Xüsisi buraxılış: Oxuyur Sahibə Abdullayeva

Xüsisi buraxılış:  Oxuyur Sahibə Abdullayeva2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında” sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında həmyerlimiz, rayon mədəniyyət evinin işçisi Sahibə Abbas qızı Abdullayevanın da adı vardır.
Yüksək mükafat münasibətilə Sahibə xanımı İsmayıllı rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Bütün Azərbaycan xalqının sevimlisi, əzizi!
Ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi! Xalqımızın qeyrətli, vətənpərvər, fədakar oğlu!
Siz Azərbaycan Respublikasının inkişafı, onun dövlətçilik ənənələrinin qorunub saxlanılması, möhkəmləndirilməsi, iqtisadi və siyasi qüdrətinin artırılması, müstəqilliyin əbədi təmin olunması, xalqımızın rifah halının günü-gündən yaxşılaşdırılması, ölkəmizin inkişaf etmiş ölkələr səviyyəsinə çatması üçün gecə-gündüz çalışır, yorulmaz fəaliyyət göstərir, uzaqgörən sosial-iqtisadi siyasət aparırsınız. Azərbaycanı çox böyük və uğurlu gələcəyə istiqamətləndirirsiniz.
Bu onu deməyə əsas verir ki, bütün fəaliyyətiniz təkcə xalqımızın yox, bəşəriyyətin yüksəlişinə, milli-mənəvi ideyaların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir.
Ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirirsiniz. Xalqımızın istək və arzuları çiçək açır, sosial həyatı gündən-günə firavanlığa qovuşur.
Müdriklər deyiblər ki, xalq əvvəlcə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu gün Azərbaycan xalqı da sizin ətrafınızda möhkəm birləşib. Ölkə vətəndaşları sizi dəstəkləyir, sizə ümid və inam bəsləyir, arxanızca gedir. Azərbaycan gələcəyə inamla baxan bir dövlətə, regional güc mərkəzinə çevrilir. Vətəndaş cəmiyyəti, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu uğurla davam etdirilir.
Azərbaycan iqtisadiyyatı artdıqca, xalqın sosial həyatı da zənginləşir. Tariximiz, ədəbiyyatımız, elm və mədəniyyətimiz inkişaf edir. Əmək adamlarına, elm və incəsənət sahəsində çalışanlara dövlət qayğısı gündən-günə güclənir, onlara layiq olduqları qiymət verilir.
Cənab Prezident!
Bu günlərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqındakı 18 oktyabr 2011-ci il tarixli sərəncamınız da məhz bu qiymətin bariz nümunəsidir.
Əlbəttə, sizə necə minnətdarlıq etmək mənim üçün çox çətindir. Lakin bildirmək istəyirəm ki, adımı təltif olunanlar, “Tərəqqi” medalı alanlar sırasında görəndə sevincimin həddi-hüdudu olmadı, ürəyim sevinc, fərəh hissi ilə döyündü. Qəlbim ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevə, cənab Prezident, şəxsən sizə, çox sevdiyimiz Mehriban xanıma, dövlətimizə və onun aparıcı qüvvələrinə qarşı minnətdarlıq hissi ilə doldu, gözlərim yaşardı. Ona görə ki, əyalətdə yaşayan bir sənət adamının belə diqqətdən kənar qalmaması, Prezident səviyyəsində onun əməyinə yüksək qiymət verilməsi sizin böyük, humanist, xeyirxah, diqqətcil, sadə və səmimi ürəyinizdən, xalqa, vətəndaşlara olan məhəbbətinizdən irəli gəlir.
Cənab prezident, əməyimə verdiyiniz yüksək qiymətə görə çox sağ olun! Bunu Azərbaycan incəsənətinə, Azərbaycan musiqisinə verdiyiniz qiymət kimi qəbul edirəm! Sevinirəm ki, bu gün Azərbaycan musiqisi, Azərbaycan muğamı bütün dünyada təbliğ olunur, sevilir.
Sizə bir daha bütün ismayıllılar, sənət dostlarım adından təşəkkür edirəm! Əmin ola bilərsiniz ki, doğma Azərbaycanımızın inkişafı və tərəqqisi həmişə olduğu kimi, bundan sonra da oxuyacağım mahnılarda öz əksini tapacaqdır! Qoy həmişə qanadlı mahnılarımızın beşiyi müstəqil, demokratik, azad, suveren Azərbaycan olsun!
Hörmətlə: Sahibə Abdullayeva,
müğənni, İsmayıllı rayon Mədəniyyət evi “Niyal” xalq çalğı alətləri ansamblının solisti

Xüsisi buraxılış:  Oxuyur Sahibə AbdullayevaDünyanın ən məşhur filosoflarından biri, Platon demişdir: “Musiqi əxlaqi qanundur. O, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir. İnsan üçün zəruri olan kədər və şadlığa səbəb olur”. Rayon Mədəniyyət evinin müğənni xanımı Sahibə Abdullayevanın xalqa əxz etdirdiyi musiqi özü də bu qəbildən olan musiqidir.
Sahibə xanımın özünəməxsus, hamıda olmayan, nadir səslərdən sayılan səsi var. Bu səs hər gün Sahibə xanım tərəfindən cilalanıb təmizlənərək bir bulaq kimi qaynayır, onu dinləyənlərin qəlbinə axır və xoş ovqat yaradır. Artıq 37 ildir ki, Sahibə xanımın ifaları onu sevənləri sevindirir. Onu sevənlərin sevincinə daha böyük sevinc möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən əlavə olundu.
Uzun müddət mədəniyyət sahəsində səmərəli fəaliyyətinə, anadan olmasının 55 illiyi münasibətilə Prezidentimiz Sahibə xanım Abdullayevanı “Tərəqqi” medalı ilə təltif etmişdir. Bu təltif əvvəlcə Sahibə xanımın əməyinə, eləcə də İsmayıllı rayonunda mədəniyyət işinə verilən ən yüksək qiymətdir.
Bu təltifə, fəaliyyət sahəmizə göstərdiyi qayğıya görə biz, rayonun mədəniyyət işçiləri Prezidentimizə, cənab İlham Əliyevə təşəkkür edirik! Sahibə xanımı isə ürəkdən təbrik edir, ona həyatı boyu şən, musiqili ömür arzulayırıq.
Azər Abbasov,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

