Yaddas kitabcasi

Qəzetli illərim

Mən jurnalist olmağı heç arzulamamışdım. Peşə seçmək düşüncəm formalaşandan hüquqşünas olmaq istəyi ilə yaşayırdım. Rayona yolum düşəndə – bu isə ildə bir və ya iki dəfə olardı – olimpiadaya, əlaçıların rayon toplantısına, ya da diş həkiminə – fürsət tapıb Xəlil kişinin mağazasına qaçar, atam rəhmətliyin verdiyi 3-5 manat cib xərcliyinə kitab alardım. Əsasən cinayətdən – o zaman dedektiv sözünün mənasını belə bilmirdim – bəhs edən kitablar alardım. Qəzetli  illərimValideynlərim bədii ədəbiyyat oxumağa çox izin verməzdilər deyə o kitabların da üzünə dərs kitabları kimi kağız çəkər və dərslərdən, kənd yerlərində bitib-tükənmək bilməyən işlərdən vaxt tapan kimi oxuyardım. Adəta, belə əsərlərin əvvəlində cinayət hadisəsi təsvir olunur, sonra açması gəlir, yəni milisin fəaliyyəti, cinayətin üstünün necə açılması. Birinci hissəni oxuyar, kitabı qatlayıb cinayətin üstünü necə açmaq barədə planlar cızardım. Sonra əsərin davamını oxuyardım və əksər hallarda “planım” yazılanla düz gələrdi.
Atamsa, məndən xəbərsiz mənim jurnalist olmağımı istəyirdi, bir neçə dəfə məni həvəsləndirib məqalə də yazdırmışdı və “Zəhmətkeş” qəzetində özü aparıb çap etdirmişdi. “Azərbaycan pioneri” qəzetində və jurnalında da ara-sıra yazılarım çap olunardı, onları isə sadəcə marağa özüm göndərərdim. Nə isə…
Orta məktəbi bitirib sənədlərimi götürüb getdim Bakıya – Azərbaycan Dövlət Universitetinə. O zamanlar sənəd qəbulu iyulun 1-dən 31-dək olardı. Sonuncu günədək hər gün sənəd verəcəyim ümidi ilə gedib gəldim – olmadı, 2 il iş təcrübəsi olmayanların sənədlərini nə hüquq fakültəsinə, nə də atamın istədiyi jurnalistika fakültəsinə qəbul etmirdilər. Axır ki, 31-də günün ikinci yarısında orta məktəbi yeni bitirən məzunlardan hər iki fakültəyə sənəd götürüləcəyini elan etdilər. Mən də həvəslə sənədlərimi hüquq fakültəsinə sənəd qəbul edən yaşlı kişiyə təqdim etdim, aldı baxdı, hələ 16 yaşım olmadığından pasport almamışdım, amma yaş kağızım sənədlərin arasındaydı. Baxdı, əsəbi səslə “pasportu ver” dedi. Yaşım çatmadığından hələ almadığımı deyəndə sənədləri hirslə büküb elə hirslə də az qala üstümə tulladı: “olmaz, get yaşın çatanda gələrsən!” Nə qədər xahiş, minnət etdim olmadı. Günün sonunda çar-naçar qalıb “kəsilib” gələn il hüquqa daxil olmaq arzusu ilə sənədlərimi jurnalistikaya verdim və tərslikdən yüksək balla qəbul olundum. Tələbə ikən dəfələrlə fakültəni dəyişmək üçün müraciətlər etdim, amma pulu, arxası olmayan birini heç o zaman da eşidən yox idi, eşidilmədim də. Beləcə, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla öz rayonumuza – rayon qəzetinə işə gəldim. Sentyabrın 1-dən işə başladım. İlk əmrimi Valeh Salehov imzaladı. O zaman qəzetin redaktoru o idi. Redaksiyada saf, işgüzar bir mühit var idi və bu mühit mənə yad deyildi. Təhsil aldığım 5 il boyunca hər il bir ay təcrübədə olardım və redaksiyaların yalnız özünə xas olan mühitinə bələd idim. 2 il də rayon qəzetində təcrübədə olmuşdum, Bəybala Babayevi, Saday Səmədovu, Mustafa Səlimovu, Əkrəm Şirinovu o vaxtlardan yaxşı tanıyırdım – mehriban, səmimi, bildiyini öyrətməkdən çəkinməyən sadə insanlar idilər. Mətbəənin kollektivi isə sadədən-sadə idi, buradakı mühit də tamam başqa idi – bu insanlar tikələrini bir-birləri ilə bölməyi çox yaxşı bacaran, birinin sözü digərinin boğazından asanlıqla keçən mehriban, kiçik bir kollektiv idi. Ramazan İsayev mətbəənin ən təcrübəli işçisi idi, gərək ki, 1941-ci ildən burada işləyirdi. Çapçı idi Ramazan dayı, günaşırı səhər saat 5-də mətbəədə olar, saat 9-a kimi çapçı yoldaşı Müsənnif İsmiyevlə birlikdə 5-6 min qəzeti çap edərdi. Heç vaxt da çapı qurtarıb evinə getməz, materialların səhifələnməsində yoldaşlarına kömək edərdi. Mətbəədə iş çətin və ağır idi. İri, neçə tonluq sətirtökən maşınlar qurulmuşdu burada, iş vaxtı başlanmazdan 2 saat əvvəl həmin maşınlar işə salınardı və sətirlərin töküldüyü qurğuşun bu müddətdə əriyər, maşın işə hazır olardı. Mən təzə gələndə mətbəədə 2 sətirtökən maşın var idi: birini xanım-xatın Raya Abdullayeva, digərini isə məktəb partası arxasından yenicə durmuş gənc və gözəl Gülbəniz İsmiyeva – Müsənnif dayının qızı idarə edirdi. Sətirləri ötürəndə maşınlar elə səs çıxarırdı ki… Təkcə bu səs yox, maşınların vahiməli görünüşü də bu incə xanımlarla təzad təşkil edirdi. Bir müddət sonra Gülbəniz ailə qurub Bakıya köçdü, onun yerini nazlı-duzlu cülyanlı qızı Firavan aldı. Linotipçilərin yığdığı materialları Ağca Səlimova, Qəribə Rəsulova və Vəkil İsmiyev səhifələyərdilər. Ramazanla Müsənnif də onlardan köməklərini əsirgəməzdilər. Qəzetli  illərimSətirtökən maşınlar qurğuşunla işlədiyi üçün mətbəəyə hər daim ağır iy çökərdi, qəzet çapında istifadə olunan rəngin iyi də bir yandan bu qoxunu dözülməz edərdi. Mətbəə birinci mərtəbədə yarım zirzəmidə olduğu üçün havası çətin dəyişilirdi, heç bir ventilyasiya da qurulmamışdı. Ona görə də mətbəədə işləmək elə də asan deyildi. İşçilər məcbur olub 2-3 saatdan bir 10-15 dəqiqə təmiz havaya çıxır, bəzən çaylarını, bir tikə çörəklərini də elə mətbəənin qarşısındakı skamyada yeyərdilər. Bu sadə, zəhmətkeş insanların qəzet süfrələri hamının üzünə açıq idi – pendir, ya elə adicə şor, göyərti, kükü, pomidor, xiyar, yuxa və ya təndir çörəyi. Soyutma kartof qazanı da soyuq havalarda odun peçinin, yaz-yay aylarında isə elektrik qızdırıcısının üzərindən əskik olmazdı. Sətirtökən maşının peçinin üzərində bişən yeməklər daha dadlı olardı – vamla bişərdi deyə. Raya ara-sıra oraya ət yeməkləri, ya da qat-qat – badımcan, kartof, soğan, bibər, pomidor, ət qoyardı bişməyə. İkinci mərtəbənin bina istifadəyə veriləndən təzələnməmiş çürük, seyrək döşəməsinin arasından bu yeməyin iyi yuxarı sızar, ağızları sulandırardı. Payız aylarında isə maşınların peçi üzərinə – mətbəə işçiləri “kotyol” – qazan deyirdilər – elə redaksiyanın bağından dərdikləri qara almaları düzüb bişirərdilər. Bu ağır, yorucu işin arasında bunlara da vaxt tapmaları bəzən məni heyrətləndirərdi. Bir, üç, beşinci günlər qəzet günü olurdu və o günlər də nə qədər çalışsan da axşam saat 8-ə, bəzən hətta 10-a, 11-ə kimi iş uzanırdı. Əlavə iş üçün əmək haqqı verilmirdi. Mətbəədən çox danışdım deyəsən, amma xatirələrimdə mətbəənin payı çoxdur və niyəsə bu mənlik deyil.
