Yaddas kitabcasi

Çərşənbə adını doğrultdu

Çərşənbə adını  doğrultduNovruz aydınlıq, duruluq, yenilik, təbiətin oyanışı və xoş əhval-ruhiyyədir. İlk öncə dörd çərşənbə – su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Bu ilki yel çərşənbəsi martın 12-ə təsadüf etdi. Yel çərşənbəsində yel azacıq oyanmış torpağı, təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Xalqımız çərşənbələri də bayram kimi qarşılayır və qeyd edir. Həmin gün İsmayıllı şəhərində böyük qələbəlik gözə dəyirdi…
Çərşənbə adını  doğrultduYel çərşənbəsinə bir neçə gün əvvəlcədən hazırlıq işlərinə başlanmışdır. Şəhərin Heydər Əliyev prospektində Qala divarlarının önündə səhər tezdən hazırlıq işlərinə başlanmışdır. Şənlikdə iştirak edəcək təşkilat, müəssisə və məktəblər üçün xüsusi yerlər ayrılmış, hərə öz hazırlığına başlamışdı. Qala divarları önündə, Zərifə Əliyeva adına parkla üzbəüz olan yerlərdə sözün əsil mənasında yaz mənzərəsi vardı. Hər tərəfdə səmənilər, müxtəlif xonçalar, əl işləri və sənətkarlıq nümunələri, rəsm əsərləri, misgərlik məmulatları, kənd təsərrüfatı məhsulları, qədim məişət alətləri və nələr, nələr göz oxşayırdı…
Çərşənbə adını  doğrultduÜmumrayon tədbiri gündüz saat 15-də başlanacaqdı. Buna baxmayaraq, səhərdən buralar qələbəlik idi, xüsusilə də bu mənzərə uşaqları daha çox özünə cəlb edirdi. Səhərdən əsən külək doğrudan da yel çərşənbəsinə uyğun idi, bununla o, öz adını doğrultmuşdu. Qəribə də olsa, bu külək tədbirin sonunadək davam etdi.
Günortadan sonra buraya gələnlərin sayı get-gedə artmaqda idi. Rayonun kəndlərindən gəlmiş bədii özfəaliyyət kollektivlərinin müxtəlif yerlərdəki çıxışları buraya toplaşanlara xoş əhval-ruhiyyə bəxş edirdi. Hərə öz məharətini göstərməyə, fərqlənməyə çalışırdı.
Qala divarlarının önü səməni nimçələri, xonçalarla bəzədilmişdi. Sanki bura yazın bir parçası idi, adamları qoynuna çağırırdı. Şair demişkən:
Gəldi bahar bayramı,
Nurlandı ellər şamı,
Nimçələrdə səməni,
Əks edir göy çəməni.

İsmayıllı torpağına yavaş-yavaş yaz gəlməkdədir. Bir azdan meşələrimiz yaşıl donunu geyinəcək, onun qonaq-qarası da çoxalacaq. Əmək adamları yaz-tarla işlərinə başlayacaq, gələn ilin bol məhsulu üçün torpaqla ünsiyyətdə olacaqlar.
Gün boylanar, şeh zərləşər,
Günəş yanar, gözəlləşər,
Sular axıb əzbərləşər,
Dağın, daşın dodağında,
İsmayıllı torpağında.

