Yaddas kitabcasi

Tarixin qanlı səhifələri

Azərbaycan çox keçməkeşli həyat yoluna, qədim tarixə, zəngin mədəniyyətə malik ölkədir. Mövcud olduğu gündən indiyədək xalqımız dünyada yaxşı əməlləri ilə tanınıb. Başqalarının hüququna hörmətlə yanaşan azərbaycanlılar özlərinə qarşı eyni münasibəti görmək istəsələr də, təssüf ki, bəzi hallarda bu mümkün olmayıb. Ən çox hüquqlarımızı pozanlar isə mənfur qonşumuz ermənilər olmuşlar. Onlar hər zaman heç bir əsası olmadan xalqımıza qarşı soyqrım siyasəti aparmışlar. “Böyük Ermənistan” yaratmaq kimi, sərsəm ideya ilə yaşayan ermənilər Azərbaycan və türkiyəyə qarşı torpaq iddiasında olmuşlar. Onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır.
Zaman-zaman ermənilərin soyqırım və repressiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, tarixi yaddaşlarda silinməz izlər buraxmışdır. Bütövlükdə 2 milyona yaxın azərbaycanlı ermənilərin nifrət, təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş mənfur siyasətinin fəlakətini yaşamışdır.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XIX əsrdə Qərbi azərbaycanlılara qarşı açıq şəkildə, genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovuldular. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozuldu, ana dilində təhsil almasına əngəllər törədildi, onlara qarşı repressiyalar həyata keçirildi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirildi, toponimika tarixində misli görünməyən qədim toponimlərin erməniləşdirilməsi prosesi baş verdi.
1988-ci ildə öz ata-baba yurdlarından qovulmuş Qərbi azərbaycanlılar əsrin sonunda bu ağrı-acını yenidən iki dəfə yaşamalı oldular. Doğma yurdlarını itirib Qarabağın müxtəlif bölgələrində-Xocalıda, Şuşada, Laçında və.s məskunlaşsalar da yenidən onlar mənfur düşmənin soyqrım siyasətinə məruz qaldılar.
Gəlin, tarixin yaddaşında qalan faktlara nəzər salaq. Qədim İrəvan xanlığının ərazisində olan 1125 kəndin 1111-də azərbaycanlılar yaşayırdı. Həmçinin xanlıq ərazisində yaşayanların 78 faizi azərbaycanlılar təşkil edirdisə, cəmisi 10 faizi ermənilər idi. İllər keçdikcə müxtəlif cildə girməyi asanlıqla bacaran ermənilər dünyada özlərinə bir çox havadarlar tapdılar. Onların yaxından köməyi və göstərişi ilə günü-gündən iştahlarını artırmağa başladılar.
Təəssüf ki, başqa dinlər və millətlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətlərin siyasətinə çevrilib. Bu, bizim hamımızı narahat etməlidir. Məhz bunun nəticəsidir ki, 1988-ci ildən bu günədək Ermənistan hökuməti etnik təmizləmə siyasəti aparır. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və harada baş verməsindən asılı olmayaraq, onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda, dünyada gərginlik və münaqişələr daha da artacaq və biz gələcək nəsillərə haqq səsimizi çatdıra bilməyəcəyik.
Bir həqiqəti mütləq demək lazımdır. Ermənilərin yeganə çəkinəcək yeri yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Məhz Ulu öndərin apardığı siyasət nəticəsində ermənilər uzun illər öz kin-küdurətlərini açıq şəkildə həyata keçirə bilmədilər. İndi bu mübarizənin uğurlu davamçısı prezidentimiz İlham Əliyevdir. Artıq bütün dünya bilir ki, Azərbaycan Cənubi Qafqazda yeganə gücə, qüvvəyə malik bir dövlətdir və istənilən anda işğal altında olan torpaqlarını geri qaytarmaq üçün Azərbaycanın kifayət qədər güclü ordusu vardır. Onu da unutmayaq ki, güclü olmaq hələ yetərli deyil, gərək haqlı olduğumuzu da dünyaya sübut etməyi bacaraq. Əlbəttə ki, qüdrətli ordunun varlığı danışıqlar prosesində düşmənə qarşı həmişə kəsərli təzyiq vasitəsidir.
Mən əminəm ki, ermənilərin törətdikləri bütün hiylələr puç olacaq. Onlar tarix boyu çirkin niyətlərlə qazandıqlarını yaxın zamanlarda birdəfəlik itirəcəklər. Həqiqətən də, torpaqlarımızın erməni işğalından azad olunacağı gün uzaqda deyil. Odur ki, biz də prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik
Turab Nağıyev,
Soltankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz