Oxucularımızın yaradıcılığı

Xocalım
Batıb, doğan bir günəşə bənzərsən,
Doğarsan yenə də səhər, Xocalım.
Çatar öz haqqına haqsız olanlar,
İçər əlimizdən zəhər, Xocalım.

Yerdə qalmaz tökülən qan bir daha,
Basmaz göylərini duman bir daha,
Düşmənə vermərik aman bir daha,
Keçib gedər bu qəm, qəhər, Xocalım.

Qalx ayağa, sil gözünün yaşını,
Vermərik kimsəyə bircə daşını.
Ey Vətənim, daha dik tut başını,
Bizimkidir sabah zəfər, Xocalım!
Nazir Ziya (Talıstanlı)

Ölümə hazır deyiləm
Ürəyim, infarkta hələ üz vermə,
Gözüm, işığını hələ itirmə.
Əlim, qoru saxla öz qüdrətini,
Hələ də üstümdən götürməmişəm
Tarixin ən ağır bir töhmətini,
Taleyin ən ağır bir lənətini.
Haqqım yoxdur bu gün qaralım, sönüm,
Uzaq dayan məndən, uzaq, son günüm!
Mən hələ ölümə hazır deyiləm!

Yada yurd verənin Allahı yoxdur,
İnan imanının batilliynə.
Ən adi bir ömür yaşadım, yetər,
Dözmərəm ölümün adiliyinə.
Allahı dəlitək sevə-sevə mən
Ölmək istəmirəm Allahsız kimi.
Layiqli bir qisas alıb düşməndən,
Qanla yumalıyam öz əllərimi.
Mən hələ ölümə hazır deyiləm!

Ey ölüm, heçliktək çökmə canıma,
Qara yuxu kimi gəlmə yanıma.
Soyuq bir su kimi çilənmə, aman,
Od dolu hissimə, həyəcanıma.
Mən öldürməliyəm ölməzdən əvvəl,
Bir şəhidlik kimi gəlirsənsə, gəl!
Can alanın canın alım, görüşək,
Qatilin qatili olum, görüşək!
Döyüşdüyüm yerdə yaxala məni,
Hücumda, səngərdə yaxala məni.
Mən indi ölümə hazır deyiləm!

Ölmək istəmirəm evdə, otaqda,
Rahat çarpayıda, yumşaq yataqda.
İnsanlıq adına bir ləkə olan
Düşmənimə gülüb getmək istərəm,
Sadə bir kəfəndə od tutar canım,
Bayrağa bükülüb getmək istərəm.
Sonuncu döyüşdə son mərmi kimi
“Qələbə” sözünü gərək mən deyəm.
Mərdlik kitabının səhifəsində
Təzə qızıl sətrə çevrilməliyəm.
Əcəl, gözlə döyüş başlananadək,
Daşnak Şeytan kimi daşlananadək.
Mən hələ ölümə hazır deyiləm!
Oxucularımızın yaradıcılığıOqtay İsmayıllı

Lahıc
Möcüzə yaranıb bu yer… İlahi,
Hicabdır üzünə qayası – Lahıc.
Gizlənib nəzərdən dağlar qoynunda,
Tarixin isməti, həyası – Lahıc.

Yer adlı xalıda naxışdı, nədi?
Utancaq gözəldə baxışdı, nədi?
Gülüstan İrəmlə yarışdı, nədi?
Qüdrət qələminin boyası – Lahıc.

Şirvan torpağının bakir ocağı,
Sehrlə doluymuş qoynu, qucağı.
Durub keşiyində Niyal yaylağı,
Düşübdür üstünə sayası, Lahıc.

Bura haqq yoludur – ziyarət yolu,
Boş ruhla gələnlər qayıdır dolu.
Tarixlər yaşadar uludan-ulu,
Xanım anaların laylası, Lahıc.

Çox olur qonağın, hər cazibədə,
Fərqi yox, ya pəri, ya mələkzadə.
Burda yaraşıqdır çiynə kuzə də,
Gözəldir özünün sonası Lahıc.

Hərəyə bir ömür bəxş etmiş Xuda,
Çoxları bu yerdən düşmüşdür cüda.
Qərib balasının şirin yuxuda,
Vətən həsrətində röyası – Lahıc.

Qoynunda yaşamaq necə də xoşdu,
Sənsiz gözəlliyin səfası boşdu.
Soruşsan hüsnünə kim nəğmə qoşdu –
Qonşu Zərnavanın balası, Lahıc.
Füzuli Baxışov

Allah, özün qoru, saxla
Allah, özün qoru, saxla,
Bədnəzərdən, yaman gözdən.
İndi dost tap, arxa bağla,
Hamı gülür üzə-üzdən.

