Müstəqil Azərbaycan və ordu quruculuğu

22 iyun 2012-ci il tarixdə YAP İsmayıllı rayon təşkilatı “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” münasibətilə dəyirmi masa keçirmişdir.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görmüşdür. Bu işlərə ordu quruculuğu sahəsində görülən tədbirlər də aiddir.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin, şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu.
Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başladı.
Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi qeyd olunur.
Azərbaycanın hərbi potensial baxımından Ermənistandan hazırkı üstünlüyü heç də birdən-birə, təsadüfən meydana gəlməyib. Son 15 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: “… Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.
Ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləməkdir. Əvvəldə vurğuladığımız kimi, artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub.
Vüqar Əhmədzadə

Şərh Yaz