Xaricdə imtahansız təhsil nəyə və kimə xidmət edir?

Əjdər Ağayev: “Biliyin ortaya çıxmadan, xaricdə ali məktəbə necə qəbul ola bilərsən? Axı bunun məntiqi yoxdur”
“Qəbul imtahanlarında çox aşağı nəticə göstərən abituriyentləri imtahansız qəbul etdirmək üçün xarici ölkə universitetləri qanunsuz olaraq müxtəlif yerlərdə elanlar verir və təbliğat işləri aparırlar. Əsasən qəbul imtahanında 0-100 bal toplayan abituriyentlərin valideynləri belə qəbul forması ilə maraqlanır və bu prosesdə daha çox yaxından iştirak edirlər”. Bu sözlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadəyə məxsusdur.
Həqiqətən də, bu gün müxtəlif iaşə obyektləri, metro və telekanallarda, internetdə xaricdə imtahansız təhsillə bağlı reklam lövhələrinə və çarxlarına rast gəlirik. Reklamın təxmini məzmunu isə belə olur: “Qəbul imtahanlarında iştirak edib, yetərincə bal toplaya bilməmisiniz? Elə isə narahat olmağa dəyməz! Biz istədiyiniz xarici ölkənin ali məktəblərinə imtahansız qəbul olmağınıza şərait yaradırıq və buna 100 faiz zəmanət veririk”.
Bu canfəşanlıq isə təbii ki, boş-boşuna deyil. Burada abituriyentdən tələb olunan əsas şərt yüksək təhsil haqqının ödənilməsidir. Belə elanlar sırasında hətta “5 min avro ödə, Çexiya universitetinə imtahansız qəbul ol!” kimi açıq məlumatlar da var. Həmçinin bir ara Şimali Kipr Respublikasının Universitetinin reklamı gedir. Açıq-açığına deyilir ki, hər il 4446 avro ödəməklə, heç bir imtahan verməməklə, qeydiyyat və gündə üç dəfə yemək və yaşayışla təmin olunursunuz. Özü də demək olar ki, istənilən ixtisasa sahib olursunuz, diplomunuz da dünyanın bir çox yerində tanınır. Hələ onu da deyirlər ki, həm istirahət edirsiniz, həm də təhsil alırsınız. Son günlərdə bu kimi reklamlar artıq mobil telefonlara da sirayət edib. İsmarıcla abonentlərə elan verilir. Mətn belədir: “Paşa Təhsil – Təhsil millətin gələcəyidir! Türkiyə təhsil mərkəzində heç bir imtahan olmadan Türkiyə və Dubayda təhsil imkanı”.
İmtahanların yaxınlaşdığını nəzərə alsaq, demək ki, xaricdə təhsillə məşğul olanlar üçün artıq “sezon” başlayıb. Bununla bağlı Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən bir neçə ofis mövcuddur. Onların fəaliyyət istiqamətləri və abituriyentdən tələb etdiyi məbləğin miqdarını öyrənmək üçün bir neçəsi ilə əlaqə saxlamağa çalışdıq. Onlar əlavə məlumat üçün bizi əsasən ofisə dəvət etdilər. Yəni ora getsək, ətraflı hər şeyi deyə bilərlər. Amma, israr edib bir neçə məlumat ala bildik. “Paşa Təhsil”-dən bildirdilər ki, TQDK-dan kənar istənilən 11-ci sinfi bitirən abituriyent onlara müraciət edə bilər. Xarici universitetə qəbulun necə aparıldığını soruşduq: “müraciət edən abituriyentlər müsabiqədən keçirlər. Onların rus və ingilis dillərini bilib-bilmədiklərini müəyyənləşdiririk. Daha sonra müəyyən proseduralardan keçdikdən sonra onlar birbaşa xarici universitetə göndərilir. Və heç bir imtahan vermədən oranın tələbəsi olur. Təbii ki, illik təhsil haqqını ödəməklə”. Abituriyentin nə qədər ödəyəcəyinə gəldikdə isə heç bir məlumat vermədilər. Dedilər ki, bu onun seçəcəyi universitetdən asılıdır və əlavə məlumat üçün bizi ofisə dəvət etdilər.
Son zamanlar elanı hətta qəzet səhifələrinə “dırmaşan”lardan biri də “Ukrayna Dövlət Təhsil Mərkəzi”dir. Onların Azərbaycan nümayəndəliyindən də təxminən yuxarıdakı cavabları aldıq. Elanı daha çox “Facebook” sosial şəbəkəsində gedən universitetlərdən biri Çexiya universitetləridir. Onların elanında göstərilən ünvanlara zəng edib xaricdə təhsil almaqla bağlı sorğu sual etsəniz, söhbətinizin təxmini məcrası belə olacaq:
–17 yaşım var, imtahandan uğursuz nəticə əldə etmişəm, buna görə də təhsilimi Çexiyada fəaliyyət göstərən universitetlərin birində davam etdirmək istəyirəm. Bunun üçün nə etməliyəm? –Bunun üçün attestatın və xarici pasportun olmalıdır. Bəs imtahan nə vaxt keçiriləcək? Heç bir imtahan vermirsiniz! Sadəcə, burada bizim zəhmət haqqımız var. Siz bunu ödəyirsiniz, biz sizi həmin ölkədə istədiyiniz universitetə düzəldirik. Qiymət 5 min avroyadək ola bilər.