Tədbirin başlanmasına az qalıb, adamların ardı-arası kəsilmir. Qala divarının önündə hərə özünə maraqlı bir məşğulat tapıb: kimisi el sənətkarlarının əl işlərinə tamaşa edir, kimisi isə rəqs edənlərə, mahnı oxuyanlara diqqət kəsilib.
Qala divarlarının önünə toplaşanlar buraya gəlmiş kollektivlərin işləri ilə tanışlıq məqsədilə gəzişməyə başlayırlar. Buraya toplaşanların böyük əksəriyyəti məktəblilər və gənclərdir.
Çərşənbə adını  doğrultduRİH-nin başçısı Mirdaməd Sadıqov, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri tədbir yerinə gəlirlər. Onlar Mollaisaqlı kəndindən gəlmiş folklor ansamblı ilə tanış olurlar. Onlarla yanaşı qonşuları olan Hacıhətəmli məktəbliləri də öz məharətlərini göstərirlər. Hər iki kollektiv hapıt dilində xorla mahnı oxuyur. Novruzun ayrılmaz atributu olan Kosa və Keçəl də özlərinin məharətini göstərmək istəyirlər. Bu arada Keçəl fürsət tapıb başçı ilə yumurta da döyüşdürür.
Həmişə rayonda keçirilən tədbirlərin daimi iştirakçıları olan İvanovka kənd Mədəniyyət Evinin “Slavyanoçka” ansamblı da buradadır. Başçı kollektivə yaxınlaşır və onları salamlayır. Onlar kənddə istehsal etdikləri kənd təsərrüfatı məhsullarını da burada nümayiş etdirirlər.
Kürdmaşı kəndindən gələn kollektiv də burada sac qoyub yuxa bişirir, səməni, xonça, qədim məişət alətləri olan cəhrə və nehrə nümayiş etdirir.
Çərşənbə adını  doğrultduUşaq Yaradıcılıq Mərkəzinin kollektivi buraya çoxlu rəsm əsərləri, müxtəlif modellər, rayonun qədim abidələrinin maketləri (Cavanşir, Qız qalaları), mənzərə rəsmləri və sair gətirmişdir.
Şəhər 6 saylı tam orta məktəbin kollektivi də burada “Yallı” gedərək tamaşaçıları əyləndirirlər. Rayon Peşə Liseyinin bir qrup şagirdi kulinariya məharətlərini nümayiş etdirir.
Çərşənbə adını  doğrultduİsmayıllı kənd və şəhər 3 saylı körpələr evi-uşaq bağçasının uşaqları da şənliyə qatılmışlar. Müxtəlif rənglərdə milli paltar geymiş bu körpələr çiçəkdən-çiçəyə qonan əlvan kəpənəkləri xatırladırdı. Gətirdikləri xonça və səməni nimçələri də buradadır.
Sahibkar Ruhiyyə Süleymanova da əsil çəmən tablolarını xatırladan – öz məhsulları olan muxtəlif çeşnili xalçaları burada nümayiş etdirirdi. Onun qonşuluğunda Lahıc misgərlərinin əl işləri olan mis qablar – samovar, qazanlar, aşsüzənlər, kəfgirlər, güyümlər, məişətdə işlədilən digər əşyalar nümayiş olunur. Misgər Nəzər Əliyevlə də burada görüşürük. Usta bizə buradakı müxtəlif təyinatlı məişət qab və alətlərin təyinatı barədə məlumat verir. Elə buradaca mərhum misgər Hacı usta Nağının əl işləri olan iri mis qazanların piramidası diqqətimizi çəkir. Piramidanın “özülünü” təşkil edən nəhəng qazanı qaldırmaq üçün 3-4 nəfər döşünə döyən igid lazımdır. Usta Nəzər bizim marağımızı görüb deyir:
– Bu qazan xeyrat üçün nəzərdə tutulub, məscidlərdə xörək bişirib əhaliyə paylayardılar.
Çərşənbə adını  doğrultduLahıc folklor ansamblı da, onun solistləri də tamaşaçılara məharətlərini göstərdilər. Düzdür, bu ansamblın kütlə qarşısında çıxışı bir qədər sonra baş tutdu. Yeri gəlmişkən, qeyd edək ki, bu ansamblın çıxışı və müğənni Sahibə Abdullayevanın tat dilində oxuduğu mahnı gurultulu alqışlara layiq görüldü.
Qala divarlarının mərkəzində səhnə düzəldilmişdir. Musiqiçilər ansamblı burada yerini tutub. Qala divarına vurulmuş “Novruz bayramınız mübarək” sözləri yazılmış nəhəng plakat uzaqdan diqqəti cəlb edir. Səhnənin ortasındakı stolların üstünə xonçalar, səmənilər düzülüb. Səmənidən düzəldilmiş respublika xəritəsi maraqlı idi. Rayon bədii özfəaliyyət kollektivlərinin konserti də burada baş tutdu. Aparıcılar Nərmin Osmanlı və Nazim Aydınov bayram iştirakçılarına müraciətlə:
– Bəli, əziz həmvətənlər, bahar elimizə, obamıza xoş gəlir! Bu gözəl Bahar bayramında hər birinizi xoş gördük. Bu ilan ili Vətənimizə, xalqımıza düşərli olsun. Ümummilli liderimiz H.Əliyevin layiqli davamçısı İ.Əliyevin başçılığı ilə xalqımıza yeni-yeni qələbələr arzulayırıq. İsmayıllı torpağına da Baharın gəlişini müşahidə edirik:
Arxalıdır sıra dağlar,
Bir üzü gel, bir üzü qar.
Bir şairə, bir şair var
Hər ananın qucağında,
İsmayıllı torpağında.