Əsil sənət ölməzdir
Bizim – azərbaycanlıların ən böyük ilahi payımız musiqidir. Muğamlarımız ulularımızın yaratdığı ən ülvi hisslər dünyasıdır. Muğamat paklığı, bu paklıqdan Günəşin nurutək süzülən divanəliyi, ilahiliyi, eşqi, məhəbbəti təcəssüm etdirir. Onun sirli, sehirli qapıları hər kəsin üzünə açılmır. Bu qapıdan keçənlərə isə geriyə yol yoxdur. Tanrının mərhəmət və sevgisindən doğulan muğamlarımız ucalıqdan, Onun məqamından bizə dəyərsiz ərməğandır. Muğam bizi yaşadıb, ruhlandırdığı kimi, biz də onu sevməli, qorumalı və uca tutmalıyıq.
Xanəndəlik bir sevgi olmaqla zəhmətdən qidalanır. Sərf etdiyi zəhmət müqabilində Sahibə xanımın cana, ürəyə yatan ifası onun bu sahədə böyük cəfakeş olmasından irəli gəlir. Sahibə xanım səhnəyə gəldiyi gündən təbiiliyi, özünəməxsusluğu ilə el sevgisi, el hörmətini qazanmışdır. O, ürəkdən oxuyur deyə, xalq da onu ürəkdən sevir.
Sahibə xanım Abdullayeva muğam dünyasına olan bağlılığı, bu sahədəki xidmətlərinə görə böyük hörmət və ehtirama layiqdir. Əsil sənət ölməzdir. Sahibə xanımı “Tərəqqi” medalı alması münasibətilə təbrik edir, ona öz adımdan və kollektivimiz adından yeni yaradıcılıq zirvələrini fəth etməyi arzulayıram!
Narxanım Əkbərova

