Yaddas kitabcasi

Məktəbdə təlim mühiti və onu formalaşdıran amillər

Respublikamız ikinci dəfə müstəqillik əldə etdiyi qısa zaman ərzində təhsil sahəsində böyük uğurlar əldə olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti prezidentimiz İlham Əliyev tərəfindən dövlət siyasətinin prioritet sahəsi kimi inkişaf etdirilir. Dövlət başçısı təhsil işçilərinin qarşısına “maddi kapitalı insan kapitalına çevirmək” vəzifəsini qoymuşdur. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün bütün təhsil müəssisələrində gərgin iş gedir. Məktəbdə təlim mühiti və onu formalaşdıran amillər
Ölkə təhsilində, xüsusən ümumtəhsil orta məktəblərində daha uğurlu nəticələr əldə etmək, bəzi məktəblərdə illərlə davam edən süstlüyü aradan qaldırmaq üçün nə etməliyik? Fikrimizcə, məktəblərdə normal təlim mühiti yaradılmalıdır. Təlim mühitini formalaşdıran əsas cəhətlər aşağıdakılardır:
a) Dövlətin təhsil siyasəti;
b) Yerli dövlət qurumlarının, bələdiyyələrin və ictimaiyyətin təhsilə münasibəti;
c) Məktəb pedaqoji kollektivinin təhsilə münasibəti;
ç) Valideyn komitələrinin, Valideyn Məktəb Assosiasiyalarının fəaliyyəti;
ə) Uşaq bağçalarında uşaqların məktəbə hazırlanması;
d) Məktəb rəhbərliyinin fəaliyyəti.
Son illər respublikamızda təhsillə bağlı dövlət səviyyəsində 20-dək fərman və sərəncam imzalanmışdır ki, bu da məktəbəqədər təhsildən doktorantura təhsilinədək bütün pillələri əhatə etmişdir. Yeni məktəblərin tikintisi, əsaslı təmiri, yeni modern istilik sistemlərinin qurulması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin təhsilə qayğısının təsdiqidir. “Təhsil Qanunu” qəbul edilmiş, təhsil sahəsində başlanan islahatlar uğurla davam etdirilir. Təhsil islahatı məzmun dəyişikliyi etməklə yaddaşa əsaslanan təhsildən intellektual, məntiqi təfəkkürə əsaslanan təhsilə keçmişdir. Yeni fənn kurikulumlarının tətbiqi isə ümumtəhsil məktəblərində köklü dəyişikliklərin başlanması deməkdir. Fəal, interaktiv təlim metodları tətbiq olunur. I-V siniflərdə dərs deyən bütün müəllimlər təlim kurslarına cəlb olunmuşdur. Bütün bunlar ümumtəhsil məktəblərində təlim və tərbiyə üçün optimal şəraitin yaradılmasına, təlim mühitinin yaxşılaşdırılmasına xidmət edir.
Yerli dövlət qurumlarının fəaliyyəti təhsil sahəsində özünəməxsus yer tutur. İsmayıllı Rayon İcra Hakimyyətinin başçısı Nizami Ələkbərovun təşəbbüsü ilə həyata keçirilən tədbirlər rayonun təhsil işçilərini daha da ruhlandırır, onları daha böyük nailiyyətlər qazanmağa sövq edir. Rayon təhsil şöbəsinin diqqət və qayğısını hər bir təhsil işçisi hiss edir. Şəhər və kənd bələdiyyələri də təhsilin inkişafına öz töhfələrini verirlər. Rayonda fəaliyyət göstərən dövlət müəssisələri, QHT-lərin təhsilə xoş münasibəti daim hiss olunur.
Məktəbdə təlim mühitinin formalaşmasında əsas məsuliyyət məktəb rəhbərliyi və pedaqoji kollektivin üzərinə düşür. Bundan ötrü:
– İlk növbədə, məktəbin həyəti və binası təmiz, səliqəli, gigiyenik tələblərə cavab verir. Müəllim və şagirdlər təmizliyə riayət etməyi özlərinin vəzifə borcu hesab edirlər. Məktəbin həyətində zövqlə yaşıllıqlar, gül-çiçək guşələri salınır. Ağaclara, güllərə daim qulluq edilir. Məktəbə daxil olan hər bir insan təmizlik və səliqəlilikdən zövq alır.