Yollar enişli-yoxuşlu,
İnsan var, tikan baxışlı.
Kimə ömür-gün naxışlı,
Kimə qara, uzaq bizdən.

Dost dediyin düşmən çıxır,
Şər xeyiri boğur, yıxır.
Əyri düzə ləkə yaxır,
Düzlər elə gedir düzdən.

Eh, Nailə hələ matdı,
Şükür edir ki, salamatdı.
Kimlər aldı, kimlər satdı,
Kimlər qaldı yoldan, izdən.
Oxucularımızın yaradıcılığıNailə Yırğançaylı

Ziyarətə gəlmişəm
Atamın qəbrini ziyarət etdim,
Bu yerə atamın yurdudur dedim.
Anamın məzarı önündə bitdim,
Baş qoyub yanında ölmək istədim.

Atamın, anamın qoşa məzarı,
Sinəmin üstündə qoşa qazılıb.
Dilimə şirinlik verən adları
Ölən günlərindən daşa yazılıb.

Sizi ziyarətə gəlmişəm yenə,
Qəbriniz başında lal dayanmışam.
Səssiz keçirtdiyim ömürə, günə
Gecə də, gündüz də səssiz yanmışam.

Mənim də ömrümün sonu olacaq,
Axirət olacaq geniş yerimiz.
Ata-anamızı uca, pir sayaq,
Onları ölüncə unutmayaq biz.
Şamil Paşayev

Allah deyib yaşadım
Bu dünyanın dərdi yağdı üstümə,
Kürəyimə şələləyib yaşadım.
Qara bəxtim duran gündən qəsdimə,
Taleyimə boyun əyib yaşadım.

Kimlər namərd, kim mərd oldu bu çağda,
Kimlər qoydu boğazımı bıçaqda.
Bir qismətim kömür oldu ocaqda,
Bir qismətim – tikan yeyib yaşadım.

Daralıbsa bu dünyanın ölçüsü,
Nə fərqi var, gileylənim, ya küsüm.
Gecəm zülmət, qaralıbsa gündüzüm,
Nura həsrət, kirpik döyüb, yaşadım.

Arzu dolu, sevda dolu ürəyim,
Niyə olsun qəm-kədərin bələyi?
Başıma hey ruzigarın küləyi,
Ayağıma daşı dəyib, yaşadım.

Buraxmadım ümidimin əlindən,
Qorunsam da fəryadımın selindən.
Asıldıqca ürəyimin telindən
Hər anında: Allah! – deyib yaşadım.
Xatın

Qızım
Min arzulu, min həvəsli,
Qumru dilli, bülbül səsli.
İncə, zərif, yaz nəfəsli,
Ay bağçamın gülü qızım.

Hərdən küsüb barışanım,
Sevincimə qarışanım.
Qəlbim, ruhum, qanım, canım,
Hər nəğməmin dili qızım.

Ürəyimi oxuyanım,
Arzuma gül toxuyanım.
Çiçək kimi qoxuyanım,
Şirin beçə balı qızım.

Sığmır eşqim yerə, göyə,
Özü, sözü mənəm deyə.
Məndən sonra gələcəyə
Həyatımın yolu qızım.
Oxucularımızın yaradıcılığıGülxar Cəbiqızı

Hünərli dovşan
Sərçədən hürküb dovşan,
Baxmadan heç geriyə,
Qaçıb girdi sürüyə.
Qorxub hürkən qoyunlar
Çıxardılar oyunlar.
Pərən-pərən düşdülər,
Dərəyə sürüşdülər
Bunu görüncə dovşan
Baxıb sürü dalınca.
Bərkdən güldü doyunca.
Lovğalandı, öyündü,
Öz-özünə deyindi:
– Dünyada Allah aman,
Varmış məndən də qorxan.
O qədər güldü dovşan,
Göz yaşın sildi dovşan.
Güldü, güldü, çatladı,
Üst dodağı partladı.

Əməkdar zəli
Neçə yoldan keçərək,
Boşaldı, doldu zəli.
Çox qanları içərək,
Əməkdar oldu zəli.
Xalıq Yusifoğlu

Mən gəncəm
Gənclik gözəllikdir, qoruyun onu,
Bilin qiymətini ötən hər günün.
Bu ərkin, ədanın yetəndə sonu,
Bəlkə yetəcəkdir harasa ünün?

Mən gəncəm, həsədlə baxır hər yetən,
Şuxluğun, şənliyin közü məndədi.
Mənim gəncliyimə güvənir Vətən,
Örnək axtaranın gözü məndədi.

Keçdiyim yollarda izim qalıbdı,
İstərəm yaşasın o iz əbədi.
Düşmən məni görüb, fikrə dalıbdı,
Yurda məhəbbətim bir abidədi.

Mən gəncəm, yaradan, quran əlim var,
Daş-üstə daş qoysam, qala olacaq.
Eşqimdən od alıb bu gələn bahar,
Elini kim sevsə, cavan qalacaq.
Məhəbbət Osmanova

A dostum
Şair dostum Mövlud Teymura çapdan çıxan kitabına
Yaxşı dostlarımdan biri də sənsən,
Məni sevindirdin düzü, a dostum.
Sadə kəlmələrin qəlbimə yatdı,
Şeirlə aləmi bəzə, a dostum.

Dost kimi qəlbimə girənlər azdı,
Aşığı sevdirən şirin avazdı.
Ən yaxın sirdaşım sədəfli sazdı,
Görərsən gələndə bizə, a dostum.

Gül, çiçək ətri var hər bir sözündə,
Daim ucalasan elin gözündə.
Aşıq Cavid deyir, bu Yer üzündə
Yetişsin baharın yüzə, a dostum.
Aşıq Cavid

Dayaq olsun Tanrı özü
Dostum Rəhmana
Haqq danışdın, düz söylədin,
Saxlamadın üz, söylədin,
Yurdda qoyaq iz, söylədin,
Yaxşıya sən oldun dayaq.

Xoş əməlin eldə səf-səf,
Yol gedirsən haqqa tərəf.
Hər işindən duyduq şərəf
Daim durdun sərvaxt, oyaq.

Başda durdun xeyir-şərdə,
Həmdəm oldun dərdi-sərdə.
Kömək lazım olan yerdə,
Oldun həmdəm, munissayaq.

Tab etmədin fitnə-felə.
Ürəyini verdin elə.
Bağban oldun qızılgülə,
Biçdin qanqal, kolu ancaq.

Mövlud sevdi haqqı, düzü,
Odur gülür qəlbi, üzü.
Dayaq olsun Tanrı özü,
Olaq xoşbəxt, dərddən uzaq.
Mövlud Teymur

Olmuşam
Zəmanə çəkibdir sınağa məni,
Qəm seli atıbdır qırağa məni.
Gör kimlər salıbdı qınağa məni,
Öz doğma elimdə köçkün olmuşam.

Ayrılıq dərdinə qalmayıb tabım,
İtmişləri necə axtarım, tapım.
Getdi Qarabağım, bağlandı qapım,
Ayrılıq dərdindən üzgün olmuşam.

Allah, dərdlərə bax, uzun siyahı,
Nahaq günahların ağırdır ahı.
Bəlkə işlətmişəm nədə günahı?
Məncə, həyatımda düzgün olmuşam.

Nə qədər vaxtın var, bülbülüm, oxu,
O keçən günlərim sanki bir yuxu.
Ömürdən nə qalıb, keçibdir çoxu,
Elə bil dünyada üç gün olmuşam.

Getdim haqqa tərəf, rast gəldi yalan,
Yoxdu hal soruşan, bir könül alan.
Sahibsiz bağ oldum, saldılar talan,
Odur ki, həyatdan küskün olmuşam.
Əvəz Küskün
.
“Yaz” yaza bildi
Buludlar səmaya, otlar torpağa,
Lalələr düzlərə “yaz” yaza bildi.
İlıq bir nəfəsə bəndmiş budaqlar,
Xəzan görmüşlərə “yaz” yaza bildi.

Güldü bənövşələr ətri özündə,
Bulaqlar söylədi ilkin sözün də.
Dağların əlləri qaldı üzündə,
Dövran sürmüşlərə “yaz” yaza bildi.

Çayların nəğməsi ötdü dilində,
Yuyundu təbiət yağış selində.
Odlu qələmini tutub əlində,
Şimşək atəşlərə “yaz” yaza bildi.

Nazlandı şəlalə gümüşü tellə,
Bülbülün ülfəti çiçəklə, güllə.
Çobanın nəğməsi şipşirin dillə
Yaşıl örüşlərə “yaz” yaza bildi.

Bir arzum dərədə, birisi yalda,
Sağımda bahardı, tufandı solda.
Çiçəklər boylanıb, düzüldü yolda,
Şəhid olmuşlara “yaz” yaza bildi.
Murad Məhərrəmov

Şərh Yaz