Yaddas kitabcasi

İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu

İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu

Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur.
1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində təhsil almış, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olmuş, 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə də İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuş, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972-ci ildən 1977-ci ilə qədər laborant və baş laborant vəzifəsinə təyin edilmişdir.
1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışmışdır.
1973-cü ildən 1977-ci ilə qədər həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Yüksək işgüzarlığına görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər qeyd olunan vəzifələrdə işləmişdir.
1988-ci ilin iyul ayının 8-dən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışmış, texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-dək kollecin direktoru vəzifəsində çalışmışdır.
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.
1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində “Təhsil meneceri” sahəsində ixtisasartırma kursu keçmişdir. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış, doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilmişdir.
2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etmişdir. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olmuşdur.
2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülmüşdür. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışmışdır.
2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.
Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir. O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. Ailəlidir. Dörd övlad atasıdır.

Şərh Yaz