– Məktəbdə növbətçilik işi düzgün qurulur. Sinif və məktəb növbətçiləri gün ərzində vəzifələrini layiqincə yerinə yetirirlər. Məktəb binasına kənar şəxslər buraxılmır.
– Bütün şagirdlər məktəbli forması geyinir.
– Müəllimlərin geyimi, davranışı və səliqəsi nümunəvi səviyyədə olur.
– Məktəb və sinif otaqları zövqlə tərtib olunur, təlim və tərbiyəyə xidmət etməyən, zövqsüz yazılarla divarlar yüklənmir.
– Müəllimlərin şagirdlərə qarşı münasibəti yüksək kefiyyətlərə cavab verir, hər bir şagirdə şəxsiyyət kimi münasibət bəslənilir.
– Pedaqoji şura və direktoryanı müşavirələrdə uğur və nöqsanların ciddi şəkildə elmi təhlili verilir, uğurlu işlərin davamlı olması və nöqsanların aradan qaldırılması üçün yollar müəyyən olunur.
– Müəllimlər elmi biliklərinin, pedaqoji , metodiki və psixoloji bacarıqlarının daim artırılması qayğısına qalırlar, hər bir dərsə elmi və metodiki cəhətdən ciddi hazırlaşır, dərslərdə İKT-dən səmərəli şəkildə istifadə edirlər.
Elmi savadı və metodiki hazırlığı yüksək olan, gündəlik dərslərə yüksək səviyyədə hazırlaşan müəllimlərlə yanaşı, hazırlıqsız dərsə girən, tapşırıqları düzgün həll etməkdə çətinlik çəkən müəllimlər təəssüflər olsun ki, heç də az deyil. Elmi cəhətdən savadsız, öz biliyini artırmayan, yeni təlim texnologiyalarını öyrənməyən və dərslərində tətbiq etməyənlər müəllim nüfuzunun aşağı düşməsinə, valideyn və şagirdlərin məktəbə inamının azalmasına səbəb olur, pedaqoqun cəmiyyətdəki hörmətini aşağı salır. Təəssüflər olsun ki, belə müəllimlərin məktəbdən uzaqlaşdırılması mexanizmi yoxdur. Belə olan halda hansı yüksək təlim mühitindən danışmaq olar? Belə hal ilə yəqin ki, bütün məktəb rəhbərləri rastlaşır. İlk növbədə, tədris işləri üzrə direktor müavinləri belələrilə sistemli şəkildə ardıcıl iş qurmalı, metodbirləşmə iclaslarında müzakirələr aparılmalı, onların ixtisasartırma kurslarına göndərilməsini təmin etməlidirlər.
– Qabaqcıl müəllimlərin iş təcrübəsi öyrənilib yayılır, onların rəğbətləndirilməsi barədə məsələ qaldırılır.
– Hər bir şagird məktəbdə qayğı ilə əhatə olunur, zəif oxuyanlara, fiziki cəhətdən zəif olanlara xüsusi qayğı göstərilir.
– Müəllim-müəllim, müəllim-valideyn, müəllim-şagird, şagird-şagird münasibətləri yüksək səviyyədə qarşılıqlı hörmət əsasında qurulur.
– Məktəb rəhbərliyi ilə müəllim və texniki heyət arasında münasibətlər yüksək tələbkarlıq səviyyəsində qurulmaqla, qarşılıqlı anlaşma və hörmətə əsaslanır.
– Sinif otaqlarının dibçək gülləri ilə təmin olunması, siniflərin təmiz və səliqəli saxlanması işi sinif özünüidarə orqanları tərəfindən həyata keçirilir.
– Hər bir müəllim, valideyn, texniki işçi, şagird məktəbin onların ümumi evi olduğunu qəbul edir və məktəbə yanaşma həmin aspektdə qurulur.
