Yaddas kitabcasi

Termometrin inkişafı tarixindən

Bəşər cəmiyyətində istilik hadisələri həyat üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Elə buna görə də insan ibtidai-icma quruluşundan başlayaraq, istiliyi bu və ya digər dərəcədə öyrənməyə çalışmışdır. İstiliyin və soyuqluğun mövcudluğu atmosfer və Günəş sisteminin varlığı ilə bağlı olduğundan ilk vaxtlar məhz atmosfer və Günəş sistemi öyrənilmişdir. Bu sahəyə marağı Ptolomeydən, Kopernikdən, C.Brunodan, Keplerdən, Paskaldan, Dekartdan bəri görürük.
İstilik hadisələri hələ XVI əsrdən başlayaraq Q.Qalileyi maraqlandırır. O,istilikölçən yaratmağa səy göstərir. Nyuton xüsusi termoskop hazırlayır. Teleskopu düzəldənlər işıq şüasının toplanması ilə istiliyin alınmasının əlaqəsini müşahidə edirlər. Buna görə də qızma dərəcəsinin müəyyən edilməsi xüsusi maraq doğurur. İ.Nyutondan az sonra həmin dövrdə ingilis Homoyun qızma dərəcəsini ölçən cihaz düzəltməyə səy göstərmişdir. Burada əsas cəhət soyuqluqla istiliyin yerini müəyyənləşdirmək idi. Belə dərəcələmə XVII əsrin axırı, XVIII əsrin əvvəlinə qədər gəlir. Həmin dövrdə istiliyin iki tarixi aspekti-əvvəlcə onun termogen nəzəriyyəsi, sonra isə kinetik nəzəriyyəsi inkişafa başlayır. Bu nəzəriyyələr bir-birinə zidd olduğundan demək olar ki, inkişafda biri digərinə maneçilik edirdi. Əvvəllər termogen nəzəriyyəsi daha möhkəm mövqedə idi. Sonradan molekulyar-kinetik nəzəriyyənin inkişafı termogen nəzəriyyəsinin kökündən səhv olduğunu aydınlaşdırdı.
1709-cu ildə amerikan alimi Faranheyt termometri ixtira etdi. Faranheyt termometrinə görə suyun donması 32F, onun qaynaması 212F idi. 1714-cü ildə Faranheyt öz spirtli termometrini civəli termometri ilə əvəz etdi. Faranheytə görə termometr elə mayedən olmalıdır ki, islatma verməsin.
1731-ci ildə İsveç zooloqu Reomer suyun donmasını 80 dərəcə, qaynamasını isə 0 dərəcə qəbul etməklə, özünün termometrini düzəltdi.
1732-ci ildə Peterburq EA-nın akademiki Demil öz şkalalı termometrini düzəltdi. Bu termometrə görə suyun qaynaması 0 dərəcə, onun donması isə 150 dərəcə qəbul edilmişdir. Demilin termometrindən Lomonosov öz tədqiqatlarında istifadə etmişdir.
1742-ci ildə İsveç astronomu Selsi suyun donmasını 100 dərəcə, qaynamasını isə 0 dərəcə qəbul etməklə termometr yaratdı.
1755-ci ildə danimarkalı K.Linney əslində Selsi termometrinin rəqəmlərinin yerini dəyişdi. Başqa sözlə, suyun donması 0 dərəcə, qaynaması 100 dərəcə göstərildi. Deməli, hazırda istifadə etdiyimiz K.Linney termometridir. 1848-ci ildə ingilis alimi U.Kelvin tərəfindən mütləq temperatur şkalası quruldu. Kelvin termometrlərində mənfi temperatur yoxdur.
Hazırda termometrlərin müxtəlif növlərindən istifadə olunur. Daha dəqiq işləyən müqavimət termometrləri, qaz termometrləri, yarımkeçirici termometrlər geniş yayılmışdır.
Arzu Mirzəyeva,
Sumağallı kənd tam orta məktəbin fizika müəllimi

Şərh Yaz