir-birimizə dayaq duraq

Bir-birimizə dayaq duraqŞəhər, qəsəbə və kəndlərimizdə yaşayan insanlar həmişə birbaşa rayon rəhbəri ilə ünsiyyətdə olmaq istəyiblər. Arzulayıblar ki, onları dinləsinlər, fikirlərini eşitsinlər, problemlərinin həllinə, sosial həyatlarının yaxşılaşdırılmasına yardımçı olsunlar. Hamıda razılıq yaradan odur ki, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov belə ünsiyyətə daha çox ehtiyac duyur və görüş-qəbullar keçirir.
Bu günlərdə Təzəkənd kəndində 150 nəfərdən çox sakinlə görüş-qəbulda özünü göstərdi. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərinə müraciət edərək dedi:
– Möhtərəm prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrini məsuliyyətlə yerinə yetirməyə səy göstərirəm. Bölgədə və kəndlərdəki problemlər mənə tanışdır. Vəziyyətin yaxşılaşması üçün birinci növbədə torpağa münasibət dəyişməlidir. Ona iş yeri və gəlir mənbəyi kimi baxılmalıdır. Qüvvələri bir yerə qoyub fermer təsərrüfatları yaratmaq, insanları işlə təmin etmək istiqamətində fəaliyyət qurulmalıdır. Mənə məlumdur ki, bu kənddə maldarlıq, quşçuluq və arıçılıq üzrə fermer təsərrüfatı yaratmaq istəyənlər var. Biznes planlarınızı təqdim edin, banklar da 200 min manata qədər kredit verir. Bir çox problemlərin kənddə həlli üçün kənddə icma yaradılmalı, ağsaqqallar onu idarə etməlidirlər.
Həyatımızın normal olması üçün bir-birimizə hörmətlə yanaşmalıyıq. Bir kiçik uşaq bağçasında xeyli problem var. Mən istəməzdim ki, Təzəkənd uşaq bağçasında münasibətlər bu həddə çatsın. Qanun qarşısında hamı bərabərdir və hər kəs də əməllərinə görə cavabdehdir.
Onu da xatırladım ki, hər məsələdən ötrü rayon İcra Hakimiyyətinə gəlməyə ehtiyac yoxdur. 164 nömrəli qaynar xətt telefonu sizin xidmətinizdədir.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonra qəbula gələnləri dinlədi. Qarabağ müharibəsi əlili Vaqif Bağıyev evlə əlaqədar sözü olduğunu diqqətə çatdırdı. Mirdaməd müəllim dedi ki, sənin problemin mənə bəllidir. Sən ən şirin şey olan canını bizim yolumuzda qoymusan. Rayon mərkəzində əlillər üçün yaşayış binası tikilsə, oradan ev alacaqsan. Bu iş ləngisə, kənddə sənin üçün ev tikəcəyik. Ailən, övladların hər cür qayğıya layiqdir.
Əli Səmədov müharibə veteranı olaraq uyğun olmayan imtiyazlar istədi. Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədova tapşırıldı ki, Ə.Səmədova iş versin (İndi işləmək istəyənlər üçün iş yeri problem deyil).
Saday Səfərov yaşadığı evin arxasından qrunt sularının axdığını, Qurban Ağayev həyətyanı torpağının olmadığını bildirdi, İdris Abbasov Qaraqaya kəndinə qaz çəkilməsini və ümumi orta məktəbin tam orta məktəbə çevrilməsini xahiş etdi. Qaldırılan məsələlərlə əlaqədar müvafiq sahə rəhbərlərinə tapşırıqlar verildi.
Bir-birimizə dayaq duraqDini ayinlərin icraçısı Mehman Babayev məscidin dövlət qeydiyyatından keçirilməsini xahiş etdi.
RİH-nin başçısı qeyd etdi ki, hər kəs dini inancında azaddır, dini ayinlərin icrasında kimsə, kiməsə mane ola bilməz. Dini icma da Qanunla – “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə idarə olunmalıdır.
Ehtiyatda olan zabit Eynulla Bağırov yüksək gərginlikli elektrik xəttinin yaşayış massivindən çıxarılmasının və qazın verilməsində təzyiqin artırılmasını xahiş etdi.
Bu məsələlərlə əlaqədar müvafiq tapşırıq verildi.
Yardım istəyənlərə, evinin təmirinə köməklik umanlara iş qurmaq, yaranan iş yerlərində işləmək təklif olundu. Bildirildi ki, Novruz bayramında hamının imkanı olacaqdır ki, Milli bayramımızı arzu etdiyi səviyyədə keçirsin. Başlıca işimiz odur ki, bir-birimizə dayaq duraq.
Valeh Salehov

Şərh Yaz