– Şagirdlərdə şüurlu intizam formalaşdırılır, şagird özünüidarə orqanlarının fəaliyyəti şagirdlərin potensial bacarıqlarının üzə çıxarılmasına xidmət edir. Bunun üçün məktəb rəhbərliyi və müəllimlər üzərlərinə düşən vəzifələri yüksək tələblər səviyyəsində yerinə yetirirlər, şəxsi nümunə göstərirlər. Əks halda, şagirdlər arasında intizam istənilən səviyyədə olmayacaq. Əgər müəllim zəng vurulandan 3-5 dəqiqədən sonra sinfə girirsə şagirdlərdən hansı intizamı tələb etməlidir?
– Məktəbin müəllimləri elmdə, davranışda, mədəniyyətdə hamıya şəxsi nümunə olurlar.
– Sinifdənxaric və məktəbdənkənar tədbirlər yüksək səviyyədə hazırlanır. Belə tədbirlərdə aparıcıların danışıq tərzi, səhnəyə gəlmələri, getmələri, şeir deyənlərin diksiyası, mahnı və səhnəciklərdə şagirdlərin çıxışları elə qurulur ki, digər şagirdlər onlardan müsbət keyfiyyətlər götürə bilsinlər.
Təlim mühitinin formalaşmasında əsas amillərdən biri valideynlərin məktəbə münasibətidir. Həyata yenicə göz açan körpənin ailə mühiti, onun valideynlərinin təhsilə münasibəti, körpə yaşlarında uşaqda məktəb haqqında ilk təəssüratların yaradılması, uşağın məktəbə hazırlanması əsas amillərdəndir. Valideynlərin bir qismi məktəblə sıx əlaqə saxlayır, övladını məktəbə lazım olan bütün ləvazimatlarla təmin edir, müəllimləri ilə tez-tez əlaqə saxlayır, təlimdəki nailiyyətlərini gündəlik izləyir. Övladı üçün evdə normal şərait yaradır, onun dərsdən sonrakı fəaliyyətini diqqətdə saxlayır və nəzarət edir. Valideyn iclaslarında iştirak edir, rəy və təkliflərini müəllim və valideynlərlə bölüşür. Bəzi valideynlər övladı üçün evdə şərait qurmaqla, məktəb ləvazimatları ilə övladını təmin etməklə öz işini bitmiş hesab edir. Övladının təlimdəki nailiyyətlərini izləmir, onun dərsdən sonra nə işlə məşğul olduğuna daim nəzarət etmir. Valideyn iclaslarına həvəssiz qatılır. Övladının səhər yuxudan duraraq vaxtında səhər yeməyi yeməsinə belə diqqət etmir. Şagird ac məktəbə gəlir və dərslərdə normal iştirak edə bilmir. Bəzi valideynlərin övladları daim dərsə gecikir.
Valideynlərin bir qismi isə övladının zəif oxumasında, intizamsız olmasında bütün günahı məktəbdə və müəllimlərdə görür. Müəllimlər qarşısında yersiz tələblər qoyur. Məktəblərdə yaradılan sinif və məktəb valideyn komitələrinin, Valideyn Məktəb Assosiasiyalarının fəaliyyətinin səviyyəsi təhsilin inkişafına ciddi təsir edən amillərdəndir. Məktəb rəhbərliyinin bu birliklərlə qurduğu əlaqə, valideynlərin təhsilə fəal şəkildə cəlb olunması, onların maarifləndirilməsi, valideyn kimi üzərlərinə düşən məsuliyyətin dərk olunması, övladlarının təlim və tərbiyəsində yaranan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır.
İmkanlı valideynlərin əlaçı, müsabiqə, olimpiada və yarışlarda qalib gələn şagirdlərin mükafatlandırılmasına, məktəbdə keçirilən idman, bilik və əyləncəli yarışlara sponsorluğa cəlb olunması da təlim mühitinə müsbət təsir edir.