Xüsisi buraxılış:  Oxuyur Sahibə AbdullayevaXüsisi buraxılış:  Oxuyur Sahibə AbdullayevaSən ürəyi nəğmə dolu bir sənəm…
İnsan dünyaya gəldiyi andan ömür deyilən bir karvan və bir də ömürölçən səssiz-sədasız, kimsəyə gənəşmədən insanla yol yoldaşı olur. Ayları, illəri arxada qoyuruq – o karvanla yanaşı, dünyanın ömürölçəni də başımız üstə. Və beləcə, səssiz-səmirsiz keçən illər bizi hiss olunmaz bir sürətlə dünənimizdən, ötənlərdən, yaşadıqlarımızdan uzaqlaşdırır, ömür karvanımız yolları arxada qoyur, bizə ancaq ötənləri xatirələrdə yaşatmaq nəsib olur. O insan da indi – ömrünün payız fəslində ötənləri daha tez-tez xatırlayır – doğulub boya-başa çatdığı o uzaq, o səfalı dağ kəndini, ata yurdunu, uşaqlığının izi qalan o daşlı, çınqıllı kənd yollarını, əyri-üyrü dağ cığırlarını göz önünə gətirir. Və hər dəfə ömür kitabını beləcə, vərəqlədikcə qulaqlarında uşaqlıqdan çox sevdiyi “Karvan” suitası səslənir. Soltan Hacıbəyovun məşhur “Karvan”ı…
Balaca bir qız idi onda, doğulduğu Bağəli kəndində hami kimi, xoşbəxt, atalı-analı, qayğısız uşaqlığını yaşayırdı. Gün gəldi məktəbə getdi, şeir, mahnı öyrəndi. Əmirxan müəllimin tarda müşayiətilə ilk mahnısını da oxudu: “El bilir ki, sən mənimsən…” Gün gəldi Lahıc qəsəbə orta məktəbinin özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən oldu. Mahnı oxudu, tamaşalarda rollar ifa etdi. Atası qızının oxuyan olmasını heç istəməzdi, anası isə “Bircə böyük səhnədə oxuduğun günü görsəydim”, – deyib ona qol-qanad verərdi.Xüsisi buraxılış:  Oxuyur Sahibə Abdullayeva
O, böyük səhnəyə gedən yol 138 saylı peşə məktəbindən keçir. Bu məktəbdə oxuyarkən mədəniyyət evinin keçirdiyi ”Gözəl səslər” müsabiqəsinə qatılır, mədəniyyət evinin o zamankı müdiri Əliağa Sədirov münsiflər heyətinə Bakıdan söz, sənət anlayan insanları – şair Çingiz Əlioğlunu, , publisist İlham Rəhimlini də dəvət etmişdi. O zaman hələ “Şiraz” adlanan ansamblın tələbkar bədii rəhbəri Elman Nəbiyevdən də qiymət almaq elə asan deyildi. Amma, o həyacandan çırpınan ürəyini birtəhər tovlayaraq titrək səslə də olsa çox şövqlə, ürəklə oxumuşdu, “Aman təklik əlindən” demişdi.
Çıxış çox bəyənildi, Əliağa müəllim isə: “Bu səsdə Rübabə xanımın səsindəki yanğı var”, – dedi.
Mədəniyyət evinin səhnəsindəki bu ilk ifa , bütün həyatını dəyişəcək ilk iş həyatına yol açır: Onu mədəniyyət evinə işə dəvət edirlər. Bu, 1976-cı ilin may ayında olur. O gündən rayon mədəniyyət evi onun həm ata evi, həm öz evi, iş yeri, qibləgahı, and yeri olur. Və tək bu zalda yox, rayonda keçirilən elə bir tədbir, elə bir təntənəli mərasim, elə bir adlı gün olmur ki, orada deyilməsin: “Oxuyur Sahibə Abdullayeva!”
– Sahibə xanım, 1976-cı ildə mahnılarla səhnəyə gəldiz, tamaşaçının Sizi xanəndə kimi qəbul etməyə vaxtı belə çatmadı – bir-birinin ardınca bir neçə tamaşada- “Solğun çiçəklər”də Sara, ”Qız atasında” Pəricahan, “Yadındamı” da Gülsüm, ”Unuda bilmirəm” də Nərmin, “Aslan və Fərhad”da Gülzar olduz. Sara roluna görə Mingəçevirdə keçirilən dram dərnəklərinə respublika baxış müsabiqəsində Fəxri fərmana layiq görüldüz. Hətta bildiyimə görə müsabiqə komissiyasının sədri professor Adil İsgəndərov Sizin truppanın rayon ifaçıları olduğuna belə inanmayıb, pasportlara, qeydiyyata baxıb sizi öz teatrına işə dəvət edir. Məhz bu tamaşaya görə Mədəniyyət Nazirliyinin əmri ilə İsmayıllı dram dərnəyinə Xalq teatrı adı verilir. Uzun illər sizi Sara deyə çağıranlar belə çox oldu. Və bir-birinin ardınca oynadığınız bu rollar bir anlıq İsmayıllı tamaşaçısını çaş salır, Sizin aktrisa, yoxsa xanəndə olduğunuzu ayırd edə bilməyir özü üçün. C.Cabbarlının “Aydın” əsərində Gültəkin son rolunuz olur. Siz teatrdan getdiz və bu gedişlə də tək sizin üçün yox, İsmayıllı xalq teatrı üçün də pərdə birdəfəlik enmiş oldu. İllər sonrası o ana qayıdaq, dram dərnəyinə gəldiz, Sizin də iştirakınızla yoxdan bir var yarandı – xalq teatrı belə oldu – getdiz və o var yox oldu.
– O mənim köməyim idi, işim yox. Və gün keçdikcə daha aydın hiss etdim ki, mənim aktrisalıqdan daha çox xanəndəliyə bacarığım yetir, mən özümü xanəndəlikdə təsdiq edə bilərəm. Ona görə də Gültəkinlə teatr səhnəsinə əlvida dedim və taleyimi bütünlüklə səhnəyə bağladım. Qaldı xalq teatrının fəaliyyətsizliyinə bu barədə ən azından bu gün danışmaq istəməzdim.
– İş həyatımız demək olar ki, eyni ildə başlayıb və biz bir yolun yolçusu olmasaq da yanaşı addımlamışıq: Siz mədəniyyət sahəsində, mən jurnalistikada. Bu üzdən tez-tez qarşılaşmışıq, ya da yol yoldaşı olmuşuq. Hər yerdə sizi görmüşəm: tədbirlərdə, üzümlükdə, fermada, yaylaqda, qışlaqda, məktəb tədbirlərində, festivallarda, cəbhə bölgələrində, hospitallarda, açılışlarda, yubileylərdə. Bir sözlə “Niyal” ansamblı harada Siz orada! Hələ vaxt tapıb xəlvət aşkar toylara da gedirdiz!
