Yaddas kitabcasi

Şəhidlərin xatirəsi anıldı

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 20 Yanvar hadisələrinin 22 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Biz də təhsil aldığımız A.Aslanov adına 2 saylı tam orta məktəbdə bu unudulmaz,qanla yazılan tarixi bir daha şərəf səlnaməsinin bir hissəsi kimi yada saldıq. Məktəbdə silsilə tədbirlər həyata keçirildı.
13 yanvarda İsmayıllı Rayon Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri- Kamil Dadaşov, İsa Musayev, Tərlan Abbasovla məktəbimizin X-XI sinif şagirdlərinin elə məktəbdəcə görüşü keçirildı. Tədbir zamanı qonaqlar keçirdikləri ağır, eyni zamanda da məsuliyyətli günlərdən həvəslə söhbət açdılar. Bu cür görüşlərin şagirdlərin formalaşması, həyata münasibətində vətənpərvərlik ruhunda yetişməsində müsbət rolundan danışdılar.
Rayonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışında da məktəb şagirdlərimiz uğurla çıxış edərək şəhidlərə ehtiramlarını bir daha sübut etdilər. Belə ki, Hidayət Həmzəyev, Rəşad Şəmsəddinov I, Xanməmməd Abdulov II, Elməddin Soltanov, Nurlan Abdulov III yeri tutaraq medallara layiq görüldülər.
18 yanvarda məktəbdə atıcılıq üzrə qızlar və oğlanlar arasında yarış keçirildi. Bu yarışda XI sinif şagirdi Söhrab Aslanov I, X sinif şagirdi Nigar Məmmədli II, XI sinif şagirdləri Nərgiz Kərimli, Hakim Osmanlı III yerə yiyələndi. Həmin mükafatların təqdimatı məktəbdə keçirildi.
19 yanvarda məktəbimizin X sinif şagirdlətinin hazırladıqları ədəbi-bədii kompozisiya 22 il əvvəl baş verən hadisələri faktlarla bir daha yada saldı. Tədbirin bədii hissəsi ilə yanaşı şagirdlər və müəllimlər tərəfindən həmin hadisələri əks etdirən qısametrajlı sənədli filmlər də izlənildi. Tədbirin aparıcıları Aytac Zahidli və Zaur Ağazadə həmin dəhşətli gecə haqqında məlumatları səsləndirdilər. Arzu İslamlı, Nuranə Mikayılova, Rəfiqə Kərimli, Mariya Osmanova, Samir Gərayev, Şahin Mürsəliyev və Vüsalə Osmanovanın söylədikləri şeirlər, Münasib Kərimlinin ifasındakı “Fədailər marşı” bir daha bu günün şərəf tarixi, xalq azadlığının tələb olunduğu gün kimi yaddaşlarda qaldığını sübut etdi.
Yoldaşlarımızla söz verdik ki, hər birimiz bu şəhidlərin xatirəsini öz əməllərimizlə daim yüksəkdə tutacaq, onların adına layiq olmağa çalışacağıq.
Bütün bu tədbirlər 20 Yanvar günü rayonumuzdakı Şəhidlər xiyabanına və məktəbimiz adını daşıdığı Ağahüseyn Aslanovun qəbrinin ziyarəti ilə başa çatdı.
Təki Vətən sağ olsun!
Nuranə Mikayılova,
A.Aslanov adına şəhər 2saylı tam orta məktəbin X sinif şagirdi

Şərh Yaz