Yaddas kitabcasi

Bala, bir məndən də yaz

Görkəmli satirikimiz M.Ə.Sabir o vaxt məclislərin birində on iki kişinin bir-biri ilə olan söhbətini qələmə alıb. Onların arasında elm adamları ilə birgə, cahil və avamları da olub. Bir sözlə, hərə öz tutduğu işlərdən danışırmış. Birinci vəkil başlayır: “Həqsizə həqli deyib, bir çox günaha batmışam”. Bu yerdə günah sözü həkimə yaman təsir edir, o da başlayır etiraf etməyə: “Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam”. Tacir də dözməyib: “Mən həlal ilə həramı bir-birinə qatmışam”-deyir. Molla da eləmə tənbəllik, söhbətin məcrasına düşür: “Gündə bir fitva verib, məxluqu çox aldatmışam”. Cahil isə ortada keyf eyləyib, mərama çatdığını bildirir. “Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam”-sözlərini isə şair deyir…
M.Ə.Sabirin 19-cu əsrdə qələmə aldığı məclis əhlinin etirafı bügünkü günümüzlə tam səsləşsə də, mənim fikirlərim yenə də 19-cu əsrin Fransa təxayülünə yollandı. Ona görə ki, məşhur fransız yazıçısı Gi de Mopassan da “Ölü” hekayəsini elə o dövrdə yazmışdır. Orada da insanlar öz günahlarını etiraf edirdilər. Lakin Mopassanla Sabir arasında bir fərq var, biri öldürəndən sonra etiraf etdirir, digəri isə diriykən. Elə buna görə də, Sabir operativliyinə olan simpatiyam Mopassan xülyasına olan heyranlığımdan üstündür.
Öz fikirlərimdən danışdım, ədibin məclis söhbətləri yarımçıq qaldı. Qoy onu da bitirək ki, mərhumun ruhu şad olsun. Deməli, yuxarıdakı məclis söhbətlərində Sabir obyektivliyi qoruyaraq öz peşəsinə də “sataşır”. Belə ki, qəzetçinin “Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam” sözləri də satirik ustadın qulaqlarından yayınmır. Elə biz də qəzetçi olduğumuza görə, məhz şairin səsləndirdiyi bu fikirlərin üzərində qərar tutaq. Ona görə ki, bu gün həqiqətən də səhifə dolduran yazarlarımız en qədərdir. Fikirləşə bilərsiz ki, yuxarıdakı etiraflar qəzetçinin etirafından daha önəmlidir və daha acınacaqlıdır, niyə onlardan danışmırsan, onlar ki, bu günümüzlə tam səsləşir?! Ona görə danışmıram ki, qəzetçilərə ərkim çatır, ətimi yesələr də sümüyümü atmazlar. Digər səbəb odur ki, mənim də Sabir qədər qüdrətim yoxdur ki, diriykən kimlərdənsə danışım, qoy hələ ölsünlər, ondan sonra Mopassanlıq edərəm.
Amma insafən deməliyik ki, 19-cu əsrdən fərqli olaraq, bu gün qəzetçinin yazmalı olduğu o qədər məsələ var ki..! Sabirin dövründə nə Qarabağ müharibəsi vardı, nə atəşkəs, nə də ki, “Evrovision” təhdidi. Heç nəqliyyat da yoxuydu ki, yolları da olsun, elə ona görə də Sabir əcnəbinin balonlarla göyə çıxmasına həsədlə baxırdı. Bir sözlə, bizim satirik ustad elə bir dövrdə yaşayıb-yaradb ki, onun nə texnikası, nə güclü ordusu, nə təhsili, nə də təhsil verən qurumları olub. Elə mollanın moizələrini dinləyib, arada da onun yazı yazanları necə döyməsindən danışıb. Lakin, gəlin görək, bugünkü qəzetçinin yazmaq üçün əlində nə qədər imkanları var? Bugünkü qəzetçi yeni tikilən yol qovşaqlarından yazır, bilir ki, sabah da onun çökməsindən yazacaq. Bügünkü qəzetçi inkişafdan yazır, bilir ki, sabah da gerilikdən yazacaq. Bugünkü qəzetçi Amerikadan yazır, bilir ki, sabah da Ərəbistandan yazacaq. Bugünkü qəzetçi təhsildən yazır, bilir ki, sabah da abituriyentlərin zəif nəticəsindən yazacaq. Bugünkü qəzetçi narkomandan yazır, bilir ki, sabah da onun nəticəsindən yazacaq. Bugünkü qəzetçi Qarabağdan yazır, bilir ki, sabah da onun azadlığından yazacaq. Bügünkü qəzetçi mediadan yazır, bilir ki, sabah da onun cəmiyyətdə yaratdığı mənfilikdən yazacaq. Bugünkü qəzetçi kriminal yazır, bilir ki, sabah da ağır yol qəzasından yazacaq. Bügünkü qəzetçi kosmosdan yazır, bilir ki, sabah da meteoritdən yazacaq. Bugünkü qəzetçi evsizlərdən yazır, bilir ki, sabah da paytaxtda ucalan göydələnlərdən yazacaq… Və nə qədər misal çəksək, yenə də az olacaq! Odur ki, rəhmətlik Sabirin qəzetçi barədə dediklərini öz dövrü üçün məqbul hesab edirəm və danmıram ki, bu dövrdə “COPY-PASTY”-nin “şotuna” mətləbi uzadanlar da az deyil.
Hələ bunlar bir yana, bu gün qəzetçi hara gedir, bu sözlərlə rastlaşır –“Bala, bir məndən də yaz”. İnanmıram ki, fəaliyyəti dövründə bu sözlərlə rastlaşmayan qəzetçi olmasın. Buna aid bir haşiyə çıxaq, sonra da Sabirə Allahdan rəhmət diləyək:
–Bizim Fatma arvad bir gün eşidir ki, kəndə qəzetçi gəlib və camaatın problemlərindən yazır. Tez Xankişini haraylayıb çağırır ki, qəzetçini tapıb gətirsin. Yazıq kişi dirəşir ki, ay arvad, bir belə kənddə onu hardan tapım. Tapsam nolacaq, guya onun yazmağıyla vəziyyətimiz düzələcək ki? Özləri yazıf, özləri də oxuyur. Kimdi onlara qulaq asan? Odey, burda yaşayannan nə qazımız var, nə də suyumuz, göydən yağan yağış da evin içində təpəmizə tökülür. Keçən il düz iki qəzetçi gəlmişdi, hərəsi də bir səhifə yazıb getdi, noldu..? Arvad görür ki, yox ey, kişidən iş görən olmaz! Əsasını da götürüb düzəlir yola…

Şərh Yaz