“Ziya ocağı”

Yenicə çapdan çıxmış bir kitabı vərəqləyib onunla tanış oluruq. Müəllifi də imzası və özü şəxsən oxucularımıza yaxşı tanış olan Hacıməmməd Mirzəməmməd oğlu Məmmədovdur. Hacı müəllim (hamı ona qısaca olaraq belə müraciət edir) yaradıcı müəllimlərimizdəndir. İşinə məsuliyyətlə yanaşan, daim axtarışda olan, yenilikləri yaradıcılıqla işinə tətbiq edən müəllim kimi tanınır. Öz iş təcrübəsini başqaları ilə bölüşməyi sevən Hacı müəllimin imzasına tez-tez kütləvi informasiya vasitələrində görürük. Uzun illərin pedaqoji fəaliyyəti, təcrübəsi ona imkan verir ki, bildiklərini gənc həmkarları ilə bölüşsün.
H.Məmmədov 1972-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Son 21 ilini N.Behdiyev adına şəhər 6 saylı tam orta məktəbdə (keçmiş kənd məktəbi) çalışır. Rayonda yüksək təhsil uğurları ilə seçilən bu məktəbdə öyrəniləsi, tətbiq ediləsi çox şey var. Məhz kitabın müəllifi də qarşısına həmin təcrübəni, yenilikləri hamının malı etmək vəzifəsini qoymuşdur. ”Ziya ocağı” kitabı şəhər 6 saylı tam orta məktəbin müəllimləri və onların iş təcrübələri haqqında bir toplumdur. Kitabda məktəbdə keçirilmiş müxtəlif tədbirlərə də geniş yer ayrılmışdır.
Müəllif kitabın ön söz hissəsində yazır:
-Təlimin keyfiyyətinin yüksəldilməsində sinifdənxaric tədbirlərin rolu inkaredilməzdir. Şagirdlərin tədris materiallarını şüurlu qavramasını, əlbəttə, təkcə dərslə məhdudlaşdırmaq düzgün deyil. Düzdür, sinifdənxaric işlər məktəbin tədris proqramına daxil olmayıb könüllülük prinsipinə əsaslanır və bir növ, sinifdə aparılan işlərin davamıdır. …bu işlər öz formasına görə tədris prosesindən fərqlənsə də, məzmununa görə bu proseslə birləşir. …məktəbin müəllimləri bu işə ciddi əhəmiyyət verirlər…
Müəllif kitabın yazılma məqsədini açıqlayarkən qeyd edir ki, bir tərəfdən “… məktəbin iş təcrübəsini yaymaqdırsa, digər məqsədimiz böyük həyat yoluna çıxaraq, müstəqil həyata başlayacaq gənclərin düşüncələrinə şərik olmaq, onlara köməklik göstərmək, sinifdənxaric işin bir hissəsini – müxtəlif tədbirlər üçün ssenarilərin nümunələrini verməkdir.
Kitabda yer almış tədbirlərin ssenariləri təkcə məktəblər üçün deyil, kənd klub və mədəniyyət evlərinin işçilərinin də köməyinə çata bilər. Bu ssenarilərin mövzuları da müxtəlifdir, burada tarixi günlərin, dövlət bayramlarının, novruz və yeni il şənliklərinin, müxtəlif tematik gecələrin, şair və ədiblərin yubileylərinin keçirilməsinə həsr olunmuş materiallar tapmaq mümkündür. Müəllif kitabında uzun illər çiyin-çiyinə çalışdığı həmkarlarının işindən, əmək fəaliyyətindən səxavətlə söz açır, hər biri haqqında yazır. Şəhid məzunlar haqqında yazıların yer almasını da alqışlamaq lazımdır. Kitabda kifayət qədər fotolara da yer verilmişdir.
H.Məmmədov yaradıcı ziyalılardandır. O, “Səndən başqa bir sevdiyim bəndə yox” şeirlər kitabının, “Eldən gedən oğul”, “Uğur yolları” kitablarının həmmüəllifi, ixtisası üzrə dərslik, metodik vəsait, V-XI siniflər üzrə Azərbaycan dili və ədəbiyyatdan testlər kitablarının müəllifidir.
Kitabda yer almış ssenarilərdə tədbirlərin maraqlı alınması məqsədilə müxtəlif sualların olması da yaxşı haldır. Belə olduqda, ssenaridən istifadə edənin işi xeyli asanlaşır. İnanırıq ki, H.Məmmədovun bu kitabı məktəblərin pedaqoji kollektivlərinin işinə xeyli köməklik göstərəcəkdir.
“Ünsprint” nəşriyyatının çapdan buraxdığı bu kitabı təhlil etmək fikrimiz yoxdur. Kitabdan istifadə edənlər onun faydasından bəhrələnə biləcəklər. Biz də müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Gülçöhrə Fərəcova,
İsmayıllı şəhər N.Behdiyev adına 6 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz