Yaddas kitabcasi

Rayon Ağsaqqallar Şurasının konfransı

Rayon Ağsaqqallar Şurasının konfransıFevral ayının 6-da “Gəncə” Uşaq kitabxanasının iclas zalında İsmayıllı rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirildi. Konfransda rayonun əksər yaşayış məntəqələrindən nümayəndələr iştirak edirdi.
Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun məruzəsi dinləndi. Son 3 ildə ölkədəki uğurlu inkişafdan söz açan natiq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, respublikadakı sabitlikdən, bu səbəbdən dövlətimizin siyasətini müdafiə edən dövlətlərin sayının ildən-ilə artmasından söz açdı. Şura sədri ağsaqqalların gənclərlə təşkil etdiyi görüşlərdən, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına göstərilən diqqətdən danışdı. O bildirdi ki, ağsaqqallar həmçinin rayonda həyata keçirilən tədbirlərdə, sosial problemlərin həllində yaxından iştirak etmişlər. Bir qayda olaraq, ayrı-ayrı yaşayış məntəqələrində RİH başçısının keçirdiyi səyyar qəbul-görüşlərdə ağsaqqallar ərazidəki məsələlərin həllinə düzgün istiqamət vermişlər.
Şura sədri məruzəsində son dövr üçün problem olan məsələlərə toxunmuş, onlardan bəzisi haqqında açıqlama vermişdir. O, rayonda elektrik enerjisi ilə təminatda narahatçılıq doğuran bəzi halların hələ də qaldığından, bir sıra kəndlərə enerji verilişində fasilələrdən, dirəklərin çürüyüb sıradan çıxmasından gileylənmişdir.
Natiq ağsaqqalların üzərinə düşən vəzifələrə də məruzəsində yer ayırmışdır:
– Tikilənlərin, qurulanların qorunması üçün əhali arasında izahat işini gücləndirməli, şəhərimizin, eləcə də kəndlərimizin yol kənarlarını təmiz saxlamalı, yaşıllıqların qorunması istiqamətində iş aparmalıyıq;
– Gənclərimizin zərərli vərdişlərdən uzaqlaşdırılmasına diqqət yetirməli, yetişən nəslə vətənkeşlik, azərbaycançılıq ideyaları aşılamalıyıq;
– Milli mənafeyimizə zərbə vuran neqativ hallara münasibət bildirməli, dövlətçiliyimiz üçün təhlükəli olan məsələlərə vaxtında yox deməliyik;
– Münaqişəli ailələrdə olmalı, bir ağsaqqal kimi, erkən və nikahsız ailə quranları düz yola dəvət etməli, maarifləndirmə işlərinə diqqəti artırmalıyıq.
Şura sədri İ.Həsənov yanvar ayının 23-24-də rayonda baş verən neqativ hadisələrə görə ağsaqqalların da ciddi narahat olmasını bildirmişdir. İsmayıllının respublikada nümunəvi rayon olması imicinə xələl gəlməsindən narahat olduğunu söyləmişdir. O qeyd etmişdir ki, iqtisadi yüksəlişimizi gözü götürməyənlər, aranı qatmağa cəhd göstərən qüvvələr hadisələri şişirdib məqsədləri üçün istifadə etməyə çalışdılar. Lakin ismayıllılar onları dəstəkləmədi. Rayon ağsaqqalları bütün neqativ hərəkətləri pisləyir. Bu kimi hadisələrin təkrarlanmaması üçün gənclərlə müntəzəm iş aparılmalıdır.
Şura sədri ağsaqqalların bir yerə toplaşıb normal işləməsi üçün hələ də münasib ofislə təmin olunmamasını da diqqətə çatdırdı. Sonda o, ağsaqqalların ölkə prezidentinin apardığı siyasəti dəstəklədiklərini bildirdi və rayonumuzun inkişafı üçün görülən işlərdə öz köməklərini əsirgəməyəcəklərini vurğuladı.
Rayon Ağsaqqallar Şurasının konfransıKonfransda rayon ağsaqqallarından Niyaz Ağayev, Heybət Balayev, Şükür Mehdiyev, Abduləli Əliyev, Agalar Bədəlov, Sabir Əliyev, Ramiz Həsənov, Şahzadə Bilalov, Yunis Məmmədov və Ağakərim Novruzov çıxış edərək, məruzəyə və İsmayıllıdakı hadisələrə münasibət bildirmişlər.
Konfransda Həsənov İnqilab Həsən oğlu yenidən rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Ağsaqqallardan 17 nəfəri şura üzvü, şura sədri İ.Həsənov ağsaqqalların qurultayına nümayəndə seçilmişdir.
Ş.Soltanov

Şərh Yaz