– Sovet dövründə toylara xəlvət gedərdik, oğrun-oğrun. İndi, şükür Allaha aşkarlıqdır, çörəyimizi qazanırıq. Bir də ki, toy müğənni üçün məktəbdir. İki sevən gəncin vüsal anlarını onlarla yaşayırsan. Toylarda bir də bilirsiz nə xoşuma gəlir: əvvəllər toyunu etdiyim qızları qucağı körpəli görəndə dünyanı mənə bağışlayırlar. Ancaq iş mənimçün həmişə birinci yerdədir, mən mədəniyyət evinin işçisiyəm və 37 ildir ki, sədaqətlə, bacarıqla öz işimi yerinə yetirirəm. “Niyal”la birgə keçmişəm bu yolu, biz bu ansamblla, bu uşaqlarla yol yoldaşıyıq, sənət yoldaşıyıq, çörək yoldaşıyıq və həmişə çörək təknəmizə – bax, bu mədəniyyət evinə qibləgah kimi baxmışıq. Heç bir toya, qazanca işimizi qurban verməmişik. İstənilən vaxt, istənilən səviyyədə konsert verməyə həmişə hazır olmuşuq, bu gün də hazırıq.
– Deməli yenə:
Bu şənlikdən , o şənliyə
Deyilməmiş sözüm qalıb
Mahnı, şeir xəstəsiyəm,
Külüm altda közüm qalıb.
– O kül yenə közərir?
– Közərir nədi, alovlanır! İnanın ki, illər keçdikcə əvvəlkindən həvəslə, şövqlə oxuyuram. Əvvəllər ancaq rayon tədbirlərində, toylarında oxuyardım, indi eee… televiziya, maşallah, kanal çox, veriliş çox, dəvət çox, kliplər, başqa rayonlara toy dəvətləri…
– Yorulmursuz?
– Nə yorulmaq, canım, camaat yorulanda musiqiyə qulaq asır, mən musiqi içində yorğun düşüm, qətiyyən!
– Həmişə verilən bir sual: Tarixi geri döndərmək mümkün olsaydı, yenidən həyat yolunuzu müəyyənləşdirmək şansı verilsəydi hansı yolu seçərdiz: müğənni olardız, yoxsa başqa nəsə məsələn, xalçaçı. Adətən sizi tanımayanlara özünüzü həmişə elə məhz xalçaçı kimi təqdim edirsiz!
– Heç düşünməzdim – yenə də çıxardım səhnəyə və elə Sizin də çox sevdiyiniz “Şirvan şikəstəsi”ndən başlayardım. Mən musiqisiz, səhnəsiz, canımdan çox sevdiyim tamaşaçılarımsız, ismayıllılarımsız bir heç olaram, cismən yaşayaram, ruhənsə… Məni yaşadan var edən, Sahibə edən musiqidir, nə qədər ki oxuyuram mən varam!
– Axı bu müğənnilik sizə nə verib?
– Xalqın məhəbbətini, üstəgəl tənhalıq! Bir cümlədə qazancımı da dedim, çıxarımı da, çox da dərinə getməyək! Ama yenə deyirəm mən musiqi ilə, muğamla varam!
– Tənhalıqdan söz düşmüşkən. Musa Yaqub Sizə həsr etdiyi bir şeirində xəbərdarlıq edirdi ki, “onda biləcəksən, çox gec olacaq” . O “onda” oldu, olur, yoxsa olacaq?
– Nə olmadı, nə olmur, nə də səsimin, tamaşaçılarımın və yaxşı dostların, qohumların sayəsində, inşallah heç zaman olmayacaq. Bir də ki, tənhalıq dərd deyil, dərd yenə elə Musa Yaqub deyəndir – özü qoşa ola-ola tənha olmaqdır.Xüsisi buraxılış:  Oxuyur Sahibə Abdullayeva
– Sahibə xanım, İsmayıllının mədəniyyət tarixinin son 37 ilində sizin silinməz iziniz, layiqincə deyilmiş sözünüz var. Bildiyimə görə, görkəmli sənətkarlarımızdan Fikrət Əmirov, Rəşid Behbudov, Sara Qədimova, Lütfiyar İmanov Sizin səsinizi bəyənmiş və Bakıya dəvət etmişlər, amma Siz İsmayıllını qoyub getməmisiz. Bəs İsmayıllı, ismayıllılar sizə necə qiymət veriblər? Ümumiyyətlə, zəhmətinizə ürəyinizcə qiymət verilib?
– Heç vaxt qiymət üçün oxumamışam. Mənim, mənim kimi Azərbaycan musiqisini təbliğ edən, oxuyan insanların sənətinə verilən ən yüksək qiymət Azərbaycanımızın birinci xanımının muğama verdiyi önəmdir, onun muğamı yenidən xalqımıza, millətimizə qaytarmasıdır. Sualınızın konkret cavabına gələndə tamaşaçı alqışı sənət adamı üçün ən böyük mükafatdır ki, mən bunun heç vaxt kasadlığını çəkməmişəm. Mən sadəcə mahnı oxumaqla işimi bitmiş hesab etməmişəm, həmişə rayonun ictimai həyatında fəal iştirak etmişəm, seçki kompaniyalarında əvvəldən-sona qədər təbliğat qruplarında rayonu kəndbəkənd gəzmişəm. Azərbaycan qadınlarının hər 3 qurultayının nümayəndəsi olmuşam, yerli sovetlərə deputat seçilmişəm, saysız Fəxri fərmanlar , mükafatlar. Təbii ki, Respublikamızın müstəqilliyinin 20 illiyi münasibətilə cənab Prezidentimizin fərmanı ilə medalla təltif olunmağım isə zəhmətimə verilən ən böyük mükafatdır. Yenə deyirəm, mən mükafat üçün oxumuram: gözəl səs də xalqın milli sərvətidir və mən xalqın sərvətini xalqın özünə qaytarıram, övladlıq, vətəndaşlıq borcumu yerinə yetirirəm.
– Deyəsən axı, yordum Sizi?
– Sizi bilmirəm, mən yorulmamışam, bu mənim həyatımdır – yaşadığım, arxada qoyduğum illərin əlçatmaz etdiyi keçmişimdir. Onu yaşayıb yorulmamışamsa, xatirəsindən niyə yorulum ki?! Siz yorulduzsa, gəlin Sizinçün bir Şirvan şikəstəsi oxuyum, bilirəm ki, bu şikəstəni dinləməyi çox sevirsiz!
Ürəyimi oxuyur sanki və elə bu hisslə də təklif gözləmədən oxumağa başlayır. İzdihama alışdığından sanki bayaqdan ikimizlə sıxılan, boğulan mədəniyyət evi elə bil illərlə daşına, divarına hopmuş bu səslə cana gəlir.
Sahibə yenə hər şeyi unudaraq öz musiqili, sirli-sehrli dünyasına dalır, yadıma özü də bilmədən Nazir Talıstanlının misraları düşür:

