Aqronom məsləhəti

Taxıl böcəyi təhlükəli zərərvericidir
Taxıl böcəyi əsasən dəmyə şəraitdə becərilən sahələrdə geniş yayılaraq əkinləri zədələyir.
Taxıl böcəyinin dişi fərdlərinin yumurta qoymaları sentyabr ayının əvvəllərindən başlayaraq, oktyabrın ikinci ongünlüyünədək davam edir. Fərdlərin rəngi qara olmaqla, uzunluğu 13-16 millimetr olur. Yumurtalar torpağın nəmliyindən asılı olaraq 7-10 santimetr dərinlikdə qoyulur. Bir dişi fərd 100-ə qədər yumurta qoyur. Ötən payız mövsümünün mülayim keçməsi zərərvericinin inkişafını və zərərvurma həddini artırmışdır. Payızda yeni əmələ gələn sürfələr xüsusilə, gecə vaxtı taxıl cücərtiləri ilə qidalanmaqla ziyan vurur. Onların zədələdiyi kolların aşağı və orta yarpaqları torpağa dartılaraq spiralvari burulmuş və ya deformasiyaya uğramış kimi görünür. Sürfələr tərəfindən zədələnmiş yarpaqlar inkişafdan qalaraq saralır və soluxur. Sürfələr havalar kəskin soyuduqda torpağın dərin qatlarında qışlayır.
Böcəyin sürfələri torpaqda düzəltdikləri yuvada yaşayır. Yazda orta gündəlik temperatur 7-8 dərəcəyə çatdıqdan sonra sürfələr yenidən qidalanmağa başlayırlar. Aprel ayının ikinci ongünlüyündən etibarən, sürfələr puplaşmağa başlayır. Pup mərhələsi 15 günə qədər davam edir.
May ayının əvvəlindən sonuna qədər sahələrdə böcəklərə təsadüf olunur. Böcəklər də sürfələr kimi, gizləndikləri yerlərdən gecələr çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır. Böcəklər iyulun ikinci yarısından etibarən torpağın 25-30 santimetr dərinliyinə gedərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayır. İldə bir nəsil verir.
Ziyanvericilərlə mübarizə məqsədilə aqrotexniki mübarizə tədbirlərinə xüsusi diqqət verilməlidir. Taxıl sahələri səpinə hazırlanarkən torpaq altına optimal normada fosfor gübrəsi verilməlidir. Növbəli əkin sisteminə üstünlük verilməli, şumun ən azı 25 santimetr dərinlikdə aparılmasına, səpinin optimal müddətdə keçirilməsinə riayət olunmalıdır. Payızda və yazda vaxtaşırı müşahidələr aparılmalı, hər kvadratmetr sahədə 3-4 ədəd sürfə müşahidə edilərsə, kimyəvi mübarizəyə başlanmalıdır. Bu məqsədlə kimyəvi preparatlardan (insektisidlərdən) istifadə olunması tövsiyə edilir. Bu insektisidlərdən “Sipermetrin, “Alfa-sipermetrin”, “Xlorprifos” tərkibli Motodor, Motodor MİX, Meqaban, Arrivo, Siraks, Fastoks, Xlorban 0,3-0,4 litr-hektar məsarif normasında hər hansı birindən hektara 300 litr işçi məhlulu çiləməklə mübarizə aparılmalıdır. Kimyəvi mübarizə zamanı fərdi mübarizə vasitələrindən istifadə etməyi unutmayın, əks təqdirdə, səhhətinizə ziyan vura bilərsiniz.
A.Əsədov,
İsmayıllı rayon Bitki Mühafizə Mərkəzinin rəisi

Şərh Yaz