Körpələr evi və uşaq bağçalarının şagirdlərin məktəbə hazırlanmasında, xüsusilə, kurikulumların tətbiq olunmağa başladığı indiki dövrdə əvəzsiz rolu vardır. Məktəbə uşaq bağçasından gələn şagirdlərin səviyyəsi digərlərindən bütün cəhətlərinə görə seçilir. Ancaq uşaqların bağçalara cəlb olunmasının mövcud səviyyəsi qənaətbəxş deyildir. Bütün uşaqlar körpələr evi və uşaq bağçasından birinci siniflərə qəbul olunarsa, təlimin keyfiyyəti də nəzərəçarpacaq dərəcədə yüksələr.
Təlim mühitini formalaşdıran əsas amillərdən biri də müəllim şəxsiyyəti, müəllim nüfuzudur. Ta qədimdən müasir dövrədək şagird hörmət etdiyi, oxşamağa çalışdığı müəllimin tədris etdiyi fənni həvəslə öyrənir. Müəllim həm elmi, həm metodiki, həm psixoloji, həm pedaqoji cəhətdən elə səviyyədə olmalıdır ki, şagirdlər ondan həmişə yeni keyfiyyətlər öyrənə bilsin. Müəllim tükənməməlidir, müəllim yorulmamalıdır, müəllim daim axtarışda olmalı, biliyini və bacarığını daim artırmalıdır. Şagirdlər müəllimdən həmişə nəyisə öyrənməyə ehtiyacları olduqlarını hiss etməlidirlər. Müəllim təkcə diplomu ilə yox, elmi biliyi, davranışı, cəmiyyətdəki mövqeyinə görə seçilməli, dövrünün ziyalısı olmalıdır.
Artıq beşinci ildir ki, yeni kurikulumlar tətbiq olunur. Yeni dərsliklər və əlavə vəsaitlər istifadə üçün çap olunmuşdur. Ancaq müəllim hazırlayan ali məktəblərin məzunları fəal təlim metodu, interaktiv təlim metodları, yeni məktəbdaxili qiymətləndirmə üsulları haqda müasir tələblər səviyyəsində bilik və bacarıqlara malik deyillər. Ona görə də məktəb direktorları və dərs hissə müdirləri çox çətinliklərlə qarşılaşırlar. Yeni kurikulumların tətbiqi yeni keyfiyyətlərə cavab verən müəllim hazırlığını tələb edir. Hazırda bu funksiyaların bir hissəsini ümumtəhsil məktəbləri yerinə yetirir. Yüksək səviyyəli müəllimlərin yetişməsi üçün də məktəbdəki təlim mühiti mühüm rol oynayır. Məktəbdə hər bir müəllim, hər bir şagird, kitabxanaçı, laborant daim yeni ideyalar axtarışında olmalıdır.
Müəllim həm də maarifçi olmalıdır. Valideynlərlə yeni fənn kurikulumları, onların əhəmiyyəti, əvvəlki proqramlardan fərqi haqda geniş söhbətlər, müzakirələr aparılmalıdır. Məktəbdə hər bir şagirdə öz biliyini, bacarığını nümayiş etdirməyə, intellektual səviyyələrinin yüksəldilməsinə şərait yaradılır. Şagirdlərin vətənpərvər, müasir, öz millətini, dövlətini yüksək səviyyədə ləyaqətlə təmsil edə biləcək keyfiyyətlərə malik, milli adət və ənənələrini yaşadan və inkişaf etdirən, dövlətinə və dövlətçiliyə sadiq gənclər kimi yetişməsi məktəbdə yaradılan mühitdən əsaslı şəkildə asılıdır.
İldən-ilə nailiyyətləri artan məktəbləri digər məktəblərdən fərqləndirən əsas cəhət təlim mühitinin yüksək şəkildə formalaşmasıdır.
Qloballaşan dünyada müasir tələblərə cavab verən gənc nəsil yetişdirmək missiyası müəllimlərin üzərinə düşür. Ulu öndərimiz Heydər Əliyevin “Mən müəllim peşəsindən şərəfli peşə tanımıram” kəlamı müəllimlərin məsuliyyətini artırmaqla onları daha yaxşı işləməyə, nailiyyətləri ildən-ilə artırmağa sövq edir.
R.Dadaşov,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin direktoru

Şərh Yaz