Oxu, oxu, səninlə oxusun İsmayıllı,
Oxu, doğma, şipşirin Azərbaycan kəlməsin.
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

İllər, uğurlar…Xüsisi buraxılış:  Oxuyur Sahibə Abdullayeva
Ötən hər gün yaddaşımızda silinməz izlər qoyur. İllər isə…
İllərin əlçatmaz ənginlikləri var. Orada şirini şirin, acısı acı olan xatirələr dolaşır. Orada ömrün ən unudulmaz çağları da, tarixdən silinməyən anları da var. Belə anların, belə məqamların biri müğənni Sahibə xanımla ilk tanışlığım olub. Onda universiteti yenicə bitirmişdim. Mənim üçün əlçatmaz olan musiqi aləmində Sahibə kimi özünəməxsus ifa tərzi olan müğənni ilə tanışlıq bir tapıntı idi. Elə bir tapıntı ki, ömrün dolanbac yollarında məlahətli səsindən qanadlanıb göylərə pərvaz etmək mümkün idi. Uçub-uçub o səsin sehrinə düşdüm. O səsin sehri, o səsin cazibə qüvvəsi məni çəkib yavaş-yavaş Sahibəyə qovuşdurdu. Həmsöhbət olduq, sadədən-sadə, adidən-adi insanlar kimi. Hər ikimiz unutduq kimliyimizi. Hansı ki, birimiz xalqın sevimlisi, tanınmış müğənni, birimiz yazar-jurnalist idik…
Çox səmimi alındı söhbətimiz. Ayrılarkən nə o bildi ki, bu söhbət nədən belə axara düşdü, nə də mən bildim ki, nə vaxtsa o söhbətin sehri ilə ürəyimi yazıya köçürəcəm.
Günlərlə qəlbimdə qövr eyləyən o unudulmaz söhbət bax, beləcə yazıya çevrildi. (Bəlkə də əvvəldən yazmaq məqsədilə görüşsəydik başqa cür alınardı. Bilmirəm).
O vaxtdan illər ötüb. Lakin həmin yazı bu günlərdə jurnalist həmkarım Lətifə xanımın diqqəti sayəsində redaksiyanın arxivindən tapılaraq yenidən gündəmə gəldi. Fikirləşdik ki, ötənlərin xatirəsi kimi , o yazını bir də təkrar çap edək.
Əziz oxucular, onsuz da bu günlərdə müğənni ilə yeni bir görüşün vaxtını təyin etməyə çalışırdım. Axı Mədəniyyət və Turizm Nazirliyinin “20101-1014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən İsmayıllı rayonu “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdur. Uzun illərin zəhmət payı olaraq, gözəl səsi, əsil mədəniyyət işçisinə xas olan mədəniyyəti, səmimi və mehriban xasiyyəti ilə xalqın rəğbətini qazanmış Sahibə Abdullayevanın bir sənətkar kimi uğurları da saysız-hesabsızdır…
Hamıya qarşı diqqətli olan rayon İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov sənətə, sənətkara yüksək dəyər verən bir insandır. Bu günlərdə Azərbaycanın Dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bir daha bunun şahidi olduq. Fərqli bir sənətkar kimi Sahibə Abdullayevaya rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olundu. Elə bu da Sahibə xanımla növbəti bir görüşün vaxtını dəqiqləşdirdi. Daha bir görüşümüz də olacaq. Sahibə Abdullayeva fəxri ad alanda…
Payız havasıtək tutqundu çöhrəsi. Göylərin neçənci qatından bir əlçim bulud yer eləmişdi qara gözlərində. Beləcə seyrinə dalmışdı “Barbər” şəlaləsinin. Beləcə dinləyirdi Girdimançayın hərdən hüznlü, hərdən həzin nəğmə kimi səslənən şırıltısını…
Düşünürdü. Çoxdan ayrıldığı doğma yerlərdə uşaqlıq xatirələri dil açmışdı yenidən.
…Bapbalaca bir qızdı onda. Atasının müdir işlədiyi fermaya getməyi, qoyun-quzuya tamaşa etməyi sevərdi. Baş çoban İbrahim kişinin: – sualına qürurla cavab verərdi: Aşıq!
Gülüşərdilər. Sonra İbrahim kişinin çomağı “itərdi” tez-tez. Çobanlar çörək yeməyə oturanda balaca qızcığaz çomağı götürüb xeyli aralıda, özü kimi balaca “tamaşaçıları” ilə “aşıq-aşıq” oynayardı. Çomağı saz kimi sinəsinə basar, böyüklər eşitməsin deyə astadan, hələ mükəmməl bilmədiyi, haçansa eşidib uşaq yaddaşında saxladığı el havalarını aşıqsayağı oxuyardı. Sonra bu “sirrin” üstü açıldı. Bir gün “aşıq-aşıq” oyunu lap çox çəkdi. Çomağı vaxtında yerinə qoymaq yaddan çıxdı. Arxaca qayıtmaq istəyən çobanlar baş-başa vermiş balaca dəstəyə yaxınlaşanda bəstəboy qız dabanı üstə fırlanıb kənd toylarında gördüyü aşıqlar kimi meydana baş əyirdi. Çoban İbrahim qıza məftun-məftun baxıb astaca: – Abbas, mənə nə deyirsən de, bu qız əvvəl-axır oxuyan olacaq, – dedi:
Abbasın isə bu sözlər ürəyincə olmasa da, dinmədi. Və günlərin birində çoban İbrahim Abbas kişigilə gələndə yapıncısının altından saza bənzər balaca bir çomaq çıxarıb qızcığaza uzatdı:
