Səmimi qəbul, dəyərli nəticələr

Səmimi qəbul, dəyərli nəticələr
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir kənddə olub sakinlərin problemlərini öyrənir, bütövlükdə rayonun inkişafı üçün səmərəli təklif və məsləhətlərini eşidir, fəaliyyət proqramında nəzərə alır.
Növbəti belə görüş-qəbul 24 mart 2013-cü il tarixdə Aşıqbayramlı kəndində keçirildi. 200 nəfərə qədər kənd sakini görüşdə iştirak edirdi.
Mirdaməd müəllim qeyd etdi ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Respublikanın inkişaf tempinə uyğun olaraq rayonu yüksəltmək üçün icra hakimiyyətinin başçısı təyin edilmişəm. Bu gün sizinlə görüşməkdə də əsas məqsədim odur ki, sizə iş qurmaqda kömək edim. Necə edək ki, ələbaxımlıq hallarına son qoyulsun. Hər bir şəxs özünə güvənsin, ailəsinin həyatı üçün məsuliyyət daşısın, özünün həll etməli olduğu problemləri icra orqanlarının üzərinə yönəltməsin. İnsanlar birləşib iş qurmalıdırlar. Nə üçün südçülük, ətçilik, quşçuluq, üzümçülük üzrə sizdə təsərrüfatlar olmasın. Pay torpaqları satılmamalı, gələcək nəsillərə saxlanmalıdır. Çoxsaylı ərizələrlə nəyəsə nail olmaq mümkün deyildir. Yaşamaq üçün işləmək lazımdır. Mən sizə iş qurmaqda yardımçı olacağam. Rayona dövlətimiz 40 milyon manata qədər kredit ayırır. Yeni düşüncə tərzi ilə işə yanaşmaq lazımdır. Kredit almaq üçün biznes-planlar işlənməli, kooperativlər, birgə təsərrüfatlar yaradılmalıdır. Hər bir kənd öz iqlim şəraitinə, əmək ehtiyatlarına, iqtisadi yönümünə uyğun iş yeri açmalıdır.Səmimi qəbul, dəyərli nəticələr
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışını yekunlaşdırdıqdan sonra xahişi, təklifi, şikayəti olan iştirakçıları dinlədi. Qaldırılan məsələlərə tam obyektiv və qanuni əsasda yanaşıldı. İcra orqanlarının üzərinə düşən məsələlərin həlli aid təşkilatlara tapşırıldı. Layihəsi hazır olan Qarakolluq kəndinə içməli su çəkilişini avqust ayına qədər başa çatdırmaq Su-kanal idarəsinin rəisi Ağasəf Əliyevə həvalə olundu.
Mədəniyyət sahəsində əsaslı dönüş yaratmaq, dağılmaqda olan klubu yararlı hala salmaq mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasova bir vəzifə olaraq tapşırıldı.
Görüş-qəbulun ən müsbət nəticəsi o oldu ki, camaat birbaşa rayon rəhbəri ilə təmasda oldu, çoxsaylı insanlar öz yaşayış yerində dinlənildi. Məsləhət görüldü ki, hər kəs ixtiyarlıdır ki, rayon icra hakimiyyətinə gəlmədən 164 saylı qaynar xəttə zəng eləsin, sözünü desin, xahişini etsin.
Nazim Həmidov

Şərh Yaz