Birinci mərtəbədə mənə xoş gələn, məni maqnit kimi özünə çəkən bir otaq da korrektor otağı idi əvvəllər. 0 zaman Dursun İsrayılova korrektor idi. Uzun müddət qəzetə redaktorluq etmiş bu ucaboy, gözəl, xanım-xatın qadın çox diqqətli bir korrektor idi. Sözləri heca-heca oxuyar, hər səhvi təkrar yoxlayardı. Sonralar bu vəzifədə Sünbül Bünyadova, Vəsilə İsmayılova, Əzimə İsmiyeva, Nazxanım Nəcəfova işlədilər və Dursun İsrayılovanın korrektorluq ənənəsini yetərincə davam etdirdilər.
Qəzetin yaradıcı heyəti də bacarıqlı insanlar idilər, redaktor Valeh Salehov çox tələbkar idi. Hər iş plana uyğun qurulurdu, nizam-intizam da öz yerində. Mən məktublar şöbəsində ədəbi işçi idim. Daxil olan məktubları qeydiyyata alır, oxucu məktublarını çapa hazırlayır və çox tez-tez də yazı hazırlamaq üçün tikintilərə, məktəblərə, digər obyektlərə gedərdim. Təzə idim, naşı idim, bəzən nəyisə təkrar soruşmağa utanırdım, çəkinirdim. Amma zamanla hər şey yoluna düşürdü. İşlədiyim ilk ildə ilk və sonuncu olan bir töhmət aldım: ”Zəhmətkeş məktublarına qayğı ilə yanaşmadığı, Basqal kənd sakini Murad Musayevin məktubuna tamamilə yersiz əlavələr etdiyinə görə məktublar şöbəsinin ədəbi işçisi Lətifə Əliyevaya xəbərdarlıq edilsin və işdə ciddi dönüş yaratmaq ondan ciddi surətdə tələb edilsin”. Əmr №9, 26 fevral 1977-ci il.
Doğrudanmı günahkar idim, doğrudanmı işə səhlənkar yanaşmışdım, onu bu gün də dəqiq bilmədim. Gün kimi aydın olan isə odur ki, yuxarıda dediyim kimi bu, mənim qəzetdə işlədiyim 35 ildə ilk və son töhmətim oldu. 3 övlad böyütdüm, iş həyatımda da başarılı oldum. Məktublar şöbəsinin müdiri, yerli radionun redaktoru kimi fəaliyyət göstərdim. 1987-ci ildən ta qəzetdən ayrılanadək -2011-ci ilin yanvar ayınadək qəzetin məsul katibi və redaktor müavini işlədim. Redaksiya qadınlar şurasının sədri və redaksiya ilk partiya təşkilatının katibi kimi ictimai iş apardım. Qəzetdə işlədiyim dövrün böyük əksəriyyəti tanınmış şair Musa Yaqubun bu qəzetə redaktorluq etdiyi illərdir.