Nəfəs alətləri ifaçısı Əlicavad Cavadovun ifasında zurnada “Cəngi” havası ilə tədbirin başlanmasına start verilir. Sonra Dədə Qorqud – Sahil Osmanov məclis əhlini salamlayır. Çərşənbə adını  doğrultduAparıcılar İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova söz verirlər. Başçı bayram şənliyinə toplaşanları salamlayır, onların timsalında hamıya xoşbəxtlik, səadət arzulayır. Əziz ismayıllılar, bayramınız mübarək olsun!-deyir.
Söz yenə musiqiyə verildi. Müğənni Sahibə Abdullayeva oynaq bir mahnı ilə tamaşaçıları salamladı.
Mirdaməd Sadıqov yel çərşənbəsinə gələnlərlə tanışlığını davam etdirir. Basqal qədim sənətkarlıq məskəni kimi tarixə düşüb. Basqallılar bu bayram tədbirinə kəlağayı, bəzi əl işləri, ağacdan düzəldilmiş bəzi məmulatlarla təmsil olunmuşlar. Əslinə qalanda ağac məmulatları basqallılar üçün heç də xarakterik deyil. Basqal dedikdə ancaq məşhur, sorağı uzaq-uzaq ellərdən eşidilən, qız-gəlinlərimizin əvəzsiz bəzəyi olan kəlağayılar yada düşür. Çox təəssüf ki, bu qədim sənətkarlıq diyarı öz əvvəlki şan-şöhrətini çoxdan itirib. Buradakı kəlağayı sexlərinin qapıları bağlanıb, dəzgahların səsi isə batıb. Onlarca adamın qazanc mənbəyi olan, iş yeri olan sexlər sənətkar əllərinə möhtac qalıb. Bəlkə yaxın zamanlarda biz yenə həmin dəzgahların işə düşəcəyinin şahidi olacağıq. Doğrusu, adam belə bir günün gələcəyinə inanmaq istəyir. Necə deyərlər, yaşayarıq, görərik. Ümid sonda ölür, ifadəsi də var. Biz bu ümidin ölməsini yox, həqiqətə çevrilməsini, çin olmasını arzulardıq.
Çərşənbə adını  doğrultduParkla üzbəüz olan küçədə idman döşəkləri düzülüb. İsmayıllı Olimpiya Kompleksinin, idman məktəbinin, ayrı-ayrı orta məktəblərin idmançıları həmin döşəklərin üstündə güləş, cüdo və sair şərq döyüş nömrələri üzrə nümunəvi çıxışlar edirlər. Elə burada gənclər qol güclərini yoxlayır, uduzan həmtaylarının gülüş hədəfinə çevrilir. Digər bir qrup gənc isə ağır, pudluq daşları atıb-tutur, qüvvəsini sınayır.
Başçı M.Sadıqov şənliyə gələn digər məktəblərlə də görüşür. Talış, Təzəkənd, Sumağallı, Sulut məktəblərinin əl işləri maraq doğururdu. Səməni və xonçalar da öz yerində. Talıstan mədəniyyət evinin xalq çalğı alətləri ansamblı da tamaşaçıları əyləndirirdi. Onların nümayiş etdirdikləri əl işləri, xüsusilə də yun ipdən toxuduqları müxtəlif rəngli qızıl güllər tamaşaçıların marağına səbəb olmuşdur.
H.Əliyev adına Mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvlərinin əl işləri – tablolar, bitki toxumları ilə bəzədilmiş müxtəlif qablar tamaşaçıları daha çox cəlb edirdi. Ən çox rəsm əsərləri də burada nümayiş olunurdu. Buradakı tabloların hər biri adamları ayaq saxlamağa məcbur edirdi. Uşaqların gələcəkdə görkəmli rəssam olacağına şübhə qalmır. Kim bilir, bəlkə gələcəyin ən görkəmli rəssamlarından biri burada yetişir. Məhz buna görə də Mirdaməd müəllim həmin uşaqların dörd nəfərinə kompyuter dəsti bağışlayır.
Sulut məktəbliləri ağac köklərindən ibarət əl işləri maraqlı idi. Bu köklərdən ilan, müxtəlif həşəratlar hazırlanmışdı. Tarixi abidələrin maketləri də maraq doğururdu.
Uşaq incəsənət məktəbinin xalq çalğı alətləri ansamblının çıxışları da xeyli tamaşaçı alqışı qazanmışdır.
Rayon mədəniyyət mərkəzi rayonda turizm şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar buraya xeyli jurnal, broşura, bukletlər gətirmişdi. Həmin çap məhsulları rayonun turizm imkanlarını çox yaxşı əks etdirir.
Çərşənbə adını  doğrultduMərkəzdə bədii özfəaliyyət üzvlərinin çıxışları bir-birini əvəz edir. Burada xalq mahnıları, muğam və bəstəkar mahnıları, bayatılar, aşıq mahnıları səsləndi. Rəqs həvəskarları da öz istedadlarını nümayiş etdirdilər. Burada aşıqlar ansamblının (rəhbəri Aşıq Yanvar) çıxışı adamlara xoş ovqat bəxş etdi. Tədbirdə İvanovka, hapıt və ləzgi ansamblları da öz məharətlərini göstərə bildilər. Bahar qız, Kosa və Keçəl də öz işlərində idi: şən və gülməli zarafatları ilə tamaşaçıları əyləndirirdi. Çərşənbələrə həsr edilmiş bayatılar səslənir.
Yel çərşənbəsi:
Dağdan yel əsir yenə,
Səbrimi kəsir yenə,
Getdin, məni eylədin
Yolunda yesir yenə.

