Fəxr ediləsi oğullar

Fəxr ediləsi oğullarAzərbaycan xalqının bir çox qəhrəman oğulları var ki, biz onlarla fəxr edirik. Onlardan biri də öz igidliyi ilə milyonlarla insana nümunə olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. İvanovka kənd tam orta məktəbində bir çox maraqlı tədbirlərin təşkilatçısı olan Səbinə müəllimənin rəhbərliyi ilə qəhrəmanın doğum günü qeyd edildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. XI sinif şagirdi Alim Balalıyev aparıcılığı, XI sinif şagirdi Elmin Ələsgərov isə texniki təchizat işini öz üzərinə götürmüşdür. İlk öncə şagirdlərdən Nicat Məmmədovun, Vüqar Mirzəyevin, Ruslan Mirzəyevin, Səid Salmanovun, Fərrux Salmanovun, Samral Səfərəliyevin və Elgin Mirzəliyevin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Onları pianoda məktəbin musiqi müəlliməsi Gülbəniz Qurbanova müşayiət etmişdir.
Gecədə canını Vətən yolunda qurban verən Mübariz Qurbanovun həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. Şagirdlər Mübarizin valideynlərinin, sinif yoldaşlarının, müəllimlərinin, əsgər dostlarının, komandirlərinin onun haqqında söylədikləri fikirlərlə tanış oldular. Yuxarı sinif şagirdlərindən Varis Soltanov, Nigar Şirinova, Jalə Əzizova, Aytac və Dünyaxanım Mirzəliyevalar, Şəfa Vəliyeva, Nazpəri Zərbəliyeva Vətənə, qəhrəmanlığa və Mübariz İbrahimova həsr edilmiş şeirlər söylədilər.
Məktəbin tarix müəllimi Bəhram Soltanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və mahiyyəti haqda söhbət açdı. O həmçinin qeyd etdi ki, Mübariz İbrahimov öz şücaəti ilə təkcə doğulduğu kəndin, yaşadığı rayonun deyil, bütün Azərbaycanın və azərbaycanlıların şöhrətini artırdı. Xalqımız Mübariz kimi oğullarla haqlı olaraq fəxr edir və edəcəkdir. Onun qəhrəmanlığı böyüməkdə olan nəsil üçün örnəkdir.
Mülay Ağayeva,
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz