Yaddas kitabcasi

Oxucularla görüş

Oxucularla görüşİsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin “İsmayıllı xəbərləri” qəzeti ilə birgə hazırladığı tədbir – “Xəyanət qoxusu” kitabının müəllifi ilə oxucu görüşü təyin olunmuş ünvanda və saatda – sentyabrın 22-də, saat 11-də Heydər Əliyev Mərkəzinin oxu zalında reallaşdı.
Tədbiri giriş sözü ilə açan İsmayıllı UADM-in direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə Əliyeva bildirdi ki, “Xəyanət qoxusu” gənc yazar Firuzə Çiçəyin (Şıxməmmədova) ilk qələm məhsuludur. Firuzə Mərkəzdə könüllü kimi fəaliyyət göstərir və Mərkəz bir könüllü, bir qadın yazar kimi, bu tədbirin təşkilinə önəm versə də, daha çox diqqət çəkən və tədbirin təşkilinə əsas olan məqam yazarın kitaba daxil etdiyi vətənpərvərliyin təbliğinə yönəlmiş “Gecikmiş qisas” hekayəsidir. Bu hekayədə Xocalı hadisələri zamanı əsir götürülmüş körpənin Ermənistanda – erməni ailəsində böyüdülərək terrorçu kimi yetişdirilməsi və sonrakı taleyindən, Azərbaycan MTN işçilərinin şücaətindən bəhs olunur. Hekayədə Azərbaycanın, türkün böyüklüyü obrazların dili ilə, hadisələrlə bədii şəkildə əks etdirilə bilib. Elə buna görə də 20 yaşlı müəllifin əsəri az vaxtda xeyli oxucu toplaya bilib.
Tədbirdə gənclərin daha çox iştirak etməsi və onların əsərin müzakirəsindəki fəallığı sevindirici idi. Ancaq təbii ki, təcrübəli yazarların – Məmmədmirzə Rzayevin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bəybala Babayevin, neçə-neçə belə gənc qələm sahibinin yaradıcılıq yoluna işıq tutmuş və tədbirin keçirilməsinin təşəbbüskarı olan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlunun, şair Xalıq Xalıqovun, filologiya elmləri namizədi Sevda Qasımovanın fikirləri, təklif və mülahizələri həm müəllif, həm də iştirakçılar üçün daha əhəmiyyətli idi. Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəflinin çıxışında isə həmişəki kimi gənclərə, gəncliyə diqqət, onların işinin, əməyinin dəyərləndirilməsi motivləri üstünlük təşkil edirdi.
Görüş iştirakçılarının gənc müəllifə arzuları şair Hüseyn Həsrətin arzusu ilə üst-üstə düşdü: “qalın yox, qalan kitablardan olsun!”Oxucularla görüş
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, oxucular üçün maraqlı olan sualları cavablandırdı.
Lalə Kəbirova,
şəhər 4 saylı tam orta məktəbinin müəllimi

Şərh Yaz