“Dünyanın çiynindən yükü boşalır”

Həmyerlimiz Kifayət Şıxəhmədqızı ikinci şeirlər kitabı ilə oxucularının görüşünə gəlib. Kitaba 2003-cü ildən sonra qələmə aldığı müxtəlif mövzulu şeirlər toplanmışdır. Kifayət xanımın əksər şeirləri sevgiyə, məhəbbətə bələnmişdir. Bu məhəbbət insanın insana, Vətənə, torpağa, dilinə, musiqisinə, ümumilikdə, bütün kainata və bəşəriyyətə olan məhəbbətdir desək heç də yanılmarıq. K.Məmmədovanın “Dünyanın çiynindən yükü boşalır” adlı şeirində son illərdə təbiətdə baş verən fəlakətlərdən, insan faciələrindən söz açılır. Doğrudanmı, dünya leysan yağışları ilə, meşə yanğınları, vulkan püskürmələri ilə, zəlzələlərilə, torpaq sürüşmələri ilə, muxtəlif təyyarə və avtomaşın qəzaları ilə çiynindən yükünü yüngülləşdirir?! Bəlkə, bütün bu təbiət kataklizmləri insanlara Tanrının bir xəbərdarlığıdır. Axı dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir, haqqı qoyub, nahaqqı müdafiə edənlər, qatığa qara deyənlər artıb. Müəllif burada öz mövqeyini ortaya qoyur, bu ədalətsizliyə etirazını bildirir…
Kifayət xanımın yaradıcılığında təbiət mövzusu da geniş yer almışdır. İnsanlarımızın əli ilə tikilən, qurulanlar da şairənin gözündən qaçmamış, bütün bunları “Gözəldir” şeirində qələmə almışdır. Şeirləri dilimizin, təbiətimizin, muğamlarımızın gözəlliyini tərənnüm edir. O şeirlərində hər fəslin xüsusiyyətlərini, bu fəsillərdən insanların aldığı ovqatı oxucularına poetik dillə çatdırmağa çalışır.
Kitab Bakı – MTR Group-da nəşr edilmişdir. 176 səhifəlik kitab min nüsxə tirajla çap edilmişdir.
Biz Kifayət xanımın şeirlərini təhlil etmək fikrində deyilik. Məqsədimiz kitab haqqında oxucularımıza qısaca məlumat verməkdir. Kitabı alıb oxuyanlar müəllifin məqsədinə çatıb-çatmadığını müəyyənləşdirə biləcəklər. Bizə isə Kifayət xanıma yaradıcılıq uğurları arzulamaq qalır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz