Gələcəyin kadrları hazırlanır
Azərbaycan Ordusuna çağırılacaq gənclərə hərbi peşələrin öyrədilməsi hər zaman diqqət mərkəzində olmuşdur. Hazırki, – Azərbaycanın müharibə şəraitində, torpaqlarımızın 20 faizinin zəbt edildiyi bir zamanda ordu quruculuğuna daha çox önəm verilir. İndi ölkənin texniki idman klublarının üzərinə də müəyyən vəzifələr düşür. Bu klublar çağırışçı gənclərin müxtəlif peşələrə yiyələnməsi kimi məsul işlə məşğul olurlar. Ölkənin paytaxtında, müxtəlif rayonlarda sürücülük, snayper, kəşfiyyatçı və digər kurslar açılır. Kurslara maraq get-gedə artır, hətta, qızlar da bu tipli təlimlərə maraq göstərirlər. Qızlarımızın bu kurslara yazılması heç də təəccüblü deyil. Əgər qızlar əvvəllər bu istiqamətli tibb kurslarına həvəslə yazılırdılarsa, indi onlar snayper, kəşfiyyatçı ixtisaslarına maraq göstərir və maraqla da oxuyurlar.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) İsmayıllı rayon Texniki İdman Klubu (TİK) da neçə illərdir ki, rayon hərbi komissarlığı ilə birlikdə çağırşçı gənclər üçün sürücülük kursları təşkil edir. Bu günlərdə yeni bir qrupun açılışı olmuşdur. Rayonun müxtəlif kəndlərindən olan 30 nəfər çağırışçı gənc klubda sürücülük ixtisasına yiyələnəcəkdir. Bu münasibətlə klubda tanışlıq məqsədilə toplantı təşkil edilmişdir.
Toplantı olacaq sinif otağina daxil olanda ilk diqqəti cəlb edən Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş stenddir. Qəhrəmanın həyat və fəaliyyətini əks etdirən fotolar çağırışçıların – gələcək əsgərlərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün ən yaxşı əyani vasitədir.Burada avtonəqliyyatın təhlükəsiz idarə edilməsini əks etdirən müxtəlif plakatlar da çoxluq təşkil edir.
Yığıncağı giriş sözü ilə açan Texniki İdman Klubunun sədri Məmmədxan Muradəliyev dinləyiciləri və onların valideynlərini salamlamışdır. O, məktəbin daxili intizam qaydaları, iş rejimi, dərslərin aparılması barədə həm kurs dinləyicilərinə, həm də valideynlərə ətraflı məlumat vermişdir. Həqiqətən də, məktəbdə çox ciddi hərbi intizam var. Hərbiləşdirilmiş bü kurslarda gələcək əsgərlər əməlli-başlı ilkin hərbi bilik və vərdişlərə, intizama yiyələnirlər. Dinləyiciləri və valideynləri maraqlandıran bir sıra suallar cavablandırıldı. M.Muradəliyev xüsusilə vurğuladı ki, kursda təhsil alanlar heç də buraya vaxt öldürməyə gəlməmişlər. Onlar texnikaya, hərbi vərdişlərə mükəmməl yiyələnəcəklər. Buna tam arxayın ola bilərsiniz. Yaxşı sürücü olmaq üçün burada hər cür şərait yaradılmışdır.Gənclərin ən ümdə vəzifəsi yaxşı oxumaq, texnikaya mükəmməl yiyələnməkdən ibarət olmalıdır.
Açılışa bir qrup qonaq da dəvət edilmişdi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi İsmayıllı rayon Şöbəsinin sədr müavini Kamil Dadaşov, “İsmayıllı xəbərləri“ qəzetinin əməkdaşı Bəybala Babayev dinləyiciləri və onların valideynlərini bu münasibətlə təbrik etmiş, təhsildə uğurlar arzulamışlar. Toplantıda rayon hərbi komissarlığının nümayəndəsi də iştirak etmişdir.
Sonda M.Muradəliyev dinləyicilərin şəxsi işləri, həmçinin özləri və valideynlərlə tanış olmuşdur.
“İsmayıllı xəbərləri”