Redaksiyada həmişə saf, səmimi bir mühit olub və gələn yeni işçilər də – Xavər Abbasova, Nüşabə Mirzəyeva, Novruz Haşımov, Hamlet Manafov, Məmmədmirzə Rzayev, Əsədulla Nəsirov, Murad Məhərrəmov və başqaları da bu səmimiyyəti nəinki qoruyub saxlamış, hətta daha da artırmışdılar. Bütün əlyazmaları makinada yazan Şahnisə Ömərova, Elmira Umudova da, sonralar onun yerində işləyən bacısı Səkinə də, qarovulçu Kərəm Yusifov da, sürücülər Ağasəf, Əli, Səhrab da kollektivin ayrılmaz, mehriban üzvləri idilər. Təsadüfi deyil ki, qəzetin ştatdankənar müxbirləri, “Dağ çiçəkləri”nin üzvləri redaksiyanı “babam ocağı” adlandırırdılar. Və bu “babam ocağında” ən sevilən yer, hamının imkan tapan kimi baş çəkdiyi otaq mühasib Yavər Mikayılovanın otağı idi. Bu səmimi, mehriban qadın iş yoldaşlarını mehriban qarşılayar, başı ağrıyana kəklikotulu çay verər, məsləhətə, köməyə ehtiyacı olandan köməyini əsirgəməzdi. Ona görə də kim otağında tapılmasaydı, onu hökmən Yavərin otağında axtarardılar. Bu qayğıkeş qadın da düz 34 il redaksiyanın mühasibi işləyib və elə buradan da təqaüdə çıxıb.
Ömrümün ən gözəl illərini qəzetə həsr etdim. Düz 35 il kəpənək ömrü adlanan, oxunub sonra da lazımsız əşya kimi bir kənara qoyulan qəzetə gözümün nurunu verdim, amma həmişə imzama, işimə hörmətlə yanaşdım. Və bir də heç zaman unutmadım ki, mən şərəfli bir işlə məşğulam- qəzet bir rayonun tarixini yazıb-yaşadır və mən o tarixin salnaməçilərindən biri olmuşam.
Qəzetlə bağlı ən yaxşı günlərimiz də elə qəzetin illərlə yerləşdiyi o binada – indiki İsmayıllı bələdiyyəsi ilə üzbəüzdə yerləşən və ikinci Dünya müharibəsi gedən illərdə rayon Partiya Komitəsi üçün tikilmiş, sonralar isə uzun illər rayon qəzetinin istifadəsində olan bağlı-bağatlı ikimərtəbəli binada keçib. 2007-ci ildə o bina söküldü. Mənim üçün qəzetli illərimə son nöqtə sanki o bina ilə qoyuldu.
Sonradan qəzet bir müddət rayon sığorta idarəsinin yerləşdiyi binada (Meşə İdarəsinin köhnə binasında), daha sonra inzibati binada yerləşdi. Nə əvvəlki dad, nə əvvəlki duz!!
2011-ci ilin yanvar ayında öz ərizəmlə qəzetdən işdən getdim – 9 ay sonra qəzetdə işlədiyim düz 35 il olacaqdı…
Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoruyam. İdarəmiz N.Nərimanov küçəsi 36 ünvanındakı inzibati binanın ikinci mərtəbəsində yerləşir, pəncərədən baxanda dədə-baba redaksiyanın binasının həyəti görünür. Darıxanda, ötən günləri xatırlayanda pəncərədən o həyətə boylanıram, hər şey göz önündə canlanır, xatirələrdə yaşayan hər şey.
Bu həyatdır, bir başlanğıcı və bir sonu olan həyat. Mənim qəzet həyatımın sonu, bax o binanın sonu, bir ailə olan redaksiya kollektivinin iş həyatının sonu… Amma nə yaxşı ki, o son gözəl, xoş hisslərlə xatırlanan xatirələrin başlanğıcıdır. Nə yaxşı ki…
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz