Ziyalı mühiti yaradılmalıdır

Ziyalı mühiti yaradılmalıdır
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov işə başladığı ilk gündən bütün əhali qrupları ilə görüşür, bölgəni gerilikdən çıxarmaq yolları, insanların həyatındakı problemlərin həlli, siyasi-ideoloji və mənəvi mühitin yaxşılaşdırılması, bütün fəaliyyət istiqamətlərində qanunçuluğun bərpası, təhsilin, səhiyyənin, mədəniyyətin ölkənin müasir inkişaf səviyyəsinə çatdırılması barədə onlarla məsləhətləşir.
RİH başçısı M.Sadıqov 18 mart 2013-cü il tarixdə şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri və təhsil işçiləri ilə məhz bu məqsədlə görüşdü. Ziyalıları salamladıqdan sonra dedi:
– İcra başçısı təyin olunduğumdan artıq bir ay keçib. Prezident İlham Əliyev mənə rayonun problemlərini həll etməyi tapşırdı. İsmayıllıların vətənpərvərliyinə, işgüzarlığına güvənib bu etimadı doğruldacağıma söz vermişəm. Prezident İsmayıllı sakinlərinin qayğısına qalmaq məsuliyyətini üzərimə qoydu, mənə etimad göstərdi. Mən indi daha imkanlıyam ki, sizinlə birgə çox iş görüm, insanlara layiq olduqları həyatı yaşamaqda kömək edim. Əvvəlcə onu qeyd edim ki, adam başına düşən gəlirə görə ətraf rayonlardan çox geri qalırıq. Ümumi daxili məhsul istehsalına, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafına görə də gerilik özünü göstərməkdədir. İsmayıllı şəhərində 193 kilometr uzunluğunda 81 küçə var. Onun cəmi on beşində işıqlandırma sistemi quraşdırılıb. Səhiyyədə gerilik xüsusilə narahatlıq doğurur. Mərkəzi xəstəxananın hesabatları reallığı əks etdirmir. Yoluxucu xəstəliklər artır. Rayonun sosial həyatının heç bir istiqamətində normal vəziyyət yoxdur. Bazar antisanitariya vəziyyətindədir. Ticarətin təşkilindən danışmağa belə dəyməz.
Ziyalı mühiti yaradılmalıdırMədəniyyət və turizm sahəsində mükəmməl bir işin şahidi olmaq mümkün deyildir. Mədəniyyət mərkəzi qəzalı vəziyyətdədir. Xalq teatrı varmı? Hansısa bir maraqlı tədbirin keçirilməsinin şahidi olmusunuzmu? Mədəniyyət və turizmlə bağlı qrant layihələri barədə kimsə düşünməyib. Təəssüflər olsun ki bunların hər biri faktdır.
Təhsil sahəsində nailiyyətlər var. Bunlarla yanaşı qəzalı vəziyyətdə olan, qızdırılmayan, sanitariya-gigiyena qaydalarına cavab verməyən, başdansovdu təmir olunan məktəblər də var. Rayonda 6 min nəfər bağça yaşlı uşaq olsa da, cəmi 10 uşaq bağçası mövcuddur. Belə ehtiyacın qarşısında şəhər ərazisindəki 2 uşaq bağçası və körpələr evi özəlləşdirilib. Acınacaqlı haldır ki, özəlləşmədən sonra bu bağçalar qanunla müəyyən olunmuş müddətdə öz profilinə uyğun fəaliyyət göstərməyib.
Təhsil elə səviyyədə inkişaf etməlidir ki, repetitorluğa ehtiyac qalmasın. Müəllimlər qrant layihələri işləməli və o layihələrdən qazanc əldə etməlidirlər.
Ziyalı mühiti yaradılmalıdırSizinlə bu fikirləri ona görə bölüşürəm ki, hər yerdə ziyalı mövqeyi, ziyalı sözü özünü göstərməlidir. Rayonda əsil ziyalı mühiti yaradılmalıdır. Bu işdə müəllimlərimiz öndə getməlidirlər.
Nöqsanları ona görə çox qeyd edirəm ki, onlara siz də ziyalı mövqeyindən yanaşasınız. Tək məktəbin fəaliyyəti yox, bütün sahələrdə gedən işlər də diqqətinizdə olmalıdır. İsmayıllı ilə qonşu rayonların ortaq iqtisadiyyatı və kənd təsərrüfatı istehsalı Aqrotexnologiya Universitetinin açılması zərurətini ortaya çıxarmışdır. Sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılmasına başlanmışdır və bu davamlı olacaq. Rayonda fəaliyyətdə olan banklarda vətəndaşlara 13,5 faizdən yuxarı kredit verilməyəcək. Əsas məqsəd ondan ibarətdir ki, insanlar üçün iş yerləri açılsın. Bir ay müddətində 700 nəfər işə düzəlib. 17 martda Əmək yarmarkası keçirilib və burada iş axtaranlara 415 iş yeri təklif olunub.
Sizi əmin edirəm ki, bundan sonra idarə və təşkilatların fəaliyyətində heç bir neqativ hal baş verməyəcək, bütün sahələrdə şəffaflıq hökm sürəcək, kimsə kiminsə haqqına, hüququna toxuna bilməyək. Əsas amalımız, məqsədimiz xalqa xidmətdir. Bu xidmət istiqamətində bir sıra işlər başlanmışdır. Bir neçə məhəllədə “Xeyir-şər” evləri tikilir. Sanitariya-gigiyena qaydalarına cavab verəcək bu evlər xidmətçi və lazımi avadanlıqları ilə təmin ediləcəkdir.
Cavanşir yurdunda onun adına park salınacaq və abidəsi qoyulacaq. Şəhərsalma qaydaları bərpa olunacaq. Şəhərin özünəməxsus memarlıq üslubu yaranacaq. Vətəndaşlar ev tikintisində heç bir süni maneə ilə rastlaşmayacaqlar. Hər kəsə işləyərək yaşamaq şəraiti yaradılacaq. Torpaqlardan istifadənin səmərəli yolları müəyyənləşdiriləcək. Hər bir insanın normal yaşaması üçün lazımi şərait yaradılacaq, tibb məntəqələri, məktəblər açılacaq ki, kəndlər boşalmasın, torpaqlar sahibsiz qalaraq sıradan çıxmasın. Pay torpaqları becərilsin, nəsildən-nəsilə ötürülsün. Yeni yaradılmış İntellektual Karyera Mərkəzində iş axtaranlar uyğun istiqamət götürə biləcəklər.
Rayonun sosial-iqtisadi həyatının bütün istiqamətlərində rəqabət mühiti bərqərar olacaq. Rayonun inkişafı və insan həyatının zənginləşməsi üçün mümkün olan hər şeyi edəcəyik. Təbii ki, hər birinizin, rayon ziyalılarının fəal iştirakı ilə.
RİH-nin başçısı Mirdaməd Sadıqovun səfərbəredici və səmimi çıxışından sonra məktəbin müəllimləri Mövlud Ağayev, Natiq Salmanov, Namiq Salmanov və direktor Əhmədağa Ələkbərov çıxış edərək az müddətdə görülən çox işlər üçün minnətdarlıqlarını bildirdilər, məktəb və rayonun ictimai həyatı ilə bağlı bir sıra problemlərdən danışdılar.
Rayon rəhbərliyi ilə görüşdən ziyalılar gələcək fəaliyyətləri üçün istiqamət götürdülər və görüşdən məmnun qaldıqlarını bildirdilər.
Ş.Soltanov

Şərh Yaz