– Al, – dedi, – daha mənim çomağımla işin olmasın.
İllər nə tez ötüb keçdi… Bir gün o da “aşıq-aşıq” oynadığı yaşıdları ilə birgə doğma məktəbə yollandı. Şeir də öyrəndi, mahnı da. Lakin beşinci sinfə kimi…
Bir gün Əmirxan müəllim məktəbdə keçirilən hansısa bir tədbirdə onu da mahnı oxuyan uşaqların cərgəsinə çağırdı. “El bilir ki, sən mənimsən…” deyən həzin, məlahətli bir səs hamının diqqətini cəlb elədi. Hamı bu balaca qızcığazı heyranlıqla dinlədi. Tədbirdən sonra onu pioner otağına çağırdılar. – Bu cür səsin olduğunu indiyə kimi niyə bilməmişik? – dedilər. Və dəstə rəhbəri Sahibənin adını böyük inamla məktəb özfəaliyyət dərnəyinə yazdı. Elə o vaxtdan Lahıc qəsəbə orta məktəbində Sahibə Abdullayevanı gözəl səsi olan bir şagird kimi tanıdılar. Pioner toplantıları, mahnı bayramları Sahibəsiz keçirilmədi. Rayon üzrə, respublika üzrə özfəaliyyət olimpiadalarından həmişə qələbə ilə qayıtdı Sahibə. Səkkizinci sinifdə oxuyanda isə ilk roluna – “Qayınana” əsərində Afət roluna görə məktəb komsomol komitəsi tərəfindən kitab hədiyyə aldı. Beləliklə, uğurlu bir yolun başlanğıcına qədəm qoydu. Lakin bu yolun özünəməxsus eniş-yoxuşu vardı. Bu eniş-yoxuşun ən çətini atası Abbas kişinin etirazları, vaxtilə çoban İbrahimin dediyi: – Bu qız əvvəl-axır oxuyan olacaq – sözlərinə olan kini-küdurəti idi. Guya çoban belə fikrə gəlməsəydi qızı heç vaxt oxuyan olmayacaqdı.
Sahibə oxuyurdu. Daxildən gələn hədsiz bir həvəslə. Sahibə oxuyurdu. Heç kəsə bənzəməyən, qənirsiz, əvəzsiz bir səslə. Oxuyurdu. Anası Mədinənin arzusu istəyi ilə. “Qızım, bircə əsil səhnədə oxuduğun günü görsəydim”…- deyən anası Sahibəyə qol-qanad verirdi. Sahibə oxuyurdu. Oxuya-oxuya qanadlanır, bu qanadlar onu daha yüksəklərə aparırdı…
Budur, orta məktəbi bitirib. 138 nömrəli texniki peşə məktəbində xalçaçılıq sənətinə yiyələnib. Ailə qurub. Lakin oxumağı atmayıb. “Şiraz” xalq çalğı alətləri ansamblından “Niyal” ansamblına qədər xalq mahnılarını, bəstəkar mahnılarını özünəməxsus ifaçılıqla oxuyub. Oxuya-oxuya püxtələşib. İndi də xalq mahnılarının gözəl ifaçısı kimi hamının sevimlisidir. Sahibənin məlahətli səsi eşidəni məftun edir. Tamaşaçı bu səsin sehri ilə gah uca dağlar, yalçın qayalar zirvəsində olur, gah laləli düzlərdə, güllü-çiçəkli çəmənlərdə dolaşır, gah zümrüd rəngli təbiət qoynuna, buz bulaqlar, şır-şır axan çaylar, ağ hörüklü şəlalələr seyrinə dalır, gah da nakam eşqin kədərli xatirələrindən qurtularaq göz yaşlarını silirlər. Sahibə təkcə müğənni kimi yox, səhnə bacarığı ilə, oynadığı tamaşalardakı rollarına görə də xalqın rəğbətini qazanıb. “Solğun çiçəklər”də Sara, “Qız atası”nda Pəricahan, “Yadındamı” əsərində Gülsüm, “Unuda bilmirəm”də Nərmin, “Aslan və Fərhad” da Gülzar kimi onu yaxşı tanıyırlar. Hər rolun öz müvəffəqiyyəti olub, Sahibə üçün . “Solğun çiçəklər”ə görə isə Mingəçevirdə dram teatrlarına baxış müsabiqəsində Fəxri fərmanla təltif olunub və münsiflər heyətinin sədri Adil İsgəndərov onu istedadlı bir aktirisa kimi həmin teatrda işləməyə dəvət edib. Belə dəvətləri müğənni kimi də çox alıb Sahibə. L.İmanov, R.Behbudov, F.Əmirov, S.Qədimova və başqalarından. Ən başlıcası-rayon mədəniyyət evindəki nümunəvi fəaliyyətinə görə, layiqli mədəniyyət işçisi kimi Sahibə rayon zəhmətkeşləri tərəfindən şəhər sovetinə deputat seçilib. Bu etimad müğənninin qayğılarını daha da artırıb. İndi o, yeni repertuar üzərində işləyir. Yaxın günlərdə yenidən tamaşaçıları ilə üz-üzə gələcək. Hələlik isə…
Hələlik çoxdan ayrıldığı doğma yerlərin seyrinə dalıb. Uşaqlıqdan ona tanış olan hər şey necə də dəyişməz qalıb! Dəyişən təkcə onun həyatı olub. İllərin o tayında qalıb əlçatmaz uşaqlıq. Çoban İbrahim də yoxdu daha. Atası Abbas da, anası Mədinə də. “Bircə əsil səhnədə oxuduğun günü görsəydim!” sözlərini yada salıb kövrəlib. Kövrək xatirələr dumanına bələnib beləcə. O dumandan bir əlçim dolub qara gözlərinə. İndi gözləri oxuyur bu mahnını:
Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma səni salanda,
Gül yanağım solmasınmı?
X. Abbasova

Xüsisi buraxılış:  Oxuyur Sahibə AbdullayevaOxu, Sahibə, oxu
Bəzən həzin, şirin laylanı, bəzən də məcrasına sığmayan dağ çayını xatırladan bu səs dalğa-dalğa yayıldıqca dərin-dərin düşüncələrə qərq edir adamı. Ümidləri göyərdib şəfəqləndirən, arzuları havalandıran sevdalı bir səs – Sahibə xanım Abdullayevanın səsi! Bu səs hissiyatımızı, düşüncələrimizi qanadlarına alıb, nağıl dünyasına aparır. Sehrlənib qalırsan, təzə, ruhunu oxşayan bir aləmə düşürsən. Bu səs bizə dərya səbirli babalarımızdan, ipək rəftarlı nənələrimizdən, onların heyrətamiz qəlbigenişliyindən hekayələr söyləyir. Oxunanlardan, dinlənilənlərdən razılıq əlaməti olaraq sağa-sola yırğalanırsan durduğun, oturduğun yerdə. Qəlbində baş qaldıran arzuların içindən bir istək dilə gəlir – “Oxu, Sahibə, oxu” –deyirsən! Şair Şahməmməd Dağlaroğlunun yazdığı kimi:
Bu məclisdən o məclisə
Deyilməmiş sözüm qalıb.
Mahnı, şeir xəstəsiyəm,
Külüm altda közüm qalıb,
Oxu, Sahibə, oxu!
Bu səsdə məğrur bir nikbinlik, ülvi bir təmkinlik, aşiqanə yalvarış, müdrik bir çılğınlıq, yorulmaz mübarizlik sədası var. Sahibə oxuduqca, onu dinlədikcə ömrün ötüb keçən sevincli, nisgilli yollarını görürsən. Bu yolların sinəsində nə qədər xatirələr uyuyur?!
… Müğənni xanım oxuyur. Məlahətli səs ətrafa yayılır, bütün qəlblərə hakim kəsilir. Elə bil o oxumur, nəğmələrdən çələng hörür. Alqış səsləri dəfələrlə onu geri qayıtmağa məcbur edir. “Bir mahnı da oxu, Sahibə!” – deyir. Mahnılar qatara düzülür: “Ahu kimi”, “Azərbaycan qızıyam”, “Dilbərim”, “Mənim anam”, “Sən bağışladın” …
Sahibə Abbas qızı Abdullayeva öz zəhməti sayəsində tanınan, sevilən, ad-san, hörmət qazanan sənətçi xanımlardandır. Bu ad təkcə İsmayıllıda deyil, onun hüdudlarından kənarda da hörmətlə çəkilir. Buna səbəb həm də onun üzvü olduğu “Niyal” xalq çalğı alətləri ansamblının Respublikada tanınmasıdır. Ansambldakıların hər biri əsil peşəkar musiqiçidir.
İndi oxunan mahnılara kliplərin çəkilməsi dəbdə olan bir haldır. Sahibə xanım “Heydərbaba” mahnısına rəhmətlik Rübabə Muradovadan sonra yeni həyat, yeni nəfəs verdi. Bu mahnı Respublika televiziyasında hər dəfə səsləndikcə ifaçının ünvanına gələn məktubların, təşəkkürlərin sayı artır.
S.Abdullayeva özünəməxsus ifaçılığı, daim yaradıcılıq axtarışlarında olması ilə bənzərsizdir. Heç kimi yamsılamır, heç kəsə bənzəmək istəmir, özü olmaq istəyir və çox sevindiricidir ki, o özünü bir müğənni kimi tapıb və tanıdıb. Sahibə xanım uzun illərdir ki, rayonun mədəniyyət evində çalışır. Burada hamı onu yaxşı yoldaş, işgüzar insan, fəal ictimaiyyətçi olmasından razılıqla danışır. Onun ifasında oxunan muğamların, mahnıların şirinliyindən doymaq olmur. O oxuduqca səsindəki məlahət səni, görüb gəldiyin keçmişə, arzusunda olduğun xoş gələcəyə aparır. Bu səsdə, bu nəfəsdə sanki bir sehir, bir möcüzə var. İnsanı yaşamağa, sevməyə, özünü dərk etməyə çağırır bu səs.
Gözümüz nurdan düşsə, şəvə saçlarımız ağarsa, gəncliyimiz əlçatmaz xatirəyə dönsə də bir lətif şeirdən, bir incə musiqidən təsəlli tapırıq – könlümüz isinir, əsəblərimiz dincəlir. Sahibə xanımla olduğumuz məclislərin hər birində, çoxsaylı el məclislərində, bu duyğularla yaşamışıq desəm yanılmaram. Sahibə xanımın müğənniliklə yanaşı yüksək aktrisalıq bacarığı da vardır. S. Abdullayeva rayon mədəniyyət evinin səhnəsində oynanılan neçə-neçə sanballı əsərlərdə baş rollarda çıxış edib. O, Ə.Əsgərovun “Qız atası” pyesində Pəri xala, S. S. Axundovun “Laçın yuvası”nda Pəricahan, A. Məmmədovun “Yadındamı” pyesində Gülsüm, “Leyli və Məcnun”da Leyli, C. Cabbarlının “Solğun çiçəklər”ində Sara rolunda çıxış etmiş, yüksək səhnə ifaçılığı ilə tamaşaçıların rəğbətini qazanmışdır. Onun bu sahədəki yaradıcılığı həqiqi istedadın məhsuludur.
Sahibə xanım yerini-yurdunu qəlbən sevən sənətçilərimizdəndir. Onun ara-sıra cəbhə bölgələrində, əsgərlərimizin qarşısındakı çıxışları buna əyani sübutdur. “Niyal” ansamblının ucalığının, sevgiyə, hörmətə layiqliyinin başlıca səbəbi də məhz budur. Rayon səviyyəli tədbirlərin musiqi bəzəyi məhz “Niyal”dan gəlir.
Ansamblda uzun illərdir ki, eyni adamların bərabər çalışmaları çoxlarını təəccübləndirir, bir sualla üz-üzə qoyur. Bu birliyə, bu dəyişməzliyə səbəb nədir! Bu sualın cavabı ansambldakı birlik, qarşılıqlı hörmət, halallıq və təmizlikdir. Balaca görünən bu kollektivin böyük uğurları bərabər qazanılır. Ansamblda Sahibə xanımın olması onun üzvlərini daha səmimi, daha diqqətli, daha nəzakətli olmağa sövq edir. Bunun müqabilində nəğməkar xanım da qayğısını, nəvazişini “Niyal”ın üzvlərindən əsirgəmir. Bir sözlə, ansambl mehriban bir ailəni xatırladır.
Hamı kimi Əbülfət Pənciyev, Rauf Aşurov, Zərraf Bədəlov, Eyvaz Abbasov, Mehman Hüseynov, Amil Talıbovla bərabər şirin, məlahətli səsi ilə geniş dinləyici rəğbəti qazanmış Rövşən Teyyubov da “Niyal”ı Sahibə xanımsız təsəvvür etmir. Sahibə xanım Niyaldan gəldi ”Niyal”ı özü ilə gətirdi və neçə-neçə eloğlumuzu, sənətçimizi
“Niyal”laşdırdı.