Meydan Kosa və Keçələ verilir. Onlar müasir mövzuda olan meyxana ilə tamaşaçıları salamlayırlar. Meydanda mahnı mahnıya, rəqs rəqsə qarışır, hamı şənlənir. Ən çox sevinənlər isə uşaqlar olur. Bu gün onların idi, şən və qayğısız bir gün.
Çərşənbə adını  doğrultduArtıq tonqalın alovlanan məqamıdır. Dədə Qorqud məşəli yandırıb tonqala yaxınlaşdırır, alov göyə qalxır, ətrafı alqış sədaları bürüyür. Hamı tonqalın ətrafına toplaşıb, adətən, tonqalın üstündən tullanar və deyərlər: ağırlığım-uğurluğum oda. Ancaq tonqal çox hündür olduğuna görə onun üstündən tullanmağa cürət edən yoxdur. Tədbir başa çatır. Mirdaməd müəllim rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivi ilə görüşür, tədbirdə fəal iştiraklarına görə onlara təşəkkür edir və razılığını bildirir, həmçinin kollektivin üzvləri ilə tanış olur, onların problemləri ilə maraqlanır.
Beləliklə, novruzun bir də başa vurduq. Tonqal get-gedə avazıyır, indi qalır ilaxır çərşənbəsinin tonqalı və Baharı qarşılamaq. O gün olsun ki, bu tonqallar bizi Qarabağa, torpaqlarımızı erməni işğalçılarından azad etməyə çağırsın.
Şahməmməd Soltanov
Bəybala Babayev

Şərh Yaz