Erkən nikahlara “yox” deyək!

Erkən nikah – nikah yaşına çatmamış şəxslərin ailə qurmasıdır və bu, ailə quran uşaqların sağlam yaşamaq, inkişaf etmək və təhsil almaq kimi əsas hüquqlarını əlindən alır!
Azərbaycan Respublikası Konstitusiyasının “Nikah hüququ” haqqındakı 34-cü maddəsinə əsasən
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Uşaq Hüquqları Konvensiyaya görə 18 yaşına çatmamış olan şəxs uşaq sayılır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Erkən nikah:
• İnsan hüquqlarının pozulması ilə nəticələnir;
• Gənclərin təhsil almaq həvəsini və imkanlarını azaldır;
• Erkən nikah qızların və onların dünyaya gətirdiyi uşaqların sağlamlığında ciddi təhlükə yaradır;
• Cəmiyyətin normal inkişafına əngəl törədir və milli genofonda mənfi təsir edir;
• Qeyri-rəsmi nikaha daxil olmuş kişi və qadın bir çox hüquqlarını müdafiə etmək imkanından məhrum olur;
• Dini nikah və ya kəbin hüquqi əhəmiyyətə malik deyil və heç bir hüquqi imtiyaz vermir.
Erkən evlilik insan hüquqlarının pozulmasıdır və qanunla qadağandır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
Maddə 152. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə
Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə –
– üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 153. Əxlaqsız hərəkətlər
Təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə –
– beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə –
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə –
– iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə –
– üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hörmətli İsmayıllılar, qızların erkən yaşlarda nişanlanması, ərə verilməsi və bu məqsədlə təhsildən yayınması kimi mənfi hallar barədə məlumatınız varsa, ya da erkən ailə qurmağa təhrik edilən Siz özünüzsünüzsə, tərəddüd etmədən dərhal bizə müraciət edin:
Tel: 0 20 28 5 10 46, 5 14 46, 0 50 340 15 00
Ünvan: İsmayıllı ş. N.Nərimanov küçəsi 36,
İnzibati bina II mərtəbə, Uşaq və Ailələrə Dəstək Mərkəzi
Əziz valideynlər! Övladlarınızın uşaqlığını, öz azadlığınızı əlinizdən almayın! Gəlin daha çox boşanmalara, xəstə uşaqların doğulmasına, stres və intiharlara səbəb olan erkən evliliklərə hamılıqla “yox” deyək! İnsan hüquqlarına və Azərbaycan Respublikası Qanunlarına əməl edək!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Şərh Yaz