Düşündürən fikirlər

Müzakirə mövzusu: “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq”
“İsmayıllı xəbərləri” qəzetinin 30 yanvar 2013-cü il tarixli sayında Respublikanın Əməkdar həkimi Ş.Şirəliyevin “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq” yazısını oxuyaraq belə qənaətə gəldim ki, yazının ana xəttini sivil cəmiyyət və mənalı ömür təşkil edir. Müəllifin ürək yanğısı ilə cəmiyyətin hər bir üzvünə xitabən çatdırdığı fikirlərin nüvəsinə səhiyyə və təhsilin vəhdəti təşkil edir. Yazıda hiss olunan dərəcədə təhsilin üzərinə yük qoyulur. Sanki ailədən gələn tərbiyə, məişətimizə daxil olan yabançı ərzaqlar, müasir telekommunikasiya, internet arxa plana, cavabdehlikdən kənarda durur.
Ailə etik davranış qaydalarına bütün varlığı ilə əməl edir. Lakin hər hansı istirahət zamanı televiziya kanalındakı bir veriliş bütün bu qaydaları pozur. Çağırılmamış qonaqlar ailənin bütün istirahətini alt-üst edir, üstəlik onların sinir sistemlərinə ciddi təsir edir. Stress halları yaradır. Sual oluna bilər ki, axı müasir televiziyalar pultla idarə olunur. “Xoşun deyilsə, baxma”. Bu isə çıxış yolu deyil. Müasir dünya, müasir texnologiya və müasir gənclik həmişə istəklə hərəkət etmir. Bunun görünməyən, heç kəsdən və hər kəsdən asılı olan nüansları vardır. İnternet və bu gün el arasında sosial şəbəkə kimi xarakterizə olunan müasirlik. Bəyəm bu, təkcə informasiya qıtlığını aradan qaldırır?! – Xeyr! Burada görünməyən, arxa planda duran, yeniyetmə və gənclərin bilavasitə həyatına nüfuz edən böyük mənfiliklər var. Düzdür, ədalət naminə bilik və təfəkkür istiqamətində internet dünyada KİV-də liderdir. Paradoks vəziyyət isə əxlaq və mənəviyyat istiqamətidir.
Ailələrin məişətinə nüfuz edən mobil rabitə. Təhlillər göstərir ki, telefon gənclərin informasiya vasitəsi kimi real funksiyanı tam icra etmir. Bu xidmətdə də əxlaqi dəyərlərin, milli mentalitetin əksi olan xarakterlər var. Və bu istiqamətdə də təhlillər labüddür.
Müəllif yazısında uzun ömrün sirlərini açır. Bəli düşündürücü haldır ki, ürək damar sistemində, sinir sistemində əhval-ruhiyyənin, qəbul etdiyimiz ərzaqların da rolu vardır. Xarici dövlətlərdən gətirilən genetik kodu bəlli olmayan ərzaqların fəsadları barədə düşünməyin vaxtıdır.
Böyük intellekt sahibi, əməkdar həkim Şahmurad Şirəliyevin “həyacan təbili” çalması əsas verir ki, qaldırılan səs, əks olunan fikir və mülahizələr vətəndaş təşəbbüsü və həkim qayğısının təzahürüdür.
Bu mövzu əhatəlidir, gərəklidir və vətəndaş olaraq hər birimiz üçün həyat tezisidir.
Əlirəmzi Məhərrəmov,
həkim

Şərh Yaz