Bir az inandırıcı danışa bilsəniz daha ətraflı məlumat ala bilərsiniz: “İllik təhsil haqqı 2500 manatdır. 5 min avroya da universitetə düzəldirik. 3 il təhsil alırsınız. Bitirdikdən sonra sizə 2 diplom verilir”. Söhbəti bir az da qurdalasanız, görəcəksiz ki, bu xidməti göstərən təşkilat heç Azərbaycanda qeydiyyatdan da keçməyib. Yəni, fəaliyyəti barədə heç bir lisenziyaları yoxdur: “Bizim Azərbaycanla heç bir əlaqəmiz yoxdur. Bizim şirkət Çexiyada qeydiyyatdan keçib”. Bəs, təklif etdiyiniz ölkədə təhsili başa vurduqdan sonra verilən diplomlar Azərbaycanda tanınırmı, sualını versəniz: “Çexiyada təhsilini bitirəndən sonra sənə 2 diplom verilir. Praqa Beynəlxalq Münasibətlər Universiteti və Estoniyanın Dövlət Menecment Universiteti tərəfindən verilən diplomlar. Bunlar Avropada da, MDB ölkələrində də tanınır”-deyəcəklər. Bir az da dərinə getsəniz, onların tələb etdiyi məbləği verən istənilən şəxsə Çexiyada imtahansız təhsil almaq şansı yaratdıqlarını eşidəcəksiz.
Durumla əlaqədar Təhsil Nazirliyinin mövqeyini öyrənmək istədik. Amma gün ərzində açdığımız bütün telefon zəngləri cavabsız qaldı. Belə olduqda isə ekspertlərlə danışdıq. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də bu cür elanlarla rastlaşdığını dedi. Hətta təəccübləndi ki, onlar bunu hökumətdən, qayda-qanundan kənar necə edirlər?!: “Burada bir məsələ var. Ola bilər ki, oraya müraciət edən şagirdlər gedib orada oxusun, sadəcə dinləyici kimi olsun. Bitirdikdən sonra ona diplom deyil, sertifikat versinlər ki, bu adam həqiqətən orada dinləyici olub. Bu sistem keçmiş vaxtlarda da olub. Amma Türkiyədə belə olması məni təəccübləndirir, qaldı ki, Rusiya, Ukrayna və Dubayda olmasına təəccüblənmirəm. Mənim yaxın tanıdığım bir adam var, o universiteti bitirəndə universitetin rektoru qəzaya uğradı və diplom ala bilmədi. Ukrayna ilə bağlı bu cür reklamı eşidib və müraciət edib. Ona deyiblər ki, sən öncədən 3000(3 min) manat verməlisən, sorğu-sualda iştirak edəcəksən. Amma sonrakı sorğu – sual da necə olacaq hələ bilinmir. Buradan belə nəticə çıxır ki, onlar adamları cəlb edib yığırlar, sonra onlar üçün sərfəli olan, hansı yollarla xaricdə təhsil almağa cəhd göstərənləri və s. toplayırlar. Mən bu kimi təhsil təklif edənlərin fəaliyyəti ilə dərindən tanış deyiləm və onlarının işlərini effektli hesab eləmirəm. Əvvəla, hər bir dövlətin öz qayda-qanunu var, Azərbaycanın da həmçinin. Tələbə qəbulu komissiyasından keçmədən universitetə qəbul olmaq olar, hətta xaricə də getmək olar. Amma imtahan dəyərləndirmədir, biliyi meydana çıxarmadır. Sənin biliyin ortaya çıxmadan, necə xaricdə ali məktəbə qəbul ola bilərsən? Axı bunun məntiqi yoxdur. Ona görə də bu cür elanlar, yazılar və afişalar ciddi və qanuni məsələlər deyil. Ağıllı – başlı oxuyan gənclər buna aldanmasınlar”.
21-ci əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə imtahansız xaricdə təhsil almağı, həmin ölkələrin və onun Azərbaycandakı təşkilçilərinin yalnız kommersiya marağı güddüyünü bildirdi. Onun sözlərinə görə, onların təklif etdiyi xidmətlərdə heç bir keyfiyyətli təhsil yoxdur: “İmtahansız təhsil bir çox xarici ölkədə mövcuddur. Amma orada yalnız savadlı tələbə real olaraq axıra kimi təhsilini başa vura bilər. Bu sistem Azərbaycan təhsili üçün hələ çox uzaqdır. Bizdə bu üsul ilə yalnız imkanlı ailələrdən olanlar yararlana bilərlər. Hazırda xarici ölkələrdə də imtahansız təhsillə bağlı çoxlu reklam gedir. Amma savadlı gənc elə öz gücünə arxalanıb, doğma yurdunda da tələbə adını qazana bilər. Mən yalnız imtahanla qəbulu dəstəkləyirəm. Yalnız bu cür sistemlə aparılan seçim yaradıcı, savadlı, intellektual gənclərimizin yetişməsinə təkan verir”
Elgün Mənsimov

Şərh Yaz