Sahibə

Coşqun ilhamınla, şirin səsinlə,
Həmişə ruhlandır bizi, Sahibə!
Könüllər oxşayan nəğmələrilə,
Göylərə qaldırır sözü Sahibə.

Sabaha boylanan arzuların var,
Hər biri qəlbində tutubdur qərar.
Səninlə fəxr edir ismayıllılar,
Bu gözəl torpağın qızı Sahibə.

Nəğmələr dilindən baltək süzülür,
Toy-şənlik arzusu səfə düzülür.
Nadanın ayağı yerdən üzülür,
Deyirsən göz-gözə düzü, Sahibə.

Sən Nigar qeyrətli, Həcər ürəkli,
Qərar tutduğun yer güllü-çiçəkli.
Sən bizə həmişə lazım, gərəkli,
Var olsun qəlbinin közü, Sahibə!

Hacı da öyünür sədaqətinlə,
Yaşa, ana yurdda məhəbbətinlə.
Bəxtiyar olasan dəyanətinlə,
Görək o gülümsər üzü, Sahibə!

Hacıməmməd Məmmədov

Oxu, dağlar qızı
Sahibə xanım Abdullayevaya
Oxu, dağlar qızı, ellər dinləsin,
Səsinə səs versin bu el, bu mahal.
Oxu, şirindən də şirindir səsin,
Oxu, gözümüzdə dağlartək ucal.

Səsini eşitsin qoy o tay, bu tay,
El tutsun əl-ələ bütöv, bir olsun.
Bülbül şura gəlsin, sussun torağay,
Hər oğul bir Babək, Cavanşir olsun.

Vəsf elə Bakını, gözəl Təbrizi,
Səsindən güc alsın Qarabağımız.
Bir daha, bir daha ovundur bizi,
Tapsın məlhəmini ürək dağımız.

Matam səsindəki bu məlahətə,
Kövrək hisslərimi dindirdi bu səs.
Göylərin sonuncu qatında idim,
Məni yer üzünə endirdi bu səs.
Mövlud Teymur

Oxu, Sahibə, oxu

Oxu, Sahibə, oxu, nə şirindir nəfəsin,
Oxu, oxu, qoy dağlar, qayalar cingildəsin.

Oxu, oxu, bu yurdun nəğməsini oxu sən,
Oxu, çaylar, bulaqlar saxlasın zümzüməsin.

Oxu, oxu, səninlə oxusun İsmayıllı,
Oxu, doğma, şipşirin Azərbaycan kəlməsin.

A torağay nəğməli, a bulbul səsli, oxu,
Namərddir o insan ki, öz qədrini bilməsin.

Qoy çırpılsın dağlara Girdimanın suları,
Talıstandan, Lahıcdan, Basqaldan gəlsin səsin.

Kamilə də bu yurda şöhrət payı gətirdi,
Qoru o bülbülün də könül açan nəğməsin.

Qarğa-quzğun çox dolub bu sənət bağçasına,
Yaşadın, bu bağçanın gül-çiçəyi solmasın.

Mən hamıya hörmətlə sənə tutdum üzümü,
Qoruyun, doğru sənət qoy yaşasın, ölməsin.

Nazirəm, sevinərəm fəxri adına sənin,
Oxu, arzun, istəyin ürəyində qalmasın.

Nazir Ziya (Talıstanlı)

Sahibə

Sənin layla kimi şirin zümzümən
Axdı ürəklərdən dilə, Sahibə.
Sən ki, bir bülbülsən-yaz bəstəkarı,
Nəğmələr qoşursan gülə, Sahibə.

Harda sığallanıb səsin telləri,
Zəngulən çayların coşqun selləri.
Hurisən, mələksən, yoxsa ki pəri,
Bir nağıl payısan elə, Sahibə.

Dumanlar dağlara tül toxuyanda,
Dərələr, təpələr gül qoxuyanda,
Belə bir məqamda sən oxuyanda,
Dönür göz yaşları selə, Sahibə.

Səsin də, sözün də sehri var demə,
Oxunan nəğmənin möhrü var demə.
Sənə bu olanın mehri var, demə,
Nə xoşdur yaşamaq belə, Sahibə.

Vətənin torpağı yadın əlində,
Naləsi, laylası sənin dilində,
Yaxın zamanlarda, günün birində,
Vətən göz yaşını silə, Sahibə.

Füzuli Baxışov

Xüsisi buraxılış:  Oxuyur Sahibə Abdullayeva

Oxu, Sahibə, oxu

Bu şənlikdən o şənliyə,
Deyilməmiş sözüm qalıb.
Mahnı, şeir xəstəsiyəm,
Külüm altda közüm qalıb,
Oxu, Sahibə,oxu.

Oxu, səsin qalxsım zilə,
Susan könlüm gəlsin dilə.
Ağlamaram bundan belə,
Hələ məndə dözüm qalıb,
Oxu, Sahibə, oxu.

Ötüb getsin bu çən, duman,
Bir çəməndi bütün cahan.
Bu çəməndə əlvan-əlvan
Gül-çiçəkdə gözüm qalıb,
Oxu, Sahibə, oxu.

Sevgi ömrün naxışıdı,
Arzu eşqin yağışıdı,
Lalın sözü baxışıdır.
Nə yaxşı ki, el yanında
Söz deməyə üzüm qalıb,
Oxu, Sahibə, oxu.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz