Təhsilə verilən dəyər

Rüstəmova Cəvahir Abduləli qızı 1947 –ci ildə 19 oktyabrda İsmayıllı rayon Mican kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ailənin ilk övladı olmuşdur.
Ümumi təhsilini İsmayıllı şəhər 1 saylı tam orta məktəbində alıb. Təhsilini rayonumuzun qaymaqları olan qabaqcıl müəllimlərindən: Q.Hüseynov, X.Ağayev, bibisi Firuzə Rüstəmovadan almış və onların savadından bəhrələnmişdir.
Təhsilə verilən dəyərTəhsilə olan marağına görə orta məktəbi qurtaran ili Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olur. Təhsilini davam etdirə-etdirə 1 saylı tam orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır.
İşlədiyi illər ərzində özünü fəal müəllim kimi göstərə bilib. Məktəb və təhsil şöbəsi tərəfindən Fəxri fərmanla təltif olunub. Məktəb və məktəbdənkənar tədbirlərin təşkilatçısı olub. Pedaqoji fəaliyyəti dövründə Cəvahir müəllimənin şagirdləri ən yüksək nailiyyətlər əldə etmiş, respublikanın müxtəlif ali məktəblərində təhsil alırlar. O, təkcə riyaziyyatın sirlərini öyrətməyib, həm də şagirdlərinə ana olub. Onların şəxsiyyət kimi formalaşmasında yol göstərmişdir. Onun dərs dediyi şagirdlər bu gün alim, həkim, müəllim və başqa peşə sahibləridir. Pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlər onun məsləhətlərindən yararlanırlar. Xoş rəftarına və mehriban xasiyyətinə görə şagird və müəllim kollektivi tərəfindən sevilir. Təhsilə belə böyük sevgi hissi ilə bağlanan Cəvahir müəllimənin qurduğu ailə də ziyalı ailəsidir. Onun qayınanası, öz bibisi olan Rüstəmova Firuzə müəllimə və həyat yoldaşı Hamlet Manafov da ali təhsilli şəxslərdən olmuşlar. Bu ailədə boya-başa çatan övladlar da ali təhsillidir. Bu il Cəvahir müəllimənin anadan olmasının 65, pedaqoji fəaliyyətinin 45 ili tamam olur.
Bu münasibətlə ona can sağlığı və bal kimi bir ömür arzulayırıq.
Qüdsiyyə Manafova,